Məni
darıxdıran kitab
MİRMEHDİ AĞAOĞLUNUN "HƏCC
GÜNDƏLİYİ" HAQQINDA QEYDLƏR
Ümrə səfərimdən yeddi ay keçib... Kəbədən
qayıtdığım gündən bəri bu ziyarətim
haqda yazmaq istəmişəm. Lakin hər dəfəsində
kompüterimdəki "Ümrə" faylını
açanda yazmaq üçün sözlər kifayət
etmirdi. Elə yazılar var ki, öz zamanını gözləyir.
Bir neçə gün əvvəl kitab alarkən,
yeni nəşr olunmuşlar arasında Mirmehdi Ağaoğlunun
"Həcc gündəliyi" adlı kitabını görəndə
onu dərhal oxumaq istədim. Mirmehdi Ağaoğlu nəsrimizin
istedadlı yazıçılarından biridir. Kitabın ilk səhifəsini
oxuyanda artıq öz ziyarət günlərim gözümün
önündə canlandı, bu yolu onunla birlikdə yenidən
addım-addım qət etdim. Həcc və Ümrə ziyarətinə
hazırlaşırsınızsa, "Həcc gündəliyi"
kitabı sizə çox gözəl bələdçi
olacaqdır. Əgər artıq bu ziyarətə gedib
qayıtmısınızsa, oxuyarkən o yerlərə, o
günlərə bir daha dönəcəksiniz. Bu kitab sizin həqiqi
yol yoldaşınız olacaq.
Ümrə səfərinə getmək qərarına
gəldikdən sonra qəlbimi fərqli bir həyəcan
bürümüşdü. Hələ gedib görməsəm
də, Allahın evi üçün çox
darıxırdım. Kəbə ilə ilk
görüşümüzü xəyal edəndə gözlərim
yaşarırdı. Eyni zamanda, bu müqəddəs səfərə
hazırlaşarkən beynimi saysız suallar məşğul
edirdi. Həmin günlərdə onlarla Ümrə videosuna
baxdım, materiallar oxudum, tanışlarımla ziyarətləri
barədə uzun-uzadı söhbətlər etdim. O vaxtlar
"Həcc gündəliyi" kimi bir kitabı
oxumağı çox istəyərdim.
Kitabın müəllifi Mirmehdi Ağaoğlunun
yaradıcılığında Quran motivləri əsasında
yazdığı əsərlər
xüsusi yer tutur. O, əsərlərində qədim mətnlərə
postmodern yanaşma ilə toxunur və bu mətnlər
çağdaş insanın düşüncə
dünyasına nüfuz edir. Mirmehdi Ağaoğlu
yaradıcılığında yaradılış, inam,
şübhə və nəfs kimi mövzular mərkəzi yer
tutur. O, bu mövzular vasitəsilə oxucunu varlıq və
yaradılış barədə düşünməyə,
öz-özünə sual verməyə sövq edir. Müəllifin
əsərlərindəki obrazlar, hadisələr insanın
daxilində baş verən mənəvi mübarizə - inamla
tərəddüd, imanla nəfs arasında get-gəlləri əks
etdirir.
Yazıçının "Nuhun
xarratı" əsərinin baş qəhrəmanı təkgöz
Memeso, inamla tərəddüd arasında qalan, imanına
şübhə edən bir insan obrazıdır. Onun nəfsinə
uyması və peyğəmbərin xəbərdarlıqlarına
etinasız yanaşması, nəticədə ailəsinin fəlakəti
ilə nəticələnir. Müəllif bu obraz vasitəsilə
inamın sınağını, şübhənin və nəfsin
doğurduğu faciəni dərindən göstərir.
Ömrümdə belə isti görməmişəm...
"Həcc gündəliyi"
kitabının üz qabığında yazılmış
"Allahı sevməyin 56-cı dərəcəsi" ifadəsi
məndə sual qarışıq maraq oyatmışdı.
İlk baxışda bu ifadə metaforik bir bənzətmə
kimi görünür. Ancaq kitabı oxuyanda məlum oldu ki, bu
ifadə eyni zamanda müəllifin Həcc ziyarətində
olduğu o günlərində Məkkədə havanın
temperaturunda rekord hədd 56 dərəcə istilik qeyd
alınıb. Burada müəllif bir zəvvarın Allah
sevgisinin "sınağını" ifadə edir.
İnsanın 56 dərəcə isti havaya fiziki
dözümlülüyü onun
Allaha sevgisinin və imanın gücünü simvolizə
edir.
Kəbə evini ilk dəfə görəndə
hansı hissləri keçirdim? İzahı çətindir...
Cavab verə bilmirəm... Bu sətirləri yazarkən belə
o an yaşadığım duyğuları təsvir etməyı
çalışıram, yenə heç nəyə bənzədə
bilmirəm.
Kəbə evini ilk gördüyümdə
yazıçının yazdığı cümlələrin
eynisini hiss etmişəm. Sətirlərdə o anı
xatırlayıram. Elə bil zaman dayanmışdı. Donub
qalmışdım. Həmin anın möhtəşəmliyini
sözlə təsvir etməkdə acizəm.
Yazıçı bu səmimi duyuğularını oxucu ilə
bölüşərək hər bir zəvvarın
keçirdiyi hissləri çatdırıb.
Burda olacağım iki həftə ərzində o qədər
çox insan görəcəm ki... Ömrüm boyu görmədiyim
qədər... Həyatda tanıdığım nə qədər
insan varsa, hamısının oxşarı qarşıma
çıxacaq...
Bu cümlələri oxuyarkən sözlərin təsirinə
qapıldım. Sufilərə görə, tanıdığın
insanlara bənzəyən simalar -
əslində, ilahi gözəlliyin müxtəlif təcəssümüdür.
İnsan həyat yolunda qarşılaşdığı hər
kəsdə özündən bir parça, Allahdan bir işarə
görür. Bu səbəbdən müəllifin
"hamısının oxşarı qarşıma
çıxacaq" ifadəsi, varlığın birliyini dərk
edən sufinin halını xatırladır. Bunun ən bariz
nümunəsini isə Həcc ziyarətində görmək
mümkündür. Dünyanın müxtəlif yerlərindən
gələn, dilləri, irqləri, mədəniyyətləri
fərqli olan milyonlarla insan eyni məqsədlə, eyni niyyətlə
Kəbəyə üz tutur. Onların hər birin fərqli həyat
hekayəsi, taleyi olsa da, eyni mənəvi yolda birləşirlər.
Mirmehdi Ağaoğlunun "Həcc gündəliyi"
əsəri bədii-publisistik kitab olmaqla yanaşı, müəllifin
şəxsi mənəvi təcrübəsini oxucusu ilə
bölüşdüyü avtobioqrafik əsərdir. Gündəlik
janrında əsər-bədii ədəbiyyatın
özünəməxsus və fərdi təcrübəyə
əsaslanan formalarından biridir. Mirmehdi Ağaoğlu
keçirdiyi duyğuları, müşahidələrini və
düşüncələrini məkan və zaman
ardıcıllığı ilə oxucuya təqdim edir. Bu
gündəlik sözlə çəkilmiş şəkildir. Yazıçı Həcc ziyarətində
gördüklərini və hisslərini yazı dili ilə
yüksək peşəkarlıqla bir fotoqraf kimi kitabda əbədiləşirdirməyi
bacarıb.
Nimdaş geyimli yaşlı bir qadın
ayağını çəkə-çəkə yeriyir.
Onun axsaq ayağındakı qətiyyət çox adamın
qəlbində yoxdur. Bu qadın həqiqi inam nümunəsidir.
Müəllif, Həcc zaman
qarşılaşdığı və tanış olduğu
insanları yüksək müşahidə qabiliyyəti və
bədii ustalıqla oxucuya təqdim edir. O, insanların zahiri görkəmini
deyil, həm də onların daxili dünyasını, Həcc
səfəri boyunca yaşadıqları mənəvi dəyişiklikləri
də oxucu ilə bölüşür. Bu insanlar müəllif
üçün sadəcə zəvvar deyil, imanın, əzmin,
inamın təcəssümüdür.
Oralar üçün darıxırdım. Elə
darıxırdım, elə darıxırdım... mənə
elə gəlir, insan dünyada heç kəs
üçün elə darıxmır. Bu darıxmaq həmişəlik
mənimlə qalacaq!
Kitabın son səhifəsində yazılan bu cümlələr
mənə o qədər tanış, doğmadır ki...
Mirmehdi Ağaoğlunun bu cümlələri hər bir zəvvarın
qəlbinin səsidir. Kəbəni bir dəfə görən
insanın qəlbində o müqəddəs məkan
üçün əbədi darıxmaq hissi yaşayır. Mən
də Kəbə üçün üçün
darıxıram...
Günel İMRAN
525-ci qəzet .- 2025.- 19 iyun (№104).- S.13.