“Aşıqlar Qərbi
Azərbaycanı tərənnüm edir” adlı layihənin
icrasına başlanılıb
“Ozan Dünyası” Aşıq
Yaradıcılığının Təbliği İctimai
Birliyində “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm
edir” adlı layihənin icrasına başlanılıb.
Bu barədə AzərTAC-a məlumat verən birliyinin
sədri, Əməkdar mədəniyyət işçisi Musa
Nəbioğlu bildirib ki, layihənin həyata keçirilməsində
əsas məqsəd Qərbi Azərbaycana qayıdış
konsepsiyasına dəstək olmaqdır. Layihədə nəzərdə
tutulan məqsədə çatmaq üçün əsasən
Qərbi Azərbaycanda və eləcə də digər
bölgələrdə yaşayıb-yaratmış
aşıqların poetik yaradıcılığından
seçmələrdən – Qərbi Azərbaycandakı
yer-yurd adlarını, bu qədim torpaqlarımızda
yaşamış soydaşlarımıza qarşı
zaman-zaman ermənilərin törətdikləri vəhşilikləri
əks etdirən şeirlərdən ibarət kitab
hazırlamaqla Qərbi Azərbaycandakı tarixi
yurdlarımızın aşıqların
sazında-sözündə yaşadığını diqqət
önünə gətirməkdir.
M.Nəbioğlu, həmçinin əlavə edib ki,
layihənin həyata keçirilməsində əsasən Qərbi
Azərbaycan aşıqları və onların poetik
yaradıcılığında bu bölgənin mövzusuna
üstünlük veriləcəkdir. Bu da onunla
bağlıdır ki, bu qədim torpaqlarımızda
yaşamış soydaşlarımız zaman-zaman erməni
vandallarının vəhşilikləri ilə üzləşib,
soyqırımı və qırğınlara məruz
qalıb, öz dədə-baba yurdlarını tərk etməyə
məcburi olublar. Onların şeirlərində ermənilərin
törətdikləri vəhşiliklər öz əksini
tapır, eyni zamanda bu şeirlər qədim yer-yurd
adlarının öyrənilməsi və
yaşadılması baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, layihə Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata
keçirilir.
525-ci qəzet .- 2025.- 18 iyun (¹103).- S.9.