Dünyadan bir Simax Şeyda
keçdi...
UNUDULMAZ SÖZ ADAMI, YƏHUDİ ƏSİLLİ
AZƏRBAYCAN ŞAİRİ ÖMRÜ BOYU VƏTƏN
MƏHƏBBƏTİ İLƏ YAZIB-YARATDI
Oğuz rayonunda yaşasam da, adını dəfələrlə
eşitsəm də, bir neçə kitabını oxusam da,
2007-ci ilin yazına qədər şəxsi
tanışlığım yox idi onunla. Yaxşı yadıma
gəlir, həmin yaz Oğuz şəhərindəki istirahət
mərkəzlərinin birində bir dostumun sayəsində
onunla tanış olmuş, söhbətlərini dinləmişdim.
Elə o vaxt Azərbaycanı, onun füsunkar guşələrindən
biri olan göz açdığı Oğuzu və uzun illər
yaşadığı və işlədiyi qədim Gəncəni
nə qədər çox sevdiyini duymuşdum. Hiss etmişdim
ki, zərurətdən xarici ölkələrdə yaşasa
da, ürəyi həmişə doğma yurdu
üçün çırpınır. Dağ yəhudilərindən
idi. Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvü, Azərbaycan-İsrail
dostluğunun tərənnümçüsü
sayılırdı. Əsərləri Azərbaycan oxucusuna hələ
1950-ci illərin ortalarından məlum idi.
Simax Şeyda (Yuşbayev Simax Barux oğlu) 1936-cı
il iyunun 20-də Oğuz şəhərində anadan
olmuşdu. Şeyda onun təxəllüsü idi. Müsahibələrinin
birində bu barədə deyirdi: "Şeyda vurğun deməkdir.
Mənim soyadım Yuşbayevdir. Şeyda təxəllüsümdür.
Tarixdə Şeyda təxəllüsü ilə yazanlar çox
olub. Bir də dahi Hüseyn Cavidin "Şeyda" pyesi var.
Bunlardan sonra Şeyda adı mənim təxəllüsümdə
çəkilir. Yaddaşlarda da belə qalacam: Simax Şeyda
kimi..."
Sonralar ailəlikcə Gəncə şəhərinə
köçmüşdülər. Orta təhsilini orada
almışdı. Azərbaycan Dövlət Universitetinin
kitabxanaçılıq fakültəsinin məzunu idi.
Simax Şeyda əmək fəaliyyətinə də Gəncə
şəhərində Rayonlararası Xalq
Yaradıcılığı Evində teatr və təsviri
incəsənət üzrə metodist kimi
başlamışdı. Sonralar orada baş metodist və
direktor işləyib.
1965-ci ildən sonrakı fəaliyyəti Bakı ilə
bağlı olub. O, Bakıda Azərbaycan Teatr Cəmiyyətinin
xalq teatrları kabinetinin müdiri (1965-1990) və paralel olaraq
"Azərteatr" Yaradıcılıq İstehsalat Birliyində
redaktor vəzifəsində çalışıb. Azərbaycanda
xalq teatrlarının fəaliyyətinin
canlandırılmasında böyük əməyi olub.
1990-cı ildə Azərbaycandan İsrailə
köçdü. Gedişinin səbəbi xəstəliyilə
bağlı idi. Ürəyində kəskin ağrılar
başlamışdı. O zamanlar burada ağır ürək
əməliyyatları həyata keçirilmirdi. Həkimlər
xaricə getməyini məsləhət
görmüşdülər. Əvvəlcə İsrailə
getmiş və ilk dəfə orada ürəyindən əməliyyat
olunmuşdu. Daha sonra Almaniyaya köçmüş, müalicəsini
davam etdirmişdi. Vaxtaşırı müalicəyə
ehtiyacı olduğuna görə orada (Münhendə)
yaşamağa "məcbur" olmuşdu. Amma tez-tez Azərbaycana
gələr, hər gələndə də birinci növbədə
Bakıdakı, Gəncədəki, Oğuzdakı
dost-tanışları ilə mütləq görüşərdi.
Mətbuat və nəşriyyatlarla, azərbaycanlı
yazarlarla möhkəm ədəbi əlaqələri
vardı. Qeyd edək ki, əsərlərinin və
kitablarının çoxu Azərbaycandakı qəzet-jurnallarda
və nəşriyyatlarda çap olunub.
Azərbaycanın tanınmış yazarlarından N.Həsənzadə,
A.Məmmədov, A.Tağızadə, M.Ələkbərli,
Y.Günaydın və başqaları onun yaxın dostları
idi. Hələ Gəncədə ədəbi dərnəyə
gedəndən - 13 yaşından N.Həsənzadə ilə
dostluq etmiş və bu dostluq illər keçdikcə daha da
möhkəmlənmişdi. N.Həsənzadənin onun "Məndən
istər hər gözəl yar qəzəllər"
kitabına yazdığı ön sözdə oxuyuruq:
"Şairlik taledir. Taleyin xoş olsun, Simax Şeyda. Mən
bir daha yəqin etdim ki, o nəinki gözəl şair, yeni təravətli
qəzəllər müəllifi, həssas insan və
nümunəvi ailə başçısı, həm də
bir dar günün dirəyidir".
Gənc yaşlarından poeziyaya maraq göstərmişdi.
Onun ədəbi yaradıcılığı ilə
tanış olarkən bu mövzularda şeirlərə rast gəlirik:
balaca oxucular üçün yazılanlar; vətən və
el məhəbbəti tərənnüm edilənlər, sevgi
və məhəbbət şeirləri, Qarabağ
mövzusunda yazılanlar.
O, universiteti bitirəndə artıq ölkəmizdə
uşaq şairlərindən biri kimi xeyli tanınırdı.
"Ədəbiyyat və incəsənət", "Azərbaycan
pioneri", "Azərbaycan" qəzetlərində və
"Göyərçin" jurnalında uşaq şeirləri,
mənzum nağılları dərc olunmuşdu. Qısa
zamanda Azərbaycan uşaq ədəbiyyatının əsas
simalarından birinə çevrilmişdi. Özünün
deməyinə görə, onda uşaq şeirlərinə həvəs
Abdulla Şaiq yaradıcılığına
vurğunluğundan yaranmışdı.
Uşaqlar üçün 5 mənzum pyesinin müəllifidir.
Onun uşaq pyesləri Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında, Ağdam, Gəncə,
Sumqayıt və başqa şəhərlərdə səhnəyə
qoyulub.
1961-ci ildən S.Şeydanın "Təyyarə",
"Mən balaca kosmonavtam", "Yaxşı qız",
"Kimin belə qızı var","Tülkü,
tülkü tünbəki", "Nəğməli meşə",
"Yoxdur belə nənədən", "Nağıl istəyən
qız", "Qızım qızlar içində",
"Topçu Həsən", "Ovçu ayı",
"Padşah qız" və sair uşaq kitabları
işıq üzü görüb. Ümumiyyətlə, onun
çap olunmuş kitabının az qala yarısı uşaq
kitablarıdır. Bu kitablardakı şeirlər, öz sadəliyi,
oynaqlığı, dadlı-duzlu deyim tərzi ilə bir-birindən
fərqlənir. Eyni zamanda bu şeirlərin əksəriyyətində
uşaqların həyatından alınmış maraqlı
süjet xətləri var. Tanınmış tənqidçi-alim
Vaqif Yusifli Simax Şeydanı "mənzum nağıllar
ustası" adlandırmışdı.
Uşaqlar üçün yazdığı şeirlərə
bəstəkar O.Zülfüqarov mahnılar yazıb. Bunlara
"Təyyarə", "Mən balaca kosmonavtam"
şeirlərini nümunə göstərmək olar. "Bir
xoruzum var" adlı şeirinə isə dramaturq Y.Əzimzadə
mahnı yazmışdı. N.Əzimov və X.Qədirov da
onun uşaq şeirlərinə mahnılar bəstələmişlər.
Quba rayonundan olub, İsraildə yaşayan Qod Mixaylov adlı həvəskar
bəstəkar isə onun 20-dən artıq şeirinə
musiqi yazıb. Mahnıların sözləri həm yəhudi,
həm də Azərbaycan dilindədir.
Uşaq şairi kimi tanınmış Simax Şeyda
böyüklərin də əzəli və əbədi
duyğularının, qayğılarının,
arzularının tərənnümçüsüdür.
Orta və ali təhsilini Azərbaycan dilində alan şairin
yaradıcılığında vətənə və xalqa məhəbbətdən
bəhs edən şeirlərin öz yeri vardır. 30 ildən
çox Almaniyada yaşamasına baxmayaraq, Simax Şeyda Azərbaycan
vətəndaşlığından imtina etməmişdi,
çünki özünü həmişə bu xalqın, bu
torpağın övladı sayırdı. O, bir yəhudi
olaraq hara getsə və harada olsa, mütləq "Azərbaycan"
deyib haray çəkir, uşaqlar və böyüklər
üçün yazdığı şeirlərində hər
kəsə vətənpərvərlik hissi
aşılayır, Vətəni, torpağı sevməyi
öyrədirdi.
Uşaqlıq və gənclik illərini Oğuzda və
Gəncə şəhərində keçirən şair
şeirlərində doğulduğu və ilk dəfə
göz açıb gördüyü Oğuzdan dərin məhəbbətlə
söz acır:
İlk dəfə gözümü Oğuzda
açdım,
Xallı kəpənəklər dalınca
qaçdım...
Bağladım qəlbimi uca dağlara,
"Ana bulağı"nın gözündən
içdim,
Xalxaldan, Bucaqdan, Padardan keçdim,
Uddum havasını gözəl
Qışlağın,
Dolandım başına ana torpağın...
Və yaxud:
Bir zaman beşiyim olmuş,
Oğuzda izim var mənim!
Dağlar ev-eşiyim olmuş,
Gülündə nazım var mənim...
Simax, bəxtəvər halına!
Yaşılın uyğun alına.
Oğuzun gül-camalına,
Hələ çox sözüm var mənim!
Göz açdığı el-obaya
bağlılıq S.Şeydanın şeirlərində
qırmızı xətt kimi keçir. Bu, onun "Əlvida
deməyin", "Bu yerlər", "Oğuz", "Məndən
yaz deyir", "Çinarlı şəhərim",
"Göy göl" və bir sıra başqa şeirlərindən
də məlum olur. Şairin "Qürbət gülləri",
"Düşmüşəm", "Şüarım mənim",
"Qürbətdəyəm qürbətdə",
"Qocaldım" şeirlərində dərin bir Vətən
nisgili hiss olunur. "Qürbət eldə qala-qala
qocaldım", - söyləyən şair
"Şüarım mənim" şeirində deyir:
Vətəndən uzaqlara düşüb
güzarım mənim,
Çıxmır bir an yadımdan Bakım, Ucarım
mənim.
Qəlbimdə yuva salmış Oğuz, Quba, Qəbələ,
Qazaxdır, Lənkərandır əhdim-ilqarım mənim.
Səsli-küylü Gəncədən könlüm
ayrı düşəli,
Daim gəlir yadıma Göygöl, Qoşqarım mənim.
Gül-çiçəkli Ağdamı röyalarda
görürəm,
Görən səndən harda var, Şəkim,
Qusarım mənim?
Füzuli, Şuşa üçün qəlbim
göynəyir, Simax,
Laçındır, Kəlbəcərdir dildə
şüarım mənim.
S.Şeydanın şeirlərinin bir hissəsi də məhəbbət
mövzusundadır. Bu mövzuda olan "Oynar-oynar",
"Ceyranım mənim", "Bir gözaltım var",
"Deyə-deyə", "Bircə nazın
olmayaydı", "Nə olar" və bir sıra şeirlərini
həyəcansız oxumaq mümkün deyil. Onun 2004-cü ildə
"Şirvannəşr"də çap olunmuş
"Mahnılar, qəzəllər, şeirlər"
kitabında həm Azərbaycan, həm də yəhudi dilində
əsərləri toplanıb.
Müdriklik çağlarında şairin "Qəzəllər",
"Məndən istər hər gözəl yar qəzəllər"
və "Sevdalı gözlər" adlı üç qəzəl
kitabı Bakıdakı "Araz" nəşriyyatı tərəfindən
nəşr olunub.
Burdakı 300-ə yaxın bənzəri olmayan qəzəlləri
oxuyanda adam özündə bir rahatlıq tapır.
Çünki onların hamısı təmiz Azərbaycan
dilində, ərəb-fars sözləri işlədilmədən,
həm də əruzda yox, heca vəznində yazılıb. Bu
mənada Simax Şeyda heca vəznində qəzəl yazan ilk
Azərbaycan şairi sayıla bilər. Şair-ədəbiyyatşünas
A.Abdulla onun qəzəllərini ədəbiyyatda yenilik
adlandırıb. Qod Mixayılovun təbirincə desək,
Simax Şeyda dağ yəhudilərinin Əlağa Vahidi idi.
S.Şeydada Azərbaycan, vətən sevgisi o qədər
böyükdür ki, uzaq Münhendə oturub
"Bakı-Şuşa qatarı" adlı əsər
yazmışdı. O, həmçinin "Xocalıdan gələn
oğlan" əsərinin müəllifidir. S.Şeyda
torpaqlarımızın işğalı dövründə
böyüklər və uşaqlar üçün
yazdığı şeirlərinin hər birində
torpaqlarımızın işğaldan azad olunacağına
inam yaradırdı. Balaca uşaqlarda Vətənə,
torpağa, xüsusi olaraq Qarabağa və Şuşaya məhəbbət
hissi aşılayırdı. O, hələ 2014-cü ildə
yazırdı:
Bu gün, sabah Qarabağda,
Ucalacaq bayrağımız.
Şuşada da, Laçında da,
Yanar onda çırağımız.
Onda köçüb gedəcəyik,
Ata-baba torpağına.
Düşmənimiz qalacaqdır
Öz içindən yana-yana.
Simax Şeyda İsrailə köçəndən
sonra orada Azərbaycan Şairlər Birliyi
yaratmışdı. Birliyə üzv olan şairlərlə
birgə Qarabağ həqiqətlərinin yayılmasında
böyük rol oynayırdı. Nizami Gəncəvidən
Əmirulla Gəncəviyədək 75 azərbaycanlı
şairin şeirlərini dağ yəhudilərinin dilinə tərcümə
edib, antologiya şəklində çap etdirmişdi. Onun tərcümələri
Amerikada, Kanadada nəşr olunub. Bu kitabda qədim-klassik
dövr Azərbaycan şairləri ilə yanaşı, Səməd
Vurğun, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Söhrab
Tahir, Musa Yaqub, Nəriman Həsənzadə, Nəbi Xəzri,
Hüseyn Arif, Məmməd İsmayıl, Cabir Novruz və
başqalarının da şeirləri vardır. Əlbəttə,
bunu hər iki xalqın ədəbi-mədəni əlaqələrinin
inkişafına layiqli bir töhfə saymaq olar.
Simax Şeyda 12 fevral 2024-cü ildə Almaniyanın
Münhen şəhərində vəfat edib. Ruhu şad olsun!
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 20 iyun (¹105).- S.12.