"Şəbnamə"dən
"Molla Nəsrəddin"ə uzanan yol
"Molla Nəsrəddin" jurnalının Azərbaycan
mətbuatı tarixində ilk satirik mətbu orqan olduğu elm
aləminə çoxdan bəllidir. Amma "Molla Nəsrəddin" nə
qədər ana dilində ona bənzər bir mətbu nümunə
də olub. Güney Azərbaycanın mətbuat tarixini
araşdırarkən çox nadir və maraqlı tarxi mənbələrlə
qarşılaşdım. Məlum oldu ki, XIX əsrin 90-cı
illərində, iki yerə bölünmüş Azərbaycanın
o biri hissəsində - Güney Azərbaycanda, Təbriz şəhərində
1892-ci ildən başlayaraq "Şəbnamə" adlı
kiçik formatlı mətbu nümunə görünməyə
başlayıb. Onun səhifələrində xalqı narahat
edən sosial problemlərə toxunulur, mövcud quruluşdakı
çatışmazlıqları tənqid edən kəskin
yazılar hazırlanırdı.
Gizli çap olunan "Şəbnamə" adətən
gecələr qapı və divarlara
yapışdırılırdı. Səhər
açılanda artıq əhalinin gur olduğu bazar, məktəb
və mədrəsələrdə yayılır, əldən-ələ
gəzirdi. Gecələr yayımlandığı
üçün də adı "gecə vərəqləri"
mənasını daşıyırdı.
O dövrdə dövlət qəzetlərinin çox
zaman maraqsız və cansıxıcı olduğundan çətinliklə
satılır, əhalinin müəyyən bir qisminə məcburi
abunə formasında paylanırdı. Belə
"darıxdırıcı" ruznamələr (farsca
"qəzetlər" anlamındadır) xalq arasında
"zornamələr" adını qazanmışdı. Belə
qəzetlərdən birini vaxtilə M.F.Axundov
"İran" qəzetinin münşisinə..." məqaləsində
kəskin tənqid etmişdi.
Lakin pulsuz yayılan, içərisi baməzə,
duzlu yazılarla və gülməli şəkillərlə
dolu olan iri vərəqələri sadə xalq böyük həvəslə
oxuyurdu. Savadlıların barmaqla sayıldığı o
dövrdə bu qəzetə maraq o qədər çox idi ki,
bəzən məhəllə-məhəllə gəzib, onu
oxutdurmaq üçün yazı-pozu bilən adam
soraqlayırdılar.
Haqqında söhbət açdığımız qəzetin
naşiri və redaktoru istedadlı publisist Əliqulu Səfərov
idi. Tanınmış güneyli araşdırıcı Səməd
Sərdar Niyanın yazdığına görə, Ə.Səfərov
cavan yaşlarında atasının yanında Rusiya və
Türkiyədə ticarətxanaların idarəsi ilə məşğul
olurdu. Səfərov soyadını da, görünür,
Rusiyada olduğu dövrlərdən işlətməyə
başlamışdı. Bu ölkələrdə İran
hökuməti tərəfindən sürgün edilmiş
siyasi mühacirləri və yerli mütərəqqi fikirli
ziyalılar ilə sıx təmasda olurdu. Sonralar xalqa xidmət
etməkdən ötrü ticarəti tərk edib vətənə
dönür.
Maarifçilik hərəkatının önündə
gedən ziyalılar həmin illərin 80-ci illərindən
etibarən ölkəyə fayda gətirmək və xalqa əməli
xidmət etmək niyyətilə yeni məktəblər,
kitabxanalar açır, elmi-bədii kitabların
yazılması, tərcüməsi və çapı ilə
məşğul olur, yeni qəzet və jurnallar təsis
edirdilər. Dövrün ən qabaqcıl zümrəsini təşkil
edən bu ziyalılar çox zaman gizli cəmiyyətlər,
siyasi qruplar daxilində birləşərək, mövcud
quruluşa qarşı mücadilə aparırdılar.
Belə ziyalılardan biri də Əliqulu xan Səfərov
idi. O, ölkəsini konstitusiya ilə idarə olunan, hər
sahədə inkişaf etmiş, xarici istismarçılardan
asılı olmayan azad bir dövlət kimi görmək istəyirdi.
Ə.Səfərov qəzeti xalqı oyatmağın ən
təsirli vasitələrindən biri hesab edirdi. Əvvəlcə
o öz həmfikirləri ilə bərabər gizli bir mərkəz
yaradır. "Gizli əncümən" adlanan bu mərkəzdə
Əliqulu Səfərovla yanaşı, dövrün görkəmli
vətənpərvər ziyalıları M.Tərbiyət,
S.M.Şəbustəri, H.Ədalət iştirak edirdilər.
1892-ci ildə Ə.Səfərov Təbrizdə qeyri-leqal
olaraq "Şəbnamə" adlı, kiçik
ölçülü satirik dərgi-vərəqə
buraxmağa nail olur. Tarixçi Ə.Kəsrəvinin
yazdığına görə, Ə.Səfərov "Gizli əncümən"in
üzvü olmaqla bərabər, Məhəmmədəli Mirzənin
gizli polis rəisi idi. Məhəmmədəli Mirzəyə gələn
raportlar, məktublar Əliqulu xanın əlindən
keçirdi. O bu vəzifəsindən istifadə edərək
əlbir və həmfikir olduğu yoldaşlarını polisdən
qoruyur, həm də ölkədə baş verən cinayətləri,
mənfi halları açıb "Şəbnamə"də
yayır, geniş kütlələri xəbərdar edirdi.
O dövrdə "Şəbnamə" adı
altında gizli çap olunan nəşr
nümunələrinə çox rast gəlmək olardı.
Məşrutə inqilabı ərəfəsində gizli halda
yayılan qəzet, vərəqə və bəyannamələrə
"Şəbnamə" deyilirdi.
İngilis şərqşünası Edvard Braun 1914-cü
ildə Londonda çap etdirdiyi "Müasir İranın ədəbiyyat
və mətbuat tarixi" kitabında "Şəbnamə"nin
1892-ci ildə Təbrizdə meydana gəldiyini, müntəzəm
deyil, müvafiq vaxtlarda çap olunduğunu, redaktorunun və
oradakı bir çox məqalələrin müəllifinin
Əliqulu xan Səfərov olduğunu və çox zaman
Ağaqulu imzasından istifadə etdiyini, gizli çap olunub
yayımlandığını, yeni ideyalarla zəngin,
çox düşündürücü və satirik olub səhifələrinin
əksəriyyətinin karikaturalarla bəzədildiyini qeyd
edir, onu çox yüksək qiymətləndirir. Ən
başlıcası isə E.Braun nüsxəsi
günümüzə qədər gəlib çıxmayan bu
qəzetin saylarından birini 1906-cı ildə
gördüyünü yazır, oxucuları "Şəbnamə"nin
satirik üslubu ilə tanış etmək üçün qəzetdəki
yazıları örnək gətirir.
E.Braun "Şəbnamə"nin həmin sayındakı
yazıların türkcə (Azərbaycan türkcəsi)
yazıldığını, səhifənin tən
yarısının şəkillərlə bəzədildiyini
qeyd edir. Lakin qəzetin nəşri tarixinin və məkanını
göstərilmədiyini həmçinin redaktor və müəllifləri
haqda heç bir məlumat verilmədiyini bildirir.
Əliqulu Səfərovun jurnalistlik fəaliyyəti tək
"Şəbnamə" ilə bitmir. "Şəbnamə"
primitiv "jelatin üsulu" ilə
hazırlandığından onu texniki cəhətdən
böyük tirajla yaymaq mümkün deyildi. Ona görə də
Ə.Səfərov məsləkdaşları da daxil olmaqla
litoqrafiya üsulu ilə müasir mətbuat orqanlarına
yaxın olan qəzet nəşr etmək fikrinə
düşür. 1898-ci ildə demokratik yolu, yeni məzmunu ilə
seçilən "Ehtiyac" və "İqbal" qəzetlərini,
1906-cı ildə isə satirik "Azərbaycan"
jurnalını nəşr edir. O, həmçinin Mirzə Cəlilin
"Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq
quraraq jurnalın səhifələrində satirik felyetonlarla
çıxış etmişdi.
Öncə qeyd edildiyi kimi, Ə.Səfərov bir
müddət Rusiya və Qafqazda yaşayıb fəaliyyət
göstərmişdi. Qafqazın mütərəqqi
ziyalları ilə yaxından əlaqə saxladığı
üçün, çox ehtimal ki, onun Cəlil Məmmədquluzadə
ilə tanışlığı və dostluğu olub.
"Molla Nəsrəddin" jurnalının ilk nömrələrində
çıxış etməsi ("Xortdan" imzası ilə)
bir neçə mənbə tərəfindən təsdiq
olunub. Belə güman etmək olar ki, C.Məmmədquluzadə
Ə.Səfərovun özü və
yaradıcılığı ilə "Molla Nəsrəddin"in
nəşrindən öncə tanış imiş.
Fikrimizi əsaslandırmaq üçün yenə də
mənbələrə müraciət edirik. Məhəmməd
Tağı Sidqinin şəxsi arxivində onun 1903-cü ildə
Qurbanəli Şərifzadəyə yazdığı məktubunda,
az da olsa, "Şəbnamə"
qəzeti haqda məlumata rast gəlirik. M.T.Sidqi dostu
T.Şərifzadəyə qəzet haqqında qısaca məlumat
verdikdən sonra ona yüksək dəyər verib yazır ki,
başqa dövlətlərin paytaxt qəzeti məqamında
olan "Şəbnamə"nin mənfəəti, istər
millət, istər məmləkət, istərsə də
dövlət üçün qəzetdən
artıqdır".
Ən nəhayət, mətbuat tariximizin görkəmli
araşdırıcılarından olan Əziz Mirəhmədov
əsərlərindən birində (Azərbaycan "Molla Nəsrəddin".
B. 1980) gələcək "Molla Nəsrəddin"
redaktorunun satirik yaradıcılığı ilə XIX əsrin
son dövründə Təbrizdə gizli buraxılan satirik
"Şəbnamə" arasında müəyyən
yaxınlıq olduğunu güman etdiyini yazır. O,
"Şəbnamə" ilə bərabər, İstanbulda
Azərbaycanın görkəmli yazıçısı
M.Ə.Talıbov tərəfindən nəşr edilən
"Şahsevən" qəzetinin də adını çəkir.
Lakin bu, başqa bir mövzu olduğuna görə biz ona
toxunmuruq. Mətbuat tariximızlə bağlı sanballı əsərlərin
müəllifi, M.Cəlil irsinin ardıcıl tədqiqatçısı
Ə.Mirəhmədov bu fikrində yanıla bilməzdi.
Yuxarıda yazılanlardan bu qənaətə gəlmək
olar ki, "Molla Nəsrəddin" jurnalı çap
olunmamışdan hələ 14 il öncə 1892-ci ildə Təbrizdə
Azərbaycan dilində "Şəbnamə" adlı
kiçik formatlı satirik mətbu orqanı nəşr
edilmişdi. Gələcək "Molla Nəsrəddin"
jurnalının redaktoruna "Şəbnamə" bir qaynaq
kimi müəyyən təsir göstərmişdi. Sadə ana
dilində yazılan gülməli şəkillərlə bəzədilən,
xalq tərəfindən böyük rəğbətlə
qarşılanan bu kiçik formatlı məxfi qəzet Mirzə
Cəlildə xalqa hər cəhətdən yaxın olan bir
jurnal çıxarmaq ideyasını doğurmuş, "Molla
Nəsrəddin" kimi möhtəşəm bir satirik mətbu
orqanının meydana
çıxmasına səbəb olmuşdu.
Pərvanə MƏMMƏDLİ
Filologiya elmləri doktoru
525-ci qəzet .- 2025.- 20 iyun (№105).- S.14.