"Müqəddəs
üçlük"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Gülbən Abdullayevadır.
Onunla məşhur rusiyalı rəssam Andrey Rublyovun
"Müqəddəs üçlük" ikonasından
danışmışıq.
Rəssam, ikonoqraf Andrey Rublyovun doğum tarixi və
doğulduğu yer haqqında dəqiq məlumat olmasa da, onun
Moskva yaxınlığında dünyaya gəldiyi ehtimal
edilir. Gənclik illərində monastır həyatına
qoşulub, dini və ikonoqrafik təlimlər alıb. Feofan
Qrek və Proxor Qorodetski onun yaradıcılığına təsir
göstərən əsas müəllimlərdəndir. Rəssamlıqla
yanaşı, zahidlik, dua, sükut və mənəvi təmizlənmə
Rublyovun həyatının ayrılmaz hissəsi olub. O, bir
çox rəsmini monastırlarda ibadət məqsədilə
çəkib, özünü əsərləri ilə ruhani
xidmətə həsr edib. Ən çox
yaşadığı və fəaliyyət göstərdiyi məkanlardan
biri Andronikov monastırı olub. Əsərlərində ilahi
nur, mülayimlik, sülh və sevgi motivləri var. Sərtlik
və qorxu əvəzinə mehribanlıq və
bağışlama duyulur. Xristian ilahiyyatını vizual olaraq
yüngülləşdirərək tamaşaçıya
sevgi dolu Tanrını tanıtmağa çalışır.
Onun rəng palitrası yüngül, şəffaf və mənəvi
nurla doludur. Üz ifadələri zərif, dərin və
meditativdir. Rublyovadək rus ikonaları daha sərt və
qorxuducu tanrı obrazlarında təqdim edilirdi. Rublyov isə
ilk dəfə sevən və mərhəmətli tanrı
ideyasını rənglər və simvollarla
çatdırdı. O, insanı qorxutmaq yox, şəfa vermək
və ruhi yüksəliş qazandırmaq istəyirdi. Bu, həm
də rus ikona sənətində bir inqilab idi: ilahi sənətin
ruhani missiyasına yönəlmiş dönüş nöqtəsi
idi.
- "Müqəddəs üçlük" Rublyov
yaradıcılığının hansı dövrünə
təsadüf edir?
- Bu ikona təqribən 1411-1427-ci illər arasında
çəkilib. Sözügedən dövr Rusiyanın daxili
siyasi parçalanma, monqol-tatar əsarətindən
çıxış, kilsənin birləşdirici rol
axtarışı və ruhən dirçəliş
dövrüdür. Moskva knyazlığı güclənirdi,
ancaq ölkədə hələ də sabitlik yox idi. Rublyovun əsəri
bu çətinliklər fonunda sülhə, birlik və ruhani
dirçəlişə çağırış idi. Əsər
Müqəddəs Sergi Radonejskinin şərəfinə
çəkilib. Rublyov ikonanı Sergi Radonejskinin vəfatından
sonra onun monastırında, Müqəddəs
Üçlük-Sergi Lavrasında yaradıb. Sergi Radonejski
14-cü əsrdə Rusiyada ruhani yenilənmənin və milli
birliyin simvolu idi. Onun davamçıları, xüsusilə də
Şimon monarxları, Rublyovdan Müqəddəs
Üçlük mövzusunda bir ikona yaratmağı xahiş
etdilər - bu həm Serginin ideallarına ehtiram, həm də
Tanrının üç şəxsiyyətində birliyini
simvolizə edən mənəvi rəmz olmalı idi. Rublyov bu
ikonanı çəkəndə ənənəvi pravoslav
ikonoqrafı qaydalarını qoruyur, amma onları daha
yumşaq, sevgi dolu və insanı sakitləşdirən
üsluba çevirir. Əsər taxta lövhə üzərində
yumurta temperası ilə çəkilib. Bu, o dövr
üçün standart texnikadır. Rənglərin
seçimi və işıqlandırma rublyovun mistik
duyarlığını və estetik zövqünü əks
etdirir. Əsərin əsas məqsədi yalnız dini ibadət
deyil, həm də ilahi vəhdət ideyasını xalqa
göstərmək, insan ruhunu sülhə yönəltmək,
Müqəddəs Serginin birləşdirici irsini davam etdirmək
idi. Əsər əvvəlcə Müqəddəs
Üçlük monastırında qorunurdu. 20-ci əsrdə
Tretyakov Qalereyasına köçürüldü və orada
restavrasiya olundu. Hazırda bu ikona Rusiyanın ən qiymətli
dini-sənət incisi sayılır. 1966-cı ildə rejissor Andrey
Tarkovskinin çəkdiyi "Andrey Rublyov" filmində də
bu ikona və onun yaranması önəmli yer tutur. Rublyovun
"Müqəddəs Üçlük" ikonası daxili
parçalanmanın içində birlik
çağırışı idi. Ruhani liderə ehtiram, eyni
zamanda Tanrıya olan sevginin və inamın bədii ifadəsi
idi. O, həm bir dövrün şahidi, həm də bəşəriyyətin
mənəvi dəyərinin simvoludur.
- Əsərin rəng həlli necədir?
- Gəlin hər rəngin verdiyi mesajı
ayrılıqda təhlil edək. Başlayaq səma mavisindən.
İkonada hər üç mələkdə bu rəng var,
bu isə onların ilahi təbiətini və səmavi mənşəyini
göstərir. Mavi rəng sakitlik, hüzur, ruhani dərinlik və
əbədiyyət rəmzidir. Məsihin təsviri isə daha
dərin və tünd mavi üstünlük təşkil
edir. Bu onun Tanrı olduğu qədər insan olduğunu da
vurğulayır. Qırmızı və tunc rəngi
ortadakı mələyin (İsanın) libasında var.
Qırmızı qurbanı, sevgini, qanı, xilası simvolizə
edir. İsanın insan kimi yerə enməsi və
çarmıxa çəkilməsi bu rəng vasitəsilə
çatdırılır. Sağdakı mələk
yaşıl geyimlidir. Yaşıl rəng dirilik, həyat, təbiət,
yaradılış və ruhani nəfəs simvoludur. Müqəddəs
Ruhun həyata ruh vermə funksiyası bu rənglə
simvollaşır.
Soldakı mələyin libasında qızılı və
torpaq çalarları var. Qızılı rəng: ilahi nur,
şəfəq, əzəmət, əbədi hakimiyyət və
qutsallıq rəmzidir. Bu rəngin istifadə olunması
ikonaya səmavi parlaqlıq hissi verir. Rublyov ağ və bej
tonlarını çox yumşaq şəkildə tətbiq
edir. Bu isə əsərdə sükunət və dərinlik
yaradır. Hər şey təbiidən daha ilahidir, bu da ikonaya
mistik və mənəvi hal bəxş edir. Masa isə
açıq qəhvəyidir, bu, torpağa
bağlılıq, real dünya ilə ilahi dünyanın
qovuşmasını simvolizə edir. Fon sadələşdirilmiş
və yüngül tonlarla çəkilib, məqsəd diqqəti
əsas fiqurlara yönəltməkdir. Rənglər əsərdə
çox ahəngdardır, bir-birini tamamlayır, ziddiyyət
yaratmır.
- Əsərdə gördüyümüz rənglərin
heç biri kəskin deyil. Bu, nədən irəli gəlir?
- Rublyov bununla sülh, təmizlik və Tanrının
şəfqətinə dair mesaj verir. Rənglərin bu
harmoniyası üç şəxsiyyətin birliyini Müqəddəs
Üçlüyün vəhdət içində fərqliliyini
vurğulayır. O, rəng vasitəsilə: teoloji
anlayışları vizual hala gətirir, ilahi harmoniyanı rənglərlə
hiss etdirir, tamaşaçını ruhani rahatlığa və
daxili təfəkkürə yönəldir. Bu, sadəcə
gözəllik üçün yox, sənətdə dua etmək
üsuludur.
- Kompozisiya haqqında nə deyə bilərsiniz?
- Kompozisiya dairəvi və üçbucaqlı
quruluşa əsaslanır. Bu, Üçlüyün birliyi və
bərabərliyi fikrini simvollaşdırır. Üç mələk
(Ata, Oğul, Ruh) dairə şəklində bir masanın ətrafında
oturub. Aralarındakı baxışlar, duruşlar və əl
hərəkətləri bir-birini tamamlayır və sanki onlad
səssiz ünsiyyətdədirlər.
- Mələklər kompozisiyada bərabərbucaqlı
üçbucaq formasında təsvir olunub.
- Bu, Tanrının üç şəxsiyyətində
bir vəhdət olduğunu göstərir. Sözügedən
simvol həm də Pravoslav teologiyasında Müqəddəs
Üçlük anlayışını vizual olaraq izah edir.
Fiqurların yerləşməsində isə
görürük ki, soldakı mələk - Ata - Tanrı:
sakit, şərafətli pozada, baxışları sabitdir.
Ən "uzaq" və "əbədi" kimi təsvir
olunub. Ortadakı mələk - oğul (İsa Məsih): əli
masanın üzərindəki qədəhə yönəlib
(qurbanlıq simvolu), baxışı bir az aşağı
yönəlib. Sağdakı mələk - Müqəddəs
Ruh: başını İsaya tərəf əymiş,
yumşaq baxışlı və
"canlandırıcı" bir varlıq kimidir. Masanın
ortasında bir qədəh yerləşir onun içində
qurbanlıq dana təsvir olunub. Bu, İsanın gələcəkdə
çarmıxa çəkilməsini və qurban
olmasını simvolizə edir. Masa kompozisiyanın mərkəzidir,
ətrafındakı mələklər həm fiziki, həm də
mənəvi baxımdan onun ətrafında birləşir.
- Bu əsər hazırda harada saxlanılır?
- İkona 20-ci əsrin əvvəllərində
Tretyakov Qalereyasına köçürülüb. Orada bərpa
olunmuş, mühafizə şəraitində saxlanılır
və Rusiya ikon sənətinin ən qiymətli incisi kimi sərgilənir.
Hazırda qalereyanın daimi ekspozisiyasında, xüsusi qorunan
şəraitdə nümayiş etdirilir. Əsər ilk dəfə
Müqəddəs Üçlük-Sergi Lavrasında olub. Bura
Moskva yaxınlığında yerləşən məşhur
pravoslav monastır kompleksidir. Müqəddəs Sergi
Radonejskinin şərəfinə çəkildiyi
üçün, əsər uzun illər həmin
monastırda ibadət məqsədilə saxlanılıb.
Əlavə olaraq onu da qeyd edim ki, 2023-cü ildə Rusiya
hökuməti tərəfindən qərar verilərək,
"Müqəddəs Üçlük" əsəri
müvəqqəti olaraq yenidən Troitse-Sergiyev Lavrasına
köçürüldü, lakin bu, mübahisə
yaratdı, çünki əsər çox kövrək
olduğu üçün yerinin dəyişdirilməsi riskli
idi. Buna görə də əsərin Tretyakov Qalereyasında
elmi nəzarət altında qorunmasına qərar verilib.
- "Müqəddəs üçlük"
Rublyovun digər dini motivli əsərlərindən hansı
xüsusiyyətlərinə görə fərqlənir?
- Əvvəla, qeyd edək ki, Rublyovun əsərlərində
ruhani sakitlik və sevgi var, fiqurlar sərt deyil, yumşaq,
baxışları sakit və şəfqətlidir, ikonalarda
aqressiya və qorxu yoxdur, simvolik yüklü rənglər var.
O, rəng seçimini teoloji simvolizmə əsaslanaraq edirdi məsələn:
mavi - ilahi, qızılı - nur, yaşıl - həyat. Sonra
işığın daxildən gələn effekti, rənglər
və fiqurlar sanki nur içində görünürdü, bu
da onları ilahi bir hal ilə əhatə olunmuş kimi
göstərirdi. Rəssamın hər bir əsəri sanki
sakit təfəkkür və ibadət vasitəsi idi, Rublyov sənətə
dua kimi yanaşırdı. Əsərlərində kompozisiya
harmoniyası həmişə qorunur və bərabərlik, tənzimlənmiş
məkan, vahid mərkəz olurdu.
"Müqəddəs Üçlük"də
tamamilə şiddətsiz obrazlar görürük. Heç
bir dramatizm, qorxu və ya günah ideyası yoxdur. Əksinə,
müqəddəs sükunət və vəhdət hiss olunur.
Daxili dialoq və təkzib olunmaz harmoniya Üç mələyin
baxışları, duruşları və əl hərəkətləri
ruhani bir dairə yaradır. Bu, Rublyovun digər ikonalarında
bu qədər tamamlanmış deyil. Digər ikonalar çox
vaxt şaquli və ya mərkəzə yönəlik
qurulurdusa, burada dairəvi dövr edən baxış xətti
var, izləyicini meditativ sükunətə salır. Ən
yüksək simvolik dərinlik "Müqəddəs
Üçlük"dədir. Rublyov burada rəngləri sanki
musiqi kimi düzür, kəskin kontrast yox, yalnız vəhdət
var.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Bu əsər bizə deyir ki, tanrı üç
şəxsiyyətli, amma bir mahiyyətlidir, bu vahidlik
içində fərqlilik modelidir. Sevgi və harmoniya hər
şeyin təməlidir. Ata, Oğul və Ruh arasındakı
sözsüz anlayış və sakitlik bunu
simvollaşdırır. Bu vəhdət modeli insanlar
arasında da münasibətlərin necə olmalı
olduğunu göstərir: anlayış, sakitlik,
qarşılıqlı hörmət və
bağlılıq. Əsər bizə deyir ki, əsl güc
sakitlikdədir. Bəzən həyat xaotik ola bilər, amma
içimizdəki "ilahi üçlük" ağıl,
qəlb və ruh arasında harmoniya qurulsa, insan sabit və
möhkəm qalır. Bu əsər insanı içə dönməyə,
düşünməyə və rahatlıq tapmağa
çağırır. Rənglərin
yumşaqlığı və nur effekti bizə ümid və
şəfqət hissi verir. İkon bizə deyir:
"Qaranlıq yoxdur, yalnız hələ görünməyən
işıq var". Allahın varlığı qorxu deyil, mərhəmət
və istilikdir. Masadakı qədəhdəki qurbanlıq
simvolik olaraq İsanın insanlıq uğrunda
özünü fəda etməsini göstərir. Amma bu fədakarlıq
acı və qorxudan yox, sevgi və könüllü təslimiyyətlə
təqdim olunur. Əsər bizə deyir ki, fədakarlıq
sevginin ən saf formasıdır. Ruhani dialoq səssiz, amma dərindir.
Mələklər bir-birinə baxır, amma
danışmırlar. Ruhlar danışır, bədənlər
yox. Bu onu deyir ki, həqiqi ünsiyyət sözsüz də
mümkündür: anlayış, baxış, mövcudluq bəs
edir. Dostluqda, ailədə, sevgidə də bu səssiz
ünsiyyət vacibdir. Bu ikon bizə ideal bir cəmiyyət
modeli təqdim edir. İnsanlar fərqli ola bilər
(üç şəxsiyyət), amma bir məqsədə
qulluq edəndə müdriklik və barış yaranır.
Əsər sanki insanlar arasında da müqəddəs birliyin
mümkün olduğunu göstərir, əgər qürur
yox, sevgi danışarsa. Nəticə etibarilə Rublyovun
"Müqəddəs üçlük" ikonası
Allahın qəzəb deyil, nur olduğunu, əsl gözəlliyin
sükut və harmoniya içində gizləndiyini,
varlığın sirrinin anlayış, mərhəmət və
sevgi içində olduğunuı deyir. Bu əsərə rəsm
kimi yox, dua kimi baxılır.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 18 iyun (№103).- S.13.