GƏLDİGEDƏRLƏR
VƏ HƏMİŞƏLİK QALANLAR
Ağlımız kəsəndən belə
eşitmişik ki, dünyamız, varlığımız
yeddiliklər üstündə qurulub. Bunu elm də təsdiqləyib,
biz də inanmışıq ki, vur-tut yeddicə rəng var. Bu
yeddicə rəngin bitib-tükənməz çalarlarıyla
Yer Üzünün ən müxtəlif dövrlərindəki
ən böyük rəssamlar bir-birinə əsla bənzəməyən,
təkrarsız lövhələr yaradıb. Elə o sayaq
yeddi notun saysız calağından xalqlar və onların
parlaq övladları miqdarı bilinməz və sonu
görünməz qədər çox nəğmələri,
təranələri, heyrətamiz musiqi əsərlərini
doğurub.
Bunu da 6-7 yaşım olanda qonşuluğumuzdakı
yas mərasiminə dərin savadına görə ayrı
bölgədən məxsusi gətirilmiş və 40 gün həmin
evin qonağı kimi saxlanan, hər axşam dərin mənalı
və ibrətlər dolu söhbətlərindən feyziyab
olmaqçün xeyli adamın o həyətə
axışdığı bir nurlu axunddan eşitmişdim ki,
nütfə ana bətninə düşdükdən 7 gün
sonra insan yaranmağa başlayır, düz 40 dəfə təkrarlanan
yeddigünlərdən sonra, yəni 9 ay, 9 gün, 9 gecə
ötüncə körpə doğulur, övlad
ömrünü yaşayıb torpağa
tapşırılandan düz 7 gün sonra da əti
sümüyündən ayrılmağa başlayır.
Yəni həyatımızda hər nə varsa bu təhər
yeddiliklər üzərində bərqərar olubsa, bəlkə
elə əsl söz də rənglər kimi, notlar kmi cəmi
yeddidir, qalan kəlmələr rənglər kimi elə həmin
yeddicə sözün çalarlarıdır?
Bu gümana, yəqin, Rəsul Rza da
düşübmüş ki, vaxtilə belə fərz
edibmiş:
Rənglər könlümüzdən keçir
isti, sərin küləklər kimi,
nəğmələr, sözlər, səslər
qəlbimizə dolur müxtəlif rənglər kimi.
Şeir öz yerində, ancaq Rəsul Rza həyatı
boyu elə ədəbiyyatca musiqiyə, rəssamlığa da
çox bağlı oldu. Həm bu istiqamətlərin hər
birini bütövlükdə, həm də seçkin
yaradıcılarını ayrılıqda könüldən
sevdi, izlədi, amma digər tərəfdən, həm o səmtlərin
hər birində özünün də ən azı ürəyini
toxtadacaq qədər qabiliyyətləri də oldu. Rəsul
Rza həm rəssamlıqda, həm musiqidə bəlli
olanların təkrarından yaranan təkrarsızlıqlara
daim heyrətləndi, eyni işi özü də şeirdə
görərək başqalarını təəccübləndirməyi
bacardı.
Böyük şairin “Rənglər silsiləsi” ədəbiyyatın
xoş bir saatında heyrətdən doğularaq həmişə
heyrətlər oyatmaqda davam edəcək bir söz incisi kimi
vücuda gəldi.
Elə bir həmişətəzə silsilə ki,
zamanımızda ədəbiyyat səmamızda şimşək
kimi parlamışdı, mürgülü düşüncələri
səksəndirmişdi, bir çox qaranlıq fikir, duyğu
bucaqlarını işıqlandırmışdı, başqa
cür görməyə və düşünməyə mail
nə qədər insanın içərisində duyğu
selləri coşduraraq onları da buxovlar qıran
yenilikçiliyə kökləmişdi. Amma, eyni zamanda, həmin
rənglər qatarındakı dərinlikləri anlamayan
nadanlar dəstəsi “şeirimizin evini yıxır”
etirazıyla Rəsul Rzaya qarşı buynuz
çıxarmağa başlamışdılar; heç
olmazsa həmin cahillər öz aləmlərində, başa
düşdükləri səviyyədə guya bədii
sözümüzün təəssübünü çəkərək
belə etmişdilər, lakin heç də cahil olmayanlar, Rəsul
Rzanın nə demək istədiyini dərk edən,
oradakı eyhamların hansı nöqtələri vurduğunu
da duyan qatı mühafizəkarlar, qılaflılar da vardı
və belələrinin dişləri daha
şıqqıltıyla qıcanır, daha çox baş
ağrıdırdı.
Rəsul Rzanın rənglərinə döşəyən
tənqidi yazıların biri digərini əvəz edirdi və
imkan vermirdilər ki, tozanaq yatsın.
1960-cı illər idi, Sovet İttifaqında da, Azərbaycanda
da yeniləşməyə, dəyişməyə,
böyük dünyaya asta-asta açılmağa doğru
canatmalar artmışdı, di gəl vaxtın ayağından
yapışıb geri dartmaq istəyində olanlar da bəs
deyincə idi.
Rəsul Rza neyləmişdi ki, bunlar belə əlhaya
düşmüşdülər? O dövrün özünəməxsusluqlarından
və həmin çağkı insanların təbiətindən
bixəbər olan bir çox indikilərə və gələcəkdəkilərə
Rəsul Rzanın “Rənglər”ini oxuyub sonra “Rənglər”
barədə tənqidi yazıları mütaliə edənlərə
anlaşılmaz gələcək ki, axı bunlar bu şairdən
nə istəyirmiş, bu şeirlər düzümündə
nə varmış ki, onları belə diltəng edirmiş?
Rəsul Rza sadədən-sadə sual verirdi: “Dəniz
hansı rəngdədir?” və dərhal da ehtimal olunan ilk
cavabı özü deyərək bununla
razılaşmadığını gizlətmirdi: “Mavimi? Mən
dənizin yaşılını görmüşəm”.
Həqiqətən, belə deyilmi məgər? Dəniz
axı heç zaman eyni cür və sabit rəngli olmur.
Onsuz da bəlli olanı bir daha yoxlamaqçün kim
istəyir gedib günün müxtəlif saatlarında Xəzərin
sahilində dayansın. Gün yeni doğurkən şəfəq
qızartısıyla boyanan dalğalar bir ayrı rəngdədir.
Günorta üstü dənizin sakit vaxtında
qırçın ləpələr bir özgə rəngdə
görünür. Kükrəyib daşanda, dalğalar şahə
qalxanda sanki dənizin rəngi də tamam başqacürləşir.
Günəş bathabatda, axşam qaranlığı çökəndə,
bu saatacan gah çəhrayı, gah bəyaz, gah lacivərd,
gah yaşıl, gah mavi gördüyümüz dəniz yenə
boyasını dəyişir, qaralan kimi olur, ancaq bir azdan ay
doğacaq və işığını sərəcək dənizin
üstünə, ağla sarının
qatışığı göylə qaranın
qovuşuğunda əriyəcək – hünərin var indi bu rəngin,
bu çaların adını tap!
Rəsul Rzanın da çatdırmaq istədiyi elə
bu idi. Belə saya sualları verə-verə oxucusunu heç də
sadə olmayan mətləblərə yönəldirdi.
Şüurlara bu gerçəyi ötürmək istəyirdi
ki, heç vaxt baxdığımızda ilk baxışdan
görünən rəng ondakı boyaların hamısı
deyil. Boyanın içində boya, çaların daxilində
saysız çalarlar həmişə var.
Ona qalsa, sanki bütün insanlar da eynidir.
Hamının bir cüt gözü, bir cüt qulağı,
burnu, dodağı, saçları. Amma hər insan həm də
Allahın bir təkrarsız əsəridir. Rənglər
bucağından baxaraq düşünsək, hər insan da
bir ayrı çalardır.
Rəsul Rza da bunu umurdu – ağı da başqa cür
görün, qaranı da, yaşılı, göyü də,
qırmızını, sarını, qonuru da. Rənglərin
nüvəsinə nüfuz etməyə
çalışın, hər rəngin qoynundakı
çalarları sezin. Elə həmin yolla da yaşayın, həyata,
hadisələrə, insanlara da bu qəliblə nəzər
salıb, onları belə görməyə səy edin.
Kim belə düşünsə, belə yaşasa, belə
duysa, dünya və yaxın ətraf da tamam başqa cür
görünəcək.
Düşündükcə açılır,
əlvan səhifələri rənglərin.
Canlanır gözümüzdə rəngi
ömrün, mübarizənin,
qəlbin, nifrətin,
gecənin, səhərin
və insan taleyinin.
1987 gəlmişdi. Rəsul Rzanın həyatdan getməsindən
illər keçirdi və sanki zəmanə də dəyişən
kimi idi, sovet siyasətində “yenidənqurma”, “aşkarlıq”
kəlmələri ilə nişanlanan və zahirən ifadə
sərbəstliyinin artdığı dönəm idi. Rəsul
Rza o çağlarda artıq ədəbiyyatımızın
tarixində və Azərbaycan insanının yaddaşında
klassik kimi heykəlləşmişdi.
Və həmin il mən Rəsul Rzanın “Rənglər”
silsiləsini ayrıca bir toplu şəklində çapa
hazırlamış, müqəddimə də
yazmışdım, kitab “Azərnəşr”in həmin
ilçün çap planında idi,
çıxmalıydı. Ancaq həcmcə çox da iri
olmayan, üstəlik, 2 il qabaqcadan rəsmən təsdiqlənmiş
nəşriyyat planında yer alan o kitabça işıq
üzü görmədi. 37-dən 50 il ötəndən
sonra, 87-də belə 37-dəkicəsinə düşünənlər
qalırdı və dəyişən vaxtın istisi də
onların kirəcləşmiş qafalarının donunu
aça bilmirdi, yaddaşlarda, ədəbiyyat tarixində hətta
heykəlləşəndən sonra da Rəsul Rzanın
sözünün, tərzinin, onun düşüncəsindəki
azadlıq aşiqliyinin əleyhinə gedənlərin
neçəsi (və onlarabənzər törəmələr)
yenə fəaliyyətdə idi.
Ona görə də inqilabçılıq,
barışmazlıq, sığmazlıq Rəsul Rza kimi
zatında, cövhərində olan insanların mübarizəsi
heç vaxt dayanmır. Şeiri qalırsa, sözü
yaşayırsa, şeirinin və sözünün içərisində
rənglərin min bir çaları diridirsə, demək, Rəsul
Rza da həm bu gün, həm gələcəklərdə də
– yağışlar yağdıqca, yarpaqlar
töküldükcə, çiçəklər
açdıqca, insan sevdikcə və nifrət bəslədikcə
mübarizələrini hökmən davam etdirəcək.
Baxa bilmirəm
yarpaqların səssiz ölümünə
bu həzin, bu gözəl ölümü görəndə
xəyalımdan qaynar, acı bir nəfəs kimi
həyat lövhələri keçir
aləm gözümdə dəyişir
çılpaq budaqları görürəm
yazbaşı
sonra körpə yarpaqlar
sonra aləm yamyaşıl
sonra bir fəsil, iki fəsil sürən
yaşıl günlər, yaşıl gecələr
sonra yarpaq tökümü
həyat, ölüm, dönüş, yenidən
doğuş
əbədi mübarizənin sonluğu.
Bir dəfə Rəsul Rza ilə Nigar Rəfibəylinin
həyatda və ədəbiyyatdakı ləyaqətli
davamı Anarla Buzovnaya getmişdik. O bağa ki, Rəsul
Rzanın ömrünün neçə yayı orada
keçmişdi, neçə şeirini dənizin lap sahilindəki
bu xudmani bağın sakitliyində qələmə
almışdı. Çoxdan kimsənin gəlmədiyi
bağ suyu sovulmuş çay yatağı kimi qüssə gətirirdi.
Köhnə rəfdə köhnə uzaq illərin təzə
qəzet-jurnalları, haçandan bəri qatı
açılmamış kitablar, Rəsula, Nigara müxtəlif
şəhərlərdən gəlmiş məktublar.
Bağın sahibləri yox idi. Sabaha çıxıb
getmişdilər. Kimsəsiz bağın sükutunu yaxın dənizin
səsindən başqa pozan yox idi.
Nə deyirdi dəniz? Bizdən onillərcə əvvəl
elə həmin bağdakı belə səssiz, sakit
axşamlardan birində Rəsul Rza da
xışıltısı, ətrafı sarmış dərin
sükutu dağıdan dənizi dinləyirmiş, sadəcə,
qulaq da asmırmış, danışırmış, dərdləşirmiş
onunla:
Pəncərəmi açmışam dənizə.
Səhər hələ yoldadır.
Ay gecənin üfüq qapısında,
qarovuldadır.
Dəniz də oyaqdır.
Nə gözümdə yuxu var,
Nə çimir.
Sahil boş,
dəniz doludur.
Dənizdə dalğalar çimir.
Suya baş vurub qalxırlar.
Boylanırlar tez-tez.
Yəqin, onlar da
Səhərçin darıxırlar.
Bir yay səhərininmi, axşamınınmı, gecəsininmi
dinməzliyində dənizlə təkbətək qalan Rəsul
Rza belə yazırdı.
Dəniz kimi, dənizin dalğalarıtək hər gəlməmiş
səhərdən ötrü darıxan, hər gedən
günün ömürdən getdiyini bilə-bilə yenə
növbəti səhərə can atan Rəsul Rza hər halda
son böyük arzusuna çatdı. O, çoxdandır ki,
XXI əsrdədir. Bu əsrə bizdən də əvvəl gəlib.
Rəsul Rza diri şeiri ilə, canlı sözüylə
bu gün yaranan çox şeirdən daha təravətli və
gələcəkli sözü ilə XXI əsrin sakinidir.
...Rəsul Rza böyük poeziyaya gələndə
şeirin yaşı neçəydi, bu yolun uzunluğu
neçə minil idi – bilən yoxdu. Amma hər halda bu, hər
kəsə bəlli həqiqət idi ki, şeirimizdə iki vəzn
– hecayla əruz min ildən də artıq müddətdə
insanlarla birgəydi. Əslində əruz vəzninin
özü də hecaya nisbətdə cavan olmasına baxmayaraq,
elə hecanın davamı idi. Heca vəzninə bəzən
el arasında “barmaqhesabı” deyirlər. Müəyyən
şərtiliklə o barmaqhesabı əruza da tətbiq olunur.
Vaxtilə həm şair, həm şeirşünas, həm
musiqiçi olmuş Xəlil ibn Əhməd Fərahidinin
yaratdığı əruz vəzni də mahiyyətcə heca
vəznidir. Sadəcə, ənənəvi heca vəznində
hər misrada hecaların sabit sayı nəzərdə tutulur,
elə əruzda da hecaların dəyişməz sayı şərtdir.
Bir qeyd-şərtlə ki, əruzda heca vəznindən fərqli
olaraq, ümumən hecaların miqdarı yox, açıq və
qapalı hecaların misralardakı eyni sayı
düşünülür. Onun da, bunun da – birində bir qədər
az, digərində bir qədər çox – yazan
qarşısında qoyduğu müəyyən məhdudiyyətlər,
müəyyən çərçivələr var. Əruzda
təfilələrin təklif etdiyi və hökmən riayət
olunmalı səs qəliblərinin varlığı hecaya
nisbətən qələm əhlinə bir az artıq məhdudiyyət
yaratsa da, daha artıq musiqililiyə malikliyi, o tərəfdən
aldığının əvəzində bunu verməklə əruzun
cazibəliliyinin azalmamasına imkan yaradırdı. Rəsul
Rza əruzda da şeir yazıb, heca vəznində də. Ancaq
ədəbiyyata gəlişinin erkən
çağlarından başlayaraq
yaradıcılığının əsas hissəsini sərbəst
şeirə həsr edib.
Bununla da yalnız Azərbaycan söz sənətində
deyil, bütövlükdə türkdilli poeziyada sərbəst
şeirin ən böyük yaradıcılarından biri kimi
qalıb. “Sərbəst” sözü bizim
anlayışımızda asudə, azad deməkdir. Ona görə
də bəzən sərbəst şeirin daxili aləmindən
sonacan xəbərdar olmayanlar belə yanlış gümana da
düşürlər ki, burada əruz və hecadan fərqli
olaraq, səni sıxan, tabe olmanı məcburlaşdıran
heç bir ölçü, şəkil tələbi yoxdur –
tam asudəsən, nə istəyirsən et, “söz köhləni”ni
hansı səmtə istəyirsən səyirt. Amma qətiyyən
belə deyil. Sərbəst şeirdə də elə hecada, əruzda
olan kimi, mütləq gözlənilməli sərhədlər,
əməl olunmalı şərtlər, meyarlar var. “Sərbəst”
bir fars kəlməsidir və mənası “başı
bağlı”dır. Yəni fars o yana qalsın, Güney Azərbaycanda,
bu tay Azərbaycanın tam əksinə olaraq, “sərbəst”
deyəndə azad deyil, asılı olan
düşünülür. Və bu, xeyli dərəcədə
rəmzidir. Azərbaycan dilində tam əks mənada işlənən
bu söz vəznə aid edilərkən bir tərəfdən
söyləyir ki, asudəsən, azadsan, əlin-qolun
açıqdır, amma dərhal da pıçıldayır
ki, asılısan, müəyyən məhdudluqların
tabeçiliyindəsən.
Rəsul Rzanın şeirimizin baş sərbəstçisi
olaraq bir böyüklüyü də bundan ibarət oldu ki, bu
növ şeirin daxildən sərbəstliyini,
azadlığını, fikircə uçuş asudəliyini
içəridən artırdı. Ona qədər də Azərbaycan
poeziyasında sərbəst şeir yazanlar vardı. Ancaq Rəsul
Rza poeziyamızda yeni olan bu şeir qəlibinə müraciət
etməklə insan zəkasının intəhasızlığını,
insan duyğularının sonsuzluğunu şeirə
köçürdü. Rəsul Rzanın icrasında sanki sərbəst
şeir çox münasib hava limanı, çox uyğun bir təyyarə
uçarlığı idi ki, buradan ən qəfil və ən
ötkəm düşüncələr bütün sərbəstlikləri
ilə ən geniş üfüqlərə qanadlana bilirdi.
İstər-istəməz şeirin fəlsəfəsi
çoxaldı, şeirdə düşüncə köklərini
daha dərinlərə ata bildi.
Rəsul Rzanın sərbəst şeirində qafiyə
də vardı, ritm də. Amma bu vəzn və qafiyə
hecadakı, ya əruzda olan sayaq üst qatda olub dərhal
gözə girmirdi, sanki bir qədər misraların dərininə
çəkilmişdi. Rəsul Rzanın qafiyələri də
qulaqların alışdığı yeknəsəqliyi
dağıdırdı, şeirdə
yıpranmışlığın əksinə gedirdi, hələ
növbəti misra gəlməmişdən əvvəlki
misranın sonundakı kəlməyə əsasən indi
hansı qafiyənin gələcəyi kimi yorucu mərəzi
asta-asta şeirimizdən kənarlaşdırmağı hədəf
götürmüşdü.
Çox da olmasa, hər halda Rəsul Rzanın sərbəst
şeirlərinin bir hissəsi bizə şairin öz səsində
gəlib çatıb.
İstənilən müğənni bir bəstəkarın
yazdığı mahnını ondan daha məlahətlə,
daha gözəl oxuya bilər. Amma hər bir bəstəkar da
öz mahnısını istənilən müğənnidən
həmişə daha düz oxuyacaq. Eyni hal şeirdədir.
Aktyorun səsi də, oxu məharəti də şairinkindən
qat-qat yaxşı ola bilər, lakin heç vaxt heç bir
aktyor şairin hansısa şeirini onun özündən daha təsirli,
daha düzgün, misraların altını da,
üstünü də nəzərə alaraq oxuya bilməz. Həmin
səbəbə görə Rəsul Rzanın öz
oxuduğu şeirlər həm də hər oxucudan
ötrü bir bələdçidir. Onun özünü dinlədikcə
sərbəst şeirin içərisindəki ilk
baxışdan sanki tül arxasında qalmış təsəvvürü
oyadan vəzn də, qafiyə də qabarıb üzə
çıxır, oxucunu yönəldir ki, başqa Rəsul Rza
şeirlərini də bu havanı tutaraq, özünüz də
bu tərzdə səsləndirin.
1963-cü ildir. Son dekabr günləri. Rəsul Rza
kinokamera qarşısındadır. Studiyadan gəliblər ki,
şairin yeni il təbriklərini alsınlar. Rəsul Rza təzə
illə bağlı arzularını dilə gətirir, ardınca
da son yazdığı şeirlərindən birini oxuyur. Elə
gözəl oxuyur ki, həm şeirin çalar-çalar mənaları
ürəyimizə axır, həm də bu oxunuşda sərbəst
şeirin içərisində necə sabit ritm, necə səliqəli
qafiyə düzümü olduğunu aşkarca duyur,
uzun-qısa sətirlərin əslində nə təhər
bir bütövlüyə malik olduğunu görürük.
“Rənglər”dən oxuyur və başlanacaq yeni ilin də
ömrümüzə rənglərin bitib-tükənməz əlvanlığı
ilə gəlməsini diləyir:
...Rənglər xatirələr oyadır,
duyğular oyadır.
Gördüyümüzdən artıq görmək
istəməsək,
hər rəng adicə boyadır.
Rənglərin də musiqi kimi ahəngi var.
Ağrının, sevincin, ümidin də
rəngi var.
...Arzum budur rəngi xoş olsun,
Mənası, ahəngi xoş olsun yeni ilin.
Rəsul Rza həm yaradıcılığı, həm
şəxsiyyəti ilə məktəb olan insan idi. Payına
düşmüş vaxtla XX əsrin adamı idi, amma irəlidən
XXI yüzil gəlir, üçüncü minillik
gülümsəyirdi. Tale ona da millətin işıq
daşıyıcısı böyük övladlarından
biri kimi həmin yeni zamanı gətirənlərdən biri
olmaq vəzifəsini həvalə etmişdi. Rəsul Rza
yaşından tez böyüyən, həyatın
sınaqları ilə erkən yaşlarından
qarşılaşan və zəmanə labirintlərindən ən
düzgün yolları özü tapmağa gəncliyindən
alışmış bir vətənpərvər idi.
Atasını tez itirmiş Rəsul Rzanı dayısı Məmmədhüseyn
Rzayev himayəsinə götürmüşdü, ona əsl
ata olmağı bacarmışdı və o qiymətli şəxsiyyətdən
sonrakı bütün ömrü boyu Rəsulla qalan yalnız
Rzayev soyadı olmadı. Ötən illərdən birində
həmin Məmmədhüseyn Rzayevin qızı mənə
içərisi qovluqlarla dolu bir çamadan gətirmişdi,
hamısı atasının əlyazmaları idi. Hekayələr,
şeirlər, poemalar... kimsəyə görünməyən
yaradıcılığının toplusu. Əksərən ərəb
əlifbasında olan həmin yazıları latın
qrafikasına sətir-sətir köçürdükcə məzmunlarına,
əlbəttə ki, nəzərləri sətirlər
üstündən ani qaçıb keçən adi oxucudan fərqli
olaraq, hər məqamı yanlışlara yol verməyim deyə
diqqətlə izləyirdim. Çünki hansısa vərəqlərdəki
xətti illər soldurmuş, çətin oxunan, hətta bəzi
məqamlarda oxunmaz etmişdi. Xətt, kağız köhnəlmişdi,
dəftərlərin vərəqləri saralıb-solmuşdu,
amma o mətnlərin heç biri əskiləşməmişdi.
O yazıları oxuduqca həyata, hadisələrə, insanlara
ayıq baxan, 1920-1930-cu illərdə Azərbaycanın
yüksəlişlərini qəlbinin bütün sevgisi ilə
arzulayan bir mərd, millətcanlı, yurdsevər
ziyalının surətini sətirlərin arxasında
aydınca təsəvvür edirdim. Bunu da
düşünürdüm ki, məhz belə bir müdrik və
xalqa bağlı, həmişə sabaha baxan bir insanın tərbiyəsi
ilə böyüməsi çox cəhətdən gənc Rəsul
Rzanın ədəbi müqəddəratına təsir
etmiş, onun, yolunun başlanğıcından həm
mübariz və dönməz, həm müasir
düşünən, həm də gözü daim gələcəkdə
olan bir yaradıcı kimi yetişməsinin bünövrəsinə
çevrilmişdi.
Rəsul Rza xalqın içindən çıxıb
gəlmiş, torpaq qoxusunu həyatı uzunu unutmayan bir millət
sevdalısı idi, amma həm də yeni dövrün
övladı idi. Yaxşı anlayırdı ki,
dünyanın sürətləri ilə
ayaqlaşmaqçün öz qınına qapılıb
qalmaq yaramaz, Şərq ölkəsi olan Azərbaycan heç
vaxt Asiya ilə Avropanın qovuşağında yerləşmək
qismətindən kənara, qırağa çıxa bilməyəcəyindən,
həm şərqli, həm qərbli olmağın da vaxtın
istədiyi tələblərinə uyğunlaşmağı
bacarmalıdır. 1930-cu illərdə gənc,
çılğın Rəsul Rza kimi elə bu cür
düşünən başqaları da olmuşdu. Ancaq
onların bir çoxunun Azərbaycanı guya daha
çağdaş edərək, daha artıq qərbəuyğun
edərək müasirləşdirmək təşəbbüslərinin
tərəzinin gözünü əyməsi də olurdu,
millini bəzən müasirə qurban da verirdilər. Rəsul
Rzanınsa şeirində də, ictimai-siyasi gerçəklikdəki
fəaliyyətlərində də üzdə olan bu keyfiyyət
idi ki, o, “qızıl orta”nı tutmağı həmişə
bacardı, nəyin ardınca gertməyi, nəyi müdafiə
etməyi həmişə dəqiq bildi. Bunun üstündə
bəzən o, hərdən bu tərəfdən
qınandığı oldusa da, sonadək öz xəttinə
sadiq qaldı, sağa-sola meyil etmədi. Mustafa Quliyev
1920-1930-cu illərdə Azərbaycanın ədəbi-mədəni
həyatında ən həlledici, istiqamətverici simalardan
biri olmuşdu. Ona o dövrdə iki dəfə Azərbaycan
xalq maarif komissarı vəzifəsini daşımaq nəsib
oldu: 1922–1927-də və 1928–1929-cu illərdə. Bu qurum indiki
ölçülərlə həm mədəniyyət, həm
elm və təhsil nazirliyi deməkdi. Mustafa Quliyevin proletkultçuluq
havalı çağırışları da olmuşdu, mədəniyyətimizin
sıçrayışlı inkişafına son dərəcə
müsbət təsir göstərən addımları da. Bir
tərəfdən “Oxuma, tar!” nidası ondan gəlmiş və
ağrılı izləriylə yaddaşlarda qalmışsa,
amma Üzeyir bəyin məhz “Koroğlu” operası
yazmasına inadkarlıqla nail olan da Mustafa Quliyev idi. Müasirləşmə
yolunda onun cəhdlərinin hərdən ifratlara aparıb
çıxarması, tutalım ki, somfonik musiqiyə daha
artıq meyil edilib muğamın küncə
sıxışdırılması kimi hallar bir vaxtlar belə
yanlış qənaət də oyatmışdı ki, guya
Mustafa Quliyev milli dəyərlərimizə yetərincə
bağlı deyilmiş. O zavallı da sovet siyasi
repressiyalarının növbəti qurbanlarından biri
olmuşdu, 1937-ci ildə güllələnmişdi. Hətta
1950-ci illərin ikinci yarısından, bəraətlər
“mövsümü”ndən sonra da Mustafa Quliyev köhnə və
yanlış yaddaşla az qala milli irsə və dəyərlərə
əks getmiş biri kimi qiymətləndirilmişdi. Rəsul
Rza Mustafa Quliyev haqqında yazaraq onu yeniliklərə can atan,
Azərbaycanı daha irəligetmiş kimi görmək yolunda
çalışan vətənpərvər kimi təqdim edəndə
o, artıq bəlkə də daha çoxlarının
yadına düşmürdü, hərdən tarımıza
qarşı vaxtilə aparılmış təxribatlar
xatırlananda xoş olmayan hisslərlə anılırdı.
Rəsul Rza Mustafa Quliyevlə fırtınalı, inqilab
dalğalı illərdə təmasda olmuşdu, onun milli-mədəni
inkişafa sidq-ürəkdən
çalışdığına da şahid idi. Əmin idi
ki, Mustafa Quliyevin hansısa səhvləri millətə və
dəyərlərimizə yadlığından deyil,
ifratçılıqdan törəyən fəsadlardır. Rəsul
Rza üçün əsas olan bu idi ki, Mustafa Quliyev
çalışmalarında səmimi olub, xalqı,
respublikanı vaxtın bizi daha müasir, daha
qabağagetmiş kimi təqdim edə biləcək nailiyyətlərinə
uyğunlaşdırmağa səy edib.
Məhz xalqına bağlı olduğundan, yeniləşmə
yolunu tutmuş olduğundan Mustafa Quliyev ona ruhən yaxın
olanlar zümrəsindən idi. Elə həmin ovqatla Rəsul
Rza ta ixtiyar çağlarınadək yenilik
işığı, çağdaşlıq şöləsi
duyduğu yaradıcıların müdafiəsindən
heç vaxt kənarda qalmadı. Çünki hansı
nöqtələrdəsə baxışlarında,
yanaşmalarında tam razı olmadığı məqamlar
vardısa da, bu qəbil insanlar məhz yenilikçi,
müasir, yıpranmış qəlibləri sındıran
düşüncə və zövq sahibləri olduğundan
onlarla özünü eyni yolun yolçusu sayırdı, yola
və yol yoldaşına sadiqliyi gərək olan anda ortaya
qoymağı da mənəvi borc kimi qəbul edirdi.
Rəsul Rzanın cavanlığından məramı
bu oldu ki, millətinin sıra nəfərləri öz
kökünə, torpağına min bir tellə
bağlansın, yerliçi olmasın, amma mütləq Yerli
olsun, dünyanı da öz evi hesab etsin, yeyin dəyişən
sürətləri onu təngnəfəs etməsin, nəbzini
çağdaş dünyanın nəbzinə
uyğunlaşdırmağı bacarsın. İstəyirdi ki,
bu dalğa daha geniş yayılsın. Ona görə də ətrafında
daha çox məsləkdaş, fikirdaş, zövqdaşlar
olmasını istəyirdi. O “Azərbaycan Ensiklopediyası” ki
onu sırf milli ruhda və düşündüyü
biçimdə araya-ərsəyə gətirmək əzmində
idi, əslində Rəsul Rzanın özünün davamı
olacaqdı. Sağlam mənəviyyatlı millət
quruculuğu Rəsul Rzanın həyat amalı idi. Şeiri ilə
də bunu edirdi, Ensiklopediyada da bu işi görürdü,
bütün ictimai-siyasi və insani fəaliyyətlərinin
hamısının da özəyində dayanan bu niyyət idi.
Və Azərbaycan bu gün istiqlal içərisindədirsə,
yurd və millət sabaha doğru dünyanın irəligetmiş
ölkələrindən və xalqlarından biri kimi
addımlayırsa, sabah içərisindəki yolu mütləq
bu xətlə gedirsə, bunların mayasında mütləq
Rəsul Rza və ona bənzər yenilikçilərin,
çərçivəyə sığmayanların müstəsna
əməkləri və halal payı var!..
Rəsul Rza şair idi, bizə də şeirlərini
yadigar qoyub gedib. Gələcəkdə də
oxuyacağıq, zövq alacağıq, onlardan nələrisə
öyrənəcəyik. Amma hər dəfə oxuduqca, duyğulandıqca,
düşüncələrə daldıqca vacib bir məqamı
da heç vaxt unutmayaq. Solmaz şeirləri və ümumən
bizə yaşarı irs olaraq saxlanc qoyduqlarının
hamısı ilə Rəsul Rza həm də ölməz “millət
ataları”nın şərəfli ənənəsini davam
etdirərək böyük vətənçilik, millətçilik,
azərbaycançılıq dərsliyinin yeni-yeni səhifələrini
və fəsillərini yaradırmış.
Rəsul Rzanın sözünü millətə
çatdırmaqda bir vasitəçisi də nəğmələrdi.
Söz yox, hər yaxşı şair hər şeirini yazanda
misralara nəğməlilik istədin-istəmədin
öz-özünə hopur. Amma bir də var ki, şeiri məxsusən
onun nəğməyə dönməsi, bəstəkar nəfəsi
dəyərək mahnılaşmasından ötrü
yazırsan. Rəsul Rza bu cəhətdən də
yarımışdı. Azərbaycanın onun əsrindəki ən
üstün bəstəkarlarının bir çoxu ilə o,
sadəcə mehriban münasibətlərdə deyildi, həm
də dost, sirdaş, əqidə ortaqları idilər.
Mahnılaşan şeirlərin bu gözəlliyi də var ki,
daha haçansa kiminsə kitabı açıb onları
oxumasına ehtiyac qalmır. O mahnılar özləri quş
kimi uçaraq insanları tapır, ürəklərə
qonur. Odur ki, ixtiyarında əli hər yerə çatan belə
münasib bir ötürücün olanda millətin birbaşa
ürəyinə pıçıldamalı mətləbləri
onların köməyi ilə ötürməkdən sərfəli
yolmu var?!
Rəsul Rzanın sözlərinə Azərbaycanın
çoxlu və çox istedadlı bəstəkarları onun
sağlığında da sıra-sıra nəğmələr
yazıb, Rəsul Rza şeirləri bizim illərin bəstəkarlarını
da daim özünə sarı çəkməkdədir, yəqin,
bundan sonra da hər yeni vaxtla həmzaman olmağı bacaran
şeirlərə yeni-yeni nəğmələr qoşulacaq.
Rəsul Rzanın sözlərinə musiqi bəstələyən
köhnə bəstəkarların heç biri isə sadə
sənətkar deyildi. Onun sözlərinə ilk nəğməni
bəstələyən Asəf Zeynallı olmuşdu. Bu haqda mənə
vaxtilə Maestro Niyazi danışırdı ki, Asəfin
qardaşı Cəfər çekist idi. Rəsul Rza “Sərhəd
bəkçisi” (“Sərhəd keşikçisi”) şeirini Asəfin
xahişi ilə yazmışdı. O mahnını yaxın
dostların toplandığı bir məclisdə – Maestro dəqiq
xatırlaya bilmirdi ki, ad günüymüş, yoxsa Cəfərə
növbəti daha yüksək rütbə verilibmiş –
pianoda Asəf özü çalıb-oxuyubmuş. Maestro bunu
da unutmamışdı ki, həmin mahnı 1920-ci illərin
sonlarında yenicə fəaliyyətə başlamış
Azərbaycan radiosunda da səslənmişdi. Maestro söyləyirdi
ki, o vaxtlar radioda bütün çıxışlar, konsertlər
canlı gedirdi, radioda diktor işləyən dostumuz Hüseyn
Natiq bizə xəbər vermişdi ki, həmin mahnı təqribən
hansı saatlarda səslənə bilər. Dördümüz
– Asəf, Cəfər, Rəsul Rza, mən gəlmişdik o
dövrdə radiomərkəzin yerləşdiyi “İsmailiyyə”nin
yanına. Sabir bağında uca dirəyə bərkidilmiş
reproduktordan radionu dinləməkçün həmin yerə hər
gün xeyli adam toplaşardı. Dinləmişdik, sonra da Cəfər
bizi dəvət eləmişdi həmin hadisəni qeyd etməyə.
Rəsul Rzanın sözlərinə Niyazinin
özü də mahnılar yazmışdı. Zamanında o
mahnılardan biri lap dillər əzbəri imiş, himn, milli
marş kimi hörmət-izzətlə səsləndirilirmiş.
Mahnının bunca sevilməsinin, gecə-gündüz Azərbaycan
radiosunda eşidilməsinin səbəbi yalnız onun
özünün gözəlliyi deyildi. “Can Stalin” adlanan o
mahnının qəhrəmanı “ellər atası” idi.
Mahnının nəqəratındakı dua kimi səslənən
“Yaşa, yaşa, can Stalin, dillərdə dastan Stalin”
misraları dil-dodaqdan düşmürmüş.
Stalinizm epoxası ölüb getdi. Ancaq Azərbaycan
insanlarının, köhnə nəslin yaddaşında o
mahnının xoş əks-sədaları uzun müddət
yaşamaqda davam edirdi. Köhnə nəsildən kimi dindirsəydin,
o mahnının sözlərini əzbər deyərdi.
Musiqinin gücü elə bundadır. Sovet dövründə
Stalinə yüzlər, bəlkə minlərlə şeir həsr
edilib. Kimin yadına düşür ki! Ancaq Rəsul Rzanın
sözlərinə Niyazinin bəstələdiyi “Can Stalin”i hələ
də xatırlayırlar.
Mahnının musiqisi də gözəl, sözləri
də qəşəng. Bircə Stalin kəlməsini
çıxart, mətndəki “Can Stalin” sözlərini qoy
qırağa, əvəzində “Vətən”, ya “Azərbaycan”
qoy, mahnı diriləcək, bu gün də dönə-dönə
səslənməyə layiq nəğmə kimi təzə
ömrünü başlayacaq. Ancaq nə Rəsul Rza, nə
Niyazi istəmişdi ki, belə olsun. O mahnı köhnə
dövrün içərisində yaranmışdı,
onların gəncliyinin yadigarı idi. Stalinə
etibarlarından yox, öz gəncliklərinə vəfasız
çıxmamaqçün hər hansı dəyişiklik
edilməsini rəva görməmişdilər.
Hətta o qoşqusuna Rəsul Rza “Ölən nəğməm”
adlı bir şeir də həsr edib. Ancaq Rəsul Rzanın
bir qafilə görkəmli Azərbaycan bəstəkarının
nəğmələşdirdiyi şeirləri də var ki,
onlar sadəcə ölməyən və heç vaxt da
ölməyəcək nəğmələr deyil, bu xalq var
olduqca onunla qalacaq incilərdir. Həmin ölməzlərin
ölməzi nəğmələr arasında isə ən
zirvədə qərar tutan “Qızıl üzük”dür.
Unudulmaz Tofiq Quliyev nağıl edirdi ki, Lətif Səfərov
digər adı “Sevimli mahnı” olan sonraların məşhur
“Bəxtiyar” filmini çəkərkən bəstəkar kimi
məni dəvət etdi, filmə musiqini yazmağa hələ
başlamamışdım, amma Rəsulun sözlərinə
“Qızıl üzük” artıq vardı. Onu da elə
kinostudiyanın sifarişi ilə başqa hansısa sənədli
film üçün yazmışdım, qərara aldım ki,
onu orada yox, burada istifadə edim.
Tofiq Quliyevin “Bəxtiyar” filminə yazdığı hər
musiqi parçası, elə onun bütün digər bəstələri
kimi, füsunkardır. Ancaq “Qızıl üzük” onun
özünün də yaradıcılığında, elə
bütün Azərbaycan musiqisində də bu millətə
möcüzə kimi nəsib olmuş sərvətdir. Təbii,
o nəğmənin ovsun kimi əsir edən olmasının
bir ayrı səbəbi də Rəşid Behbudovun
avazıdır. Rəşid Behbudov həmin nəğməni
yüz dəfələrlə ifa edib – Azərbaycan səhnələrində,
xarici ölkələrdə, radio-televiziyada. Hər dəfə
də ilhamla, şövqlə, sevərək ifa edib.
Mahnının 4-5 lent yazısı da qalır. Tofiq müəllim
bunu da yada salırdı ki, 1940-1950-ci illərdə filmlər
üçün musiqi parçalarını adətən
kinostudiyanın balaca zalında gecələr yazarmışlar
ki, əlavə səs-küy onlara maneçilik törətməsin.
Film üçün edilən ilk yazılışdan sonra
müxtəlif illərdə, daha geniş, rahat, texniki təchizatı
güclü studiyalarda o nəğmə 4 dəfə də
yazılmışdı. Tofiq müəllim də, Rəşid
müəllim də müxtəlif vaxtlarda, ayrı-ayrılqda
özləri mənə söyləyiblər ki, ən
uğurlu saydıqları, ən çox canlarına yatan elə
birinci yazılışdır ki, var.
Rəşid Behbudovun ruha sığal çəkən
oxusunda o nəğməni min dəfələrlə dinləsən
də, yorulmaq mümkün deyil. Yenə doymayacaqsan, yenə
can
atacaqsan ki, onu dübarə eşidəsən.
Yaman gündə dost əlindən bərk
yapış,
Dünyanın həvəsi gəlib-gedəndir.
Dünyada əzəl başdan hər şey gəldigedərdir.
Elə insanın özü də. Çalış,
çarpış, əvvəl-axır bir gün yoxsan. Ancaq
dünyada qalan dəyərlər də var axı!
İnsanı alıb apara bilən dünyanın insanın
yaratdığı dəyərləri gəldigedər etməyə
gücü çatmır. Elə fani dünyanı
yaşamalı, etibarsız həyatı doyulmaz edən də
heç vaxt solmayan, sönməyən, itib-getməyən o dəyərlərdir.
Rəsul Rza da, onun ruhən və qəlbən
bağlı olduğu Tofiq Quliyev də, Rəşid Behbudov da
gəldigedər dünyanın əbədi və dəyişməz
hökmü ilə ömürlərini yaşayıb,
köçlərini çəkib gediblər. Ancaq onlar bəxtiyar
insanlardır. Çünki paylarına düşmüş
ömür möhləti içərisində sadəcə
gözəl, sevimli irs deyil, dəyərlər yaratmağa
qadir olublar, bununla özləri də dəyərə
çevriliblər. Hər nəsnəni apara bilən gəldigedər
dünyanınsa dəyərə dönüb insanlarla həmişəlik
qalmaq ucalığına qalxanlara güçü
çatmır.
14 iyun 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 14 iyun(¹ 102).- S.14-15;19.