Diplomatiya ustadı
1990-cı illərin əvvəlləri Azərbaycan
üçün təkcə siyasi deyil, həm də
sosial-iqtisadi baxımdan ağır və mürəkkəb
bir dövr idi. Sovet İttifaqının
dağılmasından sonra Azərbaycan öz müstəqilliyini
elan etdi, lakin bu çoxdan gözlənilən azadlıq siyasi
qeyri-sabitlik, hərbi münaqişə və iqtisadi inflyasiya
ilə müşayiət olunurdu. 1988-1993-cü illərdə
ölkədə tez-tez hakimiyyət dəyişikliyi baş
vermişdi, qeyri-sabitlik, mənalı-mənasız mitinqlər,
populist çıxışlar, “yalançı qəhrəmanlar”,
söz “pəhləvanları” az qala ölkənin həyat tərzinə
çevrilmişdi. Siyasi qruplar arasında kəskin rəqabət
və daxili çəkişmələr, Qarabağ
münaqişəsi və xarici təhdidlər ölkəni
uçuruma doğru aparırdı.
1993-cü ildə Azərbaycan həm siyasi, həm
iqtisadi, həm də hərbi baxımdan dərin böhran yaşayırdı.
Ölkə iqtisadi cəhətdən demək olar ki,
çökmüş vəziyyətdə idi. Dövlət
büdcəsi əvvəlki illərlə müqayisədə
60-70 faiz azalmışdı və 1993-cü ilin
statistikasına görə, Azərbaycanın dövlət
büdcəsi cəmi 240 milyon manat təşkil edirdi
(hazırda bu rəqəm 40 milyard manata yaxındır).
Bütün sektorları əhatə edən geriləmə, sənayenin
iflic olması, aqrar sektorun dağılması, elm və təhsil
sisteminin böhranı, inflyasiyanın 1000%-dən yuxarı
qalxması və digər sosial faktorlar günün
reallığı idi.
Hesab edirəm ki, sonralar Heydər Əliyevin dəfələrlə
təkrar etdiyi və onun dillər əzbəri olan
“İqtisadiyyatı güclü olan dövlət hər
şeyə qadirdir” fikri məhz həmin illərdə
formalaşmışdı. Çünki bu ağır şəraitdə
xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər
Əliyev çıxılmaz bir vəziyyətlə
üz-üzə qalmışdı, atmaq istədiyi
bütün addımların qarşısını ölkədəki
zəif iqtisadi durum kəsirdi. Dünyanın qüdrətli
dövlətləri ilə sıx diplomatik münasibətlər
yaratmadan ölkəni bu vəziyyətdən çıxarmaq
mümkün deyildi, onlar üçün isə büdcəsi
ortabab bir şirkətin büdcəsinin yarısı qədər
də olmayan qeyri-sabit ölkə ilə əməkdaşlıq
maraqlı deyildi. Yəni iqtisadi vəziyyəti
yaxşılaşdırmaq, siyasi sabitlik yaratmaq
üçün nüfuzlu dövlətlərin himayədarlığı
lazım idi, ancaq onlar yalnız imkanlı ölkələrə
sərmayə yatırırdılar. Məhz bu vəziyyətdə
olan ölkəyə qeyri-adi diplomatik bacarıqlar, çevik təfəkkür,
siyasi təcrübə, geniş dünyagörüşü
və milli maraqların sintezində fəaliyyət göstərmək
iqtidarında olan bir rəhbər lazım idi – bu, Heydər
Əliyev oldu.
Hörmətli oxucu, 1994-cü ildə
bağlanmış “Əsrin müqaviləsi”nə qədərki
dövrdə neft kontraktları ilə bağlı hadisələrə
kiçik bir ekskurs etmək istəyirəm ki, Heydər
Əliyevin xidmətləri haqqında daha aydın təsəvvür
yaransın. Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk
illərdə də bu kontraktların imzalanmasına bir
neçə dəfə cəhd göstərilmişdi, ancaq həmin
təşəbbüslər müxtəlif səbəblərə
görə uğursuzluğa düçar olmuşdu. 1991-ci
ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra
Ayaz Mütəllibov hökuməti vəziyyətdən
çıxış yolunu burada görsə də, onun bu
kontraktları hazırlamağa belə vaxtı
çatmadı. Mürəkkəb tarixi şəraitdə
toqquşan xarici qüvvələrin maraqları onun tezliklə
hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndi.
AXC-Müsavat hakimiyyəti dövründə də
xarici neft şirkətləri ilə danışıqlara
başlanıldı. Bu vaxt “Azərbaycan beynəlxalq
konsorsiumu” formatında ilk müqavilə layihələri
hazırlanmağa başladı. Lakin bu layihələr
qeyri-peşəkar hazırlandığı və geosiyasi
kontekst nəzərə alınmadığı
üçün uğur qazanmadı. 1992-ci ilin ortalarında
ARDNŞ-nin o zamankı rəhbərliyi bir neçə Qərb
şirkəti ilə ilkin müqavilə layihələri
üzrə görüşlər keçirdi. Xüsusilə
"Amoco", "BP", "Statoil", "Unocal" və
"McDermott" kimi şirkətlərlə
danışıqlar aparılırdı. Lakin bu cəhdlərdə
müqavilələrin hüquqi bazasının zəif olması,
xarici şirkətlərin Azərbaycanın daxili siyasi
qeyri-sabitliyinə görə tərəddüd etməsi,
Qarabağ münaqişəsinin alovlanması və Gəncədə
qiyam təhlükəsinin gözlənilməsi xarici sərmayəni
çəkindirməyə başladı. Bununla belə,
AXC-Müsavat hakimiyyəti ilk müqaviləni 1993-cü ilin əvvəllərində
imzalamaqda israrlı idi. Lakin dövlətin siyasi iradəsinin zəif
olması, dağınıq və qeyri-sabit idarəetmə sərmayəçilərə
etibar üçün əsas vermirdi.
Bundan başqa, müqavilələrin beynəlxalq
hüquqa uyğunlaşdırılmaması, geosiyasi zəmanətin
və təhlükəsizlik təminatının olmaması
da onların tərəddüd etməsi ilə nəticələnirdi.
Necə deyərlər, hər qəpiyinin qədrini
bilən, “yüz dollar qazanacağına əmin olmamış
on dollarını belə xərcləməyən” beynəlxalq şirkətlər
qeyri-müəyyən siyasi vəziyyətdə olan Azərbaycana
investisiya yatırmaqdansa, gözləməyi üstün
tuturdular və sonralar proqnozlarının
düzgünlüyünü gördülər. 1993-cü
ilin iyun ayında baş verən Gəncə hadisələri,
Prezident Əbülfəz Elçibəyin Naxçıvana
getməsi və hakimiyyətin ümumi böhranı səbəbindən
danışıqlar tamamilə dayandırıldı.
İlk baxışda Heydər Əliyevin hakimiyyətə
gəlməsi neft müqavilələrinin imzalanması
üçün heç bir hüquqi baza yaratmırdı.
Əksinə, iki dəfə fiaskoya uğrayan kontraktlar Azərbaycanın
beynəlxalq nüfuzunu xeyli aşağı salmışdı,
az qala hər il baş verən hakimiyyət dəyişikliyi də
xarici investorların diqqətindən yayınmırdı.
Yenidən etimad qazanmaq, necə deyərlər, Azərbaycandan əlini
üzən böyük şirkətləri geri qaytarmaq ikiqat
çətin idi...
Ancaq başqa çıxış yolu da yox idi, neft
müqavilələri imzalanmasaydı, Azərbaycanın təhlükəsizliyi
beynəlxalq qüvvələrin maraq çərçivəsinə
salınmasaydı, onun bir dövlət kimi dünya xəritəsindən silinməsi
prosesi qarşısıalınmaz bəlaya çevrilməkdə
idi. Heydər Əliyev yalın əllə ağır
döyüşə gedən cəsarətli əsgərə
bənzəyirdi. Belə vəziyyətdə yalnız regionda
marağı olan bütün dövlətlərlə siyasi
münasibətlərin qurulması üçün parlaq zəka,
gərgin fəaliyyət, polad iradə, diplomatik çeviklik tələb
olunurdu.
Azərbaycan neft kontraktlarının imzalanması ərəfəsində
Rusiya, Türkiyə, İran kimi qonşu dövlətlərlə
yanaşı, Qərb dövlətləri (ABŞ,
Böyük Britaniya, Fransa), eləcə də İslam
dünyası və Mərkəzi Asiya dövlətləri ilə
əlaqələr qurmağa çalışırdı. Bu
siyasət, Azərbaycanın geosiyasi cəhətdən
mövqeyini yüksəltmək, onu qoruyub saxlamaq
üçün zəruri idi. Heydər Əliyev beynəlxalq
münasibətlərdə
"balanslaşdırılmış siyasət" prinsipini əsas
götürürdü.
Bu strategiyanın əsas məqsədi Azərbaycanın
həm region ölkələri ilə, həm də Qərb və
Şərq gücləri ilə paralel və neytral münasibətlər
quraraq ölkənin təhlükəsizliyini və müstəqilliyini
qorumaq idi.
Əvvəlcə qonşu dövlətlərlə
münasibətlər bərpa edilməli idi. Bu gün
üstündən 30 ildən artıq bir müddət
keçdikdən sonra olanları daha yaxşı təhlil etmək
mümkündür, bu zaman çox aydın görünür
ki, Heydər Əliyev nə qədər dəqiqliklə
hesablanmış xarici siyasət həyata keçirmişdir.
Azərbaycanın ilk diplomatik əlaqə qurduğu
ölkə olan Türkiyə ilə münasibətlər
dostluq və qardaşlıq üzərində bərqərar
olurdu. Azərbaycanın müstəqilliyini ilk tanıyan və
dili bir, dini bir, tarixi bir ölkə ilə münasibətlərin
qurulmasında da müəyyən problemlər mövcud idi.
Türkiyə hökumətində nüfuzlu mövqeyi və
AXC-Müsavat cütlüyünün təəssübkeşi
olan müəyyən qüvvələr bu münasibətlərin
yaxşılaşmasına hər vəchlə mane olmağa
çalışırdılar. Lakin onlar unudurdular ki,
qarşı tərəfdə böyük strateq Heydər
Əliyev dayanır. Köhnə dostu Süleyman Dəmirəl,
Baş nazir Tansu Çillər onun zəkası önündə
heyran idilər. 1994-cü il fevralın 9-da imzalanmış
“Dostluq və əməkdaşlıq haqqında saziş” nəticəsində
indiyədək mövcud olan münasibətlər yeni mərhələyə
keçdi. Türkiyə Azərbaycan üçün hərbi
və texniki yardım göstərən əsas ölkələrdən
biri oldu.
Ermənistanla müharibədə gizli müdaxiləsi,
imperiya maraqları, Qafqazı daim tabeliyində saxlamaq istəyi
olan, buna görə də Azərbaycanda daimi kəşfiyyat
şəbəkəsi quran Rusiyanı neytrallaşdırmaq ən
çətin məsələlərdən biri idi. Ölkəmizdə
son illərdə baş verən dövlət
çevrilişlərinin əsas ssenari müəlliflərindən
biri, neft kontraktlarının imzalanmasına açıq və
gizli narazılığını bildirən, bu məqsədlə
Xəzər dənizinin hüquqi statusunun müəyyən
olunması məsələsini Qarabağ problemi kimi 30 il
uzatmaq iddiasında olan, ABŞ və Avropa ölkələrinin
Qafqaza daxil olmasını hər vəchlə dayandırmaq istəyən
Rusiyanın siyasi manevrlərini incəliklərinə qədər
bilən Ulu öndər bu dövlətlə münasibətləri,
özünün dediyi kimi, “nazik ip üzərində yeriməklə”
olsa da, qurmaq istəyirdi. Ancaq Yeltsin hökuməti də Heydər
Əliyevin Moskvaya səfərini hər vəchlə təxirə
salmağa çalışırdı, onlara məlum idi ki,
Ulu öndər, Boris Yeltsinlə görüşsə, onu
“Əsrin müqaviləsi”nin imzalanmasına razı salacaq. Bir
neçə dəfə göstərilən cəhdlər
müxtəlif bəhanələrlə başqa vaxta
keçirildi, nəhayət, böyük çətinliklərlə
də olsa, tarixi gizli saxlanılan həmin müqavilənin
imzalanmasına 3-4 gün qalmış Heydər Əliyev
Moskvaya gedib Yeltsinlə görüşə bildi. 1994-cü
ilin 15-18 sentyabr tarixlərində baş tutmuş həmin
görüş 20 sentyabrda imzalanacaq “Əsrin müqaviləsi”nin
əsas dönüş nöqtələrindən biri oldu.
Bu səfər, Azərbaycan və Rusiya arasında
münasibətlərin yenidən qurulması və sabitləşdirilməsi
baxımından çox əhəmiyyətli idi. Nəzərə
almaq lazımdır ki, həmin dövrdə Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi, daxili siyasi
qeyri-sabitlik və enerji siyasəti ilə bağlı mürəkkəb
vəziyyət yaşayırdı. Heydər Əliyev Rusiya ilə
münasibətləri normallaşdırmaqla beynəlxalq balans
yaratmaq istəyirdi. Səfər zamanı Azərbaycan və
Rusiya arasında bir neçə mühüm sənəd, o
cümlədən dostluq və əməkdaşlıq
haqqında müqavilə, təhlükəsizlik, sərhəd
və hərbi sahədə əməkdaşlığa dair
razılaşmalar, nəqliyyat və enerji sahələrində
əməkdaşlıq protokolları imzalanmışdı.
Bu sənədlər iki ölkə arasında
münasibətlərin rəsmi və hüquqi əsaslara
söykənərək qurulmasını təmin etdi. Səfərin
əsas məqsədləri reallıqları nəzərə
ala bilməyən əvvəlki hökumətin bəzi
nümayəndələrinin populist
çıxışları və əməlləri nəticəsində
pozulmuş Rusiya ilə siyasi-iqtisadi münasibətlərin bərpası
və sabitləşdirilməsi, Qarabağ münaqişəsi
ilə bağlı Moskvanın mövqeyinə təsir
göstərmək, neft siyasəti və enerji təhlükəsizliyi
məsələlərində koordinasiya, regional təhlükəsizlik
məsələlərinin müzakirəsi idi. Heydər
Əliyevin bu səfəri Rusiya ilə münasibətləri
konstruktiv məcraya salmaq üçün mühüm səhifə
oldu. Rusiya rəhbərliyi ilə qarşılıqlı
hörmətə əsaslanan münasibət
formalaşdırıldı və Azərbaycan-Rusiya əlaqələrinin
yeni mərhələsi başlandı. Bu səfər ölkənin
balanslı xarici siyasət strategiyasının
formalaşmasında da əsas rol oynadı, imzalanan strateji
sazişlər Rusiya ilə münasibətlərdə yeni səhifə
açdı.
Doğrudur, böyük strateq Heydər Əliyev Azərbaycan
neftini ancaq Rusiya vasitəsilə satılması prinsipində
inadlı olan prezident Boris Yeltsini müqavilənin
imzalanmasına razı sala bildi, lakin proseslər göstərdi
ki, heç də hər şey göründüyü qədər
sadə deyil. Prezidentlərinin razılıq verməsinə
baxmayaraq, Rusiya XİN sözçüsü Qriqori Karasin
açıq bəyan etdi ki, Moskva bağlanan müqaviləni
tanımayacaq. Ancaq Heydər Əliyevin çoxkombinasiyalı
gedişləri, diplomatik məharəti, qərbi texnoloji tərəfdaşlığa
cəlb edə bilməklə yanaşı, Rusiya
maraqlarını da təmin etməyə
çalışması, müqavilədə Rusiya şirkəti
“LUKoil”in 10% paya malik olması dövrün
reallıqlarını nəzərə alaraq Rusiya təzyiqini
azaltmağa yönəlmişdi. Bu siyasi manevrlərin nəticəsində,
nəhayət, "Əsrin müqaviləsi" mərasiminə
ən təhlükəli və təxribatçı tərəfdaş
olan Rusiyanın Yanacaq və
Energetika Nazirliyinin nümayəndəsi Stanislav
Puqaçın qatıldı və təbrik
çıxışı etdi.
Dünyanın ən qeyri-sabit və iqtisadi cəhətdən
zəif ölkələrindən biri olan Azərbaycanla
dünyanın super dövləti ABŞ arasında münasibətlərin
yaranması da Heydər Əliyev zəkasının təntənəsi
hesab edilə bilər. Yeri gəlmişkən, burada müəllifi
olduğum “Zəfərə aparan yol” kitabından kiçik
bir hissəni vermək istəyirəm:
“Azərbaycan müstəqilliyin ilk illərində
ağır iqtisadi böhran yaşayırdı. Heydər
Əliyevdən əvvəl iqtidarda olanlar ona ağır miras
qoymuşdular. Dövlət xəzinəsi boş idi. Belə vəziyyətdə
heç bir iş görmək mümkün deyildi və
ümid yalnız dənizin dibindəki neftə qalırdı.
Ulu öndər çox böyük uzaqgörənliklə
xarici şirkətləri Xəzər neftinin
çıxarılmasına cəlb etməyə
çalışırdı. Lakin o vaxt Azərbaycan riskli
ölkə sayılırdı.
Qeyd etmək lazımdır ki, Ulu öndərin Vətəni
və xalqı qarşısında tarixi xidmətlərindən
biri də əcnəbi investorları Azərbaycana sərmayə
yatırmağın hədər getməyəcəyinə
inandırması olmuşdur.
Danışıqlar isə çətin gedirdi. Tərəflərdən
hər biri öz marağından çıxış edirdi.
1994-cü ilin martında Bakıda başlayan
danışıqlar sonralar İstanbulda və Hyustonda davam
etdirildi. Qarşı tərəf çox ağır şərtlər
qoyurdu. Hətta belə bir şərt irəli
sürülmüşdü ki, Azərbaycan Rusiya ilə
razılaşıb Xəzərin hüquqi statusunu həll etməsə,
danışıqlar dayandırılacaq. Status məsələsinin
həlli isə bir-iki ilin işi deyildi. Bu barədə məlumat
alan Ulu öndər o vaxt Dövlət Neft Şirkətinin
xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində
işləyən İlham Əliyevi Vaşinqtona göndərdi.
O, okeanın o tayında çox faydalı görüşlər
keçirib məsələni yoluna qoydu.
Cənab İlham Əliyev sonralar
çıxışlarının birində həmin günləri
xatırlayaraq demişdir ki, Amerikanın Hyuston şəhərində
bir aydan çox davam edən danışıqlar həlledici
rol oynadı: “Dövlət Neft Şirkətinin rəhbərliyi
– bizim dostumuz rəhmətlik Natiq Əliyev, Xoşbəxt
Yusifzadə, Valeh Ələsgərov, mən və digər əməkdaşlar
çalışırdıq investorları inandıraq ki, Azərbaycana
sərmayə qoymaq olar, sərmayə qoymaq lazımdır və
Azərbaycana bu gün sərmayə qoyan sabah böyük
fayda görəcək. Belə də oldu. “Əsrin
kontraktı”nın icrasına qoyulmuş sərmayə
artıqlaması ilə qaytarıldı. Xarici investorlar
milyardlarla dollar gəlir əldə etdilər. Azərbaycan
dövləti yüz milyard dollardan çox gəlir əldə
etdi”.
Danışıqların iştirakçısı
olmuş Xoşbəxt Yusifzadə xatırlayır: “Nəzərə
almaq lazımdır ki, o vaxt müstəqillik yoluna təzəcə
qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin
xarici şirkətlərlə danışıqlarda kifayət
qədər təcrübəsi yox idi. Lakin Moskvada Beynəlxalq
Münasibətlər İnstitutunu bitirib, alimlik elmi dərəcəsi
almış və sonra da həmin institutda dərs demiş
İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini
gözəl bilməsi, tərəfdaşlarımızla
birbaşa ünsiyyət qurub, mürəkkəb vəziyyətlərdən
çıxış yollarını tapmaq və gərginliyi
aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli
şəxslərlə görüşlərdə də
özünü göstərdi”.
Beləliklə, “Əsrin müqaviləsi”
adını almış həmin neft kontraktı Azərbaycanı
inkişaf yoluna çıxardı və neft sənayesinin,
bütövlükdə ölkənin sonrakı taleyində həlledici
rol oynadı”.
Bu mürəkkəb danışıqlar haqda məlumatlı
olan prezident Klinton və onun administrasiyası 1994-cü il
“Əsrin müqaviləsi”nin imzalandığı dövrdə
Azərbaycanın enerji resurslarına böyük maraq göstərirdi
və bu müqaviləni ABŞ-ın Xəzər regionunda
nüfuzunun artması üçün strateji imkan kimi qiymətləndirirdi.
Rəsmi məlumatlara görə, hakimiyyətdə olduğu
müddət ərzində (1993-2001) Klintonla Heydər
Əliyev arasında 15-16 dəfə görüş
olmuşdur – bura həm şəxsi, həm telefon söhbətləri,
həm də beynəlxalq çərçivəli
toplantılardakı ünsiyyətlər daxildir. Məhz bu səbəbdən
ABŞ-ın o dövrdəki səfiri Riçard Kozlariç
və digər diplomatlar “Əsrin müqaviləsi”nin
imzalanmasına dəstək vermiş və mərasimdə
iştirak etmişdilər.
“Əsrin müqaviləsi”ndən bir neçə
gün sonra - 1994-cü il sentyabrın 26-da BMT Baş Assambleyasının
Nyu-York sessiyası çərçivəsində
keçirilən ilk görüş Heydər Əliyevin
Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın
ədalətli mövqeyini beynəlxalq ictimaiyyətə
çatdırmaq və ABŞ-ın bu mövzuya aktiv
münasibətini xahiş etmək baxımından çox əhəmiyyətli
idi. Xüsusilə enerji sahəsində ABŞ ilə əlaqələr
möhkəmləndirildi. 1994-cü ildə NATO ilə
“Sülh naminə tərəfdaşlıq” proqramına
qoşulmaqla hərbi əməkdaşlığa
başlanıldı. Görüşlər Klinton
administrasiyası tərəfindən də yüksək dəyərləndirildi
– xüsusilə ABŞ-ın Azərbaycanla energetika, humanitar
yardım, investisiya və demokratiya sahələrində əməkdaşlıq
perspektivlərinə dair müzakirələr yeni hadisə
idi. Görüş həm siyasi, həm də strateji bir mesaj
idi: ABŞ Azərbaycanın müstəqilliyini və enerji
layihələrini dəstəkləyir, Klinton
administrasiyası regionda balanslı siyasətin tərəfdarıdır.
Heydər Əliyev CNN kanalına müsahibəsində bildirdi
ki, ABŞ Prezidenti və köməkçiləri Azərbaycanın
suverenliyi və ərazi toxunulmazlığı məsələlərini
ciddi qəbul edir və prezident Klinton bu məsələni
Rusiya prezidenti Yeltsinə planlaşdırdığı
görüşdə müzakirə edəcəyini bildirib.
Dünyanın super gücü olan ABŞ-ın mövqeyindəki
bu yenilik bəzi dövlətlər tərəfindən
qısqanclıqla qarşılansa da, reallıq idi və bunu, ən
azı Azərbaycan diplomatiyasının ustalığı
hesab etmək lazımdır.
Avropanın Fransa və Almaniya kimi aparıcı
ölkələri ilə diplomatik münasibətlər elmi,
texnoloji və iqtisadi əməkdaşlıqlarla möhkəmləndirildi.
Fransanın eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədr
ölkəsi kimi Qarabağ münaqişəsinin sülh yolu
ilə həllində iştirak etməsi, orada erməni
lobbisinin güclü mövqeyi onunla xüsusi diplomatik
münasibət tələb edirdi, ona görə də Cənubi
Qafqazın kiçik və o dövr üçün
bütün parametrləri ilə zəif olan ölkəsi ilə
Avropanın ən qüdrətli ölkələrindən biri
olan Fransaya Heydər Əliyevin səfəri barədə bir qədər
ətraflı yazmaq istəyirəm.
Heydər Əliyev 1993-cü ilin 19-22 dekabr tarixlərində
Fransaya rəsmi dövlət səfəri etmişdir. Bu, onun
prezident seçilməsindən sonra Fransaya ilk və çox
mühüm xarici səfərlərindən biri idi. Səfərin
məqsədi Azərbaycan və Fransa arasında diplomatik əlaqələri
dərinləşdirmək, siyasi, iqtisadi və mədəni
sahələrdə əməkdaşlıqları institusional əsaslara
keçirmək, Ermənistan-Azərbaycan münaqişəsi
fonunda Fransanın dəstəyini və mövqeyini yaxından
öyrənmək və imkan daxilində dəyişdirmək
idi. Həmin günlərdə Heydər Əliyev Fransa
Prezidenti Fransua Mitteran ilə rəsmi görüş
keçirdi, həmçinin Fransa parlamentinin deputatları,
işgüzar dairələrin təmsilçiləri və
ictimaiyyət nümayəndələri, UNESCO və digər
beynəlxalq təşkilatların nümayəndələri
ilə fikir mübadiləsi apardı. Gərgin və
üzücü görüşlər nəticəsində
iki ölkə arasında uzunmüddətli strateji münasibətlərin
qurulmasına zəmin yaradan Azərbaycanla Fransa arasında
dostluq və əməkdaşlıq haqqında Bəyannamə,
Fransa-Azərbaycan Paris Xartiyası, fransız şirkətlərinin
Azərbaycanda fəaliyyətə başlamasına yol
açan Ticarət və iqtisadi əməkdaşlıq
haqqında razılaşma imzalandı.
Bu səfər Azərbaycan diplomatiyasında Avropa
İttifaqına inteqrasiyanın ilkin addımı kimi çox
qiymətli uğur kimi dəyərləndirildi. Bu səfərdən
sonra Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən
biri kimi Dağlıq Qarabağ münaqişəsində
neytral vasitəçi mövqeyi tutması daha da dəqiqləşdi.
İndiyədək bu barədə bir kəlmə də
danışmayan Fransa rəsmiləri Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədiklərini
açıq şəkildə bildirdilər. Azərbaycan-Fransa
münasibətlərinin əsası məhz bu səfər
zamanı praktiki müstəviyə keçdi.
Neft kontraktlarının bağlanması ərəfəsində
Avropanın nəhəng dövləti olan Böyük
Britaniya ilə münasibətlər də olduqca önəmli
idi. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il
fevralın 22-dən 25-dək Böyük Britaniyaya ilk rəsmi
səfəri zamanı Heydər Əliyev Böyük
Britaniyanın Baş naziri Con Meycorla, həmçinin, Birləşmiş
Krallığın digər dövlət və hökumət
nümayəndələri, şirkət rəhbərləri
ilə görüşmüşdü. Sözügedən səfər
zamanı Azərbaycan Respublikası ilə Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığı arasında dostluq və əməkdaşlıq
haqqında bəyannamə, elm, təhsil və mədəniyyət
sahəsində əməkdaşlıq haqqında və hava nəqliyyatı
haqqında sazişlər, məhdudiyyətsiz hərəkət
azadlığı haqqında anlaşma memorandumu
imzalanmışdır.
Bu səfər Azərbaycan-Böyük Britaniya əlaqələrində
mühüm əhəmiyyətə malik idi. Görüşlər
zamanı Dağlıq Qarabağ münaqişəsi,
İngiltərənin, BMT və Avropa təşkilatlarının
bu məsələdə vasitəçilik səyləri, regionda
sülhə dəstək məsələləri çox gərgin
şəraitdə müzakirə edilmişdi. Həmçinin
Azərbaycanda "Əsrin müqaviləsi"nin
hazırlıq mərhələsində “Azəri-Çıraq-Günəşli”
yataqlarını işləyən ABƏŞ-in layihəsinin
Britaniya şirkətlərinin maraqları müzakirə
mövzusu olmuşdu. Azərbaycanın mürəkkəb
siyasi-iqtisadi durumuna baxmayaraq, Britaniyanın Azərbaycan
iqtisadiyyatına yatırımlarının, o cümlədən
bank, infrastruktur və tikinti sahələrində əməkdaşlıq
perspektivlərinin müzakirəsi də
aparılmışdı.
Bu səfər nəticəsində Azərbaycanın
diplomatik mövqeyi gücləndi, Britaniya şirkətlərinin
Azərbaycan neft sektoruna investisiya maraqları daha da artdı,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təşkilatlarda
müzakirəsi zamanı Böyük Britaniya Azərbaycanın
haqq işini daha ciddi müdafiə etməyə
başladı. Bununla da Heydər Əliyev hələ də
xaos girdabında çapalayan Azərbaycanın müstəqil
xarici siyasət konsepsiyasını təsdiq etdi, eyni zamanda
enerji resurslarını “geosiyasi resursa” çevirərək,
regionda balanslı beynəlxalq əlaqələrin
formalaşmasına şərait yaratdı.
Hər günün öz hökmünün olduğu
həmin tarixi mərhələ elə idi ki, burada gecikmək
də, tələsmək də olmazdı, xarici qüvvələrin
iradəsi ilə, milli hisslərdən uzaq düşən “vəzifə
hərisləri”nin icrası ilə həyata keçirilən
müxtəlif təxribatlar baş alıb gedirdi.
“Əsrin müqaviləsi”ndən bir neçə
gün sonra, Heydər Əliyevin Nyu-Yorkda BMT Baş Məclisinin
49-cu sessiyasında iştirak etdiyi günlərdə –
1994-cü il sentyabrın 28-də
MTN təcridxanasından naməlum yollarla eks müdafiə
naziri Rəhim Qazıyev, onun müavini Baba Nəzərli,
“Talış-Muğan Respublikası”nın “prezidenti” elan olunan
Əlikram Hümbətov və digərləri
qaçırıldı, sentyabrın 29-da isə Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin müavini Afiyəddin
Cəlilov və Azərbaycan Respublikası Prezidenti yanında
Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov terror
qurbanı oldu.
Bundan 3-4 gün sonra – 1994-cü il oktyabrın 2-də
Baş nazir Surət Hüseynovun rəhbərliyi ilə
dövlət çevrilişinə cəhd baş tutdu. Bu
ekstremal vəziyyətlərdə belə siyasi iradəsini
itirməyən Heydər Əliyev, obrazlı desək, Azərbaycan
gəmisini fırtınalardan, burulğanlardan, onu gözləyən
böyük bəlalardan xilas edərək sahilə yan ala
bildi.
Çox çətin iqtisadi vəziyyətdə və
xaotik siyasi durumda olan bir ölkə üçün
dünyanın böyük güc sahibi olan qüdrətli ölkələri
ilə ikitərəfli sazişlərin bağlanılması
o dövr üçün qeyri-adi hadisə idi və elə
qeyri-adi də zəka, diplomatiya, cəsarət və iradə
tələb edirdi. Yeni, şəffaf, hüquqi baxımdan səlis,
siyasi cəhətdən zəmanətli danışıqlar
platformasının yaradılması nəticəsində
imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın xarici siyasətində
dönüş nöqtəsi oldu. Bu sazişlə ABŞ,
Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya, Yaponiya,
Səudiyyə Ərəbistanı olmaqla 7 ölkə və
13 enerji şirkəti Azərbaycanın neft
ehtiyatlarının istismarına sərmayə qoymağa
razılaşdı. Layihənin ilkin dəyəri 7.4 milyard
dollar idi və zamanla bu rəqəm 60 milyard dolları
keçdi. Kiçik tikinti şirkətlərinin Azərbaycana
investisiya yatırmaqda tərəddüd etdiyi bir zamanda BP,
“Amoco”, “Statoil” kimi nəhəng şirkətlər ölkəmizə
cəlb olundu. Bu, Azərbaycanın iqtisadi və geosiyasi
tarixində mühüm bir hadisə oldu. Həmin dövrdə
Azərbaycan bir sıra beynəlxalq təşkilatlara BMT,
ATƏT, İslam Əməkdaşlıq Təşkilatı,
GUAM, Qoşulmama Hərəkatı və MDB kimi qurumlara
üzv oldu. Gənc və yenicə ayaq üstdə
dayanmağa başlayan müstəqil dövlət
üçün daha çox siyasi mahiyyət daşıyan bu
qurumlara üzvlük sonralar bir sıra tələblərin həyata
keçirilməsinə şərait yaratdı. Məsələn,
BMT çərçivəsində Qarabağ münaqişəsinin
həlli üçün 822, 853, 874 və 884 saylı qətnamələrin
qəbuluna nail olundu, ATƏT-ə üzv olan Azərbaycan bu təşkilat
vasitəsilə Ermənistanla münaqişənin diplomatik
yolla həllinə çalışdı, İslam Əməkdaşlıq
Təşkilatında İslam dünyasının dəstəyini
almaq üçün bu təşkilatda aktiv diplomatik fəaliyyət
göstərildi və s.
Heydər Əliyev qısa müddətdə ölkədə
sabitliyi bərpa etməklə yanaşı, Azərbaycanın
beynəlxalq arenada mövqeyini gücləndirməyə
başladı. Ulu öndərin həyata keçirdiyi
çoxşaxəli diplomatik strategiya nəticəsində Azərbaycan
müstəqil xarici siyasət yürüdən, beynəlxalq
layihələrdə iştirak edən və regional təhlükəsizlikdə
rolu olan bir dövlətə çevrildi.
Heydər Əliyev diplomatiyası ən kritik anlarda gecə-gündüz
yorulmadan çalışaraq Azərbaycanı təkcə
iqtisadi baxımdan gücləndirmədi, həm də ölkənin
geosiyasi rolunu artırdı. Qərb dövlətləri və
beynəlxalq təşkilatlar Azərbaycanın enerji
resurslarına olan maraqları səbəbilə onun siyasi
sabitliyinə və təhlükəsizliyinə daha çox
diqqət yetirməyə başladılar, bu da ölkəmizin
sonrakı uğurlarının təməli oldu. Bütün
bunların nəticəsində, obrazlı desək, Azərbaycan
lokomotivi tozlu-torpaqlı, daşlı-kəsəkli, gələcəyi
naməlum cığırlardan hamar dəmir yollarının
üzərinə çıxa bildi və uzaq, aydın, parlaq
səhərlərə doğru məqsədyönlü səfərə
başladı.
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru,
fizika-riyaziyyat elmləri doktoru,
professor
525-ci qəzet .- 2025.- 14 iyun(¹ 102).- S.8-9.