Yol yoldaşı
" - Qardaşın necə adamdır?
- Yol yoldaşı olmamışam..."
Demək ki, adamı tanıdan yoldur. Yoldaş eləyən,
yoldaşı itirən də yoldur. Yolun mistikası bir
ayrı mövzudur; mən bu dəfə Seyfəddin
Hüseynlidən danışacağam...
İkinci dəfədir ki, onunla yollarda yoldaş oluram.
Gedirik Qarabağa. Qəribədir ey, vallah, gör tale
yolları bizi harda qarşılaşdırıb; ikimiz də
Ağdamdan qaçqın düşmüşük. Əlbəttə,
onda bir-birimizin varlığından xəbərsiz idik. Hələ
onda yolumuz kəsişməmişdi. İndi yolumuzun
üstündəki müqəddəs ədəbiyyat məbədi,
ora gedən yol bizi qarşılaşdırıb, tanış
eləyib. Həmişə ona "Əziz adam, doğma
adam" deyirəm. Onunla dostlaşmaq, məncə, çox
asandır, könlünə gedən yol
işıqlıdır.
Gənclik illərində (Yaşımızın artan
rəqəmlərinə görə gənclər ordusundan tərxis
olunmuşuq) "525-ci qəzet" bizə qayğı
göstərdiyi, səhifələrində yer verdiyi
üçün qapısını tez-tez döyərdik,
üz tutardıq həmişə ağ kompüterin
arxasında gördüyüm Seyfəddin müəllimin
yanına.
Əlbəttə, o dövrlərdə də zəif
yazılarımız vardı (biz şedevr hesab eləsək də).
Seyfəddin müəllim o yazıların ələ gələnini
redaktə-korrektə eləyib çapa verərdi, biz də
şənbə günü qəzeti açıb dahiyanə
duruşlu şəklimizi, "Nobellik" yazımızı
görəndə Bakının ilk neft buruğu kimi fontan vuran
istedadımızla qürrələnərdik, sevincimizdən
ayağımız yerə dəyməzdi.
Çap olunmayanda yenə Seyfəddin müəllimə
üz tutardıq, bu dəfə nigaranlıqdan, o bizim ruhumuzu
duyardı, elə sözlər toxuyardı, elə cümlələr
qurardı, misallar çəkərdi heyran-heyran dinləyərdik,
yazının çapa layiq olmadığını ballı
su kimi içirərdi bizə. Yol göstərərdi, istiqamət
verərdi, dartıb zərif qanadlarımızı
qırmazdı. Söz yığınından şilləkimi
ağırlaşmış yazılarımızı
üzümüzə çarpmazdı. Bizə yuxarıdan
aşağı baxmazdı. Elə o günlərdən Seyfəddin
müəllim əziz adamımız, doğma adamımız
oldu. Şəxsən mənim könlümdə taxt qurdu.
İllər və yollar bizi daha da yaxınlaşdırdı,
bir-birimizə bağlayan tellər, bağlar artdı. Seyfəddin
müəllimin daxili dünyasını görmək
şansım yarandı.
Hə, onu deyirdim axı, yol yoldaşı olmaq...
Gedirik Qarabağa. Bu dəfə mənim maşınımla,
ikimiz. Keçən ildən belə bir vədimiz vardı;
birlikdə doğma yerləri gəzib, dərin duyğulu
anları birlikdə yaşamalıydıq.
Bu əziz adam, doğma adam zəng elədi ki, onu
yaxşı bir qrupla Ağdama dəvət eləyiblər, vədimizi
yerinə yetirməyə fürsət düşüb.
Vədələşdiyimiz saatda, vədələşdiyimiz
yerdə görüşdük, düşdük yola. Getdik,
getdik, getdik, axır ki, Qarabağın havasına
çatdıq. Gözümüzün ehtiyacı olan
yaşılın Qarabağ çaları, qırmızının
lalə tonu bizi valeh elədi. Seyfəddin müəllimin
bütün hissləriylə, duyğularıyla, ağacı
kökləri torpağa bağlayan kimi kəndinə
bağlandığını bilmirdim. Onun televiziya
çıxışlarında, ümumi söhbətlərimizdə
Ağdamdan, Mərzilidən danışdığı xatirələri
eşitmişdim. Amma bu kişinin doğma kəndlə nəfəs
aldığını, ürəyinin bu torpaqda
döyündüyünü bilmirdim. Tanıdığım
bir çox adam var ki, doğulduqları torpaqlara sevgilərini
pafosla, ulduz kimi parlaq kəlmələrlə izhar eləsələr
də, işğaldan azad olunduğu gündən bu günə
qədər hələ oraları ziyarətə getməyiblər.
Müxtəlif səbəblərə, bəhanələrə
bağlayıblar bunu. Məncə, bu, natamam insan xarakteridir. Bu
tiplərin digər münasibətləridə
parıltıdan ibarət olur, ocaqları əl isitmir. Deməyim
budur ki, Seyfəddin müəllimin saxta sözlərin,
süni sevgilərin adamı, yalançı vətən
aşiqi olmadığını görmüşəm. Bir
neçə dəfə bu ata-baba yurdumuza səfərləri
olub; Şuşanı, Əsgəranı, Xocalını, Xankəndini
bir neçə dəfə görüb, amma hər bu
rayonlardan keçdikcə düşmənin evlərə,
ağaclara, yollara tutduğu divanı ilk dəfə
görürmüş kimi vaysınır,
yanıb-yaxılırdı. Hiss eləyirdim ki, adam içindən
qorğa kimi qovrulur. Haldan-hala, əhvaldan-əhvala
düşürdü Seyfəddin müəllim.
İndi quruculuq işlərinin miqyasını
gördükcə fərəhlənir. Fərəhlənib
deyir:
- Bu Vətənə, bu dövlətə layiq olmaq
lazımdır... Belə şey harda var?.. Gör nə qədər
texnika işləyir... Bu gözəlliyə, o dağlara bax
ey!
Bu tərif dövlətdən vəzifə tutub,
maaş alan, xidməti maşınında əlini
qarnının üstünə qoyub Şuşaya gedən məmurun,
oturacağa sığmayan məmur yoldaşına vəzifəsini
qorumaq üçün dediyi sözlər deyildi. Bir
qarayanız, orta çəkili, uşaqlıq
gülüşünü hələ də üzündə
qoruyub saxlayan qəzet redaktorunun, gecəsini-gündüzünü
oxumağa-yazmağa, araşdırmağa sərf eləyən,
maaşını gözünün işığıyla
qazanan sadə bir adamın mövqeyi, vətəndaş məsuliyyətinin
dərki idi.
Seyfəddin müəllimin sevgisiylə
qidalanırdım o anlarda. Məcbur olmadan danışdığı
sözlər mənə həzz verirdi, onun
tanımadığım tərəflərini, bürclərini
aşkarlayırdım. Belə başa düşürəm
ki, Seyfəddin Hüseynli nümunəvi insan olmaq
üçün özünü cilalayır. Yeri gəlmişkən
deyim ki, məcbur, ehtiyac olmadığı yerdə belə, təhlükəsizlik
kəmərini bağladı, dedi: "Biz gərək
başqalarına örnək olaq". Əlində artıq
olan heç bir qabı, salfeti, qabığı qıyıb
maşının pəncərəsindən xaraba yurdumuzun
tullantılarının arasına atmırdı ki:
"Buraları zibilləmək olmaz, günahdır!"
Mərziliyə yaxınlaşırıq. Məni kəndlərinə
qonaq aparır. Elçilikdə ata oğlunu tərifləyən
kimi yol boyu kəndlərini öyür. Uşaq vaxtı
görmədiyim üçün mənə ilkin
tanışlıq verir. Təəssürat oyadır. Bunu da elə
şövqlə, elə məhəbbətlə, elə
yanğıyla eləyir ki, istəyirəm yolun yolsuzluğuna
baxmadan, təcili yardım kimi sürəti artırım, bu həyəcandan
boğulan adam kəndinin havasını udsun, təzələnsin,
tumurcuğu çiçək olsun, özünə
qayıtsın. Ata yurduna bağlı olmaq belə olur ey! Kəndin
adətlərini, hadisələrin tarixini, insanlarının
xatirəsini, qəbirlərin cığırlarını belə
Adamlar qoruyub saxlayır, özündən sonraya
ötürüb kəndinin diri qalmasına
çalışır.
Ağdamın mərkəzindən Mərzilinin
girişinə qədər kəndlərindən
danışan Seyfəddin müəllim birdən əlini dizinə
çırpıb dedi:
- Vay, dədəm, vay! Ta özün bax də, mən
nə deyim! - Beləcə kəndin boyunu sevir. - Gör, nə
boyda kənddi ey! Bu ölkədə bundan böyük kənd
var?!
Hiss eləyirəm ki, qəhərlənib, tufana
düşmüş balıqçı gəmisi kimi duyğularının nəhəng
dalğaları arasındadır.
"Dövlət bəyin ölüsü də
gözəldir" deyib əzizləyir Mərzilinin
xarabalığını. Bu bənzətməsi lap yerinə
düşür. Replikanın "Nəsimi" filmindən
olduğunu xatırlayıram: Miranşah Dövlət bəyin
kəsdirdiyi başını qırmızı ipəyin
arasında gətirib Şəmsin qarşısına atır.
Örtüyü açıb başa soyuqqanlı baxan Şəms
tövrünü pozmadan Dövlət bəyin gözəlliyinə
xələl gəlmədiyini, ona sevgisinin dəyişmədiyini
cəsarətlə etiraf eləyir və onda bu sözləri
deyir. Seyfəddin Hüseynli də, axı, məlumatlı
adamdır, intellektualdır, hansı sözün harda yerinə
düşəcəyini bilir, o boyda filmdən hansı
replikanın Mərziliyə yaraşdığını
peşəkarcasına tapmışdı. Əlacı
olsaydı, yəni qolu çatsaydı, gücü yetsəydi,
Mərzilini cəbhədən qayıtmış yaralı
oğlu kimi bağrına basardı, tozlu-torpaqlı
saçına tumar çəkərdi, al-qana boyanmış
üzündən öpər, öpərdi.
Evlərinə lap yaxın yerdə, yolun kənarında
saxlayıram maşını. Düşüb evlərinə
gedən yolu axtarır. Ot-ələf qurşaqdandır. Evin
yeri, daş qalağı beş-on metrlik olsa da, getmək
çətindir. Məni qonşularıyla tanış eləyir:
Bu, filankəsin evidir... Bu, filankəsin oğlunun...
Dağılmış evləri yaddaşındakı kimi diri
görür. Qonşularının səsini eşidir. Burada
yarımçıq qoyduğu illəri yaşayır. Telefonun
gözüylə gördüklərini uzaqda yaşayan
qardaşlarına göstərir. Bilmir sevincini, həyəcanını
necə, kiminlə bölüşsün. Onu çalxalanan
duyğularıyla baş-başa qoyub aralaşıram. Bu hissləri
yaşamayan adam bilməz. Bilməsi bir yana, bəlkə də
gülər.
Başa düşmüşdüm, Seyfəddin müəllim
kövrək adamdır. Bunu bu səfərdə dəqiq
bildim: elə evlərinin yanında.
Kəndin qəbiristanına getdik. Qəbirlərin ətrafını
gəzdi, adları oxudu, şəxsən
tanıdıqlarını mənə də tanıtdı.
Buna görə deyirəm, belə Adamlar kəndləri diri
saxlayır. Hər kənddə, hər şəhərdə
belə el-obasını unutmayan, unutdurmayan, xatirəsini
paylaşan, kəndini diri tutan mühafizəçilər, odu
qoruyan mabaxlar lazımdır. Evləri yıxan, yurdları
xaraba qoyan amansız düşmənin ilk adı
unutqanlıqdır.
Mərzilidə Xudu Məmmədov adına orta məktəbin
onuncu sinfinə kimi oxuya bilib. Əlaçı olduğu
üçün Xudu müəllimin təsis elədiyi fəxri
təqaüdü alıb. Məktəbin də, Xudu Məmmədovun
daa dına layiq olduğu üçün Seyfəddin
Hüseynlinin adı bu gün Mərzilinin ən hörmətli
adamları sırasında qürurla çəkilir. Bu
sıranın başında isə Xudu Məmmədovun
durduğuna inanıram. Odur ki, Seyfəddin müəllimin durduğu
sıraya baxanda onun şəxsiyyəti, kimliyi, əqidəsi
məlum olur.
Seyfəddin müəllim dolu adamdır, deyərdim,
münasibətlərdə balans saxlamağın
ustasıdır. Məsafəni dəqiq ölçür: kimi
hara qədər buraxır, kimi hardan qaytarır, kimi harda
saxlayır... Bu peşəkarlıq imkan verir ki, münasibətini
düzgün qura bilsin. İntriqant olmadığından
inanmıram ki, onun arxasınca danışan ola. Qeybətdən
uzaq adamdır, mövzunun ayağı qeybətə
sürüşsə, Seyfəddin müəllim onun
yönünü dərhal dəyişəcək, söhbəti
elə yönləndirəcək ki, bu dəfə
qarşısındakı adam onu heyran-heyran dinləməli
olacaq. Yəni "topu almağı" bacarır.
Seyfəddin Hüseynliylə söhbətə
başlamısansa, əmin ola bilərsən ki, yeni mövzular
eşidəcəksən, bildiyin mətləbə bu dəfə
başqa tərəfdən baxacaqsan. Düşüncən,
fikrin aydınlanacaq. Bu ayaqüstü görüşdən
faydalanıb çıxacaqsan, mənəvi qazancın olacaq.
Bəzi tiplər var; görürsən, dəriyə
yapışan zəli kimi, qarşısındakı
adamların enerjisini əmir, komfort zonasına girib adamın
sinirlərini alt-üst eləyir, sözü-söhbətiylə
əhvalını xaraba qoyur, işığını, nurunu
kəsir. Pessimist havasını, qaramat enerjisini sənə
yükləyir. Bir də görürsən bədbinliyin hisinə-pasına
bulaşmısan. Seyfəddin Hüseynli bunların tam tərsidir.
Zarafatın da əndazəsini bilir o, ciddiliyin də.
Yaxşı yumor hissi var. Bir də görürsən qatı
açılmamış, heç on-on beş qulaq,
beş-altı dodaq görməmiş elə lətifə
danışır uğunub gedirsən. Danışanda lətifə
bitənə yaxın özü elə gülür ki, səni
də dartıb salır o gülüş tornadosuna.
Bax, belə maraqlı və bütöv adamdır Seyfəddin
Hüseynli. Dəqiq bilirəm, çünki yol yoldaşı
olmuşam.
"Azərbaycan" jurnalı (2025. № 6)
Vüsal NURU
525-ci qəzet .- 2025.- 21 iyun (№106).- S.15.