Bir nəfər, bir
böyük hərf və bir nöqtə
Esse
Freydin yüz yerə yozulacaq kəlamlarından biridir:
“Bir obyekti tapmaq əslində onu yenidən tapmaqdır”. Freydin
diskursunda ölüm-dirim instinktlərini aktivləşdirən,
nifrət və məhəbbət dialektikasına tabe olan,
psixi aparat baxımından kifayət qədər
dağıdıcı “sevgi obyekti” var: subyekt ona çatmaq,
onu tapmaq üçün səy göstərməli, enerji sərf
etməlidir, yaxınlaşıb toxunduqca qane edən və
rahatlayan, yəni həzz alan, uzaqlaşdıqca narahat və bədbəxt
olan, həzlə yanaşı, ağrıya da səbəb olan
bir cisimdir. Amma bir obyektin tapılması ilk növbədə
onun yoxluğuna, burada olmamasına işarə edir. Digər tərəfdən,
onu tapmaq üçün “axtarmaq” lazımdır. İstək
yükü ağırdır. Halbuki məsələ bir
obyekti axtarmaq və tapmaqla məhdudlaşsaydı, istək
baxımından işlər xeyli asanlaşardı.
Çünki orada axtarış və tapma proseslərini
mürəkkəbləşdirən bir parametr var: axtarılan
və tapıldığı güman edilən obyekt əslində
yenidən tapılıb. Bu halda ilk obyekt, bu obyektin yerləşdiyi
və subyektin qeyri-müəyyən şəkildə orada məskunlaşdığı
ilk “yer”, ilk “doğma zona” və ilkin ayrılıq və
bütün bu ilklərdən ağrılı bir qopma məsələsidir.
Subyektin istiqamətləri ilk itirilmiş obyektə, onun məkanına,
möhürlənməyə və ya Leo Bersaninin qeyd etdiyi
kimi, sarsılmış sədaqət müqaviləsinə
yönəlib: “Obyekti yenidən tapmaq təbii olaraq bir obyektin
mövcud olduğunu iddia etmək deməkdir. Lakin heç bir
şey Freyddə qeyri-adi dərəcədə sadiq
qaldığımız ilk obyektin statusu qədər
qeyri-müəyyən deyil”.
Qeyri-müəyyən statuslu bu “birinci obyekti” tapmaq, ələ
keçirmək, yenidən tutmaq imkanı var, lakin obyekt burada
olmadığı kimi “orada” da olmaya bilər. Keçmiş də
zaman baxımından indiki ilə gələcək
arasındakı boşluğa əlavə olunur, kəsilmələrlə
uzanan və əyriləşən xətt kimidir
keçmiş. Əslində, bəlkə də birinci obyektin
statusunda qeyri-müəyyənliyin əsas səbəbi məhz
bu parçalanmış keçmişin özüdür.
Sanki subyekt tərəfindən bir “an”, “yer” yaşanıb və
bundan sonra bu anın və məkanın
çağırışı, təcrübəni ikinci dəfə
yaşamaq istəyi var. Arzunun ətrafında fırlandığı,
gah yaxınlaşdığı, gah da
uzaqlaşdığı bu kök obyekt, yəqin ki, sevgi və
nifrət dialektikasının əsas yanacağıdır.
Olduqca subyektiv görünən bu müstəvidəki hərəkətlərin
təbii ki, sosial və siyasi tərəfləri də var. Həmin
ilk obyektlə bağlı olan ideyalar, obrazlar, xatirələr,
istəklər, təəssürat və hisslər də
siyasi məzmunla yüklənir.
Fransız dramaturq Bernand Mere Koltesin poetikasının
formalaşmasında axtarış aktı müvəqqəti
həzdən, ideoloji illüziyalardan və tapmaq
sıxıntısından qat-qat üstündür. Çarəsiz
axtarışın, amma demək olar ki, heç nə
tapmamağın, üstəlik, “heç yerə” çata
bilməməyin, qısa müddət də olsa “otağa”
sığına bilməməyin faciəvi ağrıları
1977-ci ildə nəşr olunan “Meşələrdən əvvəlki
gecə”də mətnin öz zamanının bir növ
manifesti kimi, metaforlar yağışı ilə müşayiət
olunur. Koltesin öz sözləri ilə desək, bu mətn
“tamaşa” deyil, “mənəvi bir şeydir”. Bu “mənəvi
şeyin” materialı, təbii ki, istehsal olunduğu
dövrün obyektiv reallıqlarından asılı deyildir.
Bununla belə, mətn “mənəvi şey” kimi təkcə
estetik baxımdan deyil, həm də siyasi nöqteyi-nəzərdən
simptomatikdir: mövzu dünyada təkdir, “kommunist” olan “rəsmi”lər
də daxil olmaqla, siyasi partiyalar, dini icmalar, siyasi arenada göbələk
kimi əmələ gələn kimliklər, ailə institutu
da daxil olmaqla, uzun müddətdir ki, bütün
iğtişaş oyunlarına çevrilmiş kollektiv əlaqələr,
etibarlılıq və sair... Mətnin
yayımlandığı tarixi dövr nəzərə
alındıqda: tüğyan edən kapitalizm, müasir
milli-dövlət aparatı, hər bir mütəşəkkil
cinayətdən diri və günahsız çıxan liberal
nizam, bazarın israfçı mexanikası, 1970-ci illərdə
çiçəklənən istehlak cəmiyyəti,
alternativ, lakin sosialist cəmiyyətlər, alternativsiz sosial
layihələr və qeyri-hökumət layihələri ilə
viran qalmış subyektlər görürük. İndi
neoliberal dünya səhrasında qalıq, zibil, qüsurlu bir
varlıq kimi çox da tanış olmayan, öz “gecəsi”
ilə tək qalan bir subyekt var. Digər tərəfdən,
bu, üç illik yaza bilməməkdən, nəticəsiz
intihar cəhdindən və kəskin tıxanmadan sonra gələn
bir dağılmanın ifadəsi olan mənəviyyatdır.
Toplandıqca bərkləşən, toplandıqca
acılaşan, sükuta qərq olan “söz”ü demək
üçün “forma və məzmun” qurban verilib.
Tək uzun bir cümlədən ibarət olan bu
büllur parça enerjili və ehtiraslı
başlanğıcdan deyil, dəhşətli bir xəyal
qırıqlığı ilə axtarış aktının
öz keçmişinə söykəndiyi,
mümkünsüzlüyünü küçə jarqonu və
əzabla ifadə etməyə
çalışdığı son hissədəndir:
“Bəsdir deyirəm, bəsdir, rədd olsun bu
dünya, insanlar və onların dərdləri rədd olsun,
hamıdan bezmişəm (...) ayağa qalxıram, koridorlarla
qaçıram, pilləkənləri necə
çıxıram, çölə qaçıram,
ağlıma pivə gəlir, qaçıram, pivə, pivə,
bu nə yerdir belə, qadınlar, pivələr, bu nə
yerdir - şaxtalı torpaq, gecə paltarında qızlar,
fahişələr, qəbiristanlıqlar, qaçıram, bir
şey axtarıram, bu zibil torbalarının arasında ot kimi
bir şey, meşənin üstündə göyərçinlər
uçur, əsgərlər tətikdədir, dilənçilər
ovuclarını açır, çaqqallar ləzzətli
siçovulları ovlayır, qaçıram, qaçıram,
ərəb mahnılarını bilirəm, bircə mən və
onlar bilir şifrəli sözləri, səni tapıram,
qolundan tutub yatağa atmaq üçün bir otağa
ehtiyacım var, pişik yemləri var otaqda, hər tərəfdə,
onları da yemək istəyirəm, səni sevirəm
qardaş, səni çox sevirəm, bu pisliyin, bu zibilliyin, bu
otların üstündə səni çox sevirəm, mələkləri
axtarıram, səni də axtarıram, tapmıram, pivə istəyirəm,
yenə pivə istəyirəm, bir səni, bir də pivəni
çox sevirəm, yağış yağsın istəyirəm,
yağış, yağış, yağış...”
Müraciət edilən, arxasınca qaçan, qolundan
tutduğu “qardaş”ın həqiqətən var
olub-olmadığı bəlli deyil: “qardaş” da mümkün
“ünsiyyətin” faili kimi itib, qarşı tərəf, “səni
sevirəm”ləri alan və qəbul edən də
dünyanın xaosunda amansız ehtiyac kimi axtarılır...
Amma yağış onun da üstünə yağır.
Yeganə ortaq nöqtə yağış və
rütubət və onları əhatə edən gecədir.
Bununla belə, Koltes heç bir linqvistik və siyasi nəsnələri
“təmsil” etmir, bu geniş klasterdəki varlıqların “mətbuat
katibi” rolunu öz üzərinə götürmür... Onun
haqqında deyilən ən yaxşı sözlər isə
bunlardır: “Koltes böyük hərfdən və nöqtədən
ibarət hisslər sehrbazıdır”.
Rəvan
525-ci qəzet .- 2025.- 14 iyun(¹ 102).- S.21.