Ermənistan Araz çayını və
ətraf əraziləri ekoloji fəlakətə məruz qoyub
Hər il Ermənistan ərazisindən keçən
350 milyon kubmetr su kimyəvi və radioaktiv maddələr, həmçinin
ağır metallarla çirkləndirilir. Aparılan
araşdırmalar və müşahidələr bu
acınacaqlı faktı əsaslı şəkildə təsdiqləyir.
Araz çayı Ermənistan ərazisində kimyəvi sənaye
məhsullarının tullantılarına məruz qalır,
“Metsamor” AES-in soyudulmasında istifadə edilən radioaktivləşmiş
su yenidən Araza qayıdır. Onun çirklənməsi Azərbaycanla
yanaşı, İranın da ekologiyasına ziyan vurur.
Arazın suyu Kürə, oradan isə Xəzərə
axır. Deməli, nəticə etibarı ilə Ermənistan
Araz vasitəsi ilə bütün Xəzər hövzəsinin
çirklənməsində əsas rollardan birini oynayır.
Gümrüdən Sədərəyə qədər
götürülmüş nümunələrə əsasən,
Araz çayının ekoloji çirklənmə göstəriciləri
dünyada təyin olunmuş normalardan dəfələrlə
artıqdır. Bütün bunlar isə yaxın bölgələrdə
məhsuldarlığı azaltmaqla yanaşı, əhali
arasında onkoloji xəstəliklərin artmasına da səbəb
olur.
“Enviromental Protection First” qeyri-hökumət təşkilatı
(QHT) koalisiyasının üzvü Sabit Bağırovun dediyinə
görə, Ermənistandan axan çaylar vasitəsilə Azərbaycan
ərazisi çirklənmə təhlükəsi ilə
üz-üzədir. Ermənistandan Azərbaycana ən azı
6 çay axır. Bu mənada, Araz çayının
çirkləndirilməsi riski yüksəkdir: "Bununla
bağlı İran mediasında da müvafiq etirazların
olduğunu görmüşük. Demək olar ki, Azərbaycanın
bütün ərazisi çaylar vasitəsilə çirklənmə
təhlükəsi ilə üz-üzədir. Ermənistan
Helsinki Konvensiyasına qoşulmayıb. Bu, sərhəd
bölgələrdəki çay və göl
yataqlarının təmizliyinə cavabdehlik daşıyan bir
konvensiyadır. Ermənistanın bu sənədə
qoşulmamasının səbəbi, yəqin ki, məlumdur".
"Environmental Protection First" (EPF)
Koalisiyasının üzvü, "Azərbaycan Kartoqrafları"
İctimai Birliyinin rəhbəri Müqabil Bayramov bildirib ki,
Ermənistan ərazisində fəaliyyət göstərən
Əkərək (Aqarat) mis-mədən kombinatından
çıxan kimyəvi tullantılar birbaşa Araz
çayına axıdılır. Bu, Araz çayının
çirkləndirilməsinə ciddi təsir edir: "13
dövlətdən 30-a yaxın qeyri-hökumət təşkilatı
"Environmental Protection First" koalisiyasına qoşulub, Ermənistanın
ekoloji standartlara əməl etmədən apardığı
işlərə öz etirazını bildirib. Bu təşkilatlar
Ermənistan hakimiyyətinə və Espoo konvensiyasına
açıq müraciət ediblər. Ancaq təəssüf
ki, bununla bağlı heç bir nəticə yoxdur".
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin
sədri Sadiq Həsənov bildirib ki, Ermənistanın Araz
çayını çirkləndirməsi bir neçə mərhələdə
həyata keçirilir: “Birinci mərhələ Metsamor Atom
Elektrik stansiyasında olan çirklənmədir. Metsamor
stansiyasında qurğu çox mürəkkəb olduğu
üçün çirklənmə həddən artıq
yüksək olur. Atom qurğusundan istifadə etməklə su
qızdırılır, yüksək temperatura
çatdırılır. Daha sonra su buxar halına keçir
və turbinə ötürülərək elektrik enerjisi əldə
olunur. Həmin su yenidən maye hala keçirilir. Bu zaman
radioaktiv maddələrlə çirkləndirmə baş
verir. Həmin su ən yaxın çay olan Araz çayına
axıdılır. Suda qurğuşun, arsen, mis, maqnezium
tullantıları yaranır. Suyun dibinə çökən
maddələr çayı zəhərləyirlər.
Kiçik canlı orqanizmlər zəhərlənir, daha sonra
onlarla qidalanan balıqlar da zəhərlənirlər. Zəncir
formasında digər canlı orqanizmlər də zəhərlənirlər".
Məlumata görə, Ərdəbil vilayətində
və Araz çayının keçdiyi digər ərazilərdə
mədə-bağırsaq, xərçəng xəstəliyinin
sayı artmaqdadır.
Onun sözlərinə görə, Araz
çayının çirklənməsinin ikinci mərhələsi
Oxçuçay çayı vasitəsi ilə baş verir:
"Oxçuçayın hövzəsində Qacaran, Qafan və
bir çox mədən sənaye obyektləri var. Dağ mədən
sənayesi obyektlərində metal elementləri istehsal olunur.
İstehsal prosesində sudan çox istifadə edilir. Həmin
emal olunan elementlərdən mis və sair elementləri
ayırmaq üçün 350-400 tona yaxın su istifadə
edilib ən yaxınlıqdakı çaya axıdılır.
Araz çayı həm İran sərhədində, həm
də Azərbaycana daxil olduqda artıq çirklənmiş vəziyyətdə
olur. Çirklənmiş su çayın hövzəsində
olan kiçik canlıların məhv olmasına səbəb
olur. Daha sonra insanlara da zərər vurur. Aparılan monitorinqlərdə
bəlli olub ki, çirklənmə həmin ərazilərdə
həddən artıq çoxdur".
Millət vəkili Pərvanə Vəliyeva qeyd edib ki,
faktlar Araz çayında alüminium, arsen, mis, manqan, molibden,
qurğuşun və vanadium kimi 59 ağır metalın
yüksək konsentrasiyası olduğunu göstərir: “Bu
çirklənmənin əsas mənbəyi kimi Ermənistanın
mədənçilik fəaliyyəti göstərilir. Araz
çayının çirklənməsi çayın
sahilində yaşayan icmalar üçün ciddi problemə
çevrilib. Yerli sakinlər arasında sağlamlıq problemlərinin
artdığı, o cümlədən mədə xərçəngi
hallarının çoxaldığı bildirilir. İran tərəfi
də Arazın suyunun zəhərlənməsi ilə
bağlı kifayət qədər məlumata malikdir və bu,
onları da narahat edir”.
Deputatın sözlərinə əsasən, vətəndaş
cəmiyyətinin dəfələrlə etdiyi
çağırışlara baxmayaraq, hələ də Ermənistan
tərəfindən adekvat reaksiya verilməyib: “Beynəlxalq təşkilatlar
və regional tərəfdaşlar dərhal tədbir
görülməsini tələb etməlidirlər. Əsas
addımlardan biri bütün təsirlənmiş tərəflərlə
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
(ƏMTQ) sənədlərinin paylaşılmasıdır.
Ermənistan Azərbaycana, İrana, Gürcüstana və Xəzər
dənizi bölgəsinə təsir edən çirklənmə
səviyyəsinin müstəqil şəkildə monitorinqinə
imkan yaratmalıdır. Bütün bunlar onu deməyə əsas
verir ki, nəhayət ki, İranda da Ermənistanın
yaratdığı ekoloji fəlakətin bütün region
üçün təhlükə olduğunu başa
düşməyə başlayıblar. Ümid etmək olar
ki, İran hökuməti məsələnin ciddiliyini nəzərə
alacaq və Ermənistana təzyiqlər göstərəcək”.
Ermənistan tərəfindən metalların zəhərli
tullantıları həm Araz çayına, həm də
“Şir arxı”na axıdılmaqla burada olan yüzlərlə
köçəri quş və balıq məhv olub: "Araz
çayının Ermənistan tərəfindən çirkləndirilməsi
bu gün də davam edir. Bu isə Arazqırağı ərazilərdə
fauna və floranın məhvinə səbəb olur.
Demək olar ki, artıq bir çox bitki və
heyvanın təbiətdən yox olması təhlükəsi
yaranıb. Son zamanlar aparılan müşahidələr
zamanı müəyyən edilib ki, çayın suyu
qatılaşıb, rəngi dəyişilib. Bütün
bunlara baxmayaraq, Ermənistan təbiət əleyhinə
yönələn əməllərini hələ də davam
etdirir”.
Transsərhəd çay olan Araz Ermənistanın
dağ-mədən və metallurgiya sənayesinə məxsus
müəssisələrin kanalizasiya borusuna və ya zibil
kollektoruna çevrilib. Bu ölkədə fəaliyyət
göstərən yerli və transmilli şirkətlərin sənaye
istehsalı və emalı zəncirinin toksik tullantıları
Oxçuçay və digər çaylarla Araz
çayına axıdılır.
Qızıl, mis, molibden və digər metalların
emalı zamanı zavodların kimyəvi, radioloji və toksik
tullantıları ilə ciddi şəkildə çirkləndirilən
Araz çayı son nəticədə ekoloji terrorun qurbanı
kimi həyəcan təbili çalır. Bu prosesdə fəal
rol oynayan Ermənistandakı mədən sənayesi üzrə
tanınmış xarici şirkətlərin nümayəndələrinin
isə heç biri ekoloji soyqırımından narahatlıq
hissi keçirmir, öz kapitalist acgözlüyü ilə Azərbaycan
da daxil olmaqla, digər ölkələrin torpaq və ekoloji
mühitinə divan tutur, bərpaolunmaz deqradasiyaya məruz
qoyurlar. Araz çayının çirklənməsi bölgənin
ekologiyasına böyük zərər vurur, bölgədə
yaşayan insanlar və canlılar üçün ciddi təhlükəyə
çevrilir. Araz çayının və digər axar
suların çirklənməsi nəticəsində suyun tərkibində
yaranmış böyük miqdarda zəhərli maddələr,
balıqların kütləvi şəkildə tələf
olmasına səbəb olur. Belə bir vəziyyət bölgədəki
ekoloji sisteminin korlanmasına və nəhayətində
insanların sağlamlığını itirməsinə səbəb
olur.
Azərbaycan mediasında gündəm olan Araz
çayının çirklənmə məsələsi
insan sağlamlığı və Azərbaycan ekologiyası
üçün ciddi təhlükə yaradan bir məsələdir.
Sosial mediada yayılan videolar və şəkillərdə
Araz çayının yaşıl rəng aldığı
görünür. Ermənistan və İranın sənaye
tullantılarını bu çaya axıtması nəticəsində
çay suyu metallar və ağır maddələrlə
çirklənir. Bu çirklənmə Azərbaycan
üçün böyük bir ekoloji faciənin
qapısını aralayır.
Ermənistan dövləti beynəlxalq norma və standartlara
riayət etmir və bu isə ekoloji vəziyyətin daha da pisləşməsinə
gətirib çıxarır. Metsamor atom stansiyasının
tullantıları da çirklənmədə böyük və
təhlükəli bir rol oynayır. Xərçəng və
digər sağlamlıqla bağlı problemlər bölgədə
yayılmağa başlayıb. Araz çayının
çirklənməsi ilə Güney Azərbaycanlıların
sağlamlığı təhlükə altındadır.
Çirklənmə məsələsinin idarə edilməsi
və bu tullantıların neqativ təsirinin
dayandırılması çok böyük əhəmiyyət
daşıyır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
bildirilib ki, Ermənistan uzun illərdir, Azərbaycana
qarşı ekoloji terror həyata keçirir.
Torpaqlarımızın 30 ilə yaxın davam edən
işğalı müddətində ermənilər ətraf
mühitə, bioloji müxtəlifliyə, meşələrə,
yeraltı və yerüstü təbii ehtiyatlarımıza
ciddi ziyan vurub, hava və suyun çirkləndirilməsi ilə
milyonlarla insanın həyatına təhlükə
yaradıb. Ermənilərin törətdiyi ekoloji terror,
meşələri, flora və faunaları məhv etməsi,
çayları çirkləndirməsi təkcə Azərbaycana
qarşı deyil, bütün dünyaya qarşı bir cinayətdir.
Çünki bu vəhşiliyin nəticəsində regionda
ekoloji balans pozulub. Ermənistanın ekoloji terroru bu gün də
davam edir. Bu ölkənin dağ-mədən sənayesinin fəaliyyəti
çox ciddi risklər və təhlükə törədir.
Azərbaycan tərəfindən dəfələrlə
müraciətlərə baxmayaraq, beynəlxalq qurumların
adekvat reaksiya verməməsi Ermənistanın ekoloji terroru
davam etdirməsinə rəvac verir.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 14 iyun(¹ 102).- S.23.