Qısa sürən XX əsr və ya adının taleyini yaşayan Əyyub Abasov

 

(Əvvəli ötən sayımızda)

 

Ermənilərin başlatdığı münaqişə təkrar güclənəndə Əbdüləzim  Rüstəmov Şəkidə məktəb direktoru vəzifəsində çalışırdı. Gündən-günə kəskinləşən qırğınların iştirakçısı idi və münaqişədə doğmalarını faciəli şəkildə itirən Əyyuba isti ocaq bəxş etmiş, onun gələcək həyatının elmə, maarif və mətbuata istiqamətlənməsində önəmli rol oynamışdı.

Qeyd edim ki, Əbdüləzim Rüstəmovun oğlu Rüstəm Rüstəmov, nəvəsi Keykavus Rüstəmov onun yolunu şərəflə davam etdirib. Məktəb tədris işini çox gözəl bilən, uzun illər Maarif Nazirliyində işləyən oğlu Rüstəm Rüstəmov 2000-ci ildə Azərbaycanın Əməkdar müəllimi adına layiq görülüb.

Dövrünün görkəmli şəxsiyyətlərindən olan Əbdüləzim Rüstəmov, eyni zamanda çox humanist insan olub, darda olan insanlara əl uzadıb. Q.Şərifzadənin bacısı Şahbəyimin və Mir Heydər Nəsirbəyovun qızı Fatma (Matan xanım) xanımla evlənməklə ailəni sürgündən xilas etmiş, yeniyetmə Əyyuba atalıq qayğısı göstərmişdi. Bütövlükdə, ömrünü xalqın maariflənməsi uğrunda mübarizəyə sərf etmiş, Naxçıvanın siyasi həyatında önəmli rol oynamış, Naxçıvanın və Zəngəzurun erməni daşnaklarından müdafiəsində mühüm xidmətləri göstərmiş (1918-1920), Naxçıvanın Azərbaycanın tərkibində qalması uğrunda mübarizə aparmışdı. Məlum tarixi hadisələr baş verəndə bolşevik ordusunun Zəngəzura gəldiyini eşidən Naxçıvan ziyalıları onlarla danışmaq üçün bir heyət hazırlayıb və Ə.Rüstəmov da həmin heyətdə yer alıb, Naxçıvan MR-nın ilk Maarif Komissarı olub.

Bir haşiyə çıxaraq tarixə ekskurs edək. Bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra əsas məqsədi Azərbaycanda, o cümlədən  Naxçıvanda sosialist ideologiyasına sahib olan, sovet rejiminə və mövcud quruluşa sədaqətli yeni gənc nəslin yetişdirilməsi, keçmiş SSRİ-nin iqtisadi mənafeyinə  cavab verən kadrların hazırlanması idi. Əhalinin kütləvi şəkildə savadsız olduğunu iddia edən sovet hakimiyyət strukturları Azərbaycanı "başdan-başa savadsızlar ölkəsi"  adlandırıraq savadsızlıqla mübarizə aparmaq üçün sözdən əməli işə keçdi, genişmiqyaslı tədbirlər həyata keçirilməyə başlanmışdı. Bu tədbirlərin həyata keçirilməsi üçün "10 oktyabr 1920-ci ildə Naxçıvan İnqlab Komitəsinin müxtəlif şöbələri ilə yanaşı, Xalq Maarif Şöbəsinin də təsis edilməsi qərara  alınır və Əbdüləzim Rüstəmov Naxçıvan Xalq Maarif Şöbəsinin müdiri təyin olunur. Müəllimlərin səfərbər olunması, məktəblərin  açılması və gecə kurslarının təşkili işi ona tapşırılır. 1921-ci ildə Xalq Maarif Şöbəsi Naxçıvan SSR Xalq Maarif Komissarlığına çevrilir və Əbdüləzim Rüstəmov Naxçıvan Muxtar Respublikasının ilk maarif komissarı seçilir. Ə.Rüstəmov ona göstərilən bu etimadı ləyaqətlə doğruldur, müəllimləri yeni tipli məktəblərdə dərs demək üçün səfərbərliyə alır, gecə kursları təşkil edir, bir sözlə, bir fədai olaraq o dövrdə gənc nəslin savadlanmasında əlindən gələni əsirgəmir. Naxçıvanda ilk seminariyanın açılmasında böyük xidmətləri var. M.Ə.Rüstəmov 1922-ci il 28 avqustda Naxçıvan respublika müəllimlərinin I Qurultayında Naxçıvanda seminariyanın açılmasının vacibliyi haqqında məruzə edir. Üç gün davam edən bu qurultayda geniş müzakirələrdən sonra seminariyanın yaradılması qərara alınır. Yaradılan seminariyaya ilk direktor Xəlil ağa Hacılarov, müavin isə Əbdüləzim Rüstəmov təyin edilir. Təəssüf ki, repressiyanın küləyi gənc nəslin maariflənməsində böyük xidmətləri olan Əbdüləzim Rüstəmovdan da  yan keçmir. 24 iyun 1941-ci ildə Əbdüləzim Rüstəmov həbs olunur. "Sovet hökumətinin əleyhinə təbliğat aparmaqda və Türkiyəyə casusluq etməkdə ittiham olunur. Məhkəməsi qapalı keçir. İttihamları qəbul etməsə də, Naxçıvan Ali Məhkəməsinin qərarı ilə Ə.Rüstəmova 8 il həbs cəzası verilir, 4 il səsvermədən məhrum edilir. Bir müddət Bayıl həbsxanasında saxlandıqdan sonra Gədəbəyin mis mədənlərində işləməyə göndərilir. Sürgün müddəti bitdikdən sonra Naxçıvana qayıdan Əbdüləzim Rüstəmov 66 yaşında, 1953-cü ildə vəfat edir. Ona ölümündən çox illər sonra 1991-ci ildə bəraət verilir".

Zəngəzurda bütün ailəsini itirən və sanki möcüzə nəticəsində sağ qalan gələcək yazıçı, şair, dramaturq Əyyub Abasov da Naxçıvanda belə mərd, mübariz və şərəfli bir şəxsiyyətin, "xeyirxah insan"ın, dayısı Əbdüləzim Rüstəmovun ailəsində yaşamış, təhsil almış və Naxçıvan Xalq Maarif Komissarlığında əmək fəaliyyətinə başlamışdı. Beləliklə, Əbdüləzim Rüstəmov Zəngəzurda bütün ailə üzvlərini itirən yeniyetmə Əyyub Abasovun dayısı, Əziz Şərifin "Naxçıvan şəhərində, istərsə də Şükar və Şəki kəndlərindəki çoxüzvlü tayfası"nın bir üzvü olmuş, onlar erməni-müsəlman münaqişələri nəticəsində doğma yurddan çıxmaq məcburiyyətində qalsalar da, ömürlərinin axırına qədər yurd və qohumluq bağlarını qoruyub saxlamışlar.

Ə.Abasov Naxçıvanda Pedaqoji Texnikumda təhsil almış, texnikumu bitirdikdən sonra, təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APİ) dil-ədəbiyyat fakültəsində davam etdirmişdi. 1930-cu ildə ali təhsilini bitirib məzunu olduğu Naxçıvan Pedaqoji Texnikumunda müəllim işləmiş, həm təhsildə, həm vəzifədə yüksəlmiş, Naxçıvan Vilayəti Xalq Maarif şöbəsinin (1931) və  Rayon Maarif Şöbəsinin müdiri (1932-33) vəzifələrində çalışmışdı.

Bədii yaradıcılıqla da məşğul olan Ə.Abasov Bakıya getdikdən sonra 1921-ci ildən Naxçıvanda nəşrə başlayan "Şərq qapısı" qəzeti ilə başlayan mətbuatla əməkdaşlığını "Kommunist" qəzeti redaksiyasında davam etdirib (1933-34).

Sankt-Peterburqda redaktorluq və tərcüməçilik təhsili alıb (1934-37), Sankt-Peterburqdan döndükdən sonra 1937-39-cu illərdə Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri Komitəsində (1939-41), MK-da təlimatçı (1943-47) işləyib. Bakıda Teatr məktəbinin direktoru (1947-48), Uşaq və Gənclər nəşriyyatının şöbə müdiri (1949-57) vəzifələrində çalışıb. Müxtəlif vəzifələrdə işləməklə yanaşı, yaradıcılıqdan da qalmayıb, Bakıda "Günəşli yollar" (1938), "Sərhəddə" (1939) adlı şeir kitablarını çap etdirib.

Bu illərdə o, milliyyətcə tatar olan Kəmilə xanım Abeydulla qızı ilə evlənib. Əyyub Abasov Kamilə xanımla onun bacısı Xədicə xanımın həyat yoldaşı, əslən Naxçıvandan olan Tağı Axundovun vasitəsi ilə tanış olub. Bir gün dostu Tağı Axundovun yanına gələn Əyyub Abasovun burada Kamilə xanımla tanışlığı yaranır, bu tanışlıq ciddi münasibətə çevrilir və onlar evlənirlər. Kamilə xanım evləndikdən sonra çalışmayıb, uşaqlarının, sonralar nəvələrinin təlim-tərbiyəsi ilə məşğul olub, şərəfli analıq və nənəlik missiyasına xidmət edib. Nümunəvi həyat yoldaşı, gözəl ana və diqqətli nənə olan bu ləyaqətli xanım 1987-ci ildə dünyasını dəyişib.

İkinci Dünya müharibəsi başlayanda Əyyub Abasov cəbhəyə gedib, Sevastopol cəbhəsində vuruşub. Bacısı Xədicə xanım Kamiləyə həyatlarını asanlaşdırmaq üçün onlarla yaşamağı təklif edib. Xədicə xanım Xaçmazda yaşayırdı. Bu zaman qızı Güllərə hamilə olan Kamilə xanım xalasının təklifini qəbul edib, 3 yaşlı qızı Zemfira ilə Xaçmaza gələrək onlarla yaşayıb.

Əyyub Abasov yaralandığı üçün cəbhədən qayıtdıqdan sonra ailəsi ilə Bakıya gəlib.

Yaradıcılığa davam edən Ə.Abasovun bir-birinin ardınca "Könül dəftəri" (1947), "Vətən suları" (1949), "Pyeslər" (1950), "Nailə" (1951), "Qırmızı bayraqlı gəmi" (1952), "Ağ çadırlar" (1955) kitabları nəşr olunub.

Beləliklə, məlum olur ki, cəmi 52 il yaşayan Əyyub Abasovun ömür yolunun 15 ili Zəngəzur, 10-14 ili Naxçıvan, 23 ili paytaxt Bakı ilə bağlıdır. Və Zəngəzurda bütün ailəsini itirən yazıçı, şair, dramaturq, Əməkdar incəsənət xadimi Əyyub Abasovu elm, təhsil və ədəbiyyat yoluna uğurlayan dayısı Əbdüləzim Rüstəmov olub. O həm əmək (Naxçıvan Xalq Maarif Komissarlığı), həm də yaradıcılıq fəaliyyətinə Naxçıvanda başlayıb, ilk dərc olunduğu mətbuat əsrin ikinci onilliyində Naxçıvanda nəşrə başlayan "Şərq qapısı" qəzeti olub. həyatının çox hissəsi sərt ideologiyanın hökm sürdüyü sovet hakimiyyəti illərinə düşüb. Bütün bunlar sözsüz ki, onun yaradıcılığına da təsir etmişdi. Qəzetdə yayımlanan, dəyişən dünyanın, sovet ideologiyasının nəfəsi, ruhu çökmüş materiallarda bunu hiss etmək o qədər də çətin deyil. Bunu Ə.Abasovun ilk qələm təcrübələrinin çap olunduğu, "Şərq qapısı" qəzetində aydın izləmək mümkündür.

"Şərq qapısı" qəzeti ilə (1921) regionda mətbuatın əsasını qoymaqla yanaşı, eyni zamanda Naxçıvanda ədəbi mühitin inkişafına səbəb olmuş, isdedad sahiblərinin öz yaradıcılıqlarını qəzet vasitəsilə daha geniş kütlələrə çatdırmasına, özlərini təqdim etmələrinə şərait yaratmışdı. Bu zaman Əyyub Abbasov, Əvəz Sadıq, Müzəffər Nəsirli, Əkbər Məftun və başqa yazıçılar böyük ehtirasla ədəbi-siyasi mübarizə meydanına atılmış, ədəbi qüvvələr Naxçıvan mətbuatının ağırlığını  (1920-30-cu illər) öz üzərinə almışdı.

Mətbuatı inkişaf etdirmək üçün əvvəlcə ədəbi qüvvələri səfərbər etmək, onları cəmiyyət halında birləşdirmək və onları təkmilləşdirmək tələb olunurdu. Bu tələbləri həll etmək üçün bütün qüvvələr səfərbər oldu. Bakıda yaradılmış "Qızıl qələm" cəmiyyətinin səsinə ədəbi gənclik Naxçıvanda da səs verdi. PK(b)P MK-nın "Bədii ədəbiyyat sahəsində partiyanın siyasəti haqqında" 18 iyul 1925-ci il tarixli qətnaməsi Naxçıvanda da ədəbiyyat və incəsənət işinin təşkil edilməsində böyük rol oynadı. Qəzetdə "Ədəbiyyat səhifəsi" və "Gənclik səhifəsi" yer almağa başladı. Az sonra Naxçıvan Xalq Maarif Komissarlığı yanında "1926-cı ildə Əvəz Sadıq, Abbas Gülməmmədov, Əyyub Abbasov, Məşdi Babayevin təşəbbüsu ilə Naxçıvan komsomol klubu yanında "Gənc qələmlər" ədəbiyyat dərnəyi təşkil olundu (Axundlu) və gənc qələmlər dərnəyin ətrafına toplaşdı. "Gənc qələmlər" dərnəyi və paralel olaraq  "Şərq qapısı" qəzeti ədəbi gəncliyin inkişafında müstəsna rol oynadı. "Şərq qapısı" qəzetinin fəal əməkdaşlarından biri də Əyyub Abasov idi.

O illərdə təbliğat və təşviqat məqsədi ilə paytaxtdan respublikaya tez-tez rəsmi şəxslər gəlir, iclaslar keçirilir, mərkəzi komitənin ədəbiyyat sahəsindəki siyasəti haqqında şair və yazıçılar məlumatlandırılırdı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul işçisi Ağahüseyn Rəsulov bu məqsədlə 1927-ci ildə Naxçıvanda olmuş, ziyalılarla görüş və iclas keçirmişdi. Nəticədə, 1928-ci ildə Naxçıvanda "Qızıl qələmlər" Ədəbi Birliyi yaradılmış, birliyin rəhbəri Əyyub Abbasov seçilmişdi. "Şərq qapısı" qəzetinin redaktoru Abbas Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Xalq Maarif Komissarı Vahab Həsənzadə, Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin sədri Məşdi Babayev, gənclərdən Əyyub Abasov, Müzəffər Nəsirli, Əsgər Kəngərli, Nemət Hüseynov, Səkinə Rzalıdan ibarət rəyasət heyəti yaradılmışdır. Beləliklə, yeni ədəbiyyat uğrunda gedən mübarizənin mərkəzinin təməli qoyulmuşdu.

"Qızıl qələmlər" cəmiyyətinin fəaliyyət dairəsi get-gedə genişlənirdi. Bir mərkəzdə birləşən və ideologiyanın canlı təbliğat maşınına çevrilən gənc qələmlər "yeni"ni böyük bir coşqu ilə tərənnüm edir, ədəbi mühitdə bir canlanma hiss olunurdu. "Qızıl qələmlər" cəmiyyətinin təşəbbüsu ilə Naxçıvan şəhər komsomol klubunda tez-tez ədəbi gecələr və mühazirələr təşkil edilirdi. "Şərq qapısı" qəzetində "Ədəbiyyat səhifəsi" təqdim olunur, gənclər burada yeni şeir və hekayələrini çap etdirirdilər. Birliyin təşəbbüsu ilə Naxçıvan şəhər komsomol klubunda tez-tez ədəbi gecələr və mühazirələr təşkil olunurdu. Bu dövrdə Ə.Abasovun xalası oğlu Əziz Şərif də maraqlı yazıları ilə diqqəti cəlb edirdi.

 

(Ardı var)

Lütviyyə ƏSGƏRZADƏ

Filologiya elmləri doktoru,

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi

525-ci qəzet .- 2025.- 19 iyun (¹104).- S.15.