Gənclər Kitabxanasında
görkəmli rəssam Mirzə Qədim İrəvani
haqqında materiallar hazırlanıb
Bu il görkəmli rəssam, Azərbaycan dəzgah
boyakarlığının banisi Mirzə Qədim İrəvaninin
anadan olmasının 200 ili tamam olur. Bununla əlaqədar
olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında Azərbaycan rəngkarlığının təşəkkülündə
əhəmiyyətli rol oynamış böyük sənətkarın
zəngin irsindən bəhs edən materiallar hazırlanıb.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, kitabxana əməkdaşları tərəfindən
hazırlanan “Azərbaycan dəzgah boyakarlığının
banisi – İrəvani” adlı videomaterial və elektron resurslar
bazası istifadəçilərə təqdim edilir.
Videomaterialda görkəmli rəssamın gənclik illəri,
yaradıcılıq nümunələri haqqında geniş məlumat
verilir, onun Azərbaycan təsviri sənəti tarixində yeni
mərhələnin başlanğıcını qoyduğu,
yaradıcılığında klassik Şərq
miniatürü və xalq sənətinin zəngin ənənələrini
Avropa realist boyakarlığının nailiyyətləri ilə
ahəngdar şəkildə yaşatdığı qeyd edilir.
Kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/mirze-qedim-irevani-200
yerləşdirilən materialda rəssamın trafaret və
divar rəsmləri ilə yanaşı, bir sıra
hökmdarların rəsmlərini çəkməsi, Xan
sarayında yer alan portretlərin və ornamental
kompozisiyaların bərpası ilə də məşğul
olduğu haqqında məlumat verilir. Materialda Qərbi Azərbaycan
mədəniyyətinin görkəmli nümayəndəsi
Mirzə Qədim İrəvaninin qiymətli mədəni
irsinin nümunələri-çəkdiyi rəsmlər də
sərgilənir.
Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından
irəli gələn tədbirləri həyata keçirmək
məqsədilə Gənclər Kitabxanasının rəsmi
saytında https://www.ryl.az/activity/Mirze_Gedim_Irevani “Mirzə Qədim
İrəvani - 200” adlı elektron resurslar bazası
yaradılıb. Bazada internet məkanında görkəmli rəssam
haqqında dərc edilən materiallar toplanılır. Bu
materiallarda istifadəçilər işlək keçidlər
vasitəsilə məqalələrin tam mətninə baxmaq
imkanına malikdirlər.
525-ci qəzet .- 2025- 13 iyun(¹101).- S.9.