Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə
qardaşlığının zirvəsi
Dörd il əvvəl, 15 iyun 2021-ci ildə Azərbaycan-Türkiyə
münasibətlərində mühüm tarixi hadisəyə
şahidlik etdik. Ölkəmizin İkinci Qarabağ müharibəsində
böyük zəfərindən sonra azad Şuşada Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında
müttəfiqlik münasibətləri haqqında Şuşa
Bəyannaməsi imzalandı. Bununla da iki qardaş dövlətin
münasibətləri rəsmən özünün ən
yüksək səviyyəsinə - strateji müttəfiqliyə
çatdı.
Azərbaycan və Türkiyə liderlərinin Milli
Qurtuluş Günündə, Qarabağın tacı
Şuşada imzaladıqları bu sənəd münasibətlərimizdə
yeni səhifə açmaqla yanaşı, Cənubi Qafqazda
yeni geosiyasi konfiqurasiyanın formalaşdığını da
nümayiş etdirdi.
Dövlət başçıları İlham
Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən
imzalanan Şuşa Bəyannaməsi yalnız iki dövlət
arasında hüquqi sənəd deyil, həm də regiona və
beynəlxalq ictimaiyyətə ünvanlanmış
güclü strateji mesajdır. Bəyannamədə ölkələrimiz
arasında əməkdaşlığın bütün
aspektləri əhatə olunub. Hər iki ölkənin
müdafiə sənayesi, milli təhlükəsizlik məsələləri,
iqtisadi, siyasi, mədəni, humanitar, səhiyyə, təhsil,
sosial, gənclər və idman sahələrindəki imkan və
potensialların birləşdirilməsi əksini tapıb. Sənəddə
tarixi Qars müqaviləsinə istinad edilir, həmçinin
1994-cü il fevralın 9-da imzalanmış "Azərbaycan
Respublikası və Türkiyə Respublikası arasında
dostluq və hərtərəfli əməkdaşlığın
inkişafı barədə Müqavilə"nin və
"Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasında əməkdaşlıq və
qarşılıqlı yardım haqqında Protokol"un, eləcə
də 2010-cu il avqustun 16-da imzalanmış "Azərbaycan
Respublikası və Türkiyə Respublikası arasında
strateji tərəfdaşlıq və qarşılıqlı
yardım haqqında Müqavilə"nin rəhbər
tutulduğu bildirilir. Ən vacib məqamlardan biri şübhəsiz
ki, müdafiə sahəsində əməkdaşlıq və
qarşılıqlı hərbi yardım məsələləridir.
Qeyd olunub ki, iki dövlətin ərazi
bütövlüyünə, suverenliyinə
üçüncü dövlət və ya dövlətlər
tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə,
bir-birini qoruyacaqlar.
Sənəddə deyilir: "Tərəflərdən
hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə,
ərazi bütövlüyünə, beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığına və ya təhlükəsizliyinə
qarşı üçüncü dövlət və ya
dövlətlər tərəfindən təhdid və ya təcavüz
edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr
aparacaq və bu təhdid və ya təcavüzün aradan
qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd
və prinsiplərinə müvafiq təşəbbüs həyata
keçirəcək, bir-birinə BMT Nizamnaməsinə
uyğun zəruri yardım göstərəcəklər. Bu
yardımın həcmi və forması təxirə
salınmadan keçirilən müzakirələr yolu ilə
müəyyən edilərək birgə tədbirlər
görülməsi üçün müdafiə
ehtiyaclarının ödənilməsinə qərar veriləcək
və Silahlı Qüvvələrin güc və idarəetmə
strukturlarının əlaqələndirilmiş fəaliyyəti
təşkil olunacaqdır".
Türkiyə bununla açıq şəkildə bəyan
etdi ki, Azərbaycanın yanındadır və bu müttəfiqlik
yalnız iqtisadi-siyasi deyil, həm də hərbi amillə təsdiqlənir.
Azərbaycanın ərazi bütövlüyünə hər
hansı bir təhdid olacağı təqdirdə Türkiyə
hərbi dəstəklə bizim yanımızda olacaq.
Prezident İlham Əliyev imzalanma mərasimində
bildirib ki, İkinci Qarabağ müharibəsində Qələbədən
sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan
münasibətləri rəsmiləşdirdi və biz bunu məşhur
Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə
qaldırdıq: “Bu, bizim xalqlarımız və ölkələrimiz
üçün çox böyük nailiyyətdir,
böyük sərvətdir. Həmin bəyannamə bizim
qarşımızda yeni üfüqlər açır”.
Bu gün Azərbaycan-Türkiyə münasibətləri
özünün ən yüksək zirvəsindədir.
Şuşa Bəyannaməsinin imzalanmasından ötən
dörd ildə iki qardaş, müttəfiq ölkənin
münasibətləri artan dinamika ilə inkişaf edir.
Yüksək səviyyəli qarşılıqlı səfərlər,
yeni razılaşmalar, iki ölkənin bir-birinə
sarsılmaz dəstəyi bu birliyi daha da möhkəmləndirir.
Bəyannamənin mühüm istiqamətlərindən
biri də iqtisadi əməkdaşlıq və investisiya
mühitinin inkişafı, beynəlxalq dəhlizlər üzrə
fəaliyyətin genişləndirilməsidir.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki,
iyunun 15-də imzalanmasının 4 ili tamam olacaq “Azərbaycan
ilə Türkiyə arasında müttəfiqlik münasibətləri
haqqında Şuşa Bəyannaməsi” hər iki ölkənin
strateji münasibətlərinin daha dərinləşməsi
baxımından vacib idi. Bu, uzun müddətli dövrdə tərəflərin
iqtisadi və siyasi əlaqələrinin inkişafında zəmin
yaratmaqdadır.
Onun sözlərinə görə, Bəyannamənin ən
spesifik cəhətlərindən biri də milli
iqtisadiyyatların və ixracın şaxələndirilməsi
üzrə səylərin artırılmasıdır: “Bu
ölkələrin iqtisadi və ticarət diversifikasiyası
ilə bağlı bir-birilərinə
qarşılıqlı dəstəyin daha genişləndirilməsi
anlamına gəlir. Qardaş ölkələr növbəti
illərdə ticarət dövriyyəsinin 15 milyard dollara
çatdırılması ilə bağlı hədəf
müəyyənləşdiriblər. Şuşa Bəyannaməsində
nəzərdə tutulan tədbirlər bu hədəfə
nail olmaq yeni imkanlar yaradır.
Təbii ki, ölkələr arasında ticarət
dövriyyəsinin daha da artırılması əsas hədəflərdəndir.
2024-cü ildə Azərbaycan ilə Türkiyə arasında
ticarət dövriyyəsi 6 milyard 130 milyon dollar olub. Bu rəqəm
2023-cü ildə 7 milyard 650 milyon dollar, 2022-cü ildə 5
milyard 842 milyon dollar və eləcə də 2021-ci ildə 4
milyard 661 milyon dollar olmuşdur. Göründüyü kimi,
iki ölkə arasında ticarət dövriyyəsi kifayət
qədər böyük rəqəmlə ifadə olunur”.
Deputat əlavə edib ki, vacib istiqamətlərdən
biri də məhz intellektual nəqliyyat sistemləri
texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat
dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində
tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan
və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin
açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin
bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin
inkişafının təşviqidir: “Zəngəzur dəhlizi
2.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan
türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə
yanaşı, ölkəmizin starteji əhəmiyyətini də
artıracaq. Bütövlükdə, Şuşa Bəyannaməsi
iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı
gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq
imkanları yaratmaqdadır”.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva hesab
edir ki, dörd il əvvəl Azərbaycan Prezidenti İlham
Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan tərəfindən imzalanmış Şuşa
Bəyannaməsində strateji əhəmiyyət kəsb edən
bütün əməkdaşlıq istiqamətləri əhatə
olunur: “Şuşa Bəyannaməsi unikal müttəfiqlik
nümunəsidir. Bəyannamədə beynəlxalq müstəvidə
birgə əməkdaşlıq, siyasi münasibətlər,
iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil,
idman, gənclər siyasəti və s. məqamlar əksini
tapır. Həmçinin enerji təhlükəsizliyi, Cənub
Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa
üçün önəmi göstərilir.
Bəyannamədə Azərbaycan və Türkiyənin
xarici siyasəti ilə bağlı müddəa da yer
alır. Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin
və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin
həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu
istiqamətdə Azərbaycanla Türkiyə arasında
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurası çərçivəsində fəaliyyətlərin
əhəmiyyətini vurğulayırlar. Tərəflər
öz milli maraq və mənafelərinin təmin edilməsinə
yönəlmiş müstəqil xarici siyasət aparırlar.
Sənədə əsasən, tərəflər beynəlxalq
münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik
və sabitlik məsələlərinin həlli
üçün birgə səylər göstərirlər”.
Şuşa Bəyannaməsində hərbi əməkdaşlıq
amilinə də xüsusi yer verildiyini deyən deputat bunu tarixi
nailiyyət adlandırıb: “Bu, bir daha göstərir ki, biz
bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra
da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik.
Müdafiə sahəsində əməkdaşlıq və
qarşılıqlı hərbi yardım məsələlərinin
Bəyannamədə əks olunması çox vacib məqamdır.
Çünki bu sənəd əsasında ölkələrimiz
bir-birinin təhlükəsizliyini təmin edəcək.
Müdafiə sənayesi sahəsində əlaqələrin
inkişafı ölkələrin hərbi qüdrətini
artıracaq. İki qardaş ölkə həm də iki
dövlətin silahlı qüvvələrinin müasir tələblərə
uyğun olaraq yenidən formalaşdırılması və
modernləşdirilməsi istiqamətində birgə səylərin
göstərilməsi, müdafiə qabiliyyətlərinin və
hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə
yönələn tədbirlərin həyata keçirilməsi,
iki ölkənin Silahlı Qüvvələrinin birlikdə fəaliyyət
qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan
silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı
və bu məqsədlə səlahiyyətli struktur və
qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin
təşviq olunması ilə bağlı da
razılığa gəlib”.
O deyib ki, İkinci Qarabağ müharibəsi
başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana
birmənalı, dəqiq və açıq dəstək ifadə
edib. Müharibənin ilk günlərindən Türkiyə
Prezidenti bildirdi ki, Azərbaycan tək deyil: “Bu, həm bizi
ruhlandırdı, eyni zamanda, müharibəyə müdaxilə
etmək fikrində olan bütün qüvvələri, dairələri
dayanmağa vadar etdi. Şuşa Bəyannaməsi imzalanarkən
Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi hadisənin
tarixi əhəmiyyətini vurğulayaraq deyib ki, Birgə Bəyannamədə
tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars
müqaviləsi düz yüz il bundan əvvəl
imzalanıb. Bu da böyük rəmzi məna
daşıyır. Yüz ildən sonra azad edilmiş
Şuşa şəhərində müttəfiqlik
haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək
iş birliyimizin istiqamətini göstərir. Bu Bəyannamə
Ermənistandakı revanşist qüvvələrə də
mühüm ismarışdır. Şuşa Bəyannaməsi
ilə Türkiyə açıq şəkildə Azərbaycanın
ərazi bütövlüyünün pozulması, dövlət
sərhədlərinə təhdid kimi halların baş verməsi
halında, ordu ilə ölkəmizin yanında yer
alacağını beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırır. Bəyannamədən irəli gələn
öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz
arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın
dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə
xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin
milli gücünün artmasını, dünyada söz və
nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini
şərtləndirir. Digər bir vacib məqam ondan ibarətdir
ki, Bəyannamə ölkələr arasında münasibətlərin
gələcəyini müəyyən edir və iki ölkə
arasında əlaqələri ən yüksək səviyyəyə
ucaldır”.
Pərvanə
525-ci qəzet .- 2025.- 14 iyun(¹ 102).- S.9.