ADMİU-da milli mətbuatın
150 illiyinə həsr olunmuş tədbir keçirilib
İyunun 18-də Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində (ADMİU) Azərbaycan
milli mətbuatının 150 illik yubileyinə həsr
olunmuş “Sözün 150 ili” adlı tədbir keçirilib.
525.az Azərtac-a istinadən xəbər verir ki, tədbirin
təşkilatçısı və aparıcısı
ADMİU-nun mətbuat katibi Şahanə Müşfiq
çıxışında milli mətbuatımızın
tarixinə qısa nəzər salıb. O qeyd edib ki, 150 il
öncə Həsən bəy Zərdabinin qələmindən
süzülən ilk sətirlər bu torpaqda azad fikrin, ictimai
düşüncənin və mədəni maarifçiliyin təməlini
qoydu. “Əkinçi” ilə başlayan bu yol indi də davam
edir – qələmlə, səslə, səhnə ilə…
ADMİU-nun rektoru Əməkdar İncəsənət
xadimi, professor Ceyran Mahmudova çıxış edərək
Azərbaycan mətbuatının 150 illik şərəfli və
tarixi bir yol keçdiyini deyib. Rektor bu yolda Mədəniyyət
və İncəsənət Universitetinin də izi olduğunu
vurğulayıb. O, bu gün mətbuatın müxtəlif sahələrində,
xüsusən televiziyada ADMİU-nun məzunlarının
uğurla fəaliyyət göstərdiyini deyərək
universitet rəhbərliyinin, müəllimlərinin onlarla fəxr
etdiyini bildirib.
Tədbirdə milli mətbuatımızın 150 illik
şərəfli yolunu əks etdirən videoçarx
nümayiş olunub.
Azərbaycan Mətbuat Şurasının sədri,
“525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət
işçisi Rəşad Məcid çıxış edərək
Azərbaycan milli mətbuatının yaranmasının 150
illik yubileyinin qeyd olunması ilə bağlı Prezident
İlham Əliyevin müvafiq Sərəncamını
xatırladıb və bu Sərəncamın dövlətin mətbuata,
jurnalistika və onun təmsilçilərinə olan dəyərinin
daha bir nümunəsi olduğunu vurğulayıb. Bu Sərəncamdan
irəli gələrək müxtəlif dövlət
qurumlarının Milli Mətbuat Günü ilə
bağlı silsilə tədbirlər keçirdiyini deyən
R.Məcid Mədəniyyət və İncəsənət
Universitetinin bu təşəbbüsünü
alqışlayıb və mətbuatımızda ADMİU-nun məzunlarının
da kifayət qədər təmsil olunduğunu deyib.
Beynəlxalq Yazıçılar Gildiyasının
üzvü, Əməkdar jurnalist, “Ədəbiyyat və incəsənət”
portalının təsisçisi Varis Yolçiyev
çıxışında mədəniyyətin, ədəbiyyatın
mətbuatdakı əks edilməsindən danışıb və
bunun əhəmiyyətini xüsusi vurğulayıb.
Mədəniyyət Nazirliyinin Respublika Xatirə
Kitabı Redaksiyasının baş redaktoru və “Yada
düşdü” jurnalının baş redaktoru və təsisçisi
Nəzakət Məmmədova və ADMİU-nun
Kinoşünaslıq və ekran dramaturgiyası
kafedrasının müdiri, Əməkdar İncəsənət
xadimi, professor Əli Əmirli də
çıxışlarında günün məna və
önəmindən danışıb, inkişaf etməkdə
olan texnologiyalar sayəsində çətin dövrlərini
yaşayan çap mediasının əhəmiyyətini
xüsusi vurğulayıblar.
Tədbirin davamında Mədəniyyət və
İncəsənət Universitetinin mətbuatımızda
uğurla təmsil olunan məzunlarından
danışılıb. Qeyd edilib ki, mətbuatımızın
150 illik ömür yolunda Mədəniyyət və İncəsənət
Universitetinin də izləri az deyil. Universitetin məzunları
müxtəlif mətbu orqanlarda fəaliyyət göstərir,
Azərbaycan jurnalistikasının inkişafına öz
töhfələrini verirlər.
Daha sonra ADMİU-nun məzunları - Mədəniyyət
Telekanalının direktor müavini Bəhruz Niftəliyev,
İdman Telekanalının direktoru Zaur Zeynalov, “moderator.az”
saytının baş redaktoru, teatrşünas Xəyalə Rəis,
Baku TV-nin redaktoru Emil Hacıyev çıxış edərək
tələbəlik illərindən və mətbuatdakı fəaliyyətlərindən
danışıblar, 150 illik yubiley ərəfəsində məzun
olduqları universitet tərəfindən belə bir tədbirlə
yad edilməyin sevinc və qürurunu bölüşüblər.
Tədbirin bədii hissəsində aktyor sənəti
ixtisası üzrə II kurs tələbələri Səma
Muğanna və Mehriban Nuriyeva Üzeyir Hacıbəylinin
“Ordan-burdan” felyetonundan parçanı ifa ediblər. Teatr sənəti
fakültəsi musiqili teatr aktyoru ixtisası üzrə 2-ci
kurs tələbələri (Oktay Abbaslı, Məhərrəm
Xəlilli, Mehriban Nuriyeva, Tamilla Həsənova, Sənan
Babayev, Fatma Həbibova, İlahə Sadıqova, Ziya
Sadıxlı) Ü.Hacıbəylinin “O olmasın, bu olsun”
operettasından fraqment təqdim ediblər. Kursun rəhbəri
Əməkdar artist Qurban Məsimovdur. Musiqi sənəti
fakültəsinin tələbəsi Fərid Əzizlinin
ifaları da gecəyə ayrıca rəng qatıb.
Sonda ADMİU-nun fəaliyyətini hər zaman
işıqlandıran, daha geniş auditoriyaya təqdim edən
bir sıra media nümayəndələrinə “Təşəkkürnamə”lər
və Ş.Müşfiqin müəllifi olduğu,
ADMİU-nun müharibə qəhrəmanlarına həsr
olunmuş “Sənətdən cəbhəyə” kitabı təqdim
olunub.
525-ci qəzet .- 2025.- 20 iyun (¹105).- S.9.