“Konstitusiya və
Suverenlik İli” çərçivəsində
hazırlanmış materiallar istifadəçilərə təqdim
edilib
Azərbaycan Respublikası Konstitusiyasının qəbul
edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin
5-ci ildönümü münasibətilə 2025-ci il ölkəmizdə
“Konstitusiya və Suverenlik İli” kimi qeyd edilir. Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
ölkəmizdə dövlətçilik və suverenlik dəyərlərinin
qorunması və müasir dövlət quruculuğu istiqamətində
görülən işlərin, qazanılan nailiyyətlərin
təbliği məqsədilə “Dövlətçilik və
suverenlik dəyərlərinin qorunması - müasir dövlət
quruculuğu” adlı videomaterial hazırlanıb.
Kitabxanadan 525.az-a bildirilib ki, materialda Ulu Öndər
Heydər Əliyevin ölkə daxilində siyasi sabitliyin təmin
edilməsi, kompleks xarakterli islahatların həyata
keçirilməsinə əsas yaradan qanunvericilik layihəsinin
yenidən hazırlanması istiqamətində
atdığı tarixi əhəmiyyətli addımlar, ölkədə
Konstitusiya Günün təsis edilməsi haqqında verdiyi Fərman
haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən
hazırlanan materialda müstəqillik tarixinin ən layiqli,
möhtəşəm inkişaf mərhələsi -
Şanlı Zəfər tarixindən də bəhs olunur, o
günlərin xronologiyası təqdim edilir. “Dövlətçilik
və suverenlik dəyərlərinin qorunması - müasir
dövlət quruculuğu” adlı videomaterialda Prezident
İlham Əliyevin müdrik siyasətini, məqsədyönlü
sərkərdəlik taktikasını, qələbə
sevincini əks etdirən videofraqmentlər də yer alır.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində
hazırlanan material kitabxananın rəsmi saytında
https://www.ryl.az/multimedia/dovletcilik-ve-suverenlik-deyerlerinin-qorunmasi
yerləşdirilib.
Respublika Gənclər Kitabxanasının rəsmi
saytı və sosial şəbəkə platformaları üzərindən
kitabxananın fondunda olan dövlət qanunvericilik tarixini və
Şanlı Qələbəni əks etdirən kitabların təbliğatı
işi uğurla davam etdirilir. Kitabxana daxilində daimi sərgi
kimi yaradılan “Konstitusiya və Suverenlik İli” adlı ənənəvi
kitab sərgisində də sözügedən mövzunu əhatə
edən və son illərdə çap edilən nəşrlər
sərgilənir.
525-ci qəzet .- 2025.- 18 iyun (¹103).- S.9.