"Ruhuma ən
doğma janr klassik musiqidir”
Gənc ifaçı Ayan Əhmədzadə: “Musiqini
çox sevdiyim üçün onun məndən ötrü
çətin tərəfi yoxdur”
İstedadlı gənc musiqiçi, Şəki şəhər
3 nömrəli Uşaq İncəsənət Məktəbinin
6-cı sinif şagirdi Ayan Əhmədzadə Böyük
Britaniyanın paytaxtı Londonda keçirilən "WORLD
TALENT AWARD" beynəlxalq müsabiqəsində fortepiano
ifası üzrə birinci yerə layiq görülüb.
Bu günlərdə Bakıda olan 13 yaşlı Ayanla
görüşüb böyük uğuru münasibəti ilə
təbrik etdik və bizi maraqlandıran suallara ondan cavab
aldıq. Uşaqlıqdan musiqiyə həvəsinin
olduğunu vurğulayan Ayan Əhmədzadə balaca
vaxtından piano oyuncaqları ilə çox
oynadığını söylədi:
"Ailədə musiqi ilə məşğul olan tək
mənəm.Amma bu sevgini, marağı məndə yaradan
onlardır. Babam həmişə radioda muğam
qoşardı, onu dinləyərdim. Muğama da xüsusi
marağım olub. Uşaq vaxtı mənə tez-tez musiqi ilə
bağlı oyuncaqlar alınardı. Ən sevimli oyuncaqlarım
piano oyuncaqları idi, onlarla oynayardım.
İlk dəfə bu həvəsimi nənəm kəşf
edib. O da valideynlərimlə danışdı və məndəki
incəsənət marağını görüb məni
musiqi məktəbinin piano şöbəsinə
yazdırdılar. Musiqi aləti kimi pianonu seçməyim həm
mənim, həm də ailəmin istəyi ilə oldu.
Artıq 6 ildir ki, piano təhsilimi davam etdirirəm. Təhsilim
müddətində isə pianonu, eləcə də musiqini mənə
daha çox sevdirən 3 saylı Şəki Musiqi Məktəbinin
müəllimi Sevinc Cəfərova oldu. Onun sayəsində bu
sahəyə həvəsim və özümə inamım
daha çox artdı”.
Şəki Azərbaycan mədəniyyətinin qədim
köklərinə malik şəhərlərimizdən olsa
da, incəsənət mühitinin daha çox
formalaşdığı yer şübhəsiz, paytaxt
Bakıdır. Bakıdan uzaqda bir yeniyetmənin öz üzərində
çalışaraq bu qədər böyük uğurlar əldə
etməsi həm sevindirici, həm də qürurvericidir. Ayan isə
deyir ki, sevdiyin, inandığın yolda addımlamaq
üçün şərait elə də mühüm deyil:
“Təbii ki, Şəkidə Bakıda olan qədər
imkanlar yoxdur. Amma bu, elə də böyük problem deyil.
Çünki biz əlimizdə olan imkanlardan maksimum şəkildə
istifadə etməyi bacarsaq, uğur qazanmağımız daha
da asanlaşar. Əsas odur ki, qarşında məqsədin və
hədəfin olsun. Mənim də hədəfim yaxşı
musiqiçi olmaqdır. Bu sahədə müəllimim və
ailəm mənə çox böyük dəstəkdirlər.
Onlara bir daha öz təşəkkürümü bildirirəm.
2025-ci ilin yanvar ayında bu müsabiqəyə
qatılmaq qərarı aldıq. Bu festival çox yüksək
səviyyəyə malik festivaldır. İlk mərhələsini
birinciliklə başa vurdum. Festivala dünyanın hər
yerindən çox güclü ifaçılar, incəsənət
nümayəndələri qatılmışdılar. İlk mərhələdən
uğurla keçənləri Londondakı əsas mərhələyə
dəvət etdilər. Orada çox gözəl tədbirlərdə
iştirak etdik. Final mərhələsində isə “Piano
10-13” kateqoriyası üzrə birinci yerə layiq
görüldüm. Bu kateqoriyada tək birincilik məndə
idi. İki və üçüncü yerlərə layiq
görülənlər isə çox idi.
Düzünü deyim ki, bu müsabiqədən
birinciliyi gözləyirdim. Çünki aylarla gecə-gündüz
hazırlaşmışdım. Həm də elə müsabiqələr
olur ki, rəqiblərini görəndə artıq az-çox
müəyyənləşdirə bilirsən nəticənin
necə olacağını. Məsələn, bu yaxınlarda
Türkiyənin İzmir şəhərində keçirilən
bir müsabiqəyə qatılmışdım. Orada rəqiblərim
çox güclü idilər. Məndən təcrübəli
ifaçılar çox idi. Təbii ki, mən də
özümü göstərdim və uğurlu nəticə də
əldə etdim.
Amma bu, həm də mənim üçün gözəl
bir təcrübə oldu, rəqiblərimdən də nələrsə
öyrəndim. Bu müsabiqədə də güclü rəqiblərim
var idi, amma buna baxmayaraq, heç həyəcan keçirmirdim,
özümə çox inanırdım. Daha çox isə
hazırlığıma güvənirdim. Şükür ki,
nəticəsi də yaxşı oldu”.
Bu müsabiqə özünün də dediyi kimi,
Ayanın heç də qatıldığı ilk müsabiqə
və festival deyil. Ayanın bundan öncə də çox
böyük uğurları olub:
“Kiçik yaşlarımda rəqslə məşğul
idim və bu sahə üzrə müsabiqələrdə
iştirak etmişdim. Sonradan isə istiqamətimi dəyişdim.
İndi əsas məqsədim pianoçu kimi özümü
inkişaf etdirməkdir. 2021-ci ildə Ukraynada keçirilən
müsabiqədə 2-ci yerə, ondan 2 ay sonra isə
Ümumrusiya miqyaslı yarışda 1-ci yerə
çıxdım. Eyni zamanda Şəki başda olmaqla,
ölkəmizin müxtəlif şəhərlərində keçirilən
festivallarda iştirak edirəm”.
Müsahibim gələcəkdə karyerasını
piano üzrə qurmaq arzusundadır. Hədəfləri də
bu yöndədir:
"Musiqi insanda hər sahəyə maraq, stimul, həvəs
yaradır. Mən çalışıram ki, özümü
musiqinin hər janrında sınayım. Çünki
yaxşı ifaçı olmaq istəyirəmsə, hər
bir janrdan məlumatlı olmalıyam. Bu, həm də
özünü daha yaxşı kəşf etməyə
kömək edir ki, səndə hansının daha
yaxşı alındığını bilmiş olasan. Mənim
ruhuma ən doğma janr isə klassik musiqidir. Demirəm, məndə
ən yaxşı alınan budur. Çünki
düşünürəm ki, çalışsam, digər
janrlar da məndə yaxşı alınar. Musiqini çox
sevdiyim üçün onun məndən ötrü çətin
tərəfi yoxdur. Mən ifa edərkən zövq ruhən, qəlbən
alıram”.
Şəki şəhər 8 nömrəli tam orta məktəbin
7-ci sinif şagirdi olan Ayanın orta məktəb dərslərinə
olan münasibəti də təqdirəlayiqdir. Az
yaşına rəğmən, hansı sahəni davam etdirməsindən
asılı olmayaraq, təhsilin, dünyagörüşünün
bir insan üçün prioritet məsələlərdən
olduğunu anlayan müsahibim əlaçıdır. Amma
musiqi təhsilini akademik səviyyədə davam etdirmək
niyyətindədir:
"Bu müsabiqələrə hazırlaşmaq təbii
ki, məndən zaman istəyir. Buna görə bəzən
orta məktəb dərslərimi buraxmalı olurdum. Ancaq bilirəm
ki, harada olsam da, mütləq orta məktəb biliklərimi ən
yaxşı şəkildə almalıyam. Qiymətlərim də
yaxşıdır. Sağ olsunlar, həm məktəb rəhbərliyi,
həm müəllimlərim, həm də sinif
yoldaşlarım mənə çox dəstəkdirlər.
Hazırda hansı qrup üzrə imtahanda iştirak edəcəyimi
bilmirəm. Çox güman ki, ilkin olaraq Asəf Zeynallı
adına Musiqi Kollecində təhsilimi davam etdirəcəyəm.
Sonra isə xarici ölkələrin birində konservatoriyada təhsil
almaq arzusundayam”.
Müsahibəmizin sonunda gənc ifaçı
uğurunun sirrini də bölüşdü:
"Uğur qazanmaq üçün hər kəs
qarşısına məqsəd qoymalıdır. Bu məqsədə
çatmaq üçün çox
çalışmalıdır. Gecə-gündüz işləməlidir.
Eyni zamanda, həvəs də olmalıdır. Həvəs
olmasa, insanda heç nə alınmır".
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 14 iyun(¹ 102).- S.13.