Qısa sürən XX əsr və
ya adının taleyini yaşayan Əyyub Abasov
(Əvvəli ötən sayımızda)
1927-ci ildə Əyyub Abbasovun yazdığı dram əsəri
Naxçıvan şəhərindəki Karl Libknext adına
komsomol klubunda tamaşaya qoyulmuş və
tamaşaçılar tərəfindən maraqla
qarşılanmışdı. "Yeni şeir"in tələbinə
uymayanlar, gənc qələmlərin sıralarından
uzaqlaşdırılırdı. Bu baxımdan, bir əsrlik
yol qət edən "Şərq qapısı" qəzeti
öz səhifələrində siyasiləşən mətbuatımızın
70 illik tarixini, XX əsrin ikinci onilliyindən sonra ölkəni
bürüyən sovet ideologiyasını, cəmiyyətdə
gedən proseslər: sovetləşmə, kolxozlaşma, sənayeləşmə,
çağırılan qurultaylar, qurultaylardan irəli gələn
məsələlər, qolçamaqlarla mübarizə və
sair əks etdirir (1922-1991). Yəni "Şərq
qapısı" qəzeti yaşanmış tariximizin də
"salnaməsi", "Naxçıvan diyarının ən
mükəmməl ensiklopediyasıdır". "Yurdun salnaməsi"
sayılan "Şərq qapısı" qəzeti
yaradıcılığa şeirlə başlayan, uzun müddət
publisistikası ilə diqqət çəkən və
uşaqlar üçün maraqlı əsərlər yazan
Əyyub Abasovun ədəbi fəaliyyətinin
Naxçıvan dövrünə işıq tutur
1931-ci ildə ölkədə ədəbiyyatın
daha da inkişaf etdirilməsi haqqında Ümumittifaq Kommunist
Partiyası Mərkəzi Komitəsinin ədəbiyyat
haqqında yeni qərarı elan olunmasından sonra Proletar
Yazıçılar cəmiyyətinin ləğv edilməsi
və Sovet Yazıçılar İttifaqının təşkil
olunması qərara alınır. Bu zaman Bakıdan yeni
qayıtmış Ə.Abasov yenə yaradıcı gəncləri
öz ətrafına toplayır.
Həmin il Ə.Abasovun "Mübarizə"
adlı ilk şeirlər kitabı "Şərq
qapısı" qəzetinin mətbəəsində Məmmədəli
Tarverdiyevin redaktorluğu və Lətif Hüseynzadənin
giriş sözü ilə nəşr edilir. Kitabın ərsəyə
gəlməsində müəllimi Şeyx Məhəmməd
Rasizadənin də böyük əməyi olur. Əyyub
Abbasov müəllimi Şeyx Məhəmməd Rasizadəni
hörmət və etiramla xatırlayır: "Mən də
tez-tez Məhəmməd müəllimgilə gedib ondan dərs alırdım. o,
şeirlərimlə maraqlanır, onları oxuyub təhlil
edir, mənə dəyərli məsləhətlər verirdi.
Məsləhəti də bu olurdu ki, yüngül şeirlər
ardınca qaçma, şeir mənadan, gözəl
duyğulardan maya tutmalıdır. Sevgi şeirlərinə
çox uyma. Çalış daha çox vətəni, bu
torpağın özəlliklərini, doğma təbiəti tərənnüm
edəsən. Onun tövsiyələrini can-başla yerinə
yetirir, şeirlərini oxuyub bəyəndikcə sanki mənə
yeni ilham gəlirdi. Bir dəfə o, mənə dedi: - Bəlkə
bu şeirlərini kitab halında dərc etdirəsən.
- Mən də bu arzudayam. Ancaq bilmirəm kimə, hara
müraciət edim, - deyə inamsız halda cavab verdim.
Əlini çiynimə qoyub bir ata nəvazişi ilə
dedi:
- Sən şeirlərini topla, mənə gətir.
Dalısı ilə işin yoxdur..."
Beləliklə, ilk şeir kitabım onun təşəbbüsü
ilə işıq üzü gördü. Həmin kitab 1932-ci ildə
"Şərq qapısı"nın mətbəəsində
nəşr olundu. Uçmağa qanadım yox idi. Müəllimimə
necə təşəkkür edəcəyimi bilmirdim. Və
heç şübhəsiz, ilk kitabımın ilk nüsxəsini
Şeyx Məhəmməd Rasizadəyə
bağışladım".
Əyyub Abbasovun müəllimi Şeyx Məhəmməd
Rasizadəyə bağışladığı kitabı
Şeyxin qızı Rəna xanım qoruyub
saxlamışdı. Ömrünün son illərini
Bakıda, Nizami rayonunda yaşayan Rəna xanımla evində
baş tutan görüşümüzdə söhbət əsnasında
Ə.Abbasovun "Şəkili" imzası ilə nəşr
olunmuş avtoqrafla müəlliminə
bağışladığı "Mübarizə"
kitabını Rəna xanım evində qoruyub
saxlayırdı. Kitabın titul vərəqində
yazılmışdı: "Ədəbi
yaradıcılığımın yardımçısı,
müəllimim Rasizadəyə xatirəm. Müəllif Əyyub Şəkili. 31 yanvar
1932-ci il".
Şairin "Mübarizə" kitabında
toplanmış şeirlərində zəhmətkeşlərin
əmək qəhrəmanlığı, kollektivləşmə
uğrunda gedən mübarizə öz əksini tapır.
Şairin "Dar ağacı" poeması, "Mübarizə"
kitabı maraqla qarşılanır, diqqəti cəlb edir,
"Naxçıvan" şeiri dillərdə əzbər
olur. Qeyd edək ki, yaradıcılığa şeirlə
başlayan Ə.Abasovun silsilə şeirləri dövri mətbuat
səhifələrində: "Şərq qapısı",
"Kommunist", "Gənc işçi", "Yeni
yol", "Yeni fikir", "Maarif və mədəniyyət",
"Hücum", "Dan ulduzu" və sair mətbu
orqanlarda "Şəkili" imzası ilə dərc
edilmişdi.
Azərbaycan ədəbiyyatının görkəmli simaları Süleyman Rüstəmin,
Mehdi Hüseynin Muxtar Respublikada olması, Əli Vəliyev,
Mirzə İbrahimov kimi yazıçıların bölgəyə
işləməyə göndərilməsi (Mirzə
İbrahimov Naxçıvan MTS siyasi şöbəsinin
orqanı olan "Surət", Əli Vəliyev Azərbaycan
KP Naxçıvan Vilayət Komitəsinin orqanı olan
"Şərq qapısı" qəzetinə redaktor vəzifəsinə
işləməyə göndərilmişdir), Azərbaycan
Proletar Yazıçılar Cəmiyyətinin katibi Süleyman
Rüstəmin şairlərlə görüşü, Azərbaycan
Proletar Yazıçılar İttifaqı nümayəndələrindən
Ənvər Məmmədxanlı və Məmməd Rəhim
tez-tez konfranslar, axşamlar, Naxçıvanın, Noraşenin
(indiki Şərur), Ordubadın, Şahbuzun, Əbrəqunusun,
Culfanın və onların kəndlərinin kolxozçu və
işçiləri ilə görüşləri
Naxçıvan ədəbi mühitində bir canlanma
yaradır. Əyyub Abasov Naxçıvanda Mirzə
İbrahimov, Əli Vəliyev, Mehdi Hüseyn, Süleyman
Rüstəm və digər şair, yazıçılarla
yaxından tanış olur.
Sonralar Bakıda yaşayan və ədəbi
yaradıcılıqla məşğul olan ədibin
"Böhtanlar", "Qardaşlar", "Bahar nəğməsi",
"Şəfəq", "Məlik Məhəmməd",
"Alma ağacı", "İntiqam", "Sevinc"
pyesləri, "Könül
şikəstəsi" (1947, 76 səh), "Vətən
suları" (1949, 40 səh), "Nailə" poeması
(1951, 28 səh), "Ağ çadırlar", (1955, 64 səh),
"Sevinc" 3 pərdə, 7 şəkildə pyes, ("Gənclik"
1968) kitabları nəşr olunur. M.Auezov "Abay" (1954),
Jurba P. Aleksandr Matrosov (1951), K.Kirienko Alyonka məktəbi
(1954), A.Necmi "Bahar əyalətləri" (1953), B.Kassis
"Yaşıl əjdaha" (1968), L.Liçaşvili
Ketsxovelli (1954), E.Oqnetsvet "Pioner bayrağı haqqında
mahnı" (1952) və s. tərcümələr edir. Onun
"Azad", "Məlikməmməd", "Aqil və Sərvinaz"
pyesləri Gənc Tamaşaçılar Teatrında uğurla
tamaşaya qoyulur. Sərvinaz rolunun ifaçısı Xalq
artisti Abbasmirzə Şərifzadənin qızı Firəngiz
xanım xatirələrində Əyyub Abbasovun bu əsərinin
tamaşaçılar tərəfindən böyük maraqla
qarşılandığını yazır. "Qadın
azadlığı" adlı ilk dramı Naxçıvan
teatrında tamaşaya qoyulur. Müxtəlif məsul vəzifələrdə
çalışmaqla yanaşı, daima ədəbi
yaradıcılığı da davam etdirən, daha çox
şair, dramaturq kimi tanınan Əyyub Abasov sovet
ideologiyasının sərt dövründə vicdanının səsi ilə və
cəsarətlə 2 cildlik 980 səhifəlik "Zəngəzur"
tarixi romanını yazır.
Keçən əsrin əvvəllərində erməni
təcavüzündə bütün ailə üzvlərini
itirən yazıçı yaşadıqlarını,
şahidi olduqlarını, tarixi həqiqətləri ədəbi-tarixi
salnamədə, "Zəngəzur" romanında yazaraq həqiqətləri,
gələcək nəsillərə bəyan edir.
Deyirlər, tarix təkrar olunur. "Zəngəzur"
tarixi romanını oxuyanlar, əsrin sonlarında
yaşadıqlarımızla qarşılaşdıranda bu
sözdə nə qədər böyük bir həqiqət
olduğunu görə bilər. Əyyub Abasovun
yaradıcılıqda ən yüksək nailiyyəti
sayılan "Zəngəzur" tarixi romanını
müasir dövrümüzlə (Qarabağ müharibəsi
zamanı evlərin bombalanması, dağıdılması,
valideynlərini itirmiş uşaqların fəryadı,
uşaqların süngüyə taxılması və sair)
paraleləşdirəndə görürük ki, roman bütün dövrlər
üçün aktual olan çox dəyərli əsərdir.
Ötən əsrdə erməni quldur dəstələrinin
azərbaycanlılara qarşı dəfələrlə
törətdikləri qırğınları əks etdirən
kitab tarixin ədəbi dillə anladılması,
oğuzların vətəni Zəngəzurun necə
işğal olunmasının salnaməsi, tarixlə
çağdaşlığın vəhdətidir.
"Qısa sürən XX əsr"də
yaşanmış tarixi həqiqətlərin əks
olunması, Zəngəzurda yaşanan qanlı
qırğınlar zamanı gizlədilən faktların, təhrif
edilən tarixin romanda ortaya qoyulması ilə müəllifə
qarşı hücumlar başlanır. Sovet dövründə
"xalqlar dostluğu" şüarını ürəkdən
səsləndirən bəzi yazarlar Əyyub Abasovdan şikayət
məktubları yazır. Guya Əyyub Abasovun "Zəngəzur"
romanı (əslində heç zaman mövcud olmayan) Azərbaycan-Ermənistan
dostluğuna kölgə salır. Çünki artıq
türklərə qarşı qətliamları unudulmuş,
dost cildində olan ermənilər torpaqlarımızda
yaşayır, ən yaxşı vəzifələrdə
çalışırdılar. Təbii ki, düşmənlər
vəziyyətdən xoşlanmır. Roman Ermənistanda
qadağan olunur, kitabxanalardan
yığışdırılır. Rusiya və erməni tərəfdarı
olan bəzi azərbaycanlı qələmdaşları da
Əyyub Abasovu birbaşa şahidi olduğu reallıqları
yazdığına görə qınayır. Bu qədər təzyiqə
tab gətirməyən yazıçı, romanın nəşrindən
az sonra işə gedərkən, 52 yaşında qəflətən
ürək tutmasından dünyasını dəyişir.
"Zəngəzurda doğulan, Naxçıvanda "xeyirxah
insanların himayəsində yaşayan" həyatına
Bakıda davam edən Ə.Abasov ölümündən
sonra unudulur, sanki nə belə
yazıçı olub, nə də "Zəngəzur"
adlı roman". Ötən əsrdə erməni quldur dəstələrinin
azərbaycanlılara qarşı dəfələrlə
törətdiyi qırğınları əks etdirən
kitabdan və müəllif Əyyub Abasovdan gənc nəsil
uzun illər xəbərsiz qalır. Amma xəbərdar olmalı idik, çünki "Zəngəzur"
romanı sıradan bir kitab deyil, Zəngəzurun işğal
salnaməsidir.
Tarix unudulmamalı, tarixdən dərs
alınmalıdır. Çünki tarix unudulanda təkrarlanır.
"Zəngəzur" romanının Ümummilli lider Heydər
Əliyevin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların
soyqırımı haqqında" fərmanının
ardıcıl və müntəzəm şəkildə həyata
keçirilməsi haqqında" 30 mart 1999-cu il tarixli Sərəncamı
ilə təsdiq edilən tədbirlər planına
salınması da məhz bu zərurətindən
yaranmış, "Zəngəzur" romanı Azərbaycan
və rus dillərində təkrar nəşr edilmişdi.
Tarixi həqiqətləri yazdığı üçün
təqiblərə məruz qalan və şübhəli şəraitdə
dünyasını dəyişən, adı unudulan Əyyub
Abbasovun Ermənistanda qadağan edilən və kitabxanalardan
yığışdırılan "Zəngəzur"
tarixi romanını oxumaq, təbliğ etmək, tarixi
yaddaşımızı təzələmək zəruridir.
Qanlı faciələrin burulğanında dünyaya gələn,
ermənilər tərəfindən bütün ailəsini və
qədim yurd yeri Zəngəzuru itirən, həyatı Zəngəzur,
Naxçıvan, Bakı üçbucağında keçən,
adının mistikasını yaşayan Əyyub Abasov
özünün "Zəngəzur" romanı ilə bizim
üçün gerçək tarix danışan natiqdir.
Qeyd etdiyimiz kimi, şair, yazıçı, dramaturq,
Əməkdar incəsənət xadimi Ə.Abasovun keşməkeşli
həyatı, fəaliyyəti, ədəbi
yaradıcılığı haqqında publisistik məqalə
və kitab yazılsa da, adı Naxçıvanın elmi,
ictimai və mədəni həyatına aid tədqiqatlarda
çəkilsə də, həyatı və
yaradıcılığı sistemli şəkildə öyrənilməyib.
Zəngəzur faciəsinin şahidi olan ədibin həyatı
və ədəbi irsinin xüsusi tədqiqata ehtiyac var.
Əyyub Abasovun bioqrafiyasını araşdırmaq, həm də
tarixə baxışdır, tarixə
qayıdışdır. Milli dövlətçilik tariximizdə
həlledici və siyasi hadisələr baxımından əhəmiyyətli
bir dövrün - "qısa sürən 20-ci əsr"in
sakini olan, adı taleyinə çevrilən Əyyub Abasovun ruhu şad olsun!
Lütviyyə ƏSGƏRZADƏ
Filologiya elmləri doktoru, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun baş elmi işçisi
525-ci qəzet .- 2025.- 20
iyun (¹105).- S.15.