Sənət
mühitinin tənqidə bağlı qapıları
Tənqid, şərh, müzakirə, qaranlıq qalan
sualların cavab axtarışına çıxmaq,
danışmaq və yaxud da sadəcə dinləmək...
Bunlar hər zaman, bütün sahələrdə çox əhəmiyyətlidir.
Bir ölkədə, cəmiyyətdə sənətin, sənətkarın
tənqid oluna bilməsi isə öz aləmində xüsusi əhəmiyyətə
sahibdir, eyni zamanda həmin cəmiyyətin demokratik və
çağdaş yanaşmalara malik olduğundan xəbər
verir. Gəlin mətləbi heç uzatmadan belə bir sual
qoyaq ortaya: Azərbaycanda mədəni və ədəbi
mühit tənqidə, müzakirəyə
açıqdırmı? Ölkəmizdə sənətçilər,
yazıçılar və onların ərsəyə gətirdiyi
əsərlər sağlam şəkildə, tərəddüd
edilmədən şərh oluna bilirmi?
Təəssüf ki, Azərbaycanda mədəni və
ədəbi mühitin ən böyük problemlərindən
biri də tənqidə qarşı
dözümsüzlükdür. Tənqidçilərin, sənətşünasların
yetişməməsi, bir musiqinin, tamaşanın, filmin,
romanın və yaxud da sərginin fərqli yanaşmalarla
gündəmə gəlməməsi bir sübutdur. Bir sənət
əsəri müsbət və ya mənfi tərəfdən
tənqid olunub müzakirə edilmədiyi zaman nə
inkişaf edər, nə də səs-sorağı eşidilər.
“Əvvəllər yaxşı sənətşünaslar, tənqidçilər
var idi, artıq yoxdur” şikayətlərini son illər daha
çox səsləndiririk. Bəli, yoxdur. Amma gəlin görək
niyə yoxdur? Bunun bir səbəbi yaradıcı insanların
tənqidə açıq olmamasıdırsa, digər bir səbəbi
də müasir incəsənətin buna imkan verməməsidir.
Ölkəmizdə yaradıcı insanlarla ictimaiyyət
arasındakı məsafə hər gün keçdikcə
bir az daha genişlənir. Titullu, reytinqli sənətçilərin
sənətləri, yaradıcılıqları ümumiyyətlə
nə tənqid, nə müzakirə oluna bilər.
Yazıçıdırsa, yazdığı romanı hekayəni
oxuyarsan. Aktyor, rejissordursa, tamaşasını, filmini izləyərsən.
Müğənnidirsə, mahnısnı dinləyib sakitcə
oturarsınız yerinizdə. Bəyənib-bəyənməməyiniz
isə özünüzə qalar. “Çox gözəl”,
“Möhtəşəm!” deməkdən başqa heç bir
seçim şansınız olmaz. Tapdığınız
qüsurlar, bildirmək ehtiyacı hiss etdiyiniz iradlar beyninizi gəmirsə
də, dilə gətirməkdən ehtiyat edərsiniz.
Ən uğursuz əsərdə belə mütləq
uğurlu nüanslar vardır, şübhəsiz. Problem
ondadır ki, sənətçinin əsərinin,
yaradıcılığının fərqli rakurslardan
müzakirə olunmasına fürsət yaradılmır. Bu
fürsətin qarşısını isə əksər
hallarda sənətçilər özləri kəsirlər.
Bir müddət sonra sənətçi artıq təkrarçılıq
etdiyini, işinin qəlibləşdiyini hiss etmir. Belə bir
mühitdə sənətşünasların yetişmək
ehtimalı da olmur.
Bir işi bəyəndiyimiz zaman bunu dilə gətirmək
olduqca asandır. Amma bəyənmədiyimizi, həqiqətləri
hər zaman dürüst şəkildə söyləyə
bilmirik, təəssüf ki. Şəxsən mən xeyli
vaxtdır bunu edə bilmirəm. Məsələn, bir
neçə gün bundan əvvəl “M Teatr”ın səhnəsində
Xalq artisti Vidadi Həsənovun quruluş verdiyi “Ovod”
tamaşasına baxdım. Tamaşa haqqında əvvəlcə
tərif yazıları oxumuşdum. Bu təriflər
tamaşadan gözləntilərimi yüksəltmiş və
məni həvəsləndirmişdi. Amma tamaşa bunu
doğrultmadı. Əvvəl düşünürdüm ki,
tamaşa haqqında detallı tənqid yazım. Amma Vidadi Həsənovla
bundan xeyli əvvəl yaşadığım acı bir təcrübəni
xatırladım. Bilirəm, maraqlı gələcək, ona
görə qısa şəkildə həmin xatirəni də
yazım, qalsın burda. Bir neçə il bundan əvvəl mədəniyyət
yazarı olaraq “M Teatr” da “Yad qadının məktubları”
tamaşasının məşq prosesində iştirak edirdim.
Xeyli izlədim. Oksana Rəsulovanın rola girə bilməməsi,
nitqindəki rabitəsizlik, süni ifası məni vadar etdi
ki, fikrimi bildirim. Elə ağzımı açıb bir kəlmə
demişdim ki, Vidadi Həsənov məni peşman etdi. Sənətkar
etik olmayan bir məsəl də çəkib dedi: “Mamaça
çox olanda uşaq tərs gəlir”. Sakitcə durub məkanı
tərk etdim. Eyni vəziyyəti yaşamayacağımdan
sığortalanmadığım üçün bu dəfə
həm Vidadi Həsənovun, həm də tamaşada rol alan
aktyorların reaksiyalarından çəkindim və qərara
gəldim ki, heç “Ovod”a toxunmayım. Amma bu, belə
olmalı deyil. Sənət adamları tənqidə, irada daha
çox neqativ perspektivdən baxdığı
üçün bu qarğaşaya düşməmək
üçün səssizliyi seçirik bəzən.
Sükutu pozan bir neçə mədəniyyət yazarı,
izləyicilər də var ki, onlar sənət adamları tərəfindən
“qərəzli” kimi qələmə verilir. Halbuki tənqid,
şərh, hansısa əsəri bəyənməmək
olduqca normal haldır. Bunun “sən nə bilirsən?” kimi kinayəli
qarşılığı olmamalıdır.
Bu yaxınlarda ədəbi mühitdə bir müzakirəyə
istəmədən şahidlik etdim. Gənc bir yazarın oxucu
tənqidinə, fikirinə qeyri-etik münasibəti diqqətimi
çəkdi. Təxminən belə bir cümlə
yazmışdı: “Ə, sən kimsən axı?”
Düzdür, tənqid etmək üçün bəlli bir
bazaya, biliyə sahib olmaq vacib şərtlərdən biridir.
Amma hər əsərin ruhu hamıya da uyğun olmaya, bir əsərin
yüz cür yozumu ola bilər.
Bu qeyd etdiklərim ölkəmizdə tənqidin nə
qədər çətin bir sahə olduğunu göstərən
örnəklərdir. Bu günə qədər bir çox
tamaşada, konsertdə, film təqdimatlarında, kitab və rəsm
sərgilərində olmuşam. Yüzə yaxın sənət
ədəbiyyat adamı ilə müsahibələr etmişəm.
Tənqidi suallara reaksiyalar, iradlara sərt münasibət,
sırf bəyənmədiyimi bildirdiyim üçün ikinci
dəfə dəvət almadığım hallarla çox
rastlaşmışam. Bəzi sənətçilər var ki,
dəxli oldu-olmadı, hər şey haqqında fikir bildirməkdə,
hətta xalqı incidən davranışlara yol verməkdə
sərbəstdir. Amma onları tənqid etmək günah, qərəz
kimi qəbul edilir.
Mənə görə, sənətin cəmiyyətdəki
yerini gücləndirməkdə və tənqidi fikrin
formalaşdırılmasında yaradıcı insanlar, sənətkarlar
daha çox çaba sərf etməlidir. İnanıram ki, bu
baş verərsə sənətin ictimailəşməsi, ərsəyə
gətirilən işlərin populyarlaşması daha sürətli
baş verəcək. Sənət adamları tənqidlərə
dözümlü olmalı və bu tənqidləri inkişaf
etmək üçün bir fürsət olaraq görməlidir.
Aydın məsələdir ki, sənət adamları həssas
ruhlu olur və tərif eşitmək onları gördükləri
işdən daha çox zövq almağa sövq edir. Amma
qüsurların səsləndirilməməsi, yaxud da səsləndirilməsinə
imkan verilməməsi, fikirlərə hörmətsiz
yanaşmalar sənətin inkişafını ləngitməklə
yanaşı, həm də tamaşaçı, oxucu, dinləyici
itkisinə gətirib çıxarır.
Sənətin, sənətkarın azad şəkildə
müzakirəsi və tənqidi daha dinamik və zəngin bir
sənət mühiti yaradır. Tez-tez məruz
qaldığımız bir müdafiə metodu da var: “Əsərimi
bəyənmək məcburiyyətində deyilsiniz”. Bu fikri
bildirən sənət adamı əslində, dolayı yolla,
bəyənilmək istədiyini bildirir.
Sənət rabitə şəklidir və təbii
olaraq hər bir yaradıcı insan əsəri ilə hissini,
düşüncəsini, təcrübəsini
bölüşmək arzusundadır. Bu paylaşmanın
qarşılığı olaraq tamaşaçının,
oxucunun reaksiyası yaradıcı insanın uğurunu
ölçmək üçün vacib kriteriyadır. “Bəyənmək
məcburiyyətində deyilsiniz” ifadəsi ilk baxışdan
sənətçinin özünə inam və
tamaşaçıya hörmət kimi görünmüş
ola bilər. Ancaq bu ifadə eyni zamanda sənətçinin tənqidə
qapalı olduğuna və tamaşaçı ilə
ünsiyyət yaratmaq istəmədiyinə də işarədir.
Tənqidə qapalı sənətçi isə öz
qüsurlarını görməkdə çətinlik
çəkər və bu da onun inkişafına mane olar. Sənət
onu izləyən auditoriya ilə tamamlanır. Bir əsərin
dəyəri tamaşaçının, oxucunun şərhi və
fikri ilə məna qazanır. Əgər bir
yazıçı romanı, hekayəni yalnız özü
üçün yazırsa, rejissor filmi özü
üçün çəkirsə, onu evində
nümayiş etdirə bilər. Amma bazara
çıxmısansa, tərəziyə gəlmək məcburyyətindəsən.
Əsərlərinlə xalqa açılmısansa,
reaksiyalara da hazırlıqlı olmalısan. Əks halda “Bəyənmək
məcburiyyətində
deyilsiniz” ifadəsi təkəbbürdən başqa
bir şey deyil.
Sənətçilərin tənqidə qarşı
dözümsüz olmaları həm də onların
psixoloji-emosional baxımdan çox həssas olmalarından irəli
gəlir. Bir çox sənətçi üçün
uğur hər şeyin mükəmməl olması ilə əlaqələndirilir.
Bu isə onları daima özlərini, şəxsiyyətlərini
əks etdirən əsərlər yaratmağa məcbur edir və
hər hansı bir mənfi şərh onların özlərini
uğursuzluğa yuvarlanmış hiss etmələrinə səbəb
olur. Bəzi yaradıcı insanlar isə yalnız müsbət
rəylər, tərif eşitmək istəyirlər. Mütəmadi
olaraq hər kəs tərəfindən müxtəlif səbəblərdən
tərifə məruz qalan sənət adamları
qarşılaşdıqları ilk tutarlı tənqiddə
“qılınc və qalxan” qaldırmaq gərəyi hiss edirlər.
Tənqidə dözümsüz sənətçilərin əksinə,
tənqidə açıq və bu tənqidləri inkişaf
üçün bir vasitə kimi qəbul edən sənətçilər
də var. Belə sənətçilər özlərini və
işlərini təkmilləşdirmək üçün tənqidi
konstruktiv bir element kimi qəbul edirlər. Onlar hər tənqidin
yalnız özlərini daha yaxşı bir sənətçi
kimi inkişaf etdirmək üçün bir fürsət
olduğunu anlayırlar. Məncə, bunları alqışa,
digərlərini isə, hər nə qədər
xoşlamasalar belə, yenə də qınağa
tutmalıyıq.
Günel MUSA
525-ci qəzet .- 2025.- 14 iyun(¹ 102).- S.11.