Lənətlənmişlərin
özünün və nəsillərinin aqibəti
(Əvvəli ötən cümə sayımızda)
1954-cü ildə Beynəlxalq Neft Konsorsiumu ilə
müqavilə bağlandı. Neft sənayesi yenə də
ingilis və amerikan şirkətlərinin əlinə
keçdi və 1951-ci ildəki milliləşdirmə barədəki
qanun ləğv edildi.
Milliləşmə şüar kimi xalqı
özünə cəlb etsə də, düşünülməmiş
tədbir idi. Neft sənayesində milli mühəndis kadrlar
yox idi və fəhlələr də istehsaldan baş
çıxarmırdı. Qısa müddətdə neft sənayesi
tənəzzülə uğradı və istehsal az qala
sıfıra endi. Çünki ingilis mütəxəssisləri
ölkəni tərk etmişdilər.
1957-ci ildə ABŞ-ın Mərkəzi Kəşfiyat
İdarəsinin və İsrailin Mossadının köməyi
ilə İranda SAVAK adlı gizli siyasi polis yaradıldı və
bu orqan müxalifəti təqib etməklə məşğul
oldu və Evin məhbəsi dəhşətinə görə
xüsusi «şöhrət» tapdı. Şah artıq
amerikanların ətəyindən
yapışmışdı. 1971-ci ildə İran
qoşunları Ormuzd boğazında üç adanı
işğal etdi.
1963-cü ildə şah radikal iqtisadi və sosial
islahatlar barədəki proqramı həyata keçirməyə
başladı. Onun mühüm hissəsi torpaq islahatı idi.
Neft pulları hesabına mülkədarlardan torpaq
alınıb, üç dəfə ucuz qiymətə və
uzun müddətli kredit əsasında torpağı becərən
kəndlilərə verildi. Şahın özü də bu
islahat hesabına çox böyük torpaq sahəsinə
sahib oldu. Kəndlilər də qazandılar, 1970-ci ilə qədər
1,2 milyon kəndli ailəsi torpaq almışdı.
1978-ci ildə İranda kütləvi
narazılıqlar başlandı. Ağır xəstə olan
şah inqilabın meydana gəldiyi bir vaxtda idarəçiliyə
olan iradəsini və qətiyyətliliyini itirmişdi.
1979-cu ilin yanvarında Məhəmməd Rza Pəhləvi
şəxsi təyyarəsində Tehranı tərk etdi. Həm
də bəyan etdi ki, ölkəsinə qayıdacaqdır. Bu
vaxt üsyan başlandı, xalqın etirazı
üçün çoxlu səhvlər də
buraxılmışdı. 16 yanvar 1979-cu ildə monarxiyanın
qəti süqutu baş verdi. Artıq ayatolla Xomeyni İranda
yeni, dini rejim yaratmışdı, ölkə teokratik dövlət
kimi idarə olunmağa başlandı.
Şah əvvəlcə Misirə getdi, sonra Mərakeşdə
və Meksikada sürgündə oldu. İslam hakimiyyəti isə
onun verilməsini tələb edirdi.
Şah bu vaxt limfa vəzləri xəstəliyindən
əziyyət çəkirdi. ABŞ-da müalicə olunarkən,
1979-cu ilin noyabrında tehranlılar ABŞ səfirliyini
tutdular və diplomatları əsir götürdülər.
Şaha Misirdə sığınacaq verdilər və 1980-ci
ilin yanvarında o, öldü.
Məhəmməd Rza Pəhləvi üç dəfə
evlənmişdi, birinci arvadı Misir kralı Fuadın
qızı idi. İkinci arvadı Sürəyya ona varis
doğa bilmədiyindən boşandı.
Üçüncü arvadı Fərəh Diba ona Rza Sirus
adlı oğul (1960-cı il), Ağa Rza adlı oğul
(1965-ci il) və Leyla adlı qız (1970-ci il) doğmuşdu.
Qızı Leyla 2000-ci ildə, oğlu Ağa Rza isə 2011-ci
ildə öldülər.
Birinci oğlu Rza Pəhləvi şahın qanuni varisi
hesab olunur və taxt-tac iddiasını tez-tez dilinə gətirir.
Pəhləvi sülaləsi əsrin əvvəlində
meydana gəlib, sonuna yaxın məhv oldu. Onun vur-tut iki
nümayəndəsi taxt-tacda oldu, birincisi sürgün olundu,
ikincisini isə inqilab devirdi.
Pakistandakı Bhutto ailəsi
Hindistan Milli Konqres partiyasının liderlərindən
biri, Mahatma Qandinin yaxın silahdaşı Məhəmməd
Əli Cinna qatı müsəlman idi və Hindistanın dini fərqə
görə parçalanmasının əsas təşəbbüsçüsü
idi. 1947-ci ildə Hindistan müstəqillik qazandıqda, Cinna
bu ölkədən ayrılıb, yeni müsəlman dövləti
yaratmaq ideyasını irəli sürdü və bunun həyata
keçirilməsinin dini düşmənçiliyə
aparacağına məhəl qoymadan öz arzusunu həyata
keçirmək üçün hər şeyi qurban verməyə
hazır idi. Hələ 1934-cü ildən Hindistandakı
Müsəlman Liqasının lideri olmuşdu. Pakistan,
Hindistanın müsəlman əhalisinin
yaşadığı qərbi və şərqi hissədə
yerləşən, bir-birindən xeyli aralı olan ərazilərdən
ibarət idi. Şərqi Pakistan Benqal körfəzində yerləşirdi.
Məhəmməl Əli Cinna Böyük
Britaniyanı dominiyonu kimi yeni yaranan Pakistanın bir illiyə
qubernatoru oldu, 1948-ci ildə isə öldü. Yalnız
1956-cı ildə Pakistan müstəqil dövlət kimi
tanındı.
Cinna bu fəaliyyətində pretsedentə də əsaslanırdı.
XIX əsrdə Böyük Britaniya Hindistanının xarici
işlər naziri olan Durmandın idarəçiliyi əsasında
Əfqanıstan Hindistandan ayrılıb, müstəqil
dövlətə çevrilmişdi. Əfqanıstan siyasi həyatında
puştunlar mühüm rol oynadığı halda,
Durmandın çəkdiyi sərhəd xətti ilə
müstəqil Əfqanıstanda puştun azlığı
yaşamalı olmuş, Hindistanda (indiki Pakistan ərazisində)
isə puştunlar çoxluq təşkil etmişdilər.
Puştunlar sonralar Pakistanda siyasi narahatlıqlar yaratmaq
üçün əslində yanacaq rolunu
oynamışdılar.
Məhəmməd Əli Cinna lider kimi öz məqsədinə
nail oldu və onun səyi nəticəsində gec də olsa
müstəqil Pakistan Respublikasını yarandı. Dövlətin
adı da «Pak insanların vətəni» mənasını
verirdi. Lakin onun yaratdığı dövlət daim
turbulentlikləri ilə seçilməyə başladı.
Böyük Britaniya imperiyasından ayrılan iki müstəqil
dövlət arasında sərhəddəki əraziyə
bütünlüklə sahib olmaq üstündə müharibələr
getdi. Bu ərazi isə Cammu və Kəşmir əyaləti
idi, bura Karakorum dağının ətəyində yerləşməklə,
Hindistanın ştatı idi. Onun ərazisinin bir hissəsinə
Pakistan nəzarət edirdi. 1947-ci, 1965-ci və 1971-ci illərdə Hindistanla
Pakistan arasında qısa müddətli müharibələr
baş verdi.
Son müharibədən sonra Pakistanda daxili vəziyyət
də kəskinləşdi. 1971-ci il seçkilərində
ölkənin qərbli siyasətçilərin gözlədiklərinin
əleyhinə, Mucibur Rəhmanın başçılıq
etdiyi Şərqi Pakistandakı partiya parlament seçkilərində
qalib gəldi. Axı o, Şərqi Pakistan milli hərəkatının
lideri idi. Parlament respublikasının idarəetmə
qaydasına görə, Baş nazir qalib partiyanın lideri
olmalı idi, lakin qərbi pakistanlılar bu vəziyyətlə
razılaşmayıb, onun Baş nazir seçilməsinə
imkan vermədilər.
Bu vaxt Mucibur Rəhman Şərqi Pakistanın
ümumi dövlətdən ayrılıb, 1971-ci ildə
Banqladeş Xalq Respublikası adı altında yeni dövlət
yaratmaq vəzifəsini həyata keçirdi və 1972-ci il və
yanvar 1975-ci illərdə Pakistanın Baş naziri, sonrakı
7 ay ərzində ölkənin prezidenti oldu. O, 1975-ci ildə
hərbi çevriliş vaxtı
öldürülmüşdü. Banqladeş yarım əsrdən
artıq müddətdə müstəqil dövlət kimi fəaliyyət
göstərir, lakin ölkə dünyanın ən kasıb
ölkəsi olaraq qalır.
Təəssüf ki, 2025-ci ilin yazında Hindistanla
Pakistan arasında yenidən müharibə tonqalı
alovlanmağa başlamışdır. Nüvə silahına
malik olan hər iki dövlət arasındakı silahlı
münaqişə dünya üçün də
böyük təhlükə mənbəyi ola bilər. Hər
iki ölkədə mövcud olan millətçilik fəsadlar
törətmələrinə son qoymaq istəmirlər.
Hindistanın Baş naziri Nahendra Modi kəskin antimüsəlman
mövqeyi ilə seçilir.
Pakistanda həm də əsasən
hərbçilərin həyata keçirdiyi dövlət çevrilişləri
siyasi həyatın adi halına çevrilmişdir. Generallar
bu işdə xüsusilə fərqlənirdilər.
Zülfüqar Əli Bhuttonun yaratdığı və ona
başçılıq etdiyi Pakistan Xalq Partiyası
seçkilərdə qalib gəldiyinə görə, o,
1971-1973-cü illərdə Pakistanın dövlət
başçısı, 1973-1975-ci illərdə Baş naziri
olmuşdu. 1974-cü ildə Hindistan atom bombasının ilk
sınağını keçirdikdə o, Pakistanın nüvə
silahına malik olmasını özü üçün
müqəddəs vəzifə hesab etdi. Düşmən
Hindistan atom bombasına malik olduğundan, Pakistan da
özünü müdafiə etmək üçün cəbbəxanasında
bu qırğın silahını görməli idi.
Zülfüqar Bhutto hətta demişdi ki, pakistanlılar
aclıqdan otlamağa başlasalar da, biz atom silahını əldə
etməyə nail olmalıyıq.
Bu vəzifə yalnız onun ölümündən sonra
həyata keçirilə bildi, 1987-ci ildə Pakistanda atom
bombası layihəsi uğurla başa çatdı. Pakistan
ilk müsəlman dövləti idi ki, atom silahına yiyələnmişdi,
bu hadisəni ərəb dövlətləri böyük
sevinclə qarşıladılar.
Lakin 1977-ci ildə general Məhəmməd Ziya-ül
Haqq hərbi qiyam qaldırıb, Bhuttonu vəzifədən
qovmağa nail oldu və onu həbs etdi. Məhkəmə
Zülfüqar Bhuttonun edam edilməsi hökmünü verdi,
lakin o, bu hökmün icra ediləcəyinə
inanmırdı. Çünki ABŞ və SSRİ daxil
olmaqla, çox çayda dövlət onun əfv edilməsini
xahiş etmişdi. Bhutto da onların təklifinin təsir
gücünə ümid etdiyindən, ağır cəzalanmanın
baş verəcəyinə heç cür inanmırdı.
1979-cu ildə onu həbsxanadan çıxarıb, boynuna kəndir
salmaqla, sürüyüb eşafota gətirdilər və dar
ağacından asdılar.
Ölkəsinə atom silahı verməyə
çalışan bir dövlət xadimini məhz hərbçi
generallar məhv etdilər.
Görünür, Bhutto ailəsi lənətlənmişdi,
onun Oksfordda oxuyan qızı Benəzir özünü natiq
kimi yetişdirmişdi. O, vətəninə qayıtdıqdan
sonra, partiya yaradıb, seçkilərdə iştirak etdi və
qalib gələrək, 1988-1990-cı illərdə Baş
nazir oldu. Lakin ciddi səhvlərə yol verməsi iddiası
ilə vəzifədən getməli oldu.
İnadkarlığı ilə seçilən Benəzir
Baş nazirlikdən getsə də,
1993-1996-cı illərdə yenidən bu vəzifəni
tuta bildi. Müsəlman dünyasında Benazir Bhutto ilk Baş
nazir olan qadın idi. Ondan sonra bu estafeti Türkiyənin
Baş naziri olmuş Tansu Çillər öz əlinə
götürdü. İndoneziyada isə, burada XX əsrin
ortalarında, 1945-1967-ci illərdə ölkənin prezidenti
olmuş Sukarnonun qızı sonralar hakimiyyətə gəldi.
Bir müddət sonra Benazir Bhutto yenidən siyasi fəaliyyətə
qayıtdı və gur seçki kampaniyası aparmağa
başladı. Onun yenidən qalib gələcəyinə
böyük ümidlər bəslənirdi. Lakin 2007-ci ildəki
seçkiqabağı mitinq başa çatdıqda, ona
atılan atəş Benazir Bhuttonun həyatına son qoydu. O,
atasının qətlinə görə hayıf almağa
müvəffəq olsa da, özünü mühafizə edə
bilmədi və qatilin qurbanı oldu.
Benazir Bhuttonun bədbəxtliyindən, onun siyasi fəaliyyətinə
təkcə əri kölgə salmaqla kifayətlənmirdi,
doğma qardaşı da onun uğuruna sevinmək əvəzinə,
ona qarşı əsassız ittihamlar irəli
sürürdü.
Benazir çox mübariz qadın olsa da, ona hücum edən
qüvvələrə davam gətirə bilmirdi və
axırda, 54 yaşında həyatla acı şəkildə
vidalaşmalı oldu.
Bhutto ailəsi atanın və qızın şəxsində,
onların faciələrinə görə, yəqin ki, lənətlənmişdi.
Baş nazir olan ata hərbi çevriliş nəticəsində
devrildikdən sonra edam edilmiş, qızı isə yenidən
Baş nazir kürsüsünə iddia etdikdə qətlə
yetirilmişdi. Görünür, siyasi fəaliyyət təkcə
şöhrət gətirmir, bəzən gözlənilməyən
fəlakətlə də yekunlaşmalı olur. Siyasətdə
çox vaxt onun mürəkkəbliyindən yaxşı
baş çıxaran, cəsarətli hərəkəti ilə
çoxlarının təəccübünə səbəb
olan adamlar uğur qazanırlar. Makiavelli elminə yaxşı
yiyələnənlər, hakimiyyət piramidasının zirvəsinə
qalxmaq nə qədər çətin olsa da, onu fəth etməyi
bacarırlar. Edmund Hillari 1951-ci ildə ilk dəfə Everesti -
Yer üzündəki dünyanın bu ən yüksək nöqtəsini
fəth etmişdi.
Siyasətçilərə də alpinist cəsarəti
və iradəsi lazımdır, bəzən şərait da
onlara uğur qazanmaqda yaxşı köməklik göstərir.
Siyasət, adamı şöhrətə çatdırsa da,
onun həyatına ağır sınaqları əlavə etməklə,
sakit aramını pozmuş olur. Buna isə hər adam dözə
bilmir və kiçik bir səhvi onu, özündən
asılı olmadan məhvə aparan faciəli yola istiqamətləndirir.
Lənətlənmiş bəzi tarixi şəxsiyyətlərin
həyat və mübarizə yolunu müşahidə etdikdə,
onların iflasının, süqutunun məhz
haqsızlıqdan, ədalətsizlikdən xəbər verən
öz əməllərinin labüd nəticəsi kimi meydana
çıxdığı görünür. Adamlara zülm
edənlər əsasən cəzasız qalmırlar.
Onların həsəd aparılacaq həyatı az sonra cəhənnəm
əzabları ilə, buna mənəvi və fiziki
sarsıntılar da daxildir, dolmaqla, onlara özlərini
düzgün aparmamalarının cavabı şəklində meydana çıxır. Lənət,
insana qarşı böyük ədalətsizlik edənlərə
ünvanlanır, onların məhvi barədəki arzulardan, əslində
yalvarışlardan ibarət olur. Belə qənaətə gəlinir
ki, haqsız əməl əsasən qisas şəklində olan
məhvedici bir cavabla üzləşir və nəticə
etibarilə, ədalət zəfər çalır.
SON
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 14 iyun(¹ 102).- S.22.