Tarixşünaslığımızı
zənginləşdirən araşdırma
Xeyli vaxtdan bəri məni düşündürən
bir məsələ vardı; bu məsələ həm
çağdaş humanitar elmimizin vəziyyəti, həm də
tarixi hadisələri yeni baxış bucağından dəyərləndirmə
ilə bağlıdır. Mətbuatda və sosial şəbəkələrdə
düşən əksər mübahisələrin, müzakirələrin
çoxu da keçmişə baxışda, tarixi
araşdırma meyarlarının müxtəlifliyində
üzə çıxır. Bəzi tarixşünaslar tarixi
hadisələrə öz interpretasiyasından yanaşır.
Belə bir fikir də var; tarixşünaslar keçmişi,
ideoloqlar isə gələcəyi saxtalaşdırırlar.
Tarixşünaslığı müxtəlif cür başa
düşənlər elə hadisələrə də o
cür yanaşırlar. Başqa bir yanaşma bundan ibarətdir
ki, sovet dövründə tariximiz, dilimiz, ədəbiyyatımız
barədə müstəqil konsepsiya yaratmağa rejim (başqa
sözlə Moskva!) imkan vermirdi; ən azından bu gün də
bunu iddia edirik. Ancaq otuz ildən çoxdur ki, müstəqillik
yolundayıq, hələ də (milli etnik kimliyimiz, dilimiz, ədəbiyyatımız
və s.) istədiyimiz kimi və ya əvvəlkindən fərqli
şəkildə konsepsiyalar yazıldığını
görmürük. Tarixşünaslığın əsas məqsədi
və vəzifəsi belə bir hadisələrin, proseslərin
təzahür və inkişaf istiqamətlərini, təkamül
mərhələlərini faktlarla öyrənməkdən
ibarətdir. Götürək Cümhuriyyət dövrü
tarixini; açığı, son illərdə aparılan
araşdırmaların adekvat olmadığı qənaətim
olduqca güclənmişdi. Nədən ki, tarixi
araşdırmalarını tarixçilər daha çox
özündən əvvəlki araşdırmalar üzərində
qurur, təhlillərini bu istiqamətdə aparırdı, yeni
faktlar, mənbələr üzə çıxmırdı.
Cümhuriyyət dövrü hadisələri ilə
bağlı son illərdə sanki belə bir izlənim
müşahidə edilirdi. Lakin tarixşünaslıqda (təkcə
tarixşünaslıqdamı?!) başqa bir aspektiyaddan
çıxarmaq olmaz; bu da əvvəlki tədqiqatçıların
istifadə etmədiyi və ya edə bilmədiyi, fakt, arqument
və elmi mənbələrə çıxılması və
bundan çıxış edərək dəyərləndirilməsidir.
Bu zaman tarixçi öz araşdırması ilə
tarixşünaslığımızın mənbə
bazasını genişləndirməklə yanaşı, elmi
dövriyyəyə yeni faktlar da gətirmiş olur. Əslində
tarixşünaslığın inkişafı da bu kimi tədqiqatların
hesabına baş verir. Tarix elmləri doktoru, tarixçi alim,
diplomat Fəxri Valehoğlunun "Azərbaycan-Gürcüstan
münasibətləri (1918-1922-ci illər). Diplomatik
missiyaların fəaliyyəti prizmasından baxış"
(elmi redaktoru tarix elmləri doktoru, professor Kərim
Şükürov, rəyçilər tarix elmləri doktorları
Vasif Qafarov, İlqar Niftəliyev) (Bakı, Zərdabi Nəşriyyatı,
2025, 568 s.). Yeni və orijinal problemə həsr olunmuş
monoqrafiya AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Elmi
Şurasının qərarı ilə çap olunub. Müəllif
bəlli bir zaman kontekstində baş verən hərbi-siyasi
proseslər axarında Azərbaycan-Gürcüstan münasibətlərinin
diplomatik istiqamətlərini araşdırır. Yəni
hamının diqqət çəkmədiyi, indiyədək
araşdırılmamış bir problemi ələ alır. Məncə,
araşdırmanın ən böyük uğurunu da elə
burada axtarmaq lazım gəlir. Çünki bu zaman kəsiyində
Tiflis və Batumi şəhərlərində, eləcə də
Gürcüstanın Azərbaycandakı diplomatik təmsilçiliklərindəki
siyasi-diplomatik fəaliyyətində yeni faktlar ortaya
çıxır. Bu araşdırmada siyasi-diplomatik fəaliyyətin
strukturu, kadr tərkibi, təsərrüfat və maliyyə məsələləri
də ilk dəfə olaraq elmi dövriyyəyə gətirilir.
Elmi araşdırmanın uğurlu yönü
orasındadır ki, tədqiqatçı 3-4 ilin hadisələrinə
fokuslanır (tarixi mənzərəni aydın təsəvvür
etmək üçün bəzən 1917-1922-ci il hadisələrinə
də müraciət edir), araşdırma dövriyyəsini
qısaldır, elmi təhlil eninə deyil, dərininə
nüfuz edir. Tədqiqatçı dil bilgilərindən
yararlanaraq Azərbaycan, türk, gürcü və rus arxiv
materialları, rəsmi sənədlər, ensiklopedik nəşrlər,
eləcə də dövrün siyasi-ictimai xadimlərinin həyatı
və yaradıcılığına həsr olunmuş tədqiqatları
təsnifatlaşdırır və müəyyən elmi nəticələrə
gəlir. Bizdə indiyədək bu dövrün hadisələrinə
birtərəfli münasibət bildirilib; sovet dövründəki
bu münasinbət bu gün də fərqli interpretasiyalarda davam
edir. Fəxri Valehoğlu isə hadisələrə obyektiv
mövqedən yanaşır, müxtəlif mənbələri
müqayisə etdikdən sonra ortaq nəticəyə gələ
bilir.
Borçalı qəzasında yerli əhalinin
Anadoludan təxliyə olunan çar ordusunun hərbi
eşalonlarının tərksilah olunması zamanı insan
itkiləri, ermənilərin türk "tatar" kəndlərinə
hücumları, həmin hadisələrin Zaqafqaziya seymində
müzakirə olunması kimi məsələlər
gürcü qəzet və arxiv materiallarında hansı
yöndən əks olunması ilə bir çox tarixi
gerçəkliklər üzə çıxarılır. Tədqiqatçı
müstəqil Qafqaz respublikalarının elanından Azərbaycan
Cümhuriyyətinin süqutuna və Azərbaycan Sovet Sosialist
Respublikasından Zaqafqaziya Seyminin yaranmasına qədərki
dövrü (aprel 1920-mart 1922) mənbələrlə
aydınlaşdırır.
Fəxri Valehoğlunun monoqrafiyasında Azərbaycan və
Gürcüstanın 1918-1921-ci illərdə, ərazi
bütövlüyü və müstəqilliyin müdafiəsində
görülən işlər kimi dövlət quruculuğu
prosesi, xarici siyasəti, oxşar və fərqli rejimlərdə
qarşılıqlı münasibətlərinə də
geniş yer verilir.
Dövrün hadisələrində Batum məsələsinin
region dövlətləri və beynəlxalq güclərin
diqqət mərkəzində olduğunu görürük.
Çünki Batum geostrateji mövqeyi malik idi və əhəmiyyətli
liman şəhəri kimi siyasi və ticari maraqlar
daşıyırdı. Fəxri Valehoğlunun Batum məsələsini
ayrı-ayrı idarəçiliklər dövründə
araşdırması ona imkan verir ki, problemə kompleks şəkildə
baxa, idarəçilik mənzərəsini aydın şəkildə
görə bilsin.
Araşdırılması vacib olan problemlərdən
biri də Azərbaycan Cümhuriyyətinin
Gürcüstandakı diplomatik nümayəndəliyinin fəaliyyətidir.
Fəxri Valehoğlu M.Y.Cəfərovun rəhbərliyi
dövründə diplomatik nümayəndəliyin fəaliyyətini
faktlar və sənədlərlə araşdırmağa nail
olur. Mübahisəli sərhədyanı bölgələrdə
baş verən hərbi-siyasi proseslər, Bakının
işğaldan azad edilməsi prosesində diplomatik nümayəndəliyin
gördüyü işlər, Borçalıda baş verən
proseslər, Cənubi-Qərbi Qafqazda türk-müsəlman əhalisinin
problemləri və sair məqamlar incəliklərinə qədər
araşdırılır.
Bakının işğaldan azad olunması
yönündə xeyli tədqiqatlar aparılsa da, həmin
dövrdəki diplomatik missiyanın fəaliyyəti, bu yolda
göstərdiyi çabalar araşdırmadan kənarda
qalmışdı. Fəxri Valehoğlu həm arxiv sənədlərinə,
həm də dövrün qəzetlərinə ("Sakartvelos
respunlika", "Vozrojdenie", "Sakartvelo" və s.) əsasən
bu istiqamətdə mövcud olan fikirlərə xeyli redaktələr,
düzəlişlər edir. Monoqrafiyada həm M.Y.Cəfərovun,
həm də F.İ.Vəkilovun rəhbərliyi dövründə
siyasi-diplomatik fəaliyyətlərinə də qiymət
verilir. Azərbaycanla Gürüstanın xarici siyasət
qurumları ilə yazışmaları, Tiflis mətbuatı
ilə əməkdaşlıq və informasiya təbliğatı
sahəsində iş, Baş nazir Nəsib bəy Yusifbəylinin
Gürcüstana səfərləri, Zəngəzur,
Naxçıvan və Qazax qəzalarında, Şimal-Şərqi
Anadoluda türk-müsəlman əhaliyə qarşı etnik
zəmində baş vermiş cinayətlər və sair məsələlər
zəngin faktlar, mənbələr əsasında otaya
çıxarılır.
Monoqrafiyanın Azərbaycan Cümhuriyyətinin
Batumdakı konsulluğunun siyasi-diplomatik fəaliyyətinə
də geniş yer verilir. Tədqiqatçı yeri gəldikcə,
tarixi sənədlərlə ynaşı, xatirə və
memuarlardan da istifadə edərək Batumda fəaliyyət
göstərən diplomatik missiyanın həyata keçirdiyi
işləri üzə çıxarır. Əli Səbri və
Nağı bəy Şeyxzamanlının yazdıqları
tarixi mənbələrlə təsdiq olunur. Paris Sülh
konfransına qatılacaq Qafqaz respublikalarının nümayəndələrinin
dəniz yolu ilə İstanbula getmələri
üçün Batumda toplaşmaları ilə bağlı məlumatlar
olduqca əhəmiyyətlidir. Araşdırmalardan o da məlum
olur ki, Batum və burada baş verən ictimai-siyasi hadisələr
diplomatik missiyamızın həmişə diqqət mərkəzində
olub. Bunu konsulluğun ştat cədvəlindən, şəxsi
heyətindən, ayrılan vəsaitdən da aydın görmək
olar. Bu heyətin qarşısında duran məsələlərin
ümumi mənzərəsi də bunu aydın şəkildə
göstərir: Azərbaycanın ticarət maraqlarından irəli
gələrək mal mübadiləsini Batumda həyata
keçirmək; həm Türkiyədən, həm də Qars
və İrəvan quberniyalarından gələn
qaçqınların məsələsinin həll
olunması; Batumda və ətraf müsəlman məktəblərinin
məsələsini həll etmək və sair.
Araşdırmalarda sovet dövrünün ilk illərində
Azərbaycanın Gürcüstandakı diplomatik
missiyasının, fəaliyyətinə də kifayət qədər
diqqət ayrılıb.
Tarix elmləri doktoru Fəxri Valehoğlunun
monoqrafiyasında mövzu ilə bağlı hər hansı
xırda bir detal da nəzərdən
qaçırılmır, bütün istiqamətlər
üzrə faktlarla araşdırılır. Əlbəttə,
faktoloji materiallar olduqca zəngindir, ancaq gerçək
tarixçinin işi yalnız bu faktları gətirmək
deyil, onu ümumiləşdirmək, müəyyən qənaətlərə,
nəticələrə gəlməkdir. Biz monoqrafiya boyu bu
cür qənaətlərə tez-tez rast gəlirik. Ümumi qənaət
isə bundan ibarətdir ki, ikinci müstəqillik
dövründə olduğu kimi, ilk müstəqillik
dövründə də hər iki ölkənin diplomatik
missiyası öz ölkələrini layiqincə təmsil edərək
xalqların yaxınlaşması və gələcəyə
baxışında müsbət rol oynamışlar.
Çağdaş Azərbaycan
tarixşünaslığında, tarixi gerçəkliklərin
araşdırılmasında Fəxri Valehoğlu
imzasını çoxdan izləyirəm və onun həm
problemin araşdırılmasında, həm məsələnin
qoyuluşunda və gəlinən ümumi qənaətlərində
tarixi elmi obyektivliyi həmişə qoruduğunu, elmi meyarlarla
çıxış etdiyini yüksək dəyərləndirirəm.
Elmin dəyəri və alimin qiyməti də məhz bu
meyarlara görə verilməlidir. Onun tədqiq etdiyi problemlər,
baş vurduğu mənbələr, məxəzlər
coğrafi və dil zənginliyi ilə fərqlənir. Ölkəmizdən
kənarda Türkiyə, Rusiya, Gürcüstan, Avropanın
müxtəlif ölkələrində onun
araşdırmalarına istinadlar edilir. Bir çox
araşdırmaları dünyanın nüfuzlu elmi
jurnallarında işıq üzü görüb. Struktur
mükəmməlliyi, sistemlilik və ardıcıllıq,
faktların müxtəlif mövqelərdən müqayisəsi
onun tədqiqatlarının əsasını təşkil
edir. Elmi üslubu həmişə qorunub saxlanılır, hər
hansı bir məqaləsi elmimizə yenilik gətirir. Fikrimcə,
milli tarixşünaslığımız məhz bu cür tədqiqatçıların,
alimlərin yaradıcılığı əsasında
inkişaf edir. Yeni elmi düşüncənin görkəmli
nümayəndəsi tarix elmləri doktoru Fəxri
Valehoğlunun "Azərbaycan-Gürcüstan münasibətləri
(1918-1922-ci illər). Diplomatik missiyaların fəaliyyəti
prizmasından baxış" monoqrafiyası da bütün
yönlərilə tarixşünaslığımızı
zənginləşdirən, bu elm sahəsinə yenilik gətirən
tədqiqatlardandır. Bu cür monoqrafiyaların
yazılması tarixşünaslığımızda hər
zaman yeni elmi hadisə kimi qiymətləndirilməlidir.
Bədirxan ƏHMƏDLİ
525-ci qəzet .- 2025.- 21 iyun (№106).- S.23.