Qısa sürən XX əsr və
ya adının taleyini yaşayan Əyyub Abasov
19-cu əsri 1789-1914, 20-ci əsri 1914-1991-ci illər
arasında təhlil edən məşhur ingilis tarixçisi
Erik Hobsbauma görə, 19-cu əsr "uzun", 20-ci əsr
isə "qısa" idi. Yenə E.Hobsbaumun fikrincə, 19-cu
əsr 1789-cu ildə Böyük Fransız İnqilabı ilə
başlayır, 1913-cü ildə başa çatır.
"Qısa 20-ci əsr" təqvimə görə deyil,
tarix olaraq 1914-cü ildən, yəni Birinci Dünya müharibəsindən
başlanır və 1991-ci ildə - dünyada qlobal dəyişikliklər
başlananda, daha dəqiqi, 1990-cı ildə Almaniyanın birləşməsi
və 1991-ci ildə SSRİ-nin dağılması ilə sona
çatır. "Təqvimə görə deyil, tarix olaraq
1914-cü ildən, yəni Birinci Dünya müharibəsindən
başlayan və qısa sürən 20-ci əsr" Azərbaycan
üçün milli dövlətçilik tariximizdə həlledici
və siyasi hadisələr baxımından əhəmiyyətli
bir zaman kəsiyidir. Ən əhəmiyyət kəsb edən
hadisə 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin
elan edilməsi, Xalq Cümhuriyyətinin
yaradılmasıdırsa, sonrakı tarixi hadisələr -
1920-ci ilin 28 aprelində Azərbaycanın bolşevik
Rusiyası tərəfindən işğalı, AXC-nin
süqutu və Azərbaycan Sovet Sosialist Respublikasının
yaranması, Azərbaycanın müstəqilliyinə son
qoyulması, 70 ildən sonra - 1991-ci ildə xalqın bir daha
öz dövlət müstəqilliyini bərpa etməsi, Azərbaycan
Respublikasının yaradılmasıdır.
"Qısa 20-ci əsr" Azərbaycan
üçün Birinci Dünya müharibəsi və ya AXC-nin
qurulması ilə deyil, 1905-1906-cı illərdə ermənilərin
azərbaycanlılara qarşı ilk irimiqyaslı silahlı
çıxışları ilə, I rus inqilabının
(1905-1907) başlaması ilə ölkədə yaranan
qarışıqlıqdan istifadə edən erməni təşkilatlarının
"Böyük Ermənistan" xülyasını
reallaşdırmaq üçün Bakıda və Zəngəzurda
erməni və müsəlman əhalisi arasında törətdiyi
silahlı münaqişə ilə başlamışdı
(1905-1906). Münaqişə az sonra qanlı
qırğınlara çevrilmiş, bütün Cənubi
Qafqaz regionunu əhatə etmişdi. Bakı, Tiflis, İrəvan,
Gəncə quberniyalarında, xüsusilə Qarabağ, Zəngəzur
və sair yerlərdə baş verən qanlı toqquşmalar
iki ilə qədər davam etmiş, minlərlə
yaşayış məntəqəsi
dağıdılmış, 17 minə qədər insan həlak
olmuş, insanlar doğma yurd yerlərindən
qoparılmışdı.
Həyatını Zəngəzur-Bakı-Naxçıvan
üçbucağında araşdırdığımız
Əyyub Abasov ermənilərin azərbaycanlılara
qarşı ilk irimiqyaslı silahlı
çıxışlarının başladığı
1905-ci ildə dünyaya gəlmiş, 13 yaşlarında ikən
təkrar qızışan qanlı savaşlara şahidlik
etmişdi. Ata-anasını və qardaşlarını bu
savaşda itirmiş, yurdundan didərgin düşmüş,
Zəngəzurdan Naxçıvana gəlmiş, burada
yaşamış, oxumuş, sonra təhsilini Bakıda davam
etdirmişdi.
Dünyaya gəldiyi gündən savaşlara, tarixi
hadisələrə şahidlik edən Əyyub Abasovun həyat
və yaradıcılıq yolunu araşdırmaq
üçün mütləq tarixə baş vurmaq
lazımdır. Düşünürük ki, məqalədə,
yeri gəldikcə arxiv materiallarına və tarixi sənədlərə
müraciət etməyimiz məqsədəuyğundur.
Həyat nə qədər ağır, keşməkeşli
olsa da, olumla ölüm hər zaman yan-yana addımlayır.
Başlayaq Ə.Abasovun dünyanın keşməkeşli,
qorxunc bir zamanında dünyaya gəlməsindən və ona
verilən adın mistikasından.
lll
1905-ci ildə qədim Zəngəzurun Şəki kəndində,
sanki tarixdə dönəm-dönəm təkrarlanan erməni-azərbaycanlı
münaqişələrinə şahidlik etmək
üçün dünyaya bir oğlan uşağı gəlir.
Cəbrayıl kişinin ailəsində dünyaya gələn
oğlana Bibliyadakı "Əyyubun kitabı"nın
baş qəhrəmanının adı verilir: Əyyub.
"Əyyubun kitabı" böyük bəlalar çəkən
bir insanın hekayəsidir. Quranda bir neçə surədə
peyğəmbər kimi adı qeyd olunur. Erməni-müsəlman
münaqişələrinin gücləndiyi ən tufanlı
çağda, 1905-ci ildə törədilmiş qanlı
qırğın günlərindən birində dünyaya gələn
oğlanın daşıdığı, mənası
"dözüm, səbir, təqib olunan" olan Əyyub
adı sonralar onun tale yazısı olur. Əyyub 1918-ci ildə
yenidən qızışan erməni-azərbaycanlı
davasında həyatının ən faciəli günlərini
yaşayır, valideynlərini, bacı-qardaşlarını
itirir. Yurdundan didərgin düşür. Naxçıvanda
Əbdüləzim Rüstəmzadənin ailəsində
yaşayır, oxuyur və çalışır. Mənbələrdə
"Əyyub Abasovun xeyirxah insanların himayəsində"
yaşadığı qeyd olunsa da, bu insanın kimliyindən
geniş bəhs olunmur. Əyyub Abasovun himayəsində
yaşadığı xeyirxah insan kim olub? Əbdüləzim
Rüstəmzadə ilə Əyyub Abasovun qohumluq əlaqəsi
necə idi? Bunun dəqiqləşdirilməsi
üçün mərhum professor Əziz Şərifin
"çoxüzvlü tayfası" haqqında maraqlı
faktların yer aldığı 3 cildlik "Keçmiş
günlərdən" kitabı ən önəmli mənbələrdəndir.
Kitabda Əyyub Abasov, bütövlükdə
"çoxüzvlü tayfası" haqqında geniş məlumat
verən Əziz Şərif yazır: "Naxçıvan
şəhərində, istərsə də Şükar və
Şəki kəndlərində bizim bütün
çoxüzvlü tayfamız atamı özünün
böyüyü, müdrik ağsaqqalı hesab edir, onun
hörmətini saxlayırdı. Məsələni
aydınlaşdırmaq üçün bir azacıq uzağa
getməliyəm. Nənələrimin ikisi də Gorus
mahalındakı (Sisyan) Şükar kəndindən idi. Necə
olmuşdusa, keçən əsrin 40-50-ci illərində
Şükar kəndlisinin qızlarından birini,
Qızxanım adlı birini mənim Naxçıvanda
yaşayan ata babam Hacı Ələsgər Şərifzadə
alıb Naxçıvana gətirmiş, onun kiçik
bacılarından Şərəfi də ana babam Talıb
Rüstəmov alıb Şükar
yaxınlığındakı Şəki kəndinə
aparmışdı. Hacı Ələsgərlə
Qızxanımın üç oğlu və üç
qızı olmuşdu ki, bu oğulların böyüyü mənim
atam Qurbanəli, böyük qızı da bibim Şahbəyim
idi. Babamın ikinci oğlu Əlimərdan Bakıda neft mədənlərində
qazanca gedib oradan qayıtmamışdı. Talıb kişi ilə
Şərəfin isə Şəkidə üç oğlu
və dörd qızı olmuşdur ki, bu qızların
böyüyü mənim Nazlı anam, ondan kiçiyi isə
Tamam xalam - "Zəngəzur" romanının müəllifi
Əyyub Abasovun anası idi.
Təsadüfə bax
ki, anamın da üç qardaşından Əbdülkərim
adlı ortancısı, əmim Əlimərdan kimi, Bakıya
neft mədənlərində işləməyə getmiş
və orada vəfat etmişdi. Beləliklə, hələ mən
dünyaya gəlməmişdən qabaq mənim bir dayım və
bir əmim köhnə Bakı neft mədənlərinin
qurbanı olmuş və orada dəfn olunmuşdur".
Tarix boyu aclıqdan, soyuqdan, qonşu ermənilərin
fitnə-fəsadından əziyyət çəkən Zəngəzur
camaatının əsas dolanışıq yerlərindən
biri aşağı Zəngəzurun Bərgüşad və
Həkəri çaylarının kənarlarındakı
barlı-bərəkətli çəltik sahələri, bostanları,
Gəyən və Yazı düzünün taxıl zəmiləri
idi. "Əyyub da əli çomaq tutandan Qubadlıya gəlib
varlıların təsərrüfatında muzdurluq edib,
naxır otarıb, ailəsinin dolanışığına
yardımçı olmağa" çalışsa da, ailənin
vəziyyəti, gün-güzəranı o qədər də
xoş olmayıb. Əyyubun atası Cəbrayıl kişi də
bir dəstə həmkəndlisi ilə neft mədənlərində
işləmək üçün Bakıya gəlir, lakin
buradakı ağır iş şəraitinə dözə
bilmir və Zəngəzura qayıdır. Bir il sonra ermənilərin
başlatdığı münaqişə yenidən
alovlanır. "Qısa sürən XX əsrin" çox
qorxunc hadisələri yaşanır. Azğınlaşan ermənilər
Zəngəzurda misli görünməmiş vəhşiliklər
törədir. Birinci Dünya müharibəsində ABŞ,
İngiltərə, Rusiya və Fransa ermənilərə
verdikləri vədi yerinə yetirə bilmədiyi
üçün indi onları silahlandırıb günahsız
müsəlman türklərinin üzərinə salır. Cəllad
Andronikin başçılıq etdiyi vəhşiləşmiş
ermənilər Zəngəzuru odlara qalayır, qadın,
körpə, yaşlı, cavan demədən insanları qətl
edir. Çox az insan qaçıb canını qurtara bilir. Zəngəzurda
ermənilərin törətdiyi qanlı
qırğınları gözləri ilə görən,
ağır müsibətlər yaşayan Əyyub Abasov
yaşanan qətliamlarda bütün ailə üzvlərini,
valideynlərini və iki qardaşını, doğulduğu
el-obasını, doğma evini itirir. Əyyubun özündən
böyük bacısı Həmidə sağ qalsa da, onlar
bir-birindən ayrı düşür. "Əyyub
Naxçıvana, Həmidə isə üç həmkəndlisinin
ailəsi ilə birlikdə Qubadlıya, Saray kəndinə gəlib
çıxır. Onlar bir də 30 ildən sonra bir-birini
axtarıb tapırlar".
Zəngəzurda yaşanan faciələrdə ailəsini
itirən Əyyub Abasov, Əziz Şərifin xalası oğlu,
sonralar Naxçıvanda ailəsində
yaşadığı Əbdüləzim Rüstəmov,
dövrünün çox mükəmməl biliyə malik,
savadlı, bir neçə dil bilən şəxsiyyətlərindən
biri və Əyyubun dayısı idi. Həmçinin
Naxçıvanda böyük nüfuza malik olan Qurbanəli
Şərifzadənin qaynı, Əziz Şərifin də
dayısı idi həmin Ə.Rüstəmov. Bu barədə
Əziz Şərif yazır: "Uşaq vaxtından bizim evdə
yaşayıb, tərbiyə alan və məktəbdə
oxuyan dayım Əbdüləzim məndən 10-12 yaş
böyük olardı və ailədə mənim böyük
qardaşım kimi idi".
Mirzə Əbdüləzim Rüstəmovla (1887)
Əziz Şərifin (1895) arasında 8 yaş, Əyyub
Abasovla (1905) sonralar onu ailəsinə alan "xeyirxah
insanın" - Əbdüləzimin arasında 18 yaş fərq
vardı. Bu insanları bir-birinə bağlayan güclü
qohumluq bağı və yurd sevgisi idi.
Əbdüləzim 1887-ci ildə keçmiş Zəngəzur
qəzasının Şəki kəndində Talıb
kişinin ailəsində dünyaya göz açsa da, yeniyetməlik
və gənclik dövrü bacısının ailəsində
keçmişdi. Bacısının əri Qurbanəli Şərifzadə
evdən ayrılanda isə ənənəvi olaraq doğma
yurdlarına gedər, bir neçə ay orada
yaşayarmışlar. Hər iki ailənin, Hacı Ələsgərlə
Qızxanımın və Talıb kişi ilə Şərəfin
özləri və övladları arasında güclü
qohumluq əlaqələri ilə yanaşı, doğma yurda məhəbbət
də bir an olsun onları tərk etməmişdi. Mərhum
professor Ə.Şərif yazır ki, erməni-müsəlman
münaqişəsi zamanı doğma yurddan uzaq düşsələr
də, sonralar tez-tez ana yurdları Şükarı ziyarət
etmişlər: "Səfalı, axar-baxarlı Şəkidə
hər kəs dinc və şəriətdən uzaq,
dünyadan bixəbər, azad yaşayır, qızlar-gəlinlər
çadranın nə olduğunu bilməz, başında
yaylıq, dodağında yaşmaq dolanar, bulaqdan su
daşıyar, hana qurar, xalı toxuyar, nehrə çalxalayar,
yayda biçin biçər, daxıl döyər, yuyar,
qurudar, evin kişilərinə kömək edərdi. Bir
sözlə desək, təbii həyat sürərdi".
Əbdüləzim ilk təhsilini Şəkidə mədrəsədə
alır. Ondakı oxumaq həvəsini görən Qurbanəli
Şərifzadə Əbdüləzimi Naxçıvan şəhərinə
gətirib ikisinifli rus-Azərbaycan məktəbinə qoyur. Məktəbi
əla qiymətlərlə bitirən Əbdüləzim,
ikinci dərəcəli Naxçıvan şəhər məktəbinə
daxil olur. 1906-cı ildə təhsilini tamamlayır. Rus dilini
yüksək səviyyədə öyrənən
Əbdüləzim, imtahan verərək ibtidai məktəbdə
dərs demək hüququ qazanır. Əvvəl Cəhri
(1907), sonra Yaycı kənd məktəblərində müdir
vəzifəsində çalışır. 1913-cü ildə
Əbdüləzim Rüstəmov doğma Şəki kəndinə
müəllim təyin edilir. 1918-ci ilədək Şəkidəki
ikisinifli məktəbin müdiri vəzifəsində
çalışır. Dayısı haqqında hər zaman
yüksək fikirdə olan Ə.Şərif yazır:
"Dayım Əbdüləzim Naxçıvanda təhsilini
qurtaranda və müəllimliyə imtahan verib lazımi şəhadətnaməni
alanda öz doğma kəndinə təzəcə
açılmış məktəbin ilk müəllimi və
ilk direktoru olmuşdur. Onun təşəbbüsü ilə
Şəkidə məktəb binası tikilmişdi. Bu zaman
Şəkidə məscid də açılmış, məscidə
molla da təyin olunmuşdu".
(Ardı var)
Lütviyyə ƏSGƏRZADƏ
Filologiya elmləri doktoru, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun baş elmi işçisi
525-ci qəzet .- 2025.- 18 iyun (№103).- S.14.