Vaqif Bayatlı Odərin dörd
kitabının təqdimatı keçirilib
Beynəlxalq Muğam Mərkəzində görkəmli
şair, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı
Odərin son illər çap olunmuş dörd
kitabının təqdimatı keçirilib.
Əvvəlcə Vaqif Bayatlı Odərin
yaradıcılığına həsr olunan videoçarx
nümayiş olunub.
Gecədə çıxış edən Azərbaycan
Yazıçılar Birliyinin (AYB) Gənclər
Şurasının sədri Fərid Hüseyn qeyd edib ki, sərhədsiz
könüllər Vaqif Bayatlı Odər
yaradıcılığının dəyişməz
ünvanı olub: “Onun poeziyası oxucunun ruhuna yol tapır,
insanın iç dünyasına işıq salır. Vaqif
Bayatlı Odərin son dörd ildə dörd kitabı ərsəyə
gəlib. Bu kitablar sıfırdan yaranmayıb. Şairin illər
boyu poetik duyuma verdiyi dəyərin, diqqətin nəticəsidir.
O, bu əsərləri bir yerə toplamaq məqsədilə
deyil, hiss edib yazdığı üçün
yaratmışdı. Biz isə onun bu dəyərli
poeziyasını bir yerə toplayaraq oxucuya təqdim etdik”.
AYB-nin sədri, Xalq yazıçısı Anar Vaqif
Bayatlı Odərin yaradıcılığını yüksək
qiymətləndirdiyini söyləyib. “Mənim təsəvvürümdə
o, hələ Vaqif Cəbrayılzadə imzası ilə
yazdığı şeirlərlə qalıb. Onun poetik
dünyası duyğulu və dərin mənası ilə zəngindir.
Ulduzlar, uşaqlar və dünyanın saflığı barədə
yazdığı lirik şeirlərlə yanaşı, cəmiyyətin
ağrı-acılarını əks etdirən sərt ictimai
mövzulu şeirləri də var. Bu, onun poetik diapazonunun
genişliyindən xəbər verir”,- deyə Azərbaycan
Yazıçılar Birliyinin sədri əlavə edib.
Xalq yazıçısı Kamal Abdulla Vaqif Bayat Odərlə
onu 45 illik bir dostluğun bağladığını deyib:
“Biz ötən əsrin 80-ci illərdən tanışıq.
O dövrdən bu günə qədər onu müşahidə
edirəm və inamla deyə bilərəm ki, Vaqif şeirlərini
gah qışqıraraq, gah da pıçıldayaraq söyləyir.
O, son dərəcə geniş ürəyə, həssas ruh
halına sahib biridir. Məncə, Vaqif metafizik bir şairdir.
Onun heç bir şeirində iki üstəgəl iki bərabərdir
dörd olmur, nəticə, həmişə fərqli olur. Onun
yaratdığı poetik obrazlar Azərbaycanın ədəbiyyatında
unudulmaz, dərin fəlsəfi qatlara malikdir”.
Digər çıxışçılar da Vaqif
Bayatlı Odərin yaradıcılığına nəzər
salaraq, onun poeziyasının qəlbimizdəki dərin izlərindən,
mənəviyyat və fəlsəfə dolu düşüncələrdən
yoğrulduğunu vurğulayıblar.
Daha sonra şairin həyat və
yaradıcılığına həsr olunan “Ölənədək
sevmək azdır” adlı konsert proqramı nümayiş
olunub. Konsertdə şairin poetik dünyasına həsr
olunmuş musiqi nömrələri və şeirləri səsləndirilib.
Tədbirin sonunda qonaqlara Vaqif Bayatlı Odərin ədəbi
irsini əks etdirən “Türkün şərəfli
oğlu”, “Göyüzünə yazılanlar”,
“Göyüzüylə söhbətlər” və “Vaqif
Bayatlı Odər- Biblioqrafiya” adlı kitabları təqdim
olunub.
525-ci qəzet .- 2025.- 18 iyun (¹103).- S.9.