Ermənistanın
Metsamor AES-i: region və dünya üçün ciddi təhlükə
Qafqazda və dünyanın bizim regiona yaxın olan
kifayət qədər böyük bir hissəsində ən
ciddi təhlükələrdən biri Ermənistandakı
Metsamor Atom Elektrik Stansiyasıdır (AES). Bu stansiya 1970-ci illərdə
sovet hökuməti tərəfindən inşa etdirilib və
1986-cı ildə partlamış Çernobıl AES modelindədir.
1988-ci il dekabrın 7-də Ermənistanda 6,8 bal gücündə
güclü zəlzələ baş verəndə stansiya da zədələnmişdi.
O vaxtdan AES blokundan radioaktiv maddələr sızmağa
başlamışdı. Ancaq stansiya cəmi 6 həftə təmirə
bağlanmışdı. Ermənistan onun yeniləndiyini iddia
etsə də, Avropa İttifaqı stansiyanı çox təhlükəli
sayır.
Təəssüf ki, bu ölkənin törətdiyi
ekoterrora havadarlıq edənlər də tapılır.
İstismar müddəti başa çatmış
"Metsamor"un fəaliyyətini davam etdirməsinə
vaxtilə Rusiya dəstək verib.
Bu günlərdə isə İrəvanda səfərdə
olan ABŞ dövlət katibinin beynəlxalq nüvə siyasəti
və əməkdaşlığı üzrə köməkçisinin
müavini Aleşiya Dunkan və İrəvandakı səfir
Kristina Kuinn Ermənistanın ərazi idarəetmə və
infrastruktur naziri David Xudatyan ilə görüşdə
nüvə enerjisi və mədən sənayesi sahəsində
əməkdaşlığı müzakirə ediblər.
Belə ehtimal etmək olar ki, onlar Ermənistanın
elektrik enerjisinə ehtiyacını AES vasitəsi ilə təmin
etməyə, bununla da onu Rusiyanın
asılılığından xilas etməyə
çalışırlar. Ancaq ötən illərin acı təcrübəsi
və faktlar sübut edir ki, Ermənistanın nüvə
energetikası sahəsində fəaliyyətinin törətdiyi
ekoloji fəsadların nəticəsi aradan qalxması ilkin
şərtlərdəndir. Əks halda, yeni nüvə
obyektinin tikintisi region üçün yeni təhlükə mənbəyinə
çevriləcək. Odur ki, ABŞ məlum istiqamətdə
Ermənistanla əməkdaşlıq edərkən, qonşu
dövlətlərin, o cümlədən Azərbaycanın da
maraqlarına diqqət yetirməsi vacibdir.
1976-cı ildən köhnəlmiş texnologiya əsasında
işləyən Metsamor AES-in fəaliyyəti seysmik zonada yerləşən
bir obyekt kimi ətraf mühitə və insan
sağlamlığına ciddi mənfi nəticələrə
səbəb ola bilər. Metsamor AES Çernobılda istifadə
edilən oxşar texnologiya ilə inşa edilib və reaktoru
ikinci qoruyucu təhlükəsizlik örtüyü olmadan fəaliyyət
göstərir və bu cür fəaliyyət regionda ekoloji təhlükəsizliyə
ciddi təhdid mənbəyi olaraq qalır. AES-də hər
hansı qəza baş verərsə, yalnız Ermənistanın
deyil, bütün Cənubi Qafqaz və Yaxın Şərq
ölkələrinin də ciddi ziyan görəcəyi
proqnozlaşdırılır. Çünki Metsamor AES
Türkiyə sərhədlərindən 16 km, İran sərhədlərindən
60 km, Azərbaycan və Gürcüstan sərhədlərindən
120 km məsafədə yerləşir.
Metsamor AES-in 1-ci və 2-ci nüvə reaktoru 1989-cu ildə
Spitak zəlzələsindən sonra bağlanmışdı,
lakin Ermənistan hökuməti enerji
çatışmazlığını bəhanə gətirərək
1995-ci ildə beynəlxalq birliyin
çağırışlarına və kəskin tənqidinə
baxmayaraq, AES-in 2-ci reaktorunun fəaliyyətini bərpa edib.
Hazırda Metsamor AES istismar müddətinin bitməsinə
baxmayaraq, müvafiq təhlükəsizlik normalarına riayət
etmədən daha artıq güclə fəaliyyət göstərir.
Bu gün köhnə sovet texnologiyası olan belə qoruyucusuz
nüvə reaktorları çox az sayda qalmaqdadır. Demək
olar ki, Avropa ölkələrində 50-60-cı illərdə
istehsal olunan birinci nəsil reaktorların fəaliyyəti
2015-ci ilədək dayandırılmışdı. Artıq
3-cü nəsil reaktorların istifadəsinə 2018-ci ildən
başlayan ölkələr sırasında Yaponiya, Çin,
BƏƏ və bu köhnə texnologiyalardan istifadə
etmiş Rusiya da var. Yeni nəsil reaktorlarda ekoloji səmərəli
həllər, xüsusilə soyutma sistemində sudan imtina və
əvəzində soyuducu reaqentlərdən istifadə, həcminin
azadılması, eləcə də gücləndirilmiş
texniki təhlükəsizlik standartları önəmlidir.
Hazırda beynəlxalq texniki standartlara cavab verməyən
Metsamor AES-in fəaliyyət müddətinin 2 dəfə
uzadılması ilə yanaşı, AES-in ekoloji idarəetmə
strategiyasının dəqiq məlum olmaması, qeyri-şəffaflığı
ekoloji təsirləri müəyyən etməkdə də
ciddi narahatlıqlar yaradır. Halbuki bu sahədə geniş
beynəlxalq təcrübəyə malik olan Atom Enerjisi üzrə
Beynəlxalq Agentlik kimi təşkilatlar 1986-cı il
Çernobıl, 2011-ci ilin FukiSima I nüvə stansiyasında
baş vermiş qəzalardan sonra nüvə təhlükəsizlik
standartlarının əsas baza prinsipi kimi şəffaflığın
artırılmasının zəruriliyi barədə həyəcan
təbili çalmışdır. Təəssüf ki,
bugünədək Metsamor AES-də AEBA missiyaları çərçivəsində
aparılmış tədqiqat nəticələri, AES-in
texniki status göstəriciləri, eləcə də
formalaşan radioaktiv tullantıları ilə bağlı təfərrüatlar
açıqlanmır və onların aqibəti barədə
dəqiq məlumatlar yoxdur.
"İnformasiya və Sosial Təşəbbüslərə
Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə
bildirib ki, Azərbaycan və Ermənistan BMT-nin Avropa
İqtisadi Komissiyasının Transsərhəd Ətraf
Mühitə Təsirin Qiymətləndirilməsinə dair
Konvensiyasının üzvləridir: "Bu Konvensiyaya görə,
potensial təhlükəli layihələrin ətraf mühitə
təsirinin qiymətləndirilməsi yalnız dövlət
daxilində deyil, həm də bu obyektlərin təsirinə məruz
qala biləcək qonşu ölkələrdə ictimai
müzakirələri əhatə etməlidir. Lakin Ermənistan
beynəlxalq müqavilələrin tələblərini tamamilə
nəzərə almır. Azərbaycan dəfələrlə
beynəlxalq platformalarda Metsamor AES-in fəaliyyətini davam
etdirməsi ilə bağlı ciddi narahatlığını
bildirib, təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın
öhdəliklərini yerinə yetirməsinə hələ də
müvəffəq olmayıb".
"Azərbaycan Çernobıl Əlilləri
İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən
Həsənov qeyd edib ki, hazırda Azərbaycanın
qonşuluğunda, Ermənistan ərazisində potensial təhlükə
mənbəyi olan Metsamor Atom Elektrik Stansiyası fəaliyyət
göstərir. Azərbaycanın ictimai təşkilatları,
o cümlədən, "Azərbaycan Çernobıl
Əlilləri İttifaqı" İctimai Birliyi olaraq biz
müxtəlif beynəlxalq təşkilatlara Metsamorun istismar
müddətinin başa çatması və bu stansiyanın
fəaliyyətinin dayandırılması barədə dəfələrlə
müraciətlər ünvanlamışıq: Metsamor AES də
Çernobıl Atom Elektrik Stansiyası kimi bölgə
üçün təhlükə mənbəyidir. Bu stansiya
köhnə texniki proqramlarla qurulub. Stansiyanın istismar
müddəti başa çatdığından onunla
bağlı rəylərdə bölgə üçün təhlükəli
olması dəfələrlə öz təsdiqini tapıb.
Niyə stansiyanın fəaliyyətinin dayandırılması
üçün beynəlxalq aləm bir araya gəlmir? Niyə
bölgədə insan haqlarının müdafiəsindən
danışan beynəlxalq təşkilatlar Ermənistandakı
stansiyanın fəaliyyəti ilə bağlı mövqeyini
ortaya qoymur? Əgər Metsamorda partlayış baş verərsə,
o, "Çernobıl" Atom Elektrik Stansiyasındakı
hadisə kimi bəşəriyyət üçün ikinci
böyük və dəhşətli bir faciə olacaq".
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev
deyib ki, 50 ilə yaxın yaşı olan Metsamor Atom Elektrik
Stansiyası bu gün Azərbaycan, Türkiyə, Ermənistan
və bütün region üçün böyük təhlükə
mənbəyidir. Çox təəssüf ki, hər ötən
gün bu risk artır və bu prosesi dayandırmaq
üçün ciddi şəkildə tədbir görən
hələ də yoxdur. Sanki göz görə-görə
ikinci Çernobıl hadisəsinə doğru gedirik: "Dəfələrlə
bununla bağlı müraciətlər edilməsinə
baxmayaraq, Ermənistan hələ də bu stansiyanın fəaliyyətini
dayandırmaq niyyətində deyil, əksinə, onun maye
tullantılarını transsərhəd çayı olan Araza
axıtmaqla birbaşa cinayət etməkdədir.
Düşünürəm ki, stansiyanın fəaliyyəti beynəlxalq
cinayətdir, terror aktıdır. Nəinki qonşu ölkələr,
o cümlədən, bütün region üçün təhdid
və hədə-qorxu silahıdır. AES təhlükəsinin
oxşar ciddiliyi və eyni mənbədən
yaranmasıdır. Bütün bunlar təsadüfi deyil və
Ermənistanın terrorçu niyyətinin əsas hissəsidir".
Dünya ictimaiyyəti 1986-cı ildə baş
vermiş Çernobıl qəzasının, həmçinin
2011-ci ildə Yaponiyanın Fukusima AES-də baş vermiş qəzanın
nəticələrini indiyədək aradan qaldıra bilməyib.
Həmin qəzaların ağır nəticələrini
insanlar hələ də hiss edirlər: "Metsamor AES-in də
ekoloji fəlakət doğurması ehtimalının
böyük olduğu və fəaliyyətinin
dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara
müraciətlərə əhəmiyyət verilməməsi
Ermənistan rəhbərliyinin məsuliyyətsizliyi və
müstəqil siyasi qərarvermə iqtidarında
olmadığını sübut edir. Eyni zamanda, ehtimal edilən
ekoloji faciənin Türkiyə və Azərbaycan
üçün ciddi təhlükə olması təhdid-təzyiq
vasitəsi kimi də qəbul edilə bilər. Lakin regionda
Metsamor AES-də baş verə biləcək nüvə təhlükəsi
Rusiya, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi,
Qara dəniz bölgəsinə ciddi təsir edəcək.
Ərazi bütövlüyümüzün təmin edilməsi,
Azərbaycanın regionda güc sahibinə çevrilməsi
yaşadığımız dövrün ən önəmli
məsələsinə - ətraf mühitin mühafizəsinə
diqqətimizi yönəltməyə əsas verib. Azərbaycanın
2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş
milli prioritetindən biri "Təmiz ətraf mühit və
yaşıl artım ölkəsi" kimi müəyyən
edilib".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025- 13 iyun(№101).- S.13.