Əcəmi Naxçıvaninin
sözsüz poeması - Möminə xatun türbəsi
Bu gün sizinlə Azərbaycan xalqının tarixi
yaddaşında və mədəni kimliyində mühüm
yer tutan, əsrlərin sınağından çıxaraq
günümüzə qədər gəlib çatmış
möhtəşəm bir abidə - Möminə xatun türbəsi
haqqında danışmaq istəyirəm. Bu türbə sadəcə
memarlıq nümunəsi deyil, bütöv bir xalqın estetik
düşüncəsinin, mənəvi dəyərlərinin,
dövlətçilik ənənələrinin və
qadına göstərdiyi ehtiramın daşlaşmış təcəssümüdür.
XII əsrin parlaq sənətkarı Əcəmi
Naxçıvani tərəfindən ucaldılmış bu
türbə təkcə Naxçıvanın deyil,
bütün Azərbaycanın fəxri, İslam
memarlığı tarixində isə nadir incilərdən
biridir. O dövrdə qadın adına belə bir abidənin
tikilməsi, həm cəmiyyətin mədəni səviyyəsini,
həm də qadının ailədə və dövlətdə
tutduğu yüksək mövqeyi açıq şəkildə
əks etdirir. Möminə xatun türbəsi həm də
Şərq memarlığının zirvələrindən
biri olaraq, elmi-estetik həlləri, yazı kompozisiyaları və
zərif ornamentləri ilə minillərin dərinliyindən
bu günə səslənən mədəniyyət
çağırışıdır.
Möminə xatun türbəsi bizim tariximizin canlı
yaddaşıdır. Bu abidə sadəcə memarlıq əsəri
deyil, xalqımızın estetik
dünyagörüşünün, zövqünün və mənəviyyatının
simvoludur. Əcəmi Naxçıvani kimi dahi bir sənətkarın
yaratdığı bu monumental tikili, yüzillər boyu azərbaycanlıların
kimliyini, zövqünü, sənətə münasibətini
təcəssüm etdirib.
Bu abidənin özəlliyi ondadır ki, o, qadına -
anaya həsr olunub. Azərbaycan mədəniyyətində
qadına hörmətin, ehtiramın ən uca simvoludur bu
türbə. XII əsrdə bu cür nadir sənət əsərinin
qadın adına tikilməsi xalqımızın qadına necə
bir mövqedə yanaşdığını açıq
şəkildə göstərir.
Möminə xatun təkcə bir tarixi şəxsiyyət
deyil, Azərbaycan qadınının düşüncə dərinliyinin,
ailəyə və dövlətə verdiyi töhfənin
obrazıdır. Və həmin obraz bu gün də bizim həyatımızda
yaşayır, yaşadılır.
Bu türbə Naxçıvanın mədəni
simasıdır. O, yalnız bir memarlıq abidəsi deyil, həm
də Azərbaycan memarlıq məktəbinin beşiyi hesab
olunur. Onun memarlıq dili çox danışır - həm
estetik gözəllikdən, həm də dərin fəlsəfədən.
Əcəmi Naxçıvani bu əsərdə
yalnız daşlarla danışmayıb - o, sözləri,
fikirləri, hissləri daşlara həkk edib. Oradakı
yazılar, naxışlar, ölçülər - hər biri
bir hikmət daşıyır. Ona görə də bu türbə
həm göz, həm də ruh üçün tikilib.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Möminə xatun türbəsinin bərpası
və konservasiyası ilə bağlı imzaladığı
Sərəncam bu abidənin yalnız daş divarlarını
deyil, mənəvi məzmununu da yenidən
işıqlandırır. Bu sərəncam, əslində,
dövlətin tarixə və mədəniyyətə
münasibətini, keçmişə verdiyi dəyəri və
gələcəyə olan məsuliyyət hissini əks etdirir.
Dövlət başçısının bu qərarı mədəniyyət
sahəsində sistemli və ardıcıl siyasətin
davamı olaraq milli yaddaşımızın təmiri,
kimliyimizin möhkəmləndirilməsi baxımından son dərəcə
önəmlidir. Sərəncamda türbənin yalnız fiziki
deyil, həm də tarixi və estetik baxımdan orijinal vəziyyətinə
qaytarılması, elmi əsaslarla bərpası və
memarlıq üslubunun qorunması önə çəkilir.
Bu isə o deməkdir ki, Azərbaycan dövləti tarixi abidələrə
yalnız texniki yanaşmır - bu, bir mədəni strategiya,
milli ideologiyanın tərkib hissəsidir.
Möminə xatun türbəsinin bərpası təkcə
keçmişə ehtiram deyil, həm də gələcəyin
quruculuğudur. Çünki tarixini tanımayan xalq
sabahını müəyyən edə bilməz. Bu abidə
bizim keçmişimizə bir güzgü, gələcəyimizə
isə bir yol xəritəsidir. Onun bərpası milli ruhun bərpasıdır,
yaddaşın təzələnməsidir, şüurun
oyanışıdır. Burada söhbət sadəcə
memarlıq nümunəsindən deyil, xalqın ruhuna
hopmuş, onun kimliyini formalaşdırmış bir simvoldan
gedir. Möminə xatun türbəsi bizi biz edən əsas
sütunlardan biridir - o sütun ki, əsrlər boyu zamanın
tufanlarına tab gətirib, bu gün də əzəmətini
qoruyur. Bu abidənin qorunması və gələcək nəsillərə
ötürülməsi isə bizim üzərimizə
düşən tarixi və vətəndaşlıq borcudur.
Sərəncamın imzalanması həm də o deməkdir
ki, dövlətimizin mədəni prioritetləri yalnız
paytaxtla məhdudlaşmır. Azərbaycanın bütün
bölgələri, xüsusən də qədim
Naxçıvan diyarı bu siyasətdə xüsusi yer tutur.
Bu abidə yalnız regionun deyil, bütöv millətin mədəni
sərvətidir. Bu qərarla dövlətin diqqəti bir daha
mərkəzdən kənarda yerləşən, amma mədəni
dəyərinə görə mərkəzdə dayanan irsimizə
yönəlmişdir. Möminə xatun türbəsinin bərpası
həm də Naxçıvanın tarixi simasının və
mədəni cazibəsinin gücləndirilməsinə xidmət
edəcək, turizm potensialını artıracaq, eyni zamanda gənclərdə
tarixi abidələrə münasibətdə vətənpərvərlik
və qoruyuculuq hissini gücləndirəcək.
Əslində, belə qərarlar millətin öz dəyərlərinə,
yaddaşına, mədəniyyətinə verdiyi qiymətin
dövlət səviyyəsində ifadəsidir. Prezidentin bu sərəncamı
təkcə bir sənəd deyil - bu, milli ruhun, mədəni
iradənin, strateji baxışın təzahürüdür.
Sərəncamla bizə bir daha xatırladılır: tarixi
yaşatmaq dövlətin və xalqın birgə vəzifəsidir.
Möminə xatun türbəsi bu baxımdan həm mədəniyyət
obyektidir, həm də milli-vətəndaşlıq tərbiyəsinin
canlı məkanıdır. Burada dayanan hər bir insan, istər
azərbaycanlı, istər əcnəbi, bu xalqın zəngin
tarixi, yüksək estetik duyumu və qadına verdiyi dəyər
qarşısında heyran qalır. Bu abidəyə baxan hər
kəsə mesaj verilir: Azərbaycan xalqı böyük mədəniyyətin
daşıyıcısıdır və bu mədəniyyəti
yaşatmaq üçün əzmlidir.
Bu gün biz təkcə keçmişi
xatırlamırıq, eyni zamanda o keçmişi gələcəyə
daşıyırıq. Möminə xatun türbəsi bu mənada
bir körpüdür - tarixlə gələcəyimizi birləşdirən
mənəvi körpü.
Uşaqlarımız bu türbəni görməlidir.
Gənclərimiz bu sənət incisinin qarşısında
dayanıb düşünməlidir: "Biz kimik? Haradan gəlmişik?"
Çünki tariximizi anlamaq gələcəyimizi
düzgün qurmağın yeganə yoludur.
Burada dayanıb bu türbəyə baxan istənilən
insan, istər yerli, istərsə də xarici, Azərbaycan mədəniyyətinin
dərinliyini və qədimliyini hiss edə bilir. O abidə
susur, amma eyni zamanda min illərin səsini danışır.
Bu gün abidənin yenidən
işıqlandırılması, ona yeni nəfəs verilməsi
milli qürurumuzun, mədəni özünüdərkin
nümunəsidir. Hər bir millət öz yaddaşına
sahiblənməlidir və bu türbə bizim yaddaş
kitabımızın ilk səhifələrindəndir.
Bu abidəyə baxmaq bir tarix dərsini canlı şəkildə
yaşamaq kimidir. Biz tarixə ancaq kitablarda deyil, belə
daşlarda da rast gəlirik. Və bu daşlar
danışır, sadəcə qulaq vermək lazımdır.
Möminə xatun türbəsi eyni zamanda ümumbəşəri
bir abidədir. Bu gün UNESCO səviyyəsində tanınan
memarlıq nümunələri sırasında yer almağa
layiq bir sənət əsəridir. O, Şərq
memarlığının fəxridir.
Biz Naxçıvanda təkcə bir region deyil,
bütöv Azərbaycan mədəniyyətinin köklərini
görürük. Bu türbə də o köklərin
yeraltından çıxmış, daşlaşmış
halıdır. Əgər biz bu abidəyə sahibləniriksə,
deməli, köklərimizi tanıyırıq. Və bu sahiblənmək
sadəcə fiziki təmir deyil - bu, bir milli şüur məsələsidir.
Bu abidə bizə deyir: "Mən buradayam. Məni
unutmayın. Mən sizin keçmişinizəm. Və siz
keçmişinizi unutmasanız, gələcəyiniz də
parlaq olacaq". Bu türbənin qorunması bizim mədəni
suverenliyimizin ifadəsidir. Dünya dəyişə bilər,
dövrlər ötüb keçə bilər, amma Möminə
xatun türbəsi kimi abidələr millətin ruhunu
daşıyır. Hər bir insanın şəxsi
yaddaşı olduğu kimi, hər bir xalqın da tarixi
yaddaşı var. Möminə xatun türbəsi bizim kollektiv
yaddaşımızın daşlaşmış
simasıdır.
Bu gün onun yenidən diqqət mərkəzinə
çəkilməsi onu göstərir ki, Azərbaycan
xalqı tarixə laqeyd deyil. Biz mədəniyyətimizi
sevirik, tarixi unutmuruq, abidələrimizi yaşadırıq.
Sonda demək istəyirəm ki, Möminə xatun
türbəsinin bərpası dövlətin mədəniyyət
siyasətində bir dönüş nöqtəsi deyil,
davamlı inkişafın, ardıcıl yanaşmanın təzahürüdür.
Bu qərar hər bir vətəndaşı tarixə sahiblənməyə,
dəyərləri qorumağa, mədəni irsi gələcəyə
ötürməyə çağırır. Gəlin, bu
çağırışa səs verək. Gəlin,
tariximizin bu parlaq simasını birgə yaşadaq -
yaddaşımızda, qürurumuzda və gələcək
planlarımızda. Ona görə də bu türbə, bu abidə
bizim üçün müqəddəsdir. Çünki o,
sadəcə keçmişin deyil, gələcəyin də
açarıdır. Və inanırıq ki, Möminə
xatun türbəsi gələcəkdə də həm milli, həm
də beynəlxalq səviyyədə böyük maraq
doğuracaq. Bu maraq isə Azərbaycan
mədəniyyətinin və tarixinin gələcək nəsillərə,
regiona və bütün dünyaya verdiyi güclü,
ilhamverici mesajdır.
Zenfira SEYİDOVA
Naxçıvan Dövlət Universitetinin baş
müəllimi,
Naxçıvan Muxtar
Respublikasının əməkdar mədəniyyət
işçisi
525-ci qəzet .- 2025.- 19 iyun (№104).- S.14.