Dolğun tədqiqat əsəri
ABİD TAHİRLİ VƏ ONUN MONOQRAFİYASI HAQQINDA
BİR NEÇƏ SÖZ
Unudulmaz professor Abbas Zamanovla böyük yaş fərqinə
baxmayaraq, çox isti və Sovet İttifaqındakı ideoloji
şərait daxilində qarşılıqlı etibara
söykənən bir münasibətimiz var idi və 1970-ci illərin
sonu, ya da 80-ci illərin lap əvvəllərində Abbas
müəllim Abay Dağlının Türkiyədə nəşr
olunmuş "Füzuli" pyesini mənə
bağışlamışdı (O nazik kitabça indi də
mənim kitabxanamdadır). Həmin vaxta qədər mən bu
mühacir yazıçımızın adını eşitməmişdim
və Abbas müəllim o ədəbiyyatşünaslarımızdan
biri (birincisi!) idi ki, sovet dönəmində xüsusi bir
enerji, hətta mən deyərdim ki, mənəvi bir ehtiyacla
heç kimin tanımadığı mühacir qələm
sahiblərimizi axtarıb tapır, imkan daxilində onlarla
ünsiyyət qururdu.
Ona görə "imkan daxilində" deyirəm ki,
sovet dönəmində hakim ideologiya mühacir ədəbiyyatı
yaxına buraxmırdı, ona qərəzli yanaşır, onu
yad-yabançı, ən başlıcası isə sosrealizm
doqmalarına qarşı təhlükəli hesab edirdi və
bu ədəbiyyatı ədəbi və elmi-nəzəri tədqiqatdan
kənarda saxlayırdı. Mən bir neçə il əvvəl
Abbas müəllim haqqında məqalədə, eləcə
də başqa yazılarda bu barədə geniş
yazmışam və söhbəti uzatmaq istəmirəm.
"Füzuli" pyesi mənim üçün
sırf bədii-estetik və dramaturji baxımdan parlaq bir hadisə
deyildi, ancaq mühacir bir qələm sahibinin əsəri kimi
gözlənilməz və maraqlı idi. İllər
keçdikdən, siyasi-ictimai epoxalar dəyişdikdən
sonra, 80-ci illərin sonu - 90-cı illərin əvvəllərindən
etibarən siyasi mühacirətlə (Məhəmməd
Əmin Rəsulzadə, Əlimərdan bəy
Topçubaşov, Fətəli
Xan Xoyski, Nəsib bəy Yusifbəyov və b.) bərabər, ədəbi
mühacirət də (Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağayev (Ağaoğlu), Əsəd bəy (Qurban Səid),
Ceyhun bəy Hacıbəyli, Mirzə Bala Məhəmmədzadə,
Almas İldırım və b.) siyasi tariximizə, ictimai
fikrimizə, ədəbiyyatımıza qayıtdı və ədəbiyyatşünaslığımızda
mühacir ədəbiyyatımızın tədqiqi ilə
bağlı ayrıca elmi-nəzəri bir qol yarandı.
1987-ci ildə təsis etdiyimiz Xaricdə Yaşayan Həmvətənlərlə
Mədəni Əlaqələr Cəmiyyətinin ("Vətən"
Cəmiyyətinin) sədri kimi burasını da qeyd etməyi
özümə borc bilirəm ki, bu təşkilatın
işgüzar və vətənpərvər kollektivi ilə
biz çox zaman ideoloji baxımdan gəmidə oturub, gəmiçi
ilə dava edə-edə mühacirlərimizi, onların tək-tük
dərnəklərini axtarmaqla, təşkilatlanmaqlarına
kömək etməklə bağlı çox iş
gördük və dəmir pərdə arxasındakı həmvətənlərimizin
arasında milli mədəniyyətimizi, ədəbiyyatımızı
hansı imkan tapırdıqsa, təbliğ edirdik.
O zaman Məhəmməd Kəngərli, Əhməd
Qaraca, Yəhya Daşdələn və başqaları kimi
siyasi xadimləri, eləcə də İren Məlikova və
onun qızı Şirin Məlikova, Turxan Gəncəyi, Sərvər
Tanili, Qulamrza Səbri Təbrizi və başqa professorları,
elm adamlarını, müğənni Yaqub Zurufçunu, foto-rəssam
Rza Diqqətini ilk dəfə Azərbaycana dəvət etdik,
burada onları qarşılayıb, sağ-salamat da yola
saldıq. Mən yazıçı Baninlə
(Ümmülbanu), yaxud rəssam Səlim Turanla (Əli bəy
Hüseynzadənin oğlu), rəssam Əkbər Behkalamla,
Ceyhun bəyin oğlu Timuçin bəylə, Fətəli xan Xoyskinin
qardaşı general Hüseynqulu xanın oğlu Zahid xan Xoylu,
bu qəbildən olan başqa soydaşlarımızla
görüşdüm və bu ilk görüşlər
yalnız milli mənliyin ifadəsi yox, təsdiqi idi. Bizim
kiril, latın və ərəb əlifbası ilə nəşr
etdiyimiz "Odlar yurdu" qəzeti xaricdəki
soydaşlarımız, eləcə də daxili
oxucularımız arasında böyük əks-səda
doğurmuş, rəğbət qazanmış,
tirajını 300 minə çatdırmışdı və
mən bütün bunları ona görə yazıram ki, həmvətənlərimizlə
qarşılıqlı mənəvi körpü yaratmağa
nail olmuş bu qəzetin əsas əməkdaşlarından
biri də oxucuların qarşısındakı bu kitabın
müəllifi, dediyim həmin ədəbi mühacirətşünaslığımızın
görkəmli nümayəndəsi Abid Tahirli idi. O zaman gənc
və istedadlı bir jurnalist olan Abid, bu gün ədəbiyyatşünaslığımızda
haqqında danışdığımız yeni elmi sahənin
bünövrəsini qoyanlardan biri, filologiya elmləri
doktorudur.
Axtarışların, tədqiqatların, elmi-ədəbi
nəticələrin başlandığı və təqdim
edildiyi dövrdə mən bir təmayülü düzgün
saymırdım, hətta bu cəhət məni get-gedə
narahat edirdi: tədqiqatçılar (eləcə də həvəskarlar!)
bəzən eyforiyaya qapılır, mühacir
yazıçı və şairlərin ədəbi irsini bədii
əsas olmadan həddən artıq şişirdir, onları
qüsursuz, forma və məzmun baxımından az qala bənzərsiz
nümunələr kimi təqdim edirdilər (bu gün də hərdən
mətbuatda və efirdə belə halların şahidi oluruq və
mən vaxtı ilə bu barədə demişəm də,
yazmışam da). Aydın məsələdir ki, ədəbiyyata,
ümumiyyətlə sənətə mühacirətdə
"qürbətdə nə yaranıb-yazılıbsa əladır"
- prinsipi ilə yanaşmaq mənasız bir işdir,
çünki onsuz da zaman hər şeyi yerbəyer edəcək
- bu mənada Zaman amansızdır və hərgah bu gün vətən
sevgisi və həsrəti ilə yazıb yaradan istedadlı
şair Almas İldırımın adı hissə
qapılaraq, bəzən Mikayıl Müşfiq, yaxud Səməd
Vurğunla yanaşı çəkilirsə, zaman öz
işini görəcək, ədəbiyyat tariximizdə hərəni
hansı yerə layiqdirsə, o yerə də qoyacaq.
A.Tahirlinin mühacirət mətbuatı və ədəbiyyatı
ilə bağlı araşdırmalarında, məqalə və
monoqrafiyalarında qələm sahiblərinə hörmət,
ehtiram var, ancaq aludəçilik yoxdur, çünki söhbət
tədqiq və təhlil obyektinə ciddi və obyektiv
münasibətdən gedir. Onun son illərdə
yazdığı "Ceyhun Hacıbəylinin həyat və
yaradıcılıq yolu" (Bakı, "Elm və təhsil",
2019.), "Məhəmməd Altunbayın həyatı və
yaradıcılığı" (Bakı, "Xəzər
"Universiteti Nəşriyyatı, 2023.) kimi
monoqrafiyalarından sonra "Abay Dağlının həyatı
və yaradıcılığı" monoqrafiyası yeni
yaradıcılıq uğurudur və Abid bu silsiləni belə
bir ardıcıllıqla davam etdirsə, elə bilirəm ki, ədəbi
mühacirətşünaslığımızın mənzərəsi
bütövlük, müfəssəllik baxımından
qazanmış olar.
A.Tahirli işlədiyi mövzunun
aktuallığını ciddi faktlar və ətraflı şərhlərlə
əsaslandırmış, tədqiqat predmetinin öyrənilmə
tarixini diqqətlə izləmiş, araşdırmanın məqsəd
və vəzifələrinə aydınlıq gətirmiş
və arxiv sənədlərinə, ilkin mənbələrə
effektli şəkildə istinad etmişdir. Yaxşı cəhətdir
ki, Abid bilavasitə A.Dağlının əsərlərinə
əsaslanaraq, onun həyatından, ilk qələm təcrübələrindən,
yaradıcılığının sonrakı mərhələlərindən
ətraflı bəhs edir və bu yazıçının qələmə
aldığı mövzuların, onun bədii dilinin və
üslubunun, bir sözlə, sənətkarlıq xüsusiyyətlərinin
mahiyyətinə varır, A.Dağlının
yaradıcılıq portretini yaratmağa nail olur.
Faydalı cəhətlərindən biridir ki,
monoqrafiyada Abayın "Onlar türklərdi" romanı,
"Dədə Qorqud",
"Malazgirtdən Sakaryaya", "Sakarya çətəsi",
"Sakarya", "Atatürk", "Atamızın gəncliyi"
, "Sakaryada 22-ci gün", "Ata anıları",
"Albay", "Okullular", eləcə də mənim
xatırlatdığım "Füzuli" və sair əsərləri,
"Mücahid" dərgisində dərc etdirdiyi məqalə
və şeirləri təhlil olunmuşdur. A.Tahirlinin belə
bir fikrini də doğru və əlamətdar hesab edirəm
ki, A.Dağlı (və digər mühacir
yazıçılarımızın) irsinin
araşdırılması, ümumiyyətlə Azərbaycan-Türkiyə
ədəbi-mədəni əlaqələrinin, elmi-nəzəri
əməkdaşlığının daha da irəliləməsi,
genişlənməsi üçün münbit zəmin
yaradır.
ELÇİN
525-ci qəzet .- 2025- 13 iyun(№101).- S.11.