"Bir adın
qalmalı..."
"İTİRMƏK ÜÇÜN ERKƏN,
SEVMƏK ÜÇÜN ÇOX GEC OLANDA..."
Esse
...Zaman axıb keçir, il ötür, vədə
tamam olur, bütün yaşanmışlardan geriyə bir ad
qalır. Bəzən quruca bir ad kimi baxdığımız o
nəsnədə bütöv
bir dünya - ağrılar, sevdalar, ümidlər, gözləntilər
toplanır. Geriyə bir adın qalması keçmişdə
yaşananların, duyğuların, xatirələrin səmimi
və toxunulmaz xülasəsidir. Hamının dünyada
gizli-aşkar çırpınışlarının da mənası
özündən sonraya ən azından adının
xatırlanmasıdır. O ad bir nağıl kimidir bəzən
- sonunda düşən üç almadan heç kimə pay
çatmır... Ad insanı
unudulmağa qoymur, bunun üçün də dəyərlidir,
çünki ad "mən də burada idim, gəldim,
yaşadım və getdim"
deməyin yeganə nişanəsidir. Geriyə qalan ad
insanın zamanla mübarizəsindəki qalibiyyətini göstərir,
yaddaşın ən dərin qatında susqun bir arzu kimi
yaşamağa davam edir... Və təkcə insandan deyil,
gerçək duyğuya və yaşantıya xitab edən hər
şeydən geriyə ad
qalmalı(dır)...
Bir gün bütün sevdalar unudulur, xatirələrin
ilkin parlaqlığı solur, yaşadığın nə
varsa, bircə adı qalır. Bəzən ən unudulmaz,
imtina olunmaz bildiyimiz sevgi də, sevgili də geriyə addan
başqa heç nəyi "miras" qoymur. Özünü
aid hiss etdiyin, amma sənə aid olmayan, içində o
sevdanın hüznündən sonra səninlə yaşayan bir
adla yoluna davam edir, çıxıb gedirsən.
Maraqlıdır ki, adla bağlı yazılan ən
gözəl poetik örnəklərdən olan "Bir adın
qalmalı geriyə" şeirinin
müəllifinin adının kim olması da bir zaman
mübahisə mövzusu olub. Öncələr Əhməd Həmdi
Tanpınara aid edilən bu şeirin müəllifinin sonradan
İbrahim Sədri olduğunu təsdiqləyən dəlillər
irəli sürülüb.
Və paradoksaldır ki, "Bir adın qalmalı"
şeiri ilə indi iki ad paralel xatırlanmaqdadır...
Gerçəyin əslinə - "aynaların
ardındakı sirrə" vaqif olanda əslində nəyin
kimə aid olduğunu biləcəyimiz üçün bizə
indilik bəxş edilən bu hüznlü bədii gözəllikdən
zövq almağımız qalır. Şeirin bütün
dadını-ovqatını, təkrarsız təsirini
çatdıra bilmək üçün onu orijinalda təqdim
etmək qaçılmaz görünür:
Bir adın kalmalı geriye
bütün kırılmış şeylerin
nihayetinde
aynaların ardında sır
yalnızlığın peşinde kuvvet
evet nihayet
bir adın kalmalı geriye
bir de o kahreden gurbet...
Qəlbimizi qırıb əslində
gözümüzü açan nə varsa, onun sirrinə bəzən
sadəcə aynalar şahid olur. Yaxud da bir gün anlayırsan
ki, qarşındakı bütünlüklə səni
özünə "güzgüləməyə" xidmət
edirmiş, gəlibmiş ki, sənin özünü nə qədər
sevə biləcəyini anlatsın, onun simasında öz dərinliyinin,
gözləntisiz, qarşılıqsız, qatqısız,
qeyd-şərtsiz sevmək istedadının olduğunun fərqinə
vara biləsən. Doğru və yanlış bildiyin hər
şey sənin ruhunun təkamülü
üçünmüş. Bax, onda Yaradanın
"aynaların ardında saxladığı sirr"in hikmətini
anlayırsan. Və dünyəvi sevda məhdudiyyətindən
çıxıb ilahi olana nəzər sala bilmək
gücün olanda hər şeyin səndə başlayıb səndə
bitdiyini, "mən" dediyini də ortadan qaldıranda
gerçəkdə Ondan başqa kimsənin
olmadığını görürsən. Qəfil başa
düşürsən ki, bütün "ilahi oyun" səndən
sənə oynanırmış, qarşına çıxan hər
kəsin bütünün zərrələrini
anlatdığını dərk etdiyin anda həqiqi, mütləq
yalnızlığın düz ortasında çılpaq həqiqətlə
üz-üzə qalırsan... O girdabdan çıxa biləndə
müəllifin dediyi yalnızlıqdan sonrakı qüvvət
yüklənir ruhuna. Çünki "sürgünə"
göndərildiyimiz bu "qürbət" dünyada
ruhumuzun güclü olmaqdan başqa çıxış yolu
qalmır... Qürbət burada təkcə fiziki uzaqlıq
deyil, həm də ruhi yadlaşma, anlaşılmamaq, mənəvi
təcrid kimi oxunur. Qürbət həm də sevdiyin qədər
sevildiyini umacağın bir eşqə özünü bilərəkdən
(bəzən də ömürlük) məhkum etməkdir. Bu
da məhbəsin ən dözülməz halıdır.
Göy üzü həqiqətlərindən yer üzünə
enəndə isə qürbət həm də sevgilinin olmadığı
göz yaşına bələnmiş gündüzlərdir,
"xəyanəti qoynuna aldığın gecələrdir"...
Bunun dözülməz sancısına
qarşısındakının tab edə bilməyəcəyini
anladığı üçün şair "sən say ki,
heç ağlamadım" deyir...
Sen say ki
ben hiç ağlamadım
hiç ateşe tutmadım yüreğimi
geceleri, koynuma almadım ihaneti...
Bu, poetik təzadın, içində yaşanan
duyğularla zahirən göstərilən hisslərin fərqinin
ifadəsidir. Bəndi oxuyursan, atəşə tutulub qovrulan
ürəyin üzərinə damlayan göz
yaşının da cızıltılı səsi gəlir
qulağına... Və təkcə o səs yox, həm də
gözlərinin şeirlərini və saçlarının
şərqilərini söyləyən səda da durmadan səslənməkdədir:
ve say ki
bütün şiirler gözlerini
bütün şarkılar saçlarını
söylemedi
hele Nihavent
hele Buselik hiç geçmedi fikrimden
Burada şairin sevgilisinin bütün sənətə
- şeirə, musiqiyə, melodiyaya necə sirayət etdiyini
görürük. Bu, ömrünün duru, sevginin təmiz
halında hər kəsin başına ən azı bir dəfə
gəlmiş hadisədir.
"Nihavent" və "Buselik" - türk
musiqisinin melodik anlayışlarıdır və bu sözlər
duyğusal zəminin, həm kədər, həm sevincin
içindəki nəğməli qatların ifadəsidir. Və
bunları yaşamaq bəzən zövqdən ötə - özünü bilə-bilə
ağrıya məhkum etməkdir, o ağrını
qıymadığı üçün də "sən say
ki heç olmadı bütün bunlar" deyir... Məhz
burada sevənin "əyarı"
ortaya çıxır, sevdiyinə qıymaması, onu incidəcək nələr varsa, ondan uzaq
tutmağa, dərinində özü yaşamağa
çalışması ilə... Məhz belə sevməyi
bacaranda:
ve hiç gitmedi
bir topak kan gibi adın
içimin nehirlerinden...
Bu misralar unudulmazlığın yığcam şərqisidir.
Nələr gəlib nələr keçir, amma o adın
oradan heç silinib getmədiyini göstərir. Ən saf
halıyla...
evet yangın
evet salaş yalvarmanın korkusunda talan
evet kaybetmenin o zehirli buğusu
evet nisyan
evet kahrolmuş sayfaların arasında adın
sokaklar dolusu bir adamın yalnızlığı
bu sevda biraz nadan
biraz da hıçkırık tadı
pencere önü menekşelerinde her akşam...
Bu bənd şeirin emosional-bədii partlayış məqamıdır.
Burada daxildən yandırıb qovuran yanğın da var, ləyaqətini,
qürurunu itirəcək qədər yalvarmaq qorxusu da,
keçmişdə yazılmış, amma artıq birdəfəlik
unudulmağa üz tutmuş xatirələr də... Bu, ən
güclü insanın da sevgidə nə qədər aciz, nə
qədər həssas olduğunu, hətta "bir küçə
dolusu" qələbəlik içində belə yalnızlığını
göstərir. Zamanla mübarizə başlayır, unudulmaq
qorxusu yadda qalmaq istəyi ilə birləşəndə nadan
bir sevdanın
hıçqırıq dadı qalır
damağında... Amma bu sakitlik də uzun sürmür,
"açılır sandıq, tökülür
pambıq", dağlar lərzəyə gəlir "yerə
girəsi" "keçməyən sevda"nın şiddətindən:
Dağlar sonra oynadı yerinden
ve hallaçlar attı pamuğu fütursuzca
sen say ki
yerin dibine geçti
geçmeyesi sevdam...
Və mən şəxsən inanmıram bu
cür sevən birinin
sevdasının bir gün "yerin dibinə keçməsinə"...
ve ben seni sevdiğim zaman
bu şehre yağmurlar yağdı
yani ben seni sevdiğim zaman
ayrılık kurşun kadar ağır
gülüşün kadar felaketiydi yaşamanın...
Bir neçə misrada sevginin sadəcə xoşbəxtlik
deyil, ayrılığın qaçılmazlığı ilə
yüklənmiş bir təcrübə olduğu
xatırladılır. Şairin təcrübəsində -
sevginin yaşandığı zaman aralığı sevgilinin
fəlakətli dərəcədə misilsiz
gülüşü qədər gözəldir,
ayrılığı isə qurğuşun kimi çəkilməz
ağırlığı ilə ruha çökəndir.
Bütün bu hisslər, klassik şəhər romantizminin
fonunda - yağmur, küçələr, kədər və tənhalıqla
birlikdə - səssiz etiraf kimi səslənir... Fəqət
duyğunun bir belə təhlükəli uclarında olsa belə,
müəllif israr edir ki, "yine de bir adın kalmalı
geriye, bütün kırılmış şeylerin
nihayetinde..." Bu misralar insanın unutmağa və
unudulmağa müqavimətidir - nə olursa olsun, bütün bunlardan
sonraya bircə ad qalmalıdır. Ömrün müvəqqətiliyinin
labüdlüyü, dağılmanın və itkilərin
qaçılmazlığının fonunda bir gün hər
şey qırılır: güvən də, ürək də,
münasibətlər də... Hətta zamanla insan
"qırılıb öz içinə tökülür
termos şüşəsi kimi". Şair deyir ki, hər
şeyin sonunda, heç olmasa, adın qalsın -
çünki o ad bütöv bir duyğu
dünyasının, yaşanmış bir ömrün
saxlancıdır. Bu, insanı həm xatirələrdə
yaşatmağa davam etmə istəyi, həm də
özünün də tamamilə yoxa çıxmamaq
üçün tutunduğu son tutalqadır. Sonluq da buna
uyğun olaraq isə əslində sevgilidən daha artıq -
sanki özünə ünvanladığı misralara
tapşırılır:
beni affet,
kaybetmek için erken,
sevmek için çok gec...
"Məni bağışla" deyərkən insan
təkcə qarşısındakından deyil, eyni zamanda
zaman-zaman özünə verdiyi iztirablara görə
özündən halallıq istəyir. Bu misralarda həyatın
ən böyük ironiyası görünür, hələ
itirmək üçün çox erkəndir, sevgi hələ tam bitməyib, hələ
içəridə bir qığılcım var, hələ
baxışlarda bir ümid işıltısı sezilir. Lakin
eyni zamanda sevmək üçün də artıq gecdir, bu qədər
ağrılı yaşantılardan - "bütün
qırılmış şeylərdən sonra" zaman da ikiyə
bölünüb: keçmişin ağırlığı
və gələcəyin qeyri-müəyyənliyi arasında
ipdən asılı qalan bir sevgi var. Nə tam yaşanan, nə
də tam yox olan - varlığı dağınıq,
yoxluğu da yarımçıq olan bu duyğu bir gün
mütləq "əfvə düşməlidir"...
Bu misralar göstərir ki, bəzi sevdalar nə
dolu-dolu yaşanmağa, nə də unudulmağa layiqdir - sadəcə
qəlbin dərin yerində, öz yarımçıq hekayəsini
anladan bir adı ilə yaşamalıdır...
Həyat elə budur: sevginin dolğun yaşana bilmədiyi,
unutmağın isə heç vaxt tamam mümkün
olmadığı o incə, kövrək aralıqda - bir ad
yaddaşın səssiz daş kitabəsinə qazınır.
Zamanın amansız gedişatında o ad bəzən bir
baxışda canlanır, bir melodiyada xatırlanır, bir
qoxuda dirilir. Ən gözəl sevgi də, ən ağır
ayrılıq da, ən təmiz göz yaşı da, nəhayətdə
özü ilə bütöv bir duyğu arxivini
daşıyan bircə adın ətrafında cəmlənə
bilir. Və insan o adla həm yadda saxlayır, həm də
yadda qalıb özü-özündə tamamlanır. Bu ad -
unudulmayanların, yaşanıb bitməyənlərin,
tamamlanmayan sevdanın son səssiz şahididir. Son şahid isə
çox dəyərlidir - sözün, xatirənin və
haqqın sarsılmaz rəmzidir, yaşananların canlı
yaddaşıdır... Buna görə də "Bir adın
qalmalı..."
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025.- 21 iyun (¹106).- S.14.