Londonun Ağdam
parçası
Hər bir ölkəni tanıdan onun siyasəti və
qüdrətidirsə, xalqı, milləti tanıdan isə
onun mədəniyyəti və incəsənətidir.
Xalqımızın zəngin mədəni irsini tanıtmaqda,
milli mədəniyyətimizin dünyayda təbliğ
olunmasında Londondakı Azərbaycan diasporu da xüsusi rol
oynayır. Əsl vətənpərvər, qəlbi daim Vətənlə
bağlı olan soydaşımız, Londonda yaşayan Əməkdar
mədəniyyət işçisi, tarzən Rafiq Rüstəmov
da İngiltərədə zəngin musiqi sərvətimizin
tanıdılmasında təqdirəlayiq xidmətlər
göstərir.
Londonda və Avropanın digər şəhərlərindəki
dövlət tədbirlərində və konsertlərdə
tarda ifa etdiyi muğamlarla tamaşaçıları heyrətləndirən,
bütün varlığı Qarabağ, Ağdam sevdası ilə
döyünən, Ağdamın adına
başucalığı gətirərək bir sıra
uğurlara imza atan, 2025-ci il iyunun 22-də 80 yaşı tamam
olacaq Rafiq Rüstəmovu Londonun Ağdam parçası adlandırsaq,
yanılmarıq.
...Rafiq Rüstəmov haqqında məndə ilk təəssüratı
yaradan Qarabağın ləyaqətli kişilərindən
biri - cəfakeş müəllim, istedadlı və peşəkar
tar ustadı, saysız-hesabsız tarzənlər yetişdirən,
Ağdamda milli musiqi sənətimizin inkişafına dəyərli
töhfələr verən, muğamlarımızın mahir
bilicisi Ramiz Quliyev, Rafiq Hüseynov (Rəmiş) və
başqa görkəmli sənətçilərə ilk dəfə
tar ifaçılığının sirlərini öyrədən
Cəlal Əliyev olub.
Cəlal müəllimlə söhbətlərimin
birində, o, təqaüdə çıxarkən
tarını Rafiq Rüstəmova
bağışladığını demişdi və bunun təsadüfi
bir seçim olmadığını bildirərək Rafiq
müəllim haqqında ürəkdolusu xoş sözlər
söyləmişdi.
Beləcə, Qarabağ sevdalı, qəlbi Ağdam təşnəli
Rafiq Rüstəmov şəxsiyyəti bir jurnalist olaraq məndə
də maraq doğuraraq, zaman-zaman onun mənalı həyat
yolunu izləməyə başladım...
...Rafiq Rəhim oğlu Rüstəmov 1945-ci il iyunun
21-də Ağdamın Xındırıstan kəndində ailənin
10 uşağının ilki olaraq dünyaya göz
açıb. 1953-cü ildə doğma kəndində orta məktəbin
1-ci sinfinə daxil olub. Hələ kiçik yaşlarından
məlahətli səsi olduğundan kəndin el şənliklərinə
dəvət alıb.
Rafiq Rüstəmov 6-cı sinifdə oxuyarkən
Ağdam şəhər 1 saylı uşaq musiqi məktəbinin
tar sinfinə daxil olub. O, tar ixtisası üzrə məktəbin
direktoru Cəlal Əliyevdən dərs alıb. Rafiq Rüstəmovun
bir ifaçı kimi yetişməsində, bir musiqiçi
kimi püxtələşməsində Cəlal müəllimin
böyük təsiri olub. Musiqi duyumlu, sənət həvəsli,
tar sevdalı bu uşaq hər dəfə Xındırıstandan
min bir əziyyətlə rayon mərkəzinə - Ağdama
gedib-qayıtması zaman-zaman öz bəhrəsini verib. Bu
istedadlı uşaq 12 yaşından konsertlərdə və
musiqi müsabiqələrində iştirak edib, böyük sənət
yoluna qədəm qoyaraq tar ifaçılığına olan
sevgisiylə inamlı addımlar atıb.
Rafiq Rüstəmov 1964-cü ildə
Xındırıstan kənd orta məktəbində 11-ci sinfi
bitirib. O, ümumtəhsil məktəbi bitirərkən musiqi
məktəbini də başa vurub. Elə həmin ili
A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin tar
sinfinə qəbul olunub və hərbi xidmətə
yollanıb.
Ordudan tərxis olduqdan sonra Rafiq Rüstəmov təhsilini
Ağdam Orta İxtisas Musiqi Məktəbində davam etdirib.
Burada da onun tar müəllimi Cəlal Əliyev olub. Hələ
Ağdam Orta İxtisas Musiqi Məktəbindəki təhsil illərində
Rafiqin yaxşı tarzən olacağı
açıq-aydın özünü büruzə verib, o,
özünü hələ gənc ikən tam mükəmməl
ifaçı kimi təsdiq edib. Orta ixtisas təhsili alarkən
istedad və qabiliyyəti ilə diqqəti cəlb edən
Rafiq Rüstəmov Ağdam Orta İxtisas Musiqi Məktəbində
müəllim kimi işə qəbul olunub və
"Şur" ansamblının konsertmeysteri təyin edilib.
32 yaşında ailə quran Rafiq Rüstəmov
muğam sənətinə bəslədiyi sonsuz sevginin əlaməti
olaraq övladlarına - qızına Şahnaz,
oğlanlarına isə Rahab, Mahur və Şüştər
adlarını verib.
Qarabağda istedadlı gənclərin çox
olması və onların musiqi təhsilinə cəlb edilməsini
təmin etmək məqsədilə Ağdam Rayon Partiya Komitəsinin
1-ci katibi Sadıq Murtuzayevin, mədəniyyət naziri Zakir
Bağırovun, Ağdam rayon Mədəniyyət Şöbəsinin
müdiri Çimnaz Əliyevanın dəstəyi ilə
1985-ci ildə Ağdamda Xan Şuşinski adına
rayonlararası Muğam Məktəbi yaradılarkən Rafiq
Rüstəmov həmin təhsil ocağına direktor təyin
edilib. Rafiq müəllim kəndbəkənd, oba-oba gəzərək
yaxşı səsi olan 30 nəfər uşağı rəhbərlik
etdiyi məktəbə cəlb edib. Yüksək təşkilatçılıq
bacarığına, şirin danışığa, insanlarla
dil tapmaq üstünlüyünə, səbrə,
dözümə, inama, mərhəmətli qəlbə malik
Rafik Rüstəmov bütün sədləri, çətinlikləri
keçərək məktəbi ayağa qaldıraraq bir
sıra uğurlara imza atıb. Abdal-Gülablıdan Feyruz Səxavətin,
Siyavuş Səyyafoğlunun, Mərzilidən Sevinc
Sarıyevanın, İsmayılbəylidən Humay Məmmədovanın,
Şurabaddan Səbuhi İbayevin, Ağcabədinin
Köyük kəndindən Fəqani Əliyevin,
Üçoğlandan Azər Rüstəmovun, Xocalının
Meşəli kəndindən Habil Hacıyevin, Şuşadan
Cabir Əliyevin və başqalarının muğam sənətində
püxtələşməsində, xalq
mahnılarımızın mahir ifaçısı kimi
yetişməsində Rafiq Rüstəmovun gərgin əməyi
olub.
Rafiq Rüstəmov 1986-cı ildə direktoru olduğu
məktəbin nəzdində "Qarabağ bülbülləri"
ansamblını yaradıb. "Qarabağ bülbülləri"
zaman-zaman bir sıra uğurlara imza atıb. Rafiq Rüstəmov
yaradıcısı olduğu kollektivi ilə respublikamızda,
bir çox Avropa ölkələrində, keçmiş
SSRİ respublikalarında Azərbaycanın muğam və xalq
mahnılarını uğurla təbliğ edib.
Rafiq Rüstəmov 1980-1985-ci illərdə
M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun mədəni-maarif fakültəsində qiyabi
yolla təhsil alıb.
1988-ci ildən ermənilərin xalqımıza
qarşı törətdiyi qanlı cinayətlər
başlayanda bütün varlığı Qarabağ
sevdasından yoğrulmuş Rafiq Rüstəmovun da vətən
təşnəli qəlbi xalqımızın başına gələn
faciələri öncədən duyurmuş kimi
narahatçılıqlar keçirib. Təsadüfi deyil ki,
1989-cu ildə Ağdamda İmarətdə beynəlxalq
"Xarı bülbül" festivalında Qədir Rüstəmov
"Sona bülbüllər"i oxuyanda, tarda onu müşayiət
edən Rafiq Rüstəmov işğalından dörd il
öncə Qədirin səsini festivala gəlmiş minlərlə
insanla, xan çinarlarla, İmarətin otu ilə,
çiçəyi ilə vida, Ağdama, Qarabağa
ağı kimi qəbul edib.
Vətən torpaqları işğal altında olan illərdə
Rafiq Rüstəmovun da əlləri Uca Allahın dərgahına
qalxaraq, Böyük Yaradandan Qarabağın
azadlığını diləyib. Kərbəla ziyarətində
dualar edərək, ata-babalarımızın əmanəti
olan torpaqlarımızın mənfur düşməndən təmizlənməsini
arzulayıb və bir an belə Ulu Tanrının ilahi ədalətinə
ümidini itirməyərək Rafiq müəllim əmin olub
ki, bir gün niyyət etdiyi 100 qurbanı Şuşada
Cıdır düzündə, Ağdamda isə İmarətdə
kəsəcək. İnamını itirməyib ki, gün gələcək
o, diz qoyub Şuşanın, Ağdamın şəhid, qazi
qanı ilə yuyulmuş torpağını öpəcək.
Qarabağ müharibəsi Xan Şuşinski adına
Ağdam Muğam Məktəbinin də taleyinə keşməkeşli
tarix yazıb. 1993-cü il iyulun 23-də Ağdam şəhəri
işğal olunduqdan sonra Xan Şuşinski adına Ağdam
Muğam Məktəbi qısa müddət Göytəpə
kəndində Məhəmməd adlı bir kişinin evində
fəaliyyətini davam etdirib. 1994-cü ildən isə Bərdə
şəhərindəki Mədəniyyət Sarayında və
"Türk çadır şəhərciyi"ndə,
Abşeron rayonunun Saray qəsəbəsində fəaliyyət
göstərib. Daha sonra isə fəaliyyətini Bakı şəhərindəki
284 saylı tam orta məktəbdə davam etdirib. Rafiq müəllimin
gərgin əməyi sayəsində burada hər cür şərait
yaradılıb. Öz səliqə-sahmanı ilə
seçilən təhsil ocağının foyesində
Ağdam Muğam Məktəbinin keçmişi, dünəni
və bu günü haqqında məlumat verən guşə
təşkil olunub. Həmin muzeydə Xan Şuşinskinin büstü
qoyulub. Rafiq müəllimin şəxsi vəsaiti hesabına
korifey sənətçilərin portretləri səliqə ilə
divardan asılıb.
Harada fəaliyyət göstərməsindən
asılı olmayaraq Rafiq Rüstəmovun rəhbərlik etdiyi
Xan Şuşinski adına Ağdam Muğam Məktəbinin,
"Qarabağ bülbülləri" ansamblının daim
xoş sədaları gəlib. 1988-ci ildə Moskva şəhərində
görkəmli musiqişünas Viktor Belyayevin 100 illik yubileyində,
1989-cu ildə İraqda Babilistan festivalında, 1990-cı ildə
İstanbul şəhərində qastrolda, 1990-cı ildə
Moskva şəhərində uşaq xeyriyyə fondunun
telemarafonunda, 1991-ci ildə Ankara şəhərində III
Cocuq şənliyində, 1991-ci ildə Düşənbədə
keçirilən festivalda, 2000-ci ildə Azərbaycan
Respublikası üzrə musiqi məktəblərinin muğam
müsabiqəsində, 2004-2005-2006-cı illər respublika
üzrə keçirilən xor müsabiqələrində,
2005-ci ildə Fransanın Lion şəhərindəki
konservatoriyada, Fransanın Lill şəhərindəki opera
konsertində, 2006-cı ildə Fransanın Di şəhərində
Şərq-Qərb festivalında, 2008-ci ildə Fransanın
Vizil şəhərində İnqilab muzeyində, 2009-cu ildə
Bakı şəhəri İdman və Gənclər Nazirliyi
tərəfindən keçirilən I Uşaq Beynəlxalq
muğam festivalında, 2010-cu ildə Mədəniyyət
üzrə Elmi-Metodiki Mərkəzin Respublika Uşaq Musiqi
İncəsənət məktəblərinin xanəndəlik
sinfi üzrə keçirilən festivalda, 2010-cu ildə
Fransanın Lion, Lill, Kranabel şəhərlərində
keçirilən muğam konsertlərində, 2010-cu ildə
İsveçrədə Azərbaycan Mədəniyyət və
İncəsənət günlərində, 2011-ci ildə III
Beynəlxalq Uşaq Muğam festivalında, 2011-ci ildə
Gürcüstan Respublikası Batumi şəhərində
keçirilən Beynəlxalq festivalda, 2012-ci ildə Azərbaycan
professional vokal sənətinin banisi SSRİ Xalq artisti
Bülbülün anadan olmasının 115 illik yubileyinə həsr
olunmuş Milli musiqi alətləri ifaçıları və
xanəndələrin I müsabiqəsində, 2012-ci ildə
Uşaq musiqi və incəsənət məktəbləri
şagirdlərinin xanəndəlik ixtisası üzrə Xan
Şuşinski adına Respublika Muğam Festivalında, 2012-ci
ildə Azərbaycan Respublikası üzrə keçirilən
"Pöhrə 2012" istedad müsabiqəsində, 2012-ci ildə Azərbaycan və
İtaliya arasında diplomatik əlaqələrin 20 illik
yubileyinə həsr olunmuş təntənəli tədbirdə,
2013-cü ildə uşaqlar üçün təşkil
olunmuş "Yeni il şənliyində", 2016-cı ildə
Böyük Britaniya Kraliçası II Elizabetin anadan
olmasının 90 illik yubileyində və s. Rafiq Rüstəmov
və onun rəhbərlik etdiyi musiqiçilər milli
musiqimizi, muğamlarımızı, zəngin musiqi sərvətimizi
tanıtmaqla, onu sevdirməklə təqdirəlayiq xidmətlər
göstərib. Bütün tədbirlərdə Rafiq Rüstəmov
təsirli, ecazkar ifası, işlətdiyi barmaqlar, vurduğu
incə, zərif xallarla özünəməxsus, fərdi
ifaçılıq üslubu ilə qəlbləri fəth
edib.
Uğurlu çıxışları və yüksək
ifaçılıq məharətinə görə bir
çox mükafatlara layiq görülmüş Rafiq Rüstəmov
1989-cu ildə səmərəli fəaliyyətinə görə
"Əməkdar mədəniyyət işçisi" fəxri
adına layiq görülüb.
Rafiq Rüstəmovun musiqi xəzinəmizin qorunub
saxlanılması və istedadlı uşaq və yeniyetmələrin
bu sahəyə cəlb edilməsi yolundakı fədakarlığı
ədəbi ictimaiyyətin də diqqətində olub.
Haqqında 15 kitab və 150-yə yaxın qəzet-jurnalda
uğurlarından yazılar dərc edilib. 2015-ci ildə
R.Behbudov adına Dövlət Mahnı Teatrında Ağdam
Muğam Məktəbinin direktoru Rafiq Rüstəmovun 70 illik
yubiley tədbiri keçirilib.
...Əsl vətənpərvər, qəlbi daim Vətənlə
bağlı olan Rafiq Rüstəmov artıq neçə illərdir
ki, Londonda yaşayır. O, Azərbaycan Respublikasının
Böyük Britaniya və Şimali İrlandiya Səfirliyi,
Londonda fəaliyyət göstərən "Azərbaycan
evi" Dostluq və Mədəniyyət Mərkəzi ilə
yaxından əməkdaşlıq edərək Vətəndən
uzaqlarda milli musiqimizi, muğamlarımızı, zəngin
musiqi sərvətimizi tanıtmağa və sevdirməyə
böyük əmək sərf edir. Londonda Müstəqillik
Günü, Zəfər Günü, 20 Yanvar faciəsi, Xocalı
soyqırımı ilə əlaqədar keçirilən tədbirlərdə
Rafiq Rüstəmov musiqi sərvətimizin zənginliyi və
ifaçılıq sənətimizin yüksək səviyyəsini,
milli-mənəvi dəyərlərimizi peşəkarlıqla
nümayiş etdirir.
Yüksək intellektual
səviyyəli musiqişünas, təcrübəli pedaqoq, Azərbaycan
muğamlarının bilicisi və mahir ifaçısı, zəhmətkeş,
mərhəmətli və nəcib insan kimi uzaq Londonda da dərin
hörmət qazanmış Rafiq Rüstəmovun yüksək
ifaçılıq məharəti ilə Azərbaycan incəsənətinin
təbliğinə, Azərbaycan diasporunun inkişafında təqdirəlayiq
xidmətlərinə Azərbaycan Respublikasının
Böyük Britaniya və Şimali İrlandiyadakı səfiri
Emil Süleymanov, sabiq səfir Tahir Tağızadə, "Azərbaycan
evi" Dostluq və Mədəniyyət Mərkəzinin rəhbəri
Əli Tekin Atalar tərəfindən dəfələrlə
yüksək qiymət verilib.
Mənalı
ömrünün səkkizinci onilliyini başa vuran, Zəfər
tarixli Qarabağın səadətindən mərhəmət
dolu qəlbi daim vətən sevdası ilə
çırpınan Əməkdar mədəniyyət
işçisi Rafiq Rüstəmova 80 illik yubileyi münasibətilə
təbrik edir, ona ən xoş arzularımızı yetirir,
möhkəm cansağlığı, uzun ömür və sənətdə
yeni-yeni yaradıcılıq nailiyyətləri
arzulayırıq.
Hikmət XUDİYEV,
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə
doktoru
(Ankara)
525-ci qəzet .- 2025.- 19 iyun (№104).- S.12;13.