HAMIYA MƏLUM VƏ
HƏR KƏSƏ AZ MƏLUM QOVUŞDURUCU
O, on iki əsrdir ki, bizimlədir. Min iki yüz ildir ki,
o, nəsil-nəsil insanlara yazmaqda və oxumaqda bələdçidir.
On iki əsr səninlə olanı, əlbəttə ki, gərək
yaxşı tanıyasan. Amma onun adını əksəriyyət
bilsə, bir çoxları onun yaradıcısının
kimliyindən xəbərdar olsa da, təəssüf ki,
içəri dünyasına yaxından bələdlər həmişə
az olub, indi daha seyrəkdir, yaradıcısını isə
bütün böyüklüyünə baxmayaraq, yeni
zamanın insanları elə tanımayan kimidir.
Bircə adını bilməklə iş bitməz ki!
O boyda alimi və müstəsna şəxsiyyəti, gərəkdir
ki, keçmişlərdə də yaxşı
tanıyaydılar, indi də layiq olduğu səviyyədə
bilələr, gələcəkdəkilər də həmin
nadir düşüncə və ruh adamının
yazdıqlarından da, ömür yolundan da yerli-yataqlı xəbərdar
olalar.
Sanki hamımıza məlum olan, amma çöhrəsinin
cizgiləri niqab altındaymış kimi hər kəsə
görünüb-bilinməyən o gözəlin adı
ƏRUZdur.
O, elə yarandığı çağlardan Azərbaycanın
qələm adamları ilə birgə olub. Ərəb, fars və
anadilli şeirimizin son 1300 ildə qət etdiyi məsafə
boyunca əruz şeirimizlə, musiqimizlə qol-boyun
addımlayıb.
Yarandığı səkkizinci əsrdə və
sonrakı yüzillər ərzində əruzun bütün ədəbi-mədəni
faydalarından savayı yerinə yetirdiyi mühüm bir siyasi
mahiyyətli missiya da olub. Ərəb əlifbası, ortaq elm və
şeir dilləri - ərəbcə və farsca, islam dini,
müsəlmançılığın bünövrə
kitabı “Quran”, muğam, memarlıq,
xalçaçılıq, bedizçilik sənəti -
miniatürçülük kimi, əruz da müştərəkliyi,
kürəsəlliyi təmin edən ən əhəmiyyətli
amillərdən birinə dönüb. Müsəlman coğrafiyası
kimi nəhəng məkanı vahid edən, müştərək
müstəviyə çevirən dəyərlər cərgəsində
əruz daim ən dayanıqlılardan, ən təsirlilərdən
olub.
Əruz vəzni min ildən artıq bir dövrdə
Mavərənnəhrdən, Orta Asiyadan tutmuş Qafqazlara,
Qafqazlardan Hindistana, Hindistandan Anadoluya, Anadoludan İrana,
Əfqanıstana, oralardan Çinə - uyğurlara qədər
nəhəng bir ərazidə farsca, ərəbcə,
türkcə yazıb-yaratmış on minlərlə
şairin (və onların arasında zirvə, dahi sayıla
biləcəklər onlarla deyil, yüzlərlədir) əsas
söykənəcəyi olub.
Ortada olan yazılı ədəbiyyatımız əsasən
əruz vəznindədir. Elə bir insan tapılmaz ki, onun
dilində və ömründə əruz vəzni olmasın.
Azərbaycanın lap ən sadə, ədəbiyyatdan, elmdən,
yüksək savaddan aralı olan bir insanı da dindirin, hafizəsində
mütləq hansısa şeirlər var və həmin
şeirlərin hökmən bir çoxu elə əruz vəznindədir.
Beləcə, əsrlərdir ki, bəzən məqsədli, bəzən
heç fərqinə varmadan əruz insanlarımızla, mənəviyyatımızın
ayrılmaz parçası kimi ruh dünyamızla
qaynayıb-qarışıb. Əruz hər gün insanlarladırsa
da, bunca qocamanlığa rəğmən insanların onun
haqqında bilgiləri azdır. Bir sərvət ki
hamınınkıdır və daim insanlarladır, onu
yalnız ayrı-ayrı alimlərin yaxşı bilməsi ilə
iş düzəlməz. Hüsnü ilə artıq asta-asta
yaşa dolan üçüncü minillikdə də şeir
dünyamızı, daxili aləmimizi zənginləşdirən,
nizamlayan, bəlli ahəngə tabe edən gözəli gərək
ona yaraşan biçimdə sadə insanlar da tanıya.
Şərqin orta əsrlərdəki mükəmməl
təhsil şəbəkəsi çoxşaxəli biliklər
yiyəsi insanları
yetişdirməyi hədəf götürmüşdü. Mədrəsədə
təhsil alanlara riyaziyyatı da öyrədirdilər, məntiqi,
fəlsəfəni də tədris edirdilər, fiqhi - müsəlman
hüququnu, nücum da oxudurdular. Bu fənlər
sırasında kamil bilinməsi gərək olan əruz da
vardı. Sərf-nəhvi - qrammatikanı lazımınca mənimsədirdilər
ki, şagirdlər dilin qayda-qanunlarını dürüst
bilsinlər, yazı-pozuları qüsursuz olsun. Bəyan, məani,
bədi elmlərini, əruzu, qafiyəni əsaslı şəkildə
aşılayırdılar ki, öyrəncilər şeirin
dilindən sonacan - incəlikləriylə agah olsunlar. Ona
görə də orta əsrlərdə Yaxın və Orta
Şərqdə əruz artıq bir elm sahəsi kimi şəkillənmişdi
və millətimizə uzaq keçmişlərdəki
başucalığı gətirən zəka hünərlərindən
biri də odur ki, əruz elmi ilə bağlı yazılan ilk
mötəbər əsərlərdən birinin üstündə
azərbaycanlı müəllifin adı dayanır - Xətib Təbrizi.
Ərəb xilafətinin hökmranlıq dönəminin
ilk əsrlərində ucsuz-bucaqsız coğrafiyada ərəbcə və
farscanın ortaq elm və şeir dili olmasının gətirdiyi
üstünlüklərin ən əvvəlincisi bu idi ki, həmin
nəhayətsiz təsiri bağışlayan ərazinin o
başında yaranan bir əsər qısa zamanda
ötürülə, ən ucqarlara da yetişə,
hamınınkılaşa bilirdi. Məhz bunu nəzərə
alaraq daha çox oxunmaq (və təbii, bunun içində həm
də daha artıq tanınmaq məsələsi vardı),
düşüncə və məramını daha geniş əhatəyə
yaymaqçün qələm adamı da müsəlman
coğrafiyası üçün körpüləşən
iki dildən birində yazmağa üstünlük verirdi.
İndinin vətənpərvər, millətsevər
yanaşması ilə hərdən ərəb və farsca
yazıb-yaratmış ulularımızı qınamaq cəhdləri
həqiqətləri öz tarixi mətnindən ayıraraq
büsbütün özgə bir zaman kəsiyinə
köçürmək deməkdir ki, belə təşəbbüslər
elə başlanğıcdan yanlış və xətalıdır.
Xətib Təbrizi də həmin məşhur əruz
risaləsini ərəbcə yazmışdı və azərbaycanlı
alimin yazdığı bu əsər azərbaycanlının
olduğu qədər həm də digər türk
xalqlarınınkı idi, həm də ərəbinki,
farsınkı, urdununku idi.
Elə həmin cür başqa bir azərbaycanlı -
Səfiəddin Urməvi də əruz kimi bütöv müsəlman
coğrafiyasınınkı olan muğam haqqındakı
“Kitabül-ədvar”, “Şərəfiyyə” risalələrini
XIII əsrdə ərəbcə yazarkən, əlbəttə
ki, yalnız ərəbləri deyil, bütün Yaxın-Orta
Şərqdəki muğamatçıları, bu elmi dərindən
bilmək istəyənləri nəzərə
almışdı.
Artıq XIII-XIV əsrlərdən etibarən əsiləqayıdış
qüvvətlənəcək, ərəbcənin və
farscanın ortaq dillər kimi nüfuzu yenə qalsa da, çəkisi
daha əvvəlki çəki olmayacaq, müsəlman dünyasında məskun
olan xalqların mədəniyyətlərində də, ədəbiyyatlatında
da, hətta nə qədər müştərək olsa belə,
elmində də milliləşmə, özləşmə, fərdiləşmə
meyilləri qüvvətlənməyə başlayacaq.
Yalnız şeirlərin deyil, elmi əsərlərin
də milli zəminə daha artıq uyğunlaşması və
milli dillərdə yaranma təcrübəsi tədricən irəliləməyə
üz qoyacaq.
XIII əsrdəki sanballı əruz risalələrindən
birini yazan yenə azərbaycanlı Xacə Nəsirəddin
Tusi idi. Onun “Meyar ül-əşar”ı
- “Şeir ülgüləri” farsca idisə də,
iki-üç əsr sonra yaradılan əruz
araşdırmaları arasında artıq ilk türkdilli risalələr
də görünməyə başlayır. Ancaq bu risalənin
farsca yazılması da artıq elmi əsərlərin
sırf ərəbcə yazılması ənənəsinin
artıq dəyişikliyə uğramasının nişanəsi
idi. Əvvəllər yalnız ərəbcə olan risalələr
təhlillərini də ərəbcə şeirlər üzərində
aparırdısa, müsəlman coğrafiyasındakı
xalqların öz milli çöhrəsini daha artıq ifadə
etməyə başlamasıyla əruz bir vəzn olaraq da hər
xalqın öz dilində doğurduğu şeirlərə
uyğun milliləşməyə başlayır. Farsın da,
türkün də əruzunda ərəb əruzundan fərqli
xüsusiyyətlər əmələ gələrək
oturuşur, şeir gerçəkliyində baş verənlər
də nəzəriyyədə çox keçmədən
yerini tapır.
Amma Xacə Nəsirəddin Tusinin
şeirşünaslıq risaləsinin rəmzi bir mənası
da vardı. O, “Meyar ül-əşar”ı ilk növbədə,
özünün də əvvəldən bəyan etdiyi kimi,
övladları üçün yazmışdı. İstəyirdi
ki, gələcəyin alimləri, üstün cəmiyyət
adamları kimi yetişdirməyi düşündüyü
balaları şeirşünaslığı, əruz elmini də
gözəl bilsinlər.
Bu həm də onun göstəricisi idi ki, əruz
artıq çağın savadlı, mədəni
insanının düşüncə varlığında,
gündəlik həyatındakı sabit dəyərlərdən
biri olub.
Bu minvalla VIII yüzillikdə ərəb musiqi alimi və
şairi Xəlil ibn Əhməd Fərahidinin
yaratdığı əruz vəzni əvvəldə
yalnız ərəblərə, ərəb şeirinə mənsub
olsa da, asta-asta qanadlarını geniş açdı və
oldu bütün Yaxın-Orta Şərqin doğması.
Əruzun yaradıcısı Xəlil ibn Əhməd
az bilinən, amma yaxşı bilinməsi gərək olan ibrətli,
macəralı ömür sürdü. Qaynaqların xəbər
verməsinə görə, o, hicrətin 100-cü ilində
Əmmanda doğuldu. Bu, miladi tarixlə 718-ci ilə təsadüf
edir. Bütöv adı əl-Fərahidi Şəhabə bin
Malik bin Fəhm olan bu böyük alim və şair
ömrünün böyük hissəsini oçağlar ərəb
dünyasının başlıca elm mərkəzlərindən
olan Bəsrədə keçirdi. Qısamüddətli həcc
səfəri və Xorasana səyahəti istisna olmaqla,
yetmiş ili aşan həyatının çoxunu Bəsrədə
keçirdi.
Onun hicri tarixlə 175-ci ildə (miladi təqvimlə
791-də) elə Bəsrədə vəfat etdiyi
yazılır. Ancaq bir para qaynaqlar Fərahidinin daha erkən -
777, yaxud başqa mənbələr 786-cı ildə
dünyadan köçdüyünü bildirir. Yəni bunlar
hamısı uzaq vaxtın söhbətləridir - hələ
heç VIII əsr tamamlanmamışdı.
Onu yalnız orta əsrlərdə bütün
İslam coğrafiyasında məşhur olan Bəsrə
dilçilik məktəbinin deyil, ümumilikdə
bütöv müsəlman tarixinin yetirdiyi ən bənzərsiz
alimlərdən saymışlar.
Fərahidi çoxşaxəli biliklər sahibi alim idi
ki, sərf-nəhv, lüğət, hədis, musiqi, üsul
elmi sahələrində də dərin biliklərə sahib
idi.
Fərahidi Xəlilin nəsəbi ibn Əhməd idi -
Əhmədin oğlu. Söhbətin hansı uzaq tarixdən
getdiyini anlamaqdan ötrü bircə
məqama diqqət etmək yetər ki, Fərahidinin atası
Əhməd bu adı İslam dünyasında Peyğəmbərdən
sonra daşıyan ikinci adam idi. Bunu orta əsrin məşhur
salnaməçilərindən ibn Nədim təsdiqləyir.
Bir başqa salnaməçi - İbn ül-Kifti də
yazır ki, o, son dərəcə dindar, aza qane,
gözütox, dünya malının nəzərlərini
çəkmiş pak insan idi və dilindən şair əl-Əhtalın
bu misraları düşməzdi:
Könlün nəsə diləsə dünya
var-dövlətindən,
Saleh əməldən artıq sərvət tapa bilməzsən.
(Xəlil ibn Əhməd Fərahidinin ərəbcə
yazdığı şeirlər Azərbaycan dilindən bu tərcümələrlə
ilk dəfə səslənir).
Onun Bəsrədə atasından qalan kiçik
bağçadan qeyri mal-mülkü yoxmuş, qamışdan
düzəldilmiş sadə bir komada yaşayır, o
bağçadan gələn cüzi gəlir, bir də
şahin ovçuluğundan qazandığı xırda-para vəsaitlə
güzəranını yola verirmiş.
Qaynaqlar Fərahidinin tələbəsi olmuş Nədr
bin Sülmeylin bu sözlərini çatdırır ki, “Xəlil
ibn Əhməd qamış komasında yalavac həyat sürsə
də, ətrafındakılar ondan aldıqları elm sayəsində
zənginlərə çevrilmişdilər. Çünki Xəlil
ibn Əhməd saysız kəşf və
tapıntılarını özü qələmə almaq əvəzinə
bildiklərini ətrafındakılarla bölüşməyə
üstünlük verirmiş”.
Orta əsrlərin məşhur müəlliflərindən
Süyuti “Əl-Müzhir” əsərində yazır ki, Xəlil
tələbələrinə dərs vermək və əsər
yazmaq qaydalarını da öyrədirdi. Yəni sonradan
başqa müəlliflərin adıyla məşhurlaşmış
bir sıra qiymətli dilçilik, musiqi,
şeirşünaslıq risalələrinin də əsl
müəllifi Xəlil ibn Əhməd idi.
Xəlil ibn Əhmədin çoxsaylı yetişdirmələri
ilə necə güclü bir elm axını
yaratdığını təsəvvür etmək
üçün ən məşhur tələbələrindən
bircəsinin adını çəkmək yetər.
Bəsrə dilçilik məktəbinin ən mötəbər
təmsilçilərindən biri, əslən İrandan olan
767-797-ci illər arası yaşamış Əbu Bişr
Əmru bin Osman Əl-Bəsri Sibaveyh (bu təxəllüs əslində
farscadakı “Sibbuye” deyimindən gəlir. “Sib” alma, “buy” ətir
deməkdir - “alma rayihəli”. Ancaq “Sibuye” ifadəsi ərəbcələşdirilərək
“Sibaveyh”ə döndərilmişdir) onlardan biri idi. Sibaveyh ərəb
olmaya-olmaya ərəb dilinin mükəmməl
qrammatikasını yaratmış ilk böyük alimlərdən
biri idi. Səbəbsiz deyil ki, Sibaveyhə “qrammatikanın
imamı” adı verilmişdi.
Əslən İraqdan - bu gün də daha çox
oğuz türklərinin yaşadığı Ərbildən
olan Əhməd bin Məhəmməd bin İbrahim Xəllikan
əş-Şafei (1211-1282) məşhur “Vəfayyat ul-ə`yan
və ənba` əbna əz-zaman” (“Məşhur şəxsiyyətlərin
ölümnamələri (“nekroloq”, ya “vəfat hekayətləri”
kimi də çevirmək olar - R.H.) və onların
müasirləri haqda qeydlər” əsərində Xəlil ibn
Əhmədlə bağlı son dərəcə maraqlı təfərrüatlardan
söz açır.
İbn Xəllikan Həmzə əl-İsfahaniyə
istinadən yazır ki, “İslam aləmində Xəlil ibn
Əhmədin tətbiq etdiyi elmi üsullardan yararlanmayan alim
yoxdur”.
Diqqət edilsin ki, burada söhbət yalnız əruzdan
da deyil, Xəlil ibn Əhmədin güclü olduğu digər
elm sahələrindəki tapıntı və ixtiralarından
gedir.
Qaynaqlardan bugünümüzə o soraq da
çatıb ki, Xəlil bin Əhmədin yaramaz bir oğlu
varmış. Rəvayət olunur ki, Xəlil ibn Əhməd
günlərin birində əruzun təqtiləri üzərində
işləyərkən otağında tənha oturaraq
ayrı-ayrı misraları ucadan oxuyurmuş. Oğlu
atasının hücrəsinə gəlib onun belə
qırıq-qırıq sözlər dediyini eşidincə cəld
küçəyə çıxır, az sonra başına
elə özü ağılda olan bir dəstə
tay-tuşunu yığaraq geri qayıdır və
atasını göstərib deyir ki, deyəsən, bu,
havalanıb, vücuduna cin girib.
O sözləri eşidincə Xəlil ibn Əhməd
oğluna müraciətlə bədahətən bu
misraları deyir:
Anlasaydın mən deyən mətləbləri, heyran
qalardın sən mənə,
Dərk edə bilsəydin öz əbləhliyin, ikrah
edərdin sən sənə.
Qanmadın ərz etdiyim mənaları, təhqir edib
keçdin, nə qəm!
Dinməmək cahillərə bir rəsmidir, mən də
bunu dərd etmirəm.
Orta çağda müsəlman Şərqində
Leys ibn Müzəffərin adı lüğət, Əli bin
Nəsr əl-Cəhdaminin adı hədis, Nədr ibn
Şumeylin adı həm hədis, həm lüğət
elmində, Müərris əs-Sədusinin adı həm
şeirşünaslıqda, həm lüğətçilikdə,
Abbas əl-Əvsatın adı sərf-nəhvdə kifayət
qədər məşhur idi və onlar Xəlil ibn Əhməd
məktəbinin yetirmələrinin yalnız kiçik bir hissəsidir.
Xəlil ibn Əhmədin bu gün bilinən və
bilinməyən tələbələrindən, indi ortada olan,
yaxud itib-batmış və ya başqa müəlliflərin
adı ilə tanınmış əsərlərindən,
onun qiymətini gərəyincə dərk etməmiş
doğmaca oğlundan və digər bütün əqrəbasından bu misilsiz şəxsiyyətə ən
etibarlı çıxan, əbədi həyat qazandıran
övladı əruzdur ki, özü də min ildən də
uzun tarixdə diriliyini davam etdirir, Fərahidini də hər
yeni nəslin canlı müasirinə çevirir.
Süyuti “Buğyət ül-vu`at” əsərində
təsdiqləyirdi ki, səhabədən sonra Xəlil bin
Əhməddən daha zəkalı, ərəb dili və ədəbiyyatını
ondan daha yaxşı bilən ikinci alim olmayıb.
Sözü incə deməyi bacaran Fərahidiylə
bağlı bir rəvayət də qalır ki, xeyli müddət
yanına gedib-gələn, ondan əruz dərsləri alsa da,
bir nəticə hasil edə bilməyən şagirdinə daha
dərsə gəlmə deyib qəlbini qırmamaq
üçün ona bir beyti verərək əzbərləməsini,
tez-tez təkrarlamasını xahiş edir. Söyləyir ki, sən
bu beyti yadda saxlasan və gündə bir neçə dəfə
təkrarlasan, bəlkə də əruz vəzninin sirlərini
tapacaqsan. İbn Xəllikanın “Vəfayyat ul-ə`yan” əsəri
Xəlil ibn Əhmədin həmin beytini də bizə
çatdırıb:
Elə ki məlum oldu nəyisə bacarmırsan,
Vaxt itirmə, get yapış ayrı işin qulpundan.
Orta əsrlərin digər məşhur müəllifi
əl-Əsma belə hekayət eləyir ki, Fəzarə qəbiləsinə
mənsub şəxs günlərin birində Xəlil ibn
Əhmədə sual verir, ancaq onu qane edən cavabı
almayanda rişxəndlə gülür.
Xəlil ibn Əhməd pərtləşmir,
üzünü ətrafındakılara tutaraq sonralar məşhurlaşacaq
bu sözləri deyir ki, “İnsanlar dörd cürdür. Bir
qisim var ki, biliklidir və bilikli olmağını da bilir. Belə
adamlar alimlərdir, onlardan öyrənin. Digər qisim adamlar
onlardır ki, nəsə bilirlər, amma bilməklərindən
bixəbərdirlər. Onlar yuxuda olan kimidir, belələrini
oyadın. Üçüncü qisim o kəslərdir ki, bir
şey bilmirlər, amma agahdılar ki, onların biliyi yoxdur.
Belə adamların biliyə ehtiyacı var, onları öyrədin.
Amma dördüncü növ də var ki, heç nə
bilmirlər, amma elə zənn eləyirlər ki, hər
şeyi bilirlər. Bu cür adamlar axmaqlardır. Onlardan uzaq
durun”.
VIII yüzilin böyük Azərbaycan alimi, dikbaş,
cəsarətli fikirlərinə görə dərs dediyi mədrəsədəcə
qətlə yetirilmiş İbn əl-Müqəffa, məxəzlərin
yazmasınca, Xəlil ibn Əhmədlə simsar imiş.
İş elə gətirir ki, bir dəfə
bütün gecəni yatmayaraq səhərə qədər
elmi müzakirələr aparırlar.
Həmin görüşün sabahı sanki dostunu
yenidən kəşf etmiş İbn əl-Müqəffa başqalarına danışır
ki, Fərahidinin ağlı və zəkası elmindən də
çoxdur.
Xəlil ibn Əhmədlə bağlı mənbələrdə
elə məlumatlara rast gəlirsən ki, bunlar adama
nağıl kimi gəlir. Ancaq sadə müəlliflərin
deyil, böyük alimlərin inanaraq bəhs etdiyi həmin
hekayətləri oxuduqca bu müstəsna şəxsiyyətin
nağılvariliyini də qəbul etmək istəyirsən.
Mənbələr təsdiqləyir ki, Xəlil ibn
Əhməd suryani əlifbanı bilmirdi, ancaq günlərin
birində ona suryani əlifbası ilə ərəbcə bir
mətni təqdim edəndə bircə hərfini də
tanımadığı bu yazını tezliklə oxuyub
başa çıxır.
Bu da nəql edilir ki, günlərin birində Fərahidiyə
yunan dilində bir məktub gətirirlər. O, həmin vaxtadək
aşina olmadığı yunan dilini bircə aya öyrənərək
həmin naməni oxuyur.
Onun yüksək elmi və iti fəhmiylə
yanaşı, həm də təbabətdə mahir
olmasından soraq verən belə bir rəvayət də
qaynaqlarda əksini tapıb ki, bir gün Fərahidiyə
göz xəstəliklərini sağaldan bir məlhəmi təqdim
edərək həmin dərmanın hansı tərkib hissələri
olduğunu xəbər alırlar.
Mənbə heyrət içində şahidlik edir: “Xəlil
ibn Əhməd dərmanın olduğu qabı iyləyərək
məlhəmin hansı tərkib hissələrdən düzəldilməsini
doğru müəyyənləşdirə bildi”.
Fəzilətlərin məcmusu sayılan Xəlil bin
Əhmədə şairanə qiymətlərdən birini orta
çağ təzkirəçilərindən Sufyan əs-Sevri
verir: “Qızıl və müşkdən
yaradılmış varlıq görmək istəyirsinizsə,
Xəlil bin Əhmədə baxın”.
Əmirlər, hakimlər ondan nəsə umaraq deyil,
sadəcə elminə, möminliyinə, nəcibliyinə və
adına ehtiram əlaməti olaraq Xəlil ibn Əhmədə
hədiyyələr, bəxşişlər göndərəndə
qəbul etməzmiş. Mənbələrdə bu rəvayət
də qalmaqdadır ki, Fars və Əhvaz valisi olmuş
Süleyman bin Əli əl-Haşimi Xəlil ibn Əhmədə
yüksək məvacib təyin edərək onu Əhvaza
çağırır. Ancaq Fərahidi bu təklifi qəbul
etmir. Həmin dəvətə cavab olaraq bu misralarla
başlayan bir qəsidə yazıb yollayır:
Ərz eləyin Süleymana malım-mülküm
yoxdursa da,
Könlüm saray, yaşayıram rifah, bolluq
ağuşunda.
Xəlil bin Əhmədin qələmindən
çıxmış risalələrin bir qismi min illik vaxt sərhədini
aşaraq günümüzə gəlib çatıb. Bunca
böyük zaman keçməsinə baxmayaraq, əhəmiyyətini,
elmi dəyərini yenə saxlamaqdadır. Bunlardan biri onun “Nəqd
ül-məsahif” əsəridir. Bu əsər zəmanəsində
çox məşhur imiş və gününə görə
həddən ziyadə həm nəzəri, həm təcrübi
əhəmiyyət daşıyırmış.
Ərəb əlifbasında qısa saitlər
yazılmır. Ona görə də üstündən zaman
keçəndən sonra dilin söz tərkibi dəyişdikcə,
ayrı-ayrı kəlmələr dilin fəal dövriyyəsindən
çıxaraq əskiləşdikcə, keçmişlərdə
qaldıqca, yeni zamanlarda onların necə dəqiq tələffüz
edildiyini bilmək müşkülləşir.
Həmin əsərində isə Xəlil ibn Əhməd
yaratdığı xüsusi hərəkələr şəbəkəsini
təqdim edir, bunun bələdçiliyi ilə “Quran”ı necə
təhrifsiz oxumağın üsullarını göstərirdi.
Lakin alimin müqəddəs səhifələri - ali din
kitabını vərəq-vərəq, sətir-sətir
düzgün oxumaq təlimi verən həmin oxu qəlibi
cüzi uyğunlaşdırmalar və dəyişikliklərlə
digər ərəbəlifbalı mətnlərin də
doğru oxunuşuna yardımçı olmaq gücündə
idi. Xəlil ibn Əhməd bunu ixtira edəndə səkkizinci
əsr idi, indi kompüter texnologiyalarının cövlan
etdiyi iyirmibirinci yüzil.
Bu gün xüsusi proqramlar yaradaraq ərəb əlifbasında
olan ərəbcə, farsca, türkcə kitabların saniyələr
və dəqiqələr ərzində latın qrafikasına
çevrilməsi və səsləndirilməsi
üçün səylər qoyulur. Ümumilikdə çox
kara gəlsə də, belə proqramların bəlli bir faizdə
qüsurayolvermə ehtimalı da diqqətdə
saxlanılır. Ancaq Xəlil ibn Əhmədin min ildən də
bir az qabaq kəşf etdiyi üsulları tətbiq edərək,
bir az da cilalayaraq ultramüasir texnolojilərdə də istifadə
etmək imkanı var və bunun özü də Fərahidinin
köhnəlməzliyinin, tükənməz gərəkliliyinin
əlavə sübutudur.
O alimlər içində nadirin günümüzə
gəlib çatmış əsərlərinin hansına
yönəlsən, orada bugünlü və sabahlı bolluca
mümkün istifadə məqamları ilə rastlaşacasan!
Xəlil bin Əhmədin əsərlərindən
biri “Kitab ul-ayn”dır.
Bu risaləni yalnız Şərqin böyük alimləri
deyil, qərblilər də dünya lüğətçilik
tarixindəki ilk ən mükəmməl əsər adlandırırlar.
Söz yox ki, Xəlil bin Əhmədin şah əsəri
“Kitab ul-əruz”dur.
Bu əsəri ilə o, sonralar əsrlərcə hər
gün insanlarla könül təmaslarında olacaq əruz vəzninin
elmi əsaslarını yaratmışdır.
Əruz həm də musiqi elmi ilə bağlı bir
ixtiradırsa və Fərahidinin vəzn istiqamətindəki
axtarışları bilavasitə şeirə aid olub
dolayısı ilə musiqyə də toxunursa, onun birbaşa
musiqi elminə dair risalələri də varmış.
Şeirşünaslıqdakı ali ixtirasını - əruzu məhz musiqiçiliyi və
musiqişünaslığı sayəsində belə mükəmməl
vücuda gətirməyə müvəffəq olmuş Fərahidinin
ayrıca musiqişünaslıq elminin tarixində də parlaq
izləri qalmaqdadır. Onun “Kitab ul-iqa və kitab ul-nəğəm
fil musiqa” əsəri musiqişünaslıq sahəsində
yazılmış ilk ən kamil risalələrdən
sayılır. “İqa” musiqinin təməlində dayanan, onun
onurğası hesab edilən “ritm” haqqında təlimdir.
“İqa”nın musiqi elmindəki yerinin həyati əhəmiyyətli
olmasının təsdiqi və əyani ifadəsidir ki, Xəlil
ibn Əhməddən sonra qələmə alınmış
musiqi risalələrinin hər birində “iqa”ya ən azı
ayrıca bir fəsil həsr edilib. Bariz örnəklərindən
biri elə Səfiəddin Urməvinin “Kitab ül-ədvar”ıdır.
Xəlil ibn Əhmədin “Risalə məani ul-huruf”
adlı bir araşdırması da var ki, ərəb əlifbasındakı
hərflərin hər birinin daşıdığı
örtülü anlam və hikmətləri açır. Bu əsər
sonralar hürufilərin ən çox istinad etdiyi, mötəbər
qaynaq kimi iqtibaslar gətirdiyi, ayrı-ayrı müddəalarını
şeirləşdirdiyi sevimli mənbə imiş.
Qüdrətli ədəbiyyatşünas, şeir nəzəriyyəçisi
Xəlil ibn Əhməd həm də yaxşı şair idi.
Hələ orta əsrlərdə onun ayrı-ayrı məxəzlərə
səpilmiş şeirlərini də toplayaraq “Şuara`i
mukullun” başlıqlı bir kitaba çevirmişlər.
Xəlil ibn Əhmədin alimliyindən bəhs edən
əski qaynaqların hamısı, sözləşiblərmiş
kimi, onun müstəsna zəkalı, fövəladə bilikli
alim olmasını bir ağızdan təsdiqləməklə
bərabər, eyni hərarətlə onun qutsallıq dərəcəsinə
çatan saf, əməlisaleh, dürüst, pakəxlaq adam
olmasından söz açır, əsas keyfiyyətinin elmdə
də, həyatda da düzlük olduğunu bəyan edirlər.
Min ildən də artıqdır ki, Xəlil ibn Əhmədin
yaratdığı əruz vəzni insanlara şeiri düz
yazıb, düzgün oxumağı, musiqi ahəngi ilə dilə
gətirməyi öyrədir.
Onu müasirlərinə və gələcəkdəkilərə
daha yaxşı tanıtmağa can atan salnaməçilər
və təzkirəçilər varlığının və
istedadının ən parlaq tərəfinin, elə həyatının
da başlıca mənasının müəllimlik olduğu
qənaətinə gəlmişlər.
Xəlil ibn Əhməd böyük ustad, böyük
müəllim idi.
Və müəllimliyini ixtiraçısı
olduğu əruzla, insan nəsillərinə yadigar qoyduğu
risalələriylə, yaşayıb dünyadan
köçdüyü çağlardan 12 əsr ötəndən
sonra da davam etdirməkdədir.
Hərçənd köhnə bir qanadlı ifadə
var ki, “hər müqayisə qüsurludur”, amma bu da danılmazdır
ki, həqiqətlərin üzə çıxmasından
ötrü həmişə müqayisələrə ehtiyac
var.
Böyüklük, icadçılıq, zəka və
mənəviyyat lövhəsinə silinməz və əbədi
möhürünü vurmuş dahilərin xeyli fərqli
zamanlarda yaşamasını bir qırağa qoyaraq hərdən-hərdən
yanaşı qoyulub tutuşdurulmasına da lüzum yaranır
və bu ona görə edilmir ki, hansının daha uca,
hansının daha parlaq olduğu qabardılsın.
Əslində onlar hamısı milliyyətindən
asılı olmayaraq eyni ananın balaları, eyni xalqın və
yurdun övladları kimidirlər. Həm bütün bəşərə
aidiyyətləri var, həm də mənsub olduqları
xalqın və torpağın çöhrəsi, rəmzidirlər.
Elə yanaşı qoyulmalarında da hər dəfə
onların işıqca bir-birinə nə qədər
yaxın olduğu, üzdən sanki ayrı-ayrı sahələrdə
gördükləri işlərin mahiyyətcə bir-birinə
nə qədər bənzərliyi aşkara
çıxır.
Xəlil ibn Əhmədlə Üzeyir bəy
arasındakı vaxt ayrılığı on iki əsrdirsə
də, sanki eyni yolu gedirlər. Onun da, bunun da işinin mahiyyəti
insan, mənəviyyat, düşüncə, zövq
quruculuğudur.
Əruzu doğuraraq Xəlil ibn Əhməd VIII
yüzildə şeir aləmini hər kəsin riayət edəcəyi
ahəngə uyğunlaşdırmağı qəsd edirdisə,
XX yüzildə Üzeyir Hacıbəyli də
çoxqanadlı çalşmalarının hər biri ilə
və hamısının qovuşuğunda eyni amala xidmət
edirdi. Və bu borcluluq duyğusu və iradəsi də belə
insanlara fitrətən, ilahi vergi kimi nəsib olur və mistik
çıxmasın, bəlkə də elə
Tapşırıq kimi verilir.
Ömrünün narahatlıqlar, təqiblər, təşvişlərlə
daşan parçasında - 1920-ci illərin sonları, 1930-cu
illərin əvvəllərində tarixdə şah elmi əsəri
kimi qalacaq “Azərbaycan xalq musiqisinin əsasları”nı
yazanda Üzeyir bəy Şərqin müştərək abidəsi
olan muğamın qət etdiyi yolun dünəninə boylanarkən
əruzla muğamatın taleyindəki qoşa alma təki
oxşar olan mənzərəni təsvir edirdi ki, “Yaxın
Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə
doğru özünün yüksək səviyyəsinə
çatmış və on iki sütunlu, altı bürclü
“bina” (dəstgah) şəklində iftixarla ucalmış və
onun zirvəsindən dünyanın bütün dörd tərəfi
- Əndəlüsdən Çinə və Orta Afrikadan
Qafqaza qədər geniş bir mənzərə
görünmüşdür. Bu “musiqi mədəniyyəti
sarayı”nın tikilişində qədim yunan musiqi nəzəriyyəsini
yaxşı bilən və hərtərəfli bilik sahibi olan
Əbu Nəsr Farabi, Avropada Avitsenna adı ilə məşhur
olan alim, mütəfəkkir Əbu Əli İbn Sina,
Əl-Kindi və başqaları iştirak etmişlər.
Musiqi binasının möhkəm təməlini təşkil
edən 12 sütun 12 əsas muğamı və 6 bürc isə
6 avazatı təmsil edirdi. XIV əsrin axırlarına
doğru baş verən ictimai, iqtisadi və siyasi dəyişikliklərlə
əlaqədar olaraq, bu möhtəşəm musiqi
“bina”sının divarları əvvəllər
çatlamış və sonralar isə büsbütün
uçub dağılmışdır. Yaxın Şərq
xalqları uçub dağılmış bu musiqi
“bina”sının qiymətli “parçalarından” istifadə
edərək, özlərinin “məqam tikinti” ləvazimatı
ilə hər xalq ayrılıqda özünəməxsus səciyyəvi
üslubda yeni “musiqi barigahi” tikmişdir. Təbiidir ki, 12
klassik muğamın adları və həmçinin, bu
muğamların özləri də böyük dəyişikliklərə
uğramışdır: əvvəllər müstəqil
hesab olunan muğamlar bəzi xalqlarda şöbə halına
keçir və yaxud əksinə, əvvəllər
şöbə hesab olunan musiqi sonralar müstəqil muğama
çevrilir. Yenə də bu qayda ilə, muğam və onun
şöbələrinin eyni adları aurı-aurı xalqlarda
müxtəlif məna ifadə edirdi”.
Üzeyirin dahiyanə yığcamlıqla ifadə
etdiyi bu sərrast düşüncələr elə
ülgüdür ki, müsəlman coğrafiyasındakı
bütün xalqları və onların yaradıcılıq
dünyasının bütün səmtlərini əhatə
edir.
Hər xalq öz əslinə, kökünə, ilkin
nailiyyətlərinə qayıdaraq onları dirçəldir,
ancaq ortaq bir müstəvidə bir neçə əsr
yaşayaraq yaratdıqları, istifadə etdikləri sərvətlərə
də biganə qalmır. Onları da da artıq yeni
başlanan dövrün hökmü ilə öz dədə-babadan
gələn, xalis olan irsi ilə qovuşduraraq,
uyğunlaşdıraraq, onunla bunun üzvi vəhdətini
yaradaraq istifadə etməyə başlayır. Həm də
dünənəcən müştərək və təqribən
bütün bu coğrafiyada aşağı-yuxarı eyni
olandan nələrisə götürərək sırf
özününkü kimi inkişaf etdirəndə bu məkandakıların
heç birinin digərinə “o, mənimki idi, mənimsədin”
iradı, hansısa ciddi höcətləşmələri
ortaya çıxmır. Çünki dünən tam ortaq, az
qala bütün məkan boyu yaradılmışda onların hər
birinin payı vardı, bunlar həmin
coğrafiyadakıların hamısının ortaq, həm də
hər birinin öz sərvəti idi, indi doğurduqları isə
tam sahiblik haqqı ilə müştərək xəzinədən
götürdükləri paya tarixin dərinlərindən gələn
öz milli ənənələrini, təcrübələrini,
yaratdıqlarını calaq edərək tam yeni bir bəhrə
ərsəyə gətirməkdi. Elə bəhrələr
ki, yaxın qohumlar kimi bir-birlərinə zahiri bənzərlikləri
vardı. Onlar da şərqli idilər, bunlar da. Ancaq artıq
bu, əvvəlki - ortaq kökdə səslənən və
görünən müştərək müsəlman mədəniyyəti
deyildi. XIII-XIV yüzillərədək daxildəki sərhədləri
xeyli şəffaf olmuş İslam coğrafiyası xəritəsində
yerbəyer olmanın başlanması ədəbiyyat, mədəniyyət
və elmdə özünəxas
sınırların dəqiqləşdirilib
seçdirilməsi idi.
Muğamda baş verənlər ədəbiyyatda daha
erkən çağlardan cərəyan edirdi. Söz sənəti
üçün dönüş nöqtəsi XIII yüzil
idi. Anadilli Azərbaycan şeiri ərəb, fars libasından
getdikcə daha artıq qətiyyətlə
çıxırdı. Əynində o qabaqkı geyimlər
olanda da Azərbaycan şeiri əslində fərqlənirdi, ərəb,
yaxud fars çuxası geymiş türk olması əyan idi.
Ancaq anadilli şeir köhləni söz cıdırına
daha inamla atılmağa başladıqca dilimizin səs təbiəti
ilə ərəbcənin ruhuna uyğun yaradılmış əruzun uyğunsuzluqları getdikcə daha
çox üzə çıxmağa başladı. Fərqli
dillərinin ruhca müxtəlifliyinin doğurduğu əngəllər
söz köhlənimizin yolundakı daş-kəsək,
çınqıllar kimi idi. Bu at və onun süvariləri
dördnala çapa bilsin deyə əruzu sığallamaq,
onunla Azərbaycan türkcəsinin ahəng uyğunluğunu
tapmaq gərəkdi.
Zamanında bu yolda zəhmət çəkmişlərin
hamısı böyük ölçüdə həm də
nilli vəzifəni yerinə yetirirdilər. Həm də bunu
elə təhtəlşüur deyil, məhz milli öhdəlik
olaraq anlayıb icra edirdilər.
Elə olmasaydı, vaxtında əruzu azərbaycanlılaşdırmaq
yolunda can qoymuş mövlana Məhəmməd Füzuli də
bu etirafını edərək bu vədini də dilinə, qələminə
gətirməzdi:
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm
kim,
Nəzm i-nazik türk ləfzilə ikən
düşvar olur.
Ləhce yi-türki qəbul i-nəzm i-tərkib etməyib,
Əksərən əlfazı namərbut ü nahəmvar
olur.
Məndə tövfiq olsa, bu düşvarı asan eylərəm,
Novbahar olğac tikəndən bərg i-gül izhar
olur.
Uzun ömrünün 60 ilini əruza və əski
şeirimizə məhəbbətlə yaşamış, həm
əruzun, hən o söz yatırının sərraflarından
olmuş böyük alim Əkrəm Cəfər söyləyirdi
ki, hər dəfə Füzuli “Divan”ını açıb
oxuyanda salavat çevirir.
Bu, tükənməz minnətdarlığın, bizə,
müdam ruhumuzu duruldub təmizləyən nurunu miras qoyub gedənlərə
ehtiramın ürəkdən gələn səmimi ifadəsi,
onlara peyğəmbər kimi müqəddəs yanaşaraq
dirilər kimi sayğı göstərməyin,
canlıymış kimi salam verməyin, unudulmayan əzizimiz
sayaq rəhmət oxumanın nişanəsi idi.
O bitməz salam və rəhmət min iki
yaşını arxada qoyandan sonra da müasirimiz kimi
yaşayan Xəlil ibn Əhmədə də düşür,
onun yaratdığı yolu və sənəti
yarımçıq qırılmağa qoymayaraq cilalaya-cilalaya
sabahlara aparmış parlaqların hər birinə də.
18 iyun 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 21 iyun (¹106).- S.16-17.