“Puldan danışanda
çox çətinlik çəkirəm”
Aktyor Əli Əlizadə: “Bu gün aktyorlar teatrda məşhur
ola bilmirlər”
Müsahibimiz Dövlət Pantomim teatrının aktyoru
Əli Əlizadədir. “Zibillik pərvanələri”,
“Eşq”, “Dəli Domrul”, “Tıq-Tıq xanım”, “Məlikməmməd”, “Qaranlıq”, “Dulusçu”, “Pantomima
buketi”, “No comment”, “Ora-bura”, “Həqiqətmi”, “Son ştrix”, “Hamlet”, “Müfəttiş” kimi
tamaşalarda rol alan aktyor “Günaydın, Mələyim”, “Sizə
məktub var”, “Asəf”, “Suğra və oğullar”, “Bəlkə
də”, “Əqrəb mövsümü”, “İmtahan” kimi film və
seriallarda da çəkilib.
Aktyor Əli Əlizadə ilə söhbəti təqdim
edirik.
- Necəsiniz?
- Şükür Alllaha, hər şey
yaxşıdır. Bu yaxınlarda Taleh Yüzbəyovun “Bəlkə
də” filmini təhvil verdik. Maraqlı premyerası oldu. Bu il mənim
üçün xüsusi yeri olan işlərimdən biri də
Dövlət Pantomim Teatrında “Müfəttiş”
tamaşası oldu. Ən çətin işlərimdən
idi. İlin ilk yarısında iki premyera etdik. Bu, mənim
üçün qürurdur. İl ərzində
qarşıma qoyduğum məqsədlərdən azı birinə
çatıramsa, bu həm həyatda, həm
yaradıcılıqda mənə stimul verir. İnsanın hər
zaman qarşısında bir məqsədi və o məqsədə
çatmağa həvəsi olmalıdır.
- Əli bəy, tanınmış simaların əksəriyyətinin
yolu Pantomim Teatrından başlayıb. Amma çox azı
axıra qədər burada qalıb. Bəs siz necə, kifayət
qədər tanındıqdan sonra Pantomimadakı fəaliyyətinizi
yarımçıq qoyacaqsınızmı?
- Əsla bu barədə düşünməmişəm.
Bu bir yoldur. Onun harada başlaması, harada qırılması
bizim istəyimizə bağlıdır. Bu istək də
yaranan vəziyyətlərdən və situasiyalardan
asılıdır. Başqa teatrlar inciməsin, amma
bütün hallarda Pantomim ən sevdiyim, ən yüksək
bildiyim teatr olduğu üçün özümü burada
daha rahat hiss edirəm. Bizim teatrın çox maraqlı, dost
kollektivi var. Bu işin mahiyyəti tək sənət deyil, Bəxtiyar
Xanızadənin bizə öyrətdiyi bir ənənə,
bir məram var: teatrda bir-birimizlə dost olmalıyıq,
qarşılıqlı sevgi olmalıdır. Burada hər hansı
konflikt olsa, artıq yaradıcılıqdan söz gedə bilməz.
Bu şərtlər mənə çox uyğundur deyə,
üstəlik də, keyfiyyət baxımından bura
üstündür deyə mən Pantomimanı daha
üstün bilirəm. Düşünmürəm ki,
yaxın zamanlarda buradan gedim.
- Sizin teatrda xeyli rollarınız var. Amma
tamaşaçılar sizi serial və kinodakı
rollarınızla tanıyır. Bu, sizi incitmir ki?
- Acıdır, amma gerçəkdir. İstəsək
də-istəməsək də, bütün dünyada belədir.
Bu yaxınlarda Vaqif İbrahimoğlunun bir müsahibəsinə
baxdım, orada qeyd edir ki, hər kəsin teatra gəlməyi
vacib deyil. Teatra buranı hiss edən, ədəbiyyatı hiss
edən, teatra ehtiyacı olan, içində nisbətən
teatrallıq olan insanlar gəlir. Bu gün teatra az
tamaşaçı gəlir. Həqiqətdir ki, bu gün
aktyor və rejissorlar teatrda məşhur ola bilmirlər. Halbuki
teatr incəsənətin, yaradıcılığın
başlandığı, aktyorun özünü yetişdirdiyi
yerdir. Aktyor həmişə kino sahəsində fəaliyyət
göstərə bilər. Amma o aktyor kinoda özündən
xərcləmiş olacaq, burada isə hər zaman
axtarışdasan, özündə nəsə yeniliklər
axtarırsan, paslanmamaq üçün hər gün hərəkətdə
olursan. Ona görə teatr aktyor üçün çox vacib
bir məkandır. Tamaşaçısı nə qədər
az olsa da, teatra xəyanət etmək olmaz.
- Müəyyən kütlə tərəfindən
tanındığınızı hiss edirisinizmi?
- Təbii ki. Yolda, avtobusda qarşı tərəfdən
gələn insanlar bunu hiss etdirir. Bəzən xoşdur, amma bəzən
adamın elə əhvalı olur ki, həmin an kiminsə səni
tanımağının əhəmiyyəti olmur. Hər bir
halda tamaşaçı mənim üçün ən
yaxşı göstəricidir. Əgər
gördüyümüz hər hansı işi
tamaşaçı yaxşı qiymətləndirirsə, həmin
iş gördüyümüz ən vacib iş olur.
Çünki bütün bunların hamısı
tamaşaçı üçündür, nə ediriksə,
hamısı tamaşaçının zövq alması
üçündür. Tamaşaçı ilə hisslərimizi
bir-birimizlə bölüşdükcə daha yaxın, daha
mehriban oluruq. Bizi birləşdirən dəyərlər budur.
- Bunu aktyor xoşbəxtliyi saymaq olar?
- Əlbəttə. Sizə deyim ki, aktyorun ən
xoşbəxt olduğu məqam elə hər kəs tərəfindən
tanınmağıdır. Çünki
gördüyümüz bütün işlər
tamaşaçı üçündür. Adicə bir rol
oynayırsan, evə gedənə qədər onu beynində hərləyib-fırlayırsan
ki, görəsən, kimin xoşuna gəldi, bəyənməyən
oldumu? Aktyor ruhu çox qəribədir, həmişə
gözləntisi olur ki, gördüyü işi həm
rejissor, həm aktyor, həm də uşaqlar bəyənsin.
Qısası, hər kəsdən bir gözlənti olur. Hətta
ailədən belə.
- Pantomimçilər bədən dilində daha
çox istifadə edirlər. Bu, sizə serial və filmlərdə
mane olur, yoxsa kömək edir?
- Aktyor yüzdə yüz bədən keyfiyyətlərinə
malik olmalıdır və bədənini
tanımalıdır. Bu, Bəxtiyar Xanızadənin bizə
örətdiyi ilk dərslərdən biridir. Əgər aktyor
bədənini tanımırsa, özünü təqdim edə
bilməyəcək. Hər dəfə eyni bədən
plastikası ilə rol canlandıra bilməzsən. Plastika
aktyor üçün ən vacib şərtlərdən
biridir. Buna görə universitetlərdə öncə bədən
dili keçməyə başlayırlar. Bura düşməyim
də təsadüfi deyil. Pantomima ilə məşğul
olmaq ən vacib şərtlərdən biridir. Demirəm ki,
bütün aktyorlar mütləq pantomima ilə məşğul
olmalıdılar. Yox, sadəcə bədənlərini
mütləq tanımalıdırlar.
- “Əqrəb mövsümü” serialındakı
canlandırdığınız Elnur obrazının qatil olmasını
finala qədər bütün tamaşaçılardan gizlədə
bildiniz. Bəs özünüzdən necə gizlətdiniz?
- Düzü, çox çətin oldu. İlk
növbədə rejissor Emil Quliyevlə qarşımıza məqsəd
qoyduq ki, finala kimi qatil olduğumu heç kimə
yansıtmamalıyam. Tamaşaçıya finalda sürpriz
olmalı idi. Özümüzdən gizlətmək isə
bizim peşəmizə xas texnikadır. Çox çətin
prosesdir. Şəxsiyyətimə aid olan bir obraz deyildi. Elnuru
canlandırdıqdan sonra adamda nəsə qalır. Eqoizmi,
kin-küdurəti qalır. Bəlkə də, özümdə
də var bu şeylər. Amma həmin rolu canlandırdıqdan
sonra bir müddət özümdə kin duğyusunu hiss elədim.
Onu həyatda gizlədə bilmədim, amma rolda
çalışdım gizlədim.
- Onun yerində olsaydınız, elə
davranardınızmı?
- Yox. Belə deyim, Elnurun çox dərin və əzablı
yaşantıları olub. Həmin yaşantılar onu o vəziyyətə
gətirib çıxarıb. İndi yox deyirəm, amma Allah
eləməsin, bəlkə də mən də onun yerində
olsaydım, elə davranardım. Düşünürəm
ki, insan bağışlamağı bacarmalıdır. Bunu
Əli kimi düşünürəm, Elnur kimi yox. İnsan
bütün hallarda bağışlamağı
bacarmalıdır. Əgər qəlbində rəhm yoxdursa, nələrinsə
üstündən keçə bilmirsənsə, hər saat
içində bir şeylər səni yeyib bitirəcək.
Ona görə də insanda az da olsa, mərhəmət
olmalıdır. Elnurda bağışlamaq hissi tükənmişdi.
Çünki uşaqlıqdan bu hissi görməmişdi.
- “Əqrəb mövsümü 2” serialında rol
almamısınız, həm də indiyə kimi
baxmamısınız. İncimisiniz?
- Qətiyyən, orada inciməli heç nə yoxdur.
Çünki artıq mənim hekayəm bitib. Çox sual verirlər
ki, ikincidə niyə yoxsunuz. Əgər orada rol alsaydım,
seriala böyük xələl gətirərdim. Çünki
bu insan birincidə öldü, ikinci hissədə
olmağının bir mənası yoxdur. Hətta istəməzdim
ki, Elnur obrazının xətti davam eləsin. Bir şey bitibsə,
elə də qalmalıdır. Hər kəsin bir sonu,
ölüm nöqtəsi var. Yaxınlarımızın belə
öldüyü nöqtəni qəbul etmək
lazımdır. Ona görə də burada incimək
lazımsızdır.
- “Aktyor prodüser və menecersiz işləməməlidir.
Artıq biz bu mərhələyə keçməliyik. Belə
olmasa, ucuz seriallar, mənasız işlər davam edəcək.
Biz yaxşı mənada aktyor kimi özümüzü sata
bilmirik. Çünki bizə ssenaridən əvvəl, hətta
telefonda qiymət deyirlər”. Bu fikirlərin müəllifi
sizsiniz. Dedikləriniz bir az iddialı səslənmir?
- Hə. Düzdür, bəzi aktyorlarımızın
meneceri var. Amma çoxumuzda yoxdur. Bu tendensiya hələ bizdə
qəbul olunmur. Pulu prodüserlə birbaşa
danışmamalıyıq. Çünki həm
yaradıcılıq, həm də biznes baxımından bunlar
tamam fərqli şeylərdir. Bizneslə biznesmen məşğul
olmalıdır. Biz bu sahənin yaradıcı tərəfini
düşünə bilərik, amma biznes tərəfini
düşünəndə sağa-sola çox
qaçırıq, düzgün mövqe tuta bilmirik. Hər dəfə
prodüserlərlə danışanda endirimlər olunur, bir
növ maşın bazarı kimi. Mən də çox
danışa bilmirəm. Sonda ya güzəştə gedirsən,
ya istəmədəyin bir məbləğlə çəkilməli
olursan, ya da ümumiyyətlə çəkilmirsən. Bu
baxımdan deyirəm ki, rejissor aktyoru seçibsə, artıq
digər məsələləri aktyor tərəfindən kimsə
danışmalıdır. Əgər varsa, aktyor hər
hansı bir iqtisadçı dostunu özünə menecer
seçsin, qiyməti də o danışsın. Şəxsən
mən puldan danışanda çox çətinlik çəkirəm.
Azərbaycanda kino sahəsində qonorarlar da çox
aşağıdır. Dəfələrlə olub ki, gələn
təklifləri imtina eləmişəm. Sonra peşman
olmuşam ki, gərək etməyəydim. Amma
düşünürəm ki, elə bir məvacibin
qarşısında çəkilməsəm, daha
yaxşıdır. Günün reallığında az da olsa
dəyərin yoxdursa, çəkilməmək ondan
yaxşıdır. Minimal işlə də məşğul
olmaq olar. Teatr mənə kifayətdir. İllərdir kino
sektorunda çalışmadığım vaxtlar olub, teatrda
çalışmışam. Bu heç nəyi dəyişmir.
Nə olursa-olsun əsas yaradıcılıqla məşğul
olaq, mənliyimizi itirməyək.
- Həyat yoldaşınız kinotənqidçidir və
sizin “Hamlet” tamaşasındakı rolunuzu tənqid edib. Buna
görə ondan incidinizmi?
- Əsla.
- Ümumiyyətlə, tənqidlərə
açıqsınız?
- Açıq vaxtlarım olur. Bəzən isə elə
olur ki, evə gedirəm, yoldaşım, qızım nəyəsə
irad tutur və yaxud kimsə tənqidi bir yazı yazır, onda
hərdən inciyirəm. Amma sonra özümdə nəsə
axtarmağa çalışıram. Özümə
dönüş edirəm, qarşı tərəfi çox
ittiham etmirəm. Tamaşaçı bəyənsə də,
haqlıdır, bəyənməsə də. Çünki
biz hər şeyi tamaşaçı üçün edirik.
Əgər bir məhsulu satışa çıxarırsansa,
müştəri razı qalmırsa, bu o demək deyil ki, o,
ağız dadını bilmir, sadəcə sən məhsulu
yaxşı təklif eləmirsən. Ona görə problemi hər
zaman özümdə axtarıram. Düzdür, o problemin
kökünü axtarana kimi durğunluq dövründən
keçirəm. Çünki istər-istəməz insan
çökür. Amma bunların hamısı yaşamalı
olduğumuz proseslərdir. Buna görə şükür eləmək
lazımdır. Əgər bir maneə yoxdursa, yaşamaq
maraqsızdır.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 14 iyun(¹ 102).- S.12.