Düşüncələrimin
bütöv Azərbaycan şairi
Şair, dramaturq, filologiya üzrə fəIsəfə
doktoru, professor, 1991-ci ildən ömrünün sonun qədər
Azərbaycan Yazıçılar Birliyinin Qarabağ
filialına rəhbərlik etmiş Ənvər Əhməd
Xankəndi Dövlət Pedaqoji İnstitutunda mənim müəllimim olub. O, Xankəndi
Pedaqoji İnstitutunun, demək olar ki, bütün tələbələri
tərəfindən ən çox sevilən müəllimlərindən
idi. Ənvər müəllimi bütün tələbələrə
sevdirən cəhəti səmimiliyi, təbiiliyi, təəssübkeşliyi
idi. Onun üçün bir nömrəli önəmli məsələ
mənəviyyat məsələsi idi. Övladlarında da, tələbələrində
də, xalqda da birinci növbədə bunu görmək istəyir,
mənəvi üstünlüyə yüksək dəyər
verirdi. Xankəndidə olanda söhbətlərində tez-tez
qonşu millətlə bizim mənəvi dəyərlərimizi
müqayisə edər, nə qədər yüksək mənəvi
dəyərlərə sahib bir xalq olduğumuzla qürur
duyardı...
Yeri gəlmişkən, onu da qeyd edim ki, Qarabağ
müharibəsi zamanı bir çox müsahibələrində
də qələbəmizin təmin olunmasında mənəviyyatın
əsas rol oynayacağını dəfələrlə
söyləyərək: "Biz içimizi təmizləyib,
qeyrətimizi oxvarlayıb, ən azından işğaldan
qabaqkı ruhumuza, qayıtmalıyıq", - deyirdi. Şair
deyirdi ki, millət bu biabırçı işğalla
barışmamalı, öz döyüş ruhu və əzmini
qaldırmalı, birinci növbədə mənəviyyat pas
atmamalıdır: "Qılıncdan, tüfəngdən,
topdan qabaq millətin mənəviyyatı
ovxarlanmalıdır. Ruhumuz dirçəIməsə və
bunun fonunda vətənpərvərlik hissi güclənməsə,
Qarabağı qaytara bilmərik", - deyirdi. O, müharibə
ilə bağlı söhbətlərində həmişə
inamla söyləyirdi ki, əgər imkan versələr, Azərbaycanın
qeyrətli oğulları, silahı olmasa belə, rusun
tankının lüləyini qollarının gücü ilə
qanırıb əyərlər. Haqsızlığa dözməyən
şair millətin haqq səsini ifadə edərək
yazırdı:
Həqiqəti görən gözlər göz-görəti
tökülməsin,
Qana-qana, bilə-bilə qanmaza diz çökülməsin.
Kəlisalar qızıllanıb, məscidimiz
sökülməsin,
Qoyma qala ulu yurdun Göyçə viran, Azərbaycan!
Öz oğluna, öz qızına qalıb güman,
Azərbaycan!
Ə.Əhməd hər zaman müharibəni
udmağın yolunun xalqın oğul və
qızlarının gücü, Azərbaycan əsgərinin
qeyrətli hücumları ilə mümkün olacağına
inanır və bunu təbliğ edirdi. O, "Bu qılınc
qınında pas ata bilməz" şeirində
yazırdı:
...Qardaş, Qarabağsız ruhumuz qandı,
İçək Göyçə andı, Zəngəzur
andı!
Qələbə tarixin yazılmayıbsa,
Düşmənin məzarı qazılmayıbsa,
Əgər qəbir-qəbir itirsə vətən...
Əgər bu millətin oğlusansa sən,
Bu qılınc qınında pas ata bilməz.
Əgər Ələsgərin ruhu yandısa,
Əgər dünya belə səni dandısa,
Əgər ucalmırsa qeyrət heykəlin,
Əgər əsirdirsə neçə qız-gəlin...
Bu qılınc qınında pas ata bilməz!
Aprel döyüşləri şairin fikrinin
doğruluğunu bir daha təsdiq etdi. Aprel döyüşlərindəki
qələbə xalqın içində mürgüləyən
döyüş əzmi və özünə inamı
dirçəltdi. Xəstə olmasına baxmayaraq, Aprel
döyüşləri zamanı o da bir əsgər kimi qələmə
sarılaraq millətin döyüş ruhunu qaldırmağa
xidmət etdi, öz sözləri ilə desək, qələmi
ilə düşmənə ölüm hökmü yazdı:
Üçrəngli bayrağımı bağrım
üstə sıxıram,
Qarğa qonan zirvəyə qartal kimi
çıxıram.
Ey ərən oğlu, ərən, haydı, deyin: qana
qan,
Tətik çəkən əlindən öpəcək
Azərbaycan!
...Eşit, general oğlan, millətin haqq səsini,
Öz qanınla bərpa et, Vaqifin türbəsini.
Mən də bir əsgər kimi döyüşməyə
hazıram,
Bu şeirimlə düşmənə ölüm
hökmü yazıram!..
Yarım qalmış Aprel döyüşləri, həqiqətən
də, millətin ölməkdə olan döyüş ruhunu,
əzmini artırdı, vətənpərvərlik hissini
gücləndirdi və 44 günlük Vətən müharibəsindəki
möhtəşəm Zəfərimizi təmin etdi. Həmin
vaxt şair yazırdı:
Elə bu an, bu saat vətən andı içilir,
Düşmənin öz kəfəni öz
qanından biçilir.
Daş qəfəslər əriyir, nəfəsinin
odundan,
İgid komandirlərim, şeirimizin adından
Sizə alqış deyirəm,
Qələbə istəyirəm, qələbə istəyirəm.
...Gedir, gedir ordumuz, hücum əmri qətidir,
Qarabağ başdan-başa vətənin cənnətidir.
Ənvər müəllim, bu şeirləri yazan zaman
ağır xəstə idi. Amma o, susqun dayana bilmirdi. O bu
şeirləri o zaman yazırdı ki, həmin vaxtlar
"dünyaca məşhur" xalq şair və yazıçıları
ağızlarına su alıb, qəbir kimi lal, qəbir kimi
dinməz dayanmışdılar. Ya da öz doğma
torpaqlarımızın azadlığı naminə müharibə
aparılmasını "barbarlıq",
adlandırır, Avropanın
qınağına düşməkdən qorxur, əsim-əsim
əsirdilər. Həmişə xalqın içində və
yanında olan şair isə yazırdı:
Döyüşə hər atılış, hər
vuruş haqdır indi,
Ey vətən, o torpağın hər zərrəsi sənindi,
Cahangirlər böyüdən bu ulu xalq mətindi,
O yer, o yurd, o dağlar bizim məmləkətindi.
...Bu haqq xalqın haqqıdır, bu haqq vətən səsidir.
Bu haqqın son çağırışı qələbə
təntənəsidir.
Ənvər Əhməd təpədən-dırnağa
torpağa, yurda, xalqa bağlı şair, Azərbaycançılıq
məfkurəsinin daşıyıcısı idi. Onun hələ
70-80-ci illərdə yazdığı şeirləri bu
gün də öz aktuallığını, dəyərini
itirməyib. Şairin ən böyük arzusu Azərbaycanı
bütöv görmək idi. 1986-cı ildə rus şairi
Yevgeni Yevtuşenkonun:
"Mənə gərək deyildir,
heç nəyin yarısı,
Mənə verin, mənimdir
Göylərin də hamısı,
yerlərin də hamısı", - şeirinə
cavab kimi yazdığı şeirdə deyirdi:
Salam, Rusiyanın kürən şairi,
Sinəsindən od püskürən şairi.
Heç nəyin yarısını istəmədin sən.
Üstümə gün doğdu istəklərindən...
Dünyadan böyükmüş istəyin, andın.
Sən bu dünyaya bütöv inandın.
Oxudum şerini, düşündüm, yoldaş.
Mənim də istəyim közərəydi kaş...
Vətən həsrətliyəm a şair, vallah.
Gözümün yaşları Kürdü,
Arazdı,
Qurusun dibindən o əlləri ki,
Mənim xəritəmi yarımçıq yazdı..
Yarımçıq nə varsa ona yadam mən,
Qor altda közərən gizli odam mən.
İstərəm hirsimi çırpım daşlara,
Vətənim bölünüb, ürəyim para.
SSRİ-nin qılıncının dalının da,
qabağının da kəsdiyi, şairlərin beynəlmiləl
havasına oynadığı bir vaxtda o, Rusiya şairinə ittiham dolu cəsarətli
xitabını davam etdirərək müraciətlə deyirdi:
Sizin Smelyakov gör bir nə yazır:
"Baxıram, susuram, fikirləşirəm.
Bəlkə də, boğardı məni kədər,
qəm.
Mənim Rusiyamın bircə hissəsi
Bölünüb, yad eldə qalsaydı əgər".
Nə qədər məmnundur şairin səsi,
Sözə bax, Rusiyanın bircə hissəsi
Bölünsə, şairin ürəyi partlar!
Mənim də bölünmüş qibləgahım
var!
Göz açıb yarımçıq gördüm
Vətəni.
Tarix qınamazmı bunu edəni!?
Ey bütöv istəkli şair yoldaşım,
Bütövlük istəyir torpağım,
daşım!.
Zaman hansı haqla yolumu kəsib?
Təbrizə çatmayan qolumu kəsib?
Tarix kimliyimə çoxdan qol çəkib.
Babək qılıncını qınından çəkib.
Oxunsun BMT kürsülərindən:
Bütöv istəyirəm Vətənimi mən!
Şairin bu bütövlük arzusu elə həmin
dövrdə rəssam olmaq istəyən oğlu İlhama
xitabən yazdığı başqa bir şeirində də
öz əksini tapıb:
- Oğul səni and verirəm,
Şah İsmayıl Xətainin
Fatehlik ünvanına,
Çaldıranda tökülən
qılınc-qılınc qanına.
Sən atayın arzusunu,
istəyini duy barı,
Yaramızın üstündən
axan lilli suları
Torpağı bəbəyindən
tökülən qan kimi çək,
Bu torpağı, bu yurdu
Bütöv bir can kimi çək!
Hələ o vaxt bütöv Azərbaycan eşqi ilə
alışıb-yanan şairin
"Azərbaycan" şeiri də çox təsirlidir.
Baş qoyaraq dizin üstə tarix boyu can vermişik,
Qətrə-qətrə doğranmışıq,
Araz-Araz qan vermişik.
Sızlayanda ürəyimiz ağ günə güman
vermişik,
Qaldırmısan haqq səsini, birlik, vüsal Azərbaycan!
Meydan-meydan ucalırsan, ucal, ucal, Azərbaycan!
Bu nə candır gəzdiririk, baş o yanda, bədən
burda?
Namərdə bax, göz dikibdi dahiləri doğan
yurda,
Dövran yaman dövr eyləyir, tülkü meydan
sular qurda
Başın üstə tufan gəzir, məğrur
dayan, Azərbaycan!
Şəhriyarın haraylayır, "oyan, oyan", Azərbaycan!
O tayına, bu tayına qurban olum, Azərbaycan!
Onu da demək istəyirəm ki, Ə.Əhmədin
şeirlərində ən çox bəyəndiyim cəhətlərdən
biri də onların dilidir. Şair öz fikrini son dərəcə
təbii, sadə, canlı xalq danışıq dilinə
yaxın ifadələrlə poetik şəkildə
çatdırır. Unudulmaqda olan sözləri məharətlə
şeirinə gətirir. Onun şeirlərinin dilini mən
M.V.Vidadinin dil və üslubuna çox yaxın sayıram. O
da Vidadi kimi qoşa sözlərdən məharətlə
istifadə edərək şeirlərinə xüsusi bir ahəng,
ritm verirdi. Şairin şeirlərinin dili mənə həm də
"Kitabi-Dədə Qorqud" dastanlarının dilini
xatırladır, leksikası baxımından da el-oba, elat
sözlərini şeirlərində poetikləşdirirdi. Məsələn:
"Qətrə-qətrə doğranmışıq,
Araz-Araz qan vermişik"; "Əgər qəbir-qəbir
itirsə vətən"; "Zəli kimi nəyin varsa
sorub-sorub apardılar"; Şəhriyarın haraylayır,
"oyan, oyan", Azərbaycan!";
"Meydan-meydan ucalırsan, ucal, ucal, Azərbaycan!";
"Yaramızın üstündəki dirəkləri sökə-sökə";
"Canımın gözündə qan damar-damar";
"Qana-qana, bilə-bilə qanmaza diz çökülməsin"
və s.
Ənvər Əhməd özündə uzun illərdən
bəri Qarabağ ağrısını,
sızıltısını, nisgilini daşıyan əzəmətli, möhtəşəm,
yeriyən bir Qarabağ heykəli idi... Varlığında,
düşüncəsində, ruhunda Qarabağ
simvollaşırdı... Qarabağın azad edilməsi,
Şuşanın yağı düşmənlərdən təmizlənməsi,
Cıdır düzündə Vaqif Poeziya Günlərinin,
Xarıbülbül musiqi festivalının keçirilməsi
qəlbi həmişə xalqla bir vuran şairin də milli
ruhunu dirçəltmiş, mənəvi dünyasını
nurlandırmışdı. Onun ən böyük
arzularından biri də Xankəndidə Qarabağ
Universitetinin açılması idi. Bu gün Xankəndi şəhərində
Qarabağ Universiteti artıq 1 ildir ki fəaliyyətini davam
etdirir. Heyif ki, bu günləri görmək Ənvər
müəllimin qisməti olmadı. Halbuki bu günIəri
görmək onun da haqqı idi. Çünki o da
Şuşada Xankəndi Universitetini yaşatmaq
üçün digər müəllim və tələbələrlə
birgə nə qədər stress, sarsıntı
keçirmiş,
sağlığını itirmişdi..
Kaş ki, heç oImasa, bir gün, bir saat yenidən
Şuşanı, Xankəndini görə biləydi... Buna
baxmayaraq, bu gün inanıram ki, şairin ruhu şaddır.
Çünki canından da artıq sevdiyi Qarabağ azad, Xankəndidə
xaincəsinə çıxarıldığımız
institut isə ermənilərsizdir - Qarabağ İnsitutudur. O
institutun içərisində gəzdikcə sanki tribunadan yenə
Ənvər müəllimin, mühazirələrini dinləyir,
şair Ənvər Əhmədin Azərbaycanımızı
bütöv görmək arzusu ilə alışıb-yanan
odlu-alovlu şeirlərinin səsini eşidirəm.
Ənvər müəllim mənim düşüncəmdə məhz
bu cür - bütöv Azərbaycan şairi kimi qalıb!
İnanıram ki, gün gələcək, şairin bu arzusu
da gerçəkləşəcək!
Gülyaz ƏLİYEVA
525-ci qəzet .- 2025.- 19 iyun (№104).- S.11.