İsrail-İran
müharibəsi: Danışıqlar imkanı mövcuddur?
İsraillə İran arasında illərdir ki, davam edən
düşmənçilik, qarşılıqlı təhdidlər
iyunun 13-də özünün pik nöqtəsinə
çatdı. Cəmi iki gün sonra, iyunun 15-də Omanın
paytaxtı Maskatda İranla ABŞ arasında nüvə
dosyesi üzrə danışıqların altıncı
raundu keçiriləcəkdi. Amma iyunun 13-də İsrailin
İrana hava zərbələri başlatması bu
görüşün ləğv edilməsinə səbəb
oldu.
Xatırladaq ki, aprel ayından başlayaraq Tehran və
Vaşinqton Omanın vasitəçiliyi ilə dolayı
danışıqlar aparır. Danışıqlarda İran
nümayəndə heyətinə xarici işlər naziri Abbas
Əraqçi, Amerika nümayəndə heyətinə isə
prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik
edirdilər. Rəsmi Vaşinqton dəfələrlə bəyan
edib ki, İranın nüvə obyektlərində uranın zənginləşdirilməsi
prosesi tamamilə dayandırılmalıdır. Tehran isə
nüvə proqramının dinc məqsədli olduğunu
önə çəkirdi.
Qeyd edək ki, ABŞ nüvə sazişindən
çıxdıqdan sonra İran uranın zənginləşdirilməsini
60 faizədək sürətləndirərək 2015-ci il
sazişində nəzərdə tutulan məhdudiyyətdən
imtina edib. Ekspertlərə görə, uranın zənginləşdirmə
faizinin 60-a çatdırılması faktiki olaraq nüvə
silahı əldə etməyə yaxınlıq göstəricisidir.
ABŞ Prezidenti Donald Tramp İsrailin hücumundan əvvəl
Tehranın razılaşmadan imtina edəcəyi təqdirdə
ona qarşı güc tətbiq etməyə hazır
olduğunu bəyan edib.
Hazırda vəziyyət getdikcə daha da gərginləşir,
insan itkilərinin, dağıntıların miqyası
artmaqdadır. Rəsmi Tehran danışıqlara hazır
olduğunu bir neçə dəfə bildirsə də, bu məqsədlə
bəzi ölkələrə vasitəçi olmaq
üçün müraciət etsə də, hələ ki,
hücumların dayandırılmasını,
danışıqlara başlanmasını gözləmək
mümkün deyil. Bir sıra ölkələrin atəşin
dayandırılması barədə
çağırışları da cavabsız qalıb, əksinə,
eskalasiya artmaqdadır.
İranın nüvə obyektlərinə hücum da
narahatlıq doğurur. Beynəlxalq Atom Enerjisi Agentliyinin
(MAQATE) baş direktoru Rafael Qrossi bir neçə gün əvvəl
deyib ki, kontekstdən və şəraitdən asılı
olmayaraq, nüvə obyektlərinə heç vaxt hücum
edilməməlidir.
İsrailin Baş naziri Binyamin Netanyahu isə əməliyyatı
qabaqlayıcı zərbə adlandıraraq, İsrailin
mövcud təhlükəni aradan
qaldırdığını söyləyib. O, İranın
öz nüvə silahına sahib olmaq ərəfəsində
olduğunu bildirib.
Hücumun ilk bir neçə günündə
İranın nüvə proqramının üç əsas
obyekti - Natanz, İsfahan və Fordo hücuma məruz qalıb.
Fordo İranın ikinci ən böyük və ən
güclü nüvə obyektidir. Bu, Tehranın təxminən
60 mil cənub-qərbində yerləşir. Obyekt bir
dağın altında yerləşdirilib və zenit-raket
batareyaları ilə qorunur.
Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına
görə, obyektin tikintisinə ən azı 2007-ci ildə
başlanılıb, lakin İran bu barədə BMT-nin nüvə
müşahidəçilərinə yalnız 2009-cu ildə,
ABŞ və Qərb kəşfiyyatının bu obyektin
mövcudluğundan xəbər tutmasından sonra məlumat
verib.
Bəzi ekspertlər hesab edir ki, İran silaha
yararlı uranın böyük hissəsini dağın dərinliklərində
yerləşən kompleksdə toplayıb. İsrail mediası
yazır ki, ölkənin hazırkı məqsədi
İranın obyektə girişini kəsməkdir. İsrailin
bunun üçün silahı yoxdur. Məlumata görə,
ancaq ABŞ-ın MOP (Massive Ordnance Penetrators) kimi tanınan
13,5 tondan çox ağırlığında olan bombası
buna qadirdir.
MOP Amerikanın idarə olunan antibunker hava
bombasıdır. Onu "Bütün Bombaların
Anası" da adlandırırlar. ABŞ ondan
Əfqanıstanda İŞİD yaraqlılarına
qarşı istifadə edib. İndi İranda onun istifadə edə
biləcəyi ilə bağlı sual açıq qalır.
Keçmiş ABŞ rəsmisi və Kolumbiya
Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzində İran
üzrə ekspert Riçard Nepheu bununla bağlı deyib: “Məncə,
ən çox ehtimal olunan ssenari, Netanyahunun Trampa zəng edərək
“Mən bütün digər işləri görmüşəm,
Amerikanın B-2 bombardmançıları üçün təhlükəni
aradan qaldırmışam, amma nüvə silahı
proqramını tamamilə məhv edə bilmərəm” deməsidir”.
Qeyd edək ki, Tramp məsələ ilə
bağlı dəyişkən mövqe səgiləyir. O,
danışıqlardan da söz açır, eyni zamanda hərbi
əməıiyyatların sonadək davam edəcəyini
bildirir.
Bəs bu münaqişə Cənubi Qafqaz regionu,
xüsusilə Azərbaycan üçün hansı riskləri
yaradır, onun arealının genişlənməsi
mümkündür, sülh üçün yer qalıb?
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
eksperti Mətin Məmmədli “525”ə bildirib ki,
İsrail-İran münaqişəsi təbii ki, yaxın
regionlara birbaşa təsir göstərir. O cümlədən
ölkəmizin yerləşdiyi Cənubi Qafqaz regionuna da təsirləri
var: “Burda biz birinci amil olaraq təhlükəsizlik məsələsini
vurğulamalıyıq. Təbii ki, baş verənlər həm
Azərbaycan, həm də regionun digər ölkələri
üçün müəyyən risklər yaradır.
Artıq yeddinci gündür ki, iki ölkə arasında
şiddətli qarşılıqlı zərbələr həyata
keçirilir, təhlükəsizlik nöqteyi-nəzərindən
bunun bizə müəyyən riskləri ola bilər. Bizə
problem yarada biləcək digər amil kimi demoqrafik amilləri
müşahidə edirik ki, xeyli sayda insan İran şəhərlərini
tərk etməyə hazırlaşır və bu da əlavə
problemlər yarada bilər. Azərbaycanın rəsmi
mövqeyi ondan ibarətdir ki, biz iki ölkə arasında
başlanan münaqişənin qısa müddət ərzində
danışıqlar yolu ilə həllinin tərəfdarıyıq
və bütövlükdə Azərbaycanın xarici siyasətində
önəm verdiyi əsas prioritetlərdən biri həm də
yerləşdiyi coğrafiyada, dünyada sülhün və əmin-amanlığın
mövcudluğu, formalaşmasıdır. Qeyd etdiyim kimi, biz
iki ölkə arasında münaqişənin tezliklə bitməsinin
tərəfdarıyıq və hesab edirik ki, hərb yolu
problemləri tam olaraq aradan qaldırmaq gücündə deyil.
Münaqişənin arealının daha geniş
yayılması potensialı var. Ona görə də məsələ
danışıqlar yolu ilə tezliklə həllini
tapmalıdır”.
Ekspert hesab edir ki, Prezident Trampın, İsrail və
İran rəsmilərinin açıqlamalarına diqqət edəndə,
onu demək olar ki, hələ də İranla Birləşmiş
Ştatlar arasında danışıqlar potensialı tam
tükənməyib: “Görünən odur ki, tərəfər
hələ də danışqlar yolu ilə problemi həll edə
bilərlər. Hesab etmirəm ki, bu vəziyyət uzun müddət
davam edəcək. ABŞ İrandan konkret tələb edir ki,
nüvə proqramından, uranın zənginləşdirilməsindən,
raket proqramından imtina etsin və İran qısa müddət
ərzində ABŞ-ın tələbləri ilə
bağlı mövqe ortaya qoymalıdır ki,
danışıqlar nəhayət nəticə versin.
Düşünürəm ki, az da olsa müəyyən
şans var ki, yenidən danışıqlar baş tutsun və
problem həllini tapsın”.
İranda İraq ssenarisinin təkrarlanması barədə
fikirlərə gəlincə, M.Məmmədli bildirib ki,
İraqla indiki İranın vəziyyəti arasında müəyyən
oxşarlıqlar ola bilər: "Amma hesab edirəm ki, fərqlər
də var. Birləşmiş Ştatlar İraqa kimyəvi
silah adı ilə hərbi müdaxilə etdi. ABŞ və
onun müttəfiqləri İraqa qarşı sərt
mövqe nümayiş etdirdilər və hətta
ABŞ-ın yaratdığı koalisiya və NATO-üzvləri
tam olaraq orada iştirak etmədilər. İranla bağlı
vəziyyət fərqlidir. Beynəlxalq Arom Enerjisi üzrə
Agentlik verdiyi açıqlamada, qəbul etdiyi qətnamədə
vurğulanıb ki, İran öhdəliklərini yerinə
yetirmir. Təkcə ABŞ deyil, İranın nüvə
proqramına nəzarət edən qurum da belə bir qətnamə
qəbul edib. İsrail hakimiyyəti o qərara gəlib ki,
problemi güc yolu ilə həll etsin. Bu, yeni mövqe deyil.
İllərdir ki, Netanyahu hökuməti bəyan edir ki, ancaq zərbələrlə,
hərbi təzyiqlə İranı nüvə proqramından
çəkindirə bilərik. İndi yaranmış
imkanı özləri üçün fürsət hesab edilər
və ondan istifadə edirlər”.
Digər tərəflərin münaqişəyə cəlbi
ehtimalına gəlincə, ekspert söyləyib ki,
münaqişənin genişlənmə potensialı var,
İran ətafında yaranmış vəziyyətlə
bağlı dünya siyasətində bir bölünmə,
qütbləşmə baş verir: “Qərb, xüsusilə G7
ölkələri İranı sərt tənqid edərək
qətnamə qəbul edib. Bir qisim ölkələrin, o
cümlədən Çinin, Pakistanın, Rusiyanın
İrana siyasi dəstəyini müşahidə edirik,
onların münaqişəyə birbaşa daxil olması
ehtimalı var, amma bu ehtimalı indi o qədər də
böyük hesab etmirəm. Məsələn, Rusiya Ukraynada
böyük resurslar itirib, xeyli itkilər verib . Ona görə
də İrana ciddi kömək etmək iqtidarında deyil.
Çinin beynəlxalq məsələlərə spesifik
yanaşması var. Adətən Qərblə, Birləşmiş
Ştatlarla birbaşa qarşıdurmadan çəkinir və
daha çox onlara qarşı gedən ölkələrə
müəyyən siyasi, diplomatik, hərbi dəstək verir.
Digər ölkələr haqqında da eyni fikri demək olar.
Amma gələcəkdə bu, münaqişənin gedişidən
asılı olacaq”.
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2025.- 19 iyun (¹104).- S.6.