Dövrümüzün zərif inqilabı
“Dairəvi
iqtisadiyyat” mövzusunda yeni kitab təqdim olunub
Müasir iqtisadiyyatın prioritet istiqamətlərindən
olan “Dairəvi iqtisadiyyat” mövzusunu əhatə edən yeni
kitab Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95
illik yubileyi münasibətilə keçirilən
İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların
VII Beynəlxalq Elmi Konfransı çərçivəsində
nəşr olunub.
525.az xəbər verir ki, kitabın təqdimatını
müəlliflərdən biri – UNEC-in Beynəlxalq Magistratura və
Doktorantura Mərkəzinin “İqtisadiyyat”, “Statistika” və “Sənayenin
təşkili və idarə olunması” ixtisasları üzrə
proqram rəhbəri, “İqtisadi və Texnoloji Elmlər”
kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə
doktoru Səkinə Babaşova iyunun 12-də konfrans çərçivəsində
keçirilmiş kitab sərgisində təqdim edib. Qeyd edək
ki, Səkinə Babaşova doktorantura təhsilini Türkiyənin
Dokuz Eylül Universitetində uğurla başa vuraraq bu elmi dərəcəni
əldə etmişdir və elmi fəaliyyətini beynəlxalq
akademik platformalarda da davam etdirmişdir.
Təqdimat zamanı Səkinə Babaşova bildirib ki,
dünyada uzun illərdir üstünlük təşkil edən
“istehsal et, istifadə et, at” prinsipi artıq nə təbiət,
nə də iqtisadi sistem üçün dayanıqlı
deyil. Resursların sürətlə tükənməsi,
tullantıların artması və ətraf mühitin
çirklənməsi davamlı inkişafa ciddi təhlükə
yaradır. Dairəvi iqtisadiyyat isə bu
çağırışlara cavab verən alternativ
yanaşmadır. O, “istifadə et, yenilə, təkrar istehsal
et” prinsiplərinə əsaslanaraq, resurslardan
ağıllı və effektiv istifadəyə, tullantıların
minimuma endirilməsinə və dəyərin sistem daxilində
daha uzun müddət qorunub saxlanılmasına yönəlmişdir.
“Bu baxımdan, tərəfimizdən ərsəyə
gələn “Dairəvi iqtisadiyyat” kitabında mövzu həm
nəzəri, həm də praktik aspektdən
araşdırılmış, beynəlxalq təcrübələr,
uğurlu ölkə modelləri və Azərbaycan
üçün tövsiyələr təqdim olunmuşdur”, –
deyə Səkinə Babaşova vurğulayıb.
O, həmçinin qeyd edib ki, nəşr ümumilikdə
9 əsas bölmədən ibarətdir. Burada dairəvi
iqtisadiyyatın konseptual əsasları ilə yanaşı
resursların idarə olunması, eko-innovasiyalar, iqlim dəyişikliyi,
məhsulun xidmətə çevrilməsi, təkrar emal
mexanizmləri, sosial ədalət və inklüzivlik, eləcə
də qlobal siyasətlərin təsiri geniş şəkildə
təhlil olunub.
Kitabın yalnız tələbələr və tədqiqatçılar
üçün deyil, dövlət siyasətini
formalaşdıran qərarvericilər üçün də
faydalı olacağına inandığını bildirən
Babaşova, nəşrin ölkəmizdə davamlı və
ağıllı iqtisadiyyatın
formalaşdırılmasına töhfə verəcəyinə
əminliyini ifadə edib.
Bu gün, 15 iyun – Milli Qurtuluş Günümüzdə
Ulu Öndər Heydər Əliyevi həm də müasir Azərbaycanımızın
iqtisadi inkişaf strategiyasının banisi olaraq anırıq
və bu işıqda qələmə aldığımız
bu kitabı onun bizə açdığı yolda, əmin
addımlarla yüksəldiyimizin təzahürü kimi qiymətləndirmək
olar.
525-ci qəzet .- 2025.- 18 iyun (¹103).- S.8.