Bölgələrdə teatr:
unudulmuş səhnələrin səssiz harayı
Azərbaycanın teatr xəritəsində bölgə
teatrları bir zamanlar fəal mədəniyyət mərkəzləri
kimi öz sözünü deyirdi. Hər rayonun teatrı onun mədəni
kimliyinin bir hissəsi sayılır, yerli
tamaşaçılar aktyorları öz doğmaları kimi
tanıyır və sevirdi. O zamanlar teatr təkcə sənət
deyil, həm də hadisə idi. Böyüklərimiz deyirlər
ki, tamaşa günü rayonda başqa cür ab-hava olardı:
adamlar eyni tamaşa barədə günlərlə
danışar, aktyorların ifası üzərində fikir
mübadiləsi aparardılar. Bu gün isə həmin
teatrların çoxunda səhnənin pərdəsi
aralanmır, səslər susub, işıqlar sönüb. Bir
vaxtlar alqışlarla titrəyən salonlarda indi toz və səssizlik
hökm sürür. Bəs nə baş verdi? Region
teatrları niyə bu gün bu vəziyyətdədir? Onlar hələ
yaşayırmı, yoxsa təkcə quruca adlarıdır
onları “yaşadan”?
Suala cavab axtarmaq üçün əvvəlcə bir
reallığı etiraf etməliyik: rayon teatrları
hazırda həm texniki, həm maliyyə, həm də ideoloji
baxımdan çox çətin durumda fəaliyyət
göstərirlər. Onların “yaşamaq” uğrunda
apardığı mübarizə hər gün daha da
ağırlaşır. Səhnələr fiziki baxımdan
aşınmış vəziyyətdədir. Bir çox teatr
binaları təmirə möhtacdır, avadanlıqlar köhnəlib,
səs və işıq sistemləri çağdaş səhnə
tələblərinə cavab vermir. Bu cür şəraitdə
peşəkar səhnə əsəri ortaya qoymaq aktyorun,
rejissorun yaradıcılıq gücündən çox, fədakarlığına
bağlıdır.
Lakin məsələni təkcə infrastruktur problemi
ilə izah etmək sadəlövhlük olardı. Rayon
teatrlarının əsas problemi, ilk növbədə,
tamaşaçıdır. Daha doğrusu,
tamaşaçının yoxluğudur. Səhnə sənəti
tamaşaçısız yarımçıqdır, hətta
mənasızdır. Amma bu gün rayon teatrlarında
tamaşaçılar ya çox azdır, ya da yalnız “idarə
tərəfindən təşkil olunan” tədbirlər
zamanı salona toplanan insanlardan, daha dəqiqi, hansısa qurumun
işçilərindən ibarətdir. Belə “məcburi
alqışlar” isə sənətin deyil, hesabatın göstəricisidir.
Tamaşaçının teatra gəlməməsinin
səbəbləri çoxşaxəlidir. Birincisi, yeni nəsil
teatra alternativ məkanlarda – telefonda, televizorda, internetdə “sənət”
axtarır. Əvvəlki illərdə kinoya, teatra maraq
göstərən gənclik bu gün sosial mediada bir dəqiqəlik
videolara və seriallara aludədir. İkincisi, məktəblərlə
teatrlar arasında əlaqə tamamilə itib. Halbuki teatr
sevgisi uşaq yaşlarından başlanmalıdır. Əgər
şagird məktəbdən teatra gətirilmir, ona bu mədəniyyət
aşılanmırsa, sonradan könüllü şəkildə
ora gəlməsini gözləmək sadəlövhlük
olar.
Yadıma gəlir ki, biz teatrla məhz uşaq yaşlarımızda
tanış olmuşduq. O zamanlar Kukla Teatrının
aktyorları tez-tez məktəbimizə gələr, bizim
üçün çox maraqlı, ibrətamiz tamaşalar
oynayardılar. Həmin tamaşalar bu gün də
uşaqlıq dövrümüzün ən şirin xatirəsi
kimi yaddaşımızda qalmaqdadır. Eləcə də ilk dəfə
teatr səhnəsi ilə 5-ci sinifdə oxuyarkən məhz məktəb
yoldaşlarımla birgə tanış olmuşam. Müəllim
və valideynlərimizin təşəbbüsü ilə ilk
dəfə Gənc Tamaşaçılar Teatrında çox
maraqlı bir tamaşa izləmişdik. O tamaşanın bizim
uşaq qəlbimizdə yaratdığı hiss-həyəcan
illər keçməsinə baxmayaraq, öz təzəliyi ilə
xatirələrimizin ən gözəl yerində dipdiridir. Bu
gün “təhsilin keyfiyyətini artırmaq” adı altında
şagirdləri dərslərlə yükləmək, məktəbi
teatrdan, teatrı da məktəblərdən uzaq salmaq mədəniyyətimizin
kökünə balta vurmaq qədər təhlükəli və
qorxuncdur.
Teatrda aktyorla tamaşaçı arasında
görünməz, lakin çox güclü bir körpü
olur. İndi bu körpü rayonlarda çatlayıb, bəzi
hallarda isə tamamilə uçub, dağılıb. Bəzi
aktyorlar öz istedadlarını kiçik auditoriyaya həsr etməkdən
yorulub teatrı tərk edir, bəziləri isə alternativ
iş axtarırlar. Alternativ işlər isə aktyorun
enerjisini, vaxtını, həvəsini o qədər alır
ki, artıq onun teatr səhnəsinə çıxıb
öz rolunu layiqincə oynamağa nə həvəsi, nə
enerjisi, nə də vaxtı qalır. Bəzən də
aktyorun maaşı o qədər az olur ki, səhnəyə
çıxmaq özü bir “xərcli həvəsə”
çevrilir. Müasir mətnlərlə işləmək
istəyən rejissorlar ssenari tapmır, texniki imkanlar əl
vermir, maraqlı aktyor komandası tapmaq çətinləşir.
Ssenarisi olan rejissor isə müasir mətnlərlə işlmək
istəmir, monoton, köhnəlmiş repertuar isə həm
aktyoru, həm də tamaşaçını yorur.
Rayon teatrlarının bəziləri mütəmadi
olaraq tamaşa hazırlamağa çalışır. Məsələn,
Gəncə Dövlət Milli Dram Teatrı, Şəki
Dövlət Teatrı, Lənkəran Dövlət Dram
Teatrı, Mingəçevir Dövlət Dram Teatrı bu
baxımdan nisbətən fəaldır. Gənc
rejissorları, yazıçıları bu teatrlarla əməkdaşlığa
cəlb etmək kimi təşəbbüslər olsa da, bu,
sistemli və davamlı xarakter daşımır. Ən
böyük problem isə odur ki, teatrların fəaliyyəti
regionda mədəni hadisəyə çevrilmir, daha çox
daxili dövriyyədə qalır. Tamaşalar yalnız bir
neçə gün oynanılır, sonra unudulur. Halbuki
teatrın bir tamaşası aylarla dildən-dilə
dolaşmalıdır ki, sənət kimi yaşasın.
Ən təhlükəli olan isə budur ki, rayon
teatrlarının yoxluğu rayonun mədəni həyatını
səssizləşdirir. Mədəni səssizlik isə sosial
passivliyə yol açır. Teatr yalnız bir əyləncə
yeri deyil. O, cəmiyyətə güzgü tutan, sorğulayan,
düşündürən və dəyişdirən bir
tribuna funksiyası daşıyır. Rayon teatrı olmayan
bölgədə insanların ictimai düşüncəsi də
tədricən səhnəsiz qalır.
Bu vəziyyətdən çıxış yolu
varmı?
Var, amma ciddi siyasi və mədəni iradə olmadan
mümkün deyil. İlk növbədə yerli teatrların
maddi-texniki bazası yenilənməli, dövlət
proqramları vasitəsilə rejissor və aktyorlar
üçün stimullaşdırıcı mükafatlar
müəyyən olunmalıdır. Əlbəttə, son
zamanlarda bu istiqamətdə müəyyən addımların
şahidi oluruq. Bəzi region teatrları yenidən qurulur,
onlara yeni teatr binası verilir, hətta statusları
artırılır. Eləcə də sənətçilərə
Prezident mükafatları təqdim olunur. Ancaq burada da illərlə
eyni adlar o qədər təkrarlanır ki, digərləri diqqətdən
kənarda qalır. Halbuki hər dəfə eyni adamları
mükafatlandırmaqdansa, hər dəfə fərqli sənətçilərə
diqqət ayrılsa, aktyorun, rejissorun sosial durumu və sənətə,
səhnəyə olan motivasiyası da ürəkaçan
olar. Axı teatrlar 2-3 nəfər eyni adamdan ibarət deyil.
Bizim istər paytaxt, istərsə də region
teatrlarımızda kifayət qədər istedadlı, təcrübəli,
ömrünü bu sənətə həsr etmiş peşəkar
sənətçilərimiz var. Onlar da görünməli,
onlar da öz əməklərinin
qarşılığını bu və ya digər dərəcədə
almalıdırlar.
Məktəblərlə teatrlar arasında müqaviləli
əməkdaşlıq qurulmalı, məktəblilər
üçün mövsümi bilet sistemləri
yaradılmalıdır. Eyni zamanda, teatrların sosial şəbəkələrdə
fəaliyyəti gücləndirilməli, onlar ictimai müzakirəyə
açıq hala gətirilməlidir. Məsələn, rayon
teatrlarının səhnələşdirdiyi
tamaşaların yutub və digər platformalarda
yayımlanması, onlayn teatr biletlərinin təşkili, gənclər
üçün interaktiv teatr layihələri marağı
artıra, bu sahədə canlanmaya səbəb ola bilər.
Bütün bunlarla yanaşı, teatrların
regionlararası mübadilə sistemi yaradılmalıdır. Məsələn,
Lənkəran teatrı Qazaxda, Gəncə teatrı Cəlilabadda
çıxış etməli, Bakı teatrları rayon səhnələrində
daha tez-tez qonaq olmalıdır. Bu, həm təcrübə
mübadiləsi, həm də tamaşaçı
baxımından mühüm irəliləyiş ola bilər.
Rayon teatrları bu gün hələ də nəfəs
alır. Onların nəfəsini tamamilə kəsməmək
üçün cəmiyyət olaraq, media olaraq, dövlət
olaraq bu səhnələrə geri dönməliyik. Əgər
geri dönməsək, gələcəyə yalnız bir
fotoşəkil, bir xatirə qalacaq – divar kağızı kimi
unudulmuş aktyor şəkilləri, solmuş afişalar və
səssiz salondan boylanan boş oturacaqlar...
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 14 iyun(¹ 102).- S.19.