Türkər
Qasımzadə: "Ali Baş Komandan "Əziz
Şuşa, sən azadsan" deyəndə məndən
sevincli bir haray qopdu...
... Fərqli millətlərin müəllimləri sevincimə
şərik oldular, hiss etdim ki, dünya Azərbaycanın
haqlı qələbəsini qəbul edir"
İncəsənət - insan ruhunun dinləndiyi, qəlbin
ən gizli notlarının səsə, rəngə, hərəkətə
və səssiz sözə çevrildiyi aləmdir. Elə bir
aləm ki, nə zamanın sərhədi, nə məkanın
ölçüsü, nə də həyatımızın
gündəlik qayğıları onu kölgəyə sala
bilir. Çünki sənət ruh olduğu müddətdə
yaşayacaq, qəlb duyduqca danışacaq və sənət
insan var olduqca, var olacaq. Bəzən bir tabloda itirdiyimiz
uşaqlıq xatirəsini tapırıq, eşitdiyimiz musiqidə
ayrılığın kövrək izini duyuruq, seyr etdiyimiz
heykəlin görünüşündə bir nəfəs,
çırpıntı hiss edirik.
İncəsənət - insanın öz-özüylə
danışması, susduqlarını anlatması, bəzən
də dünyanın səssiz küncündə gizlənən
duyğuların dillənməsidir. Hər dövrün, hər
cəmiyyətin, hər bir fərdin iç aləmini
danışdıran bu sehrli dünya zamanla ayaqlaşsa da, əsrlərin
içindən dəyişməyən bir həqiqət kimi
keçib gəlir - sənət insanı yaşadır, insan
isə sənəti...
Bu gün yenə sənətin musiqi notuna köklənmək
istədik. Ruhumuzun istənilən halında bizə yaxın
olan musiqinin. Azərbaycan musiqisini layiqincə təmsil edən
sənətkarlar, musiqişünaslar kifayət qədərdir
və yetişməkdə də davam edir. Şənbə qonağımız
Azərbaycan incənətində özünəməxsus
yeri, yaradıcılığı, musiqimizin gələcəyi
istiqamətində fərqli düşüncələri, Vətəndən
kənarda millətinin mənafeyi naminə mükəmməl
təhsil alaraq torpağına qayıdan bir bəstəkarımızdır.
Əziz oxucu, bu gün görüşünə bəstəkar,
musiqi sənətləri doktoru, Qarabağ Universitetinin İncəsənət
fakültəsinin dekanı Türkər Qasımzadə ilə
gəlmişik.
- Ədəbi mühitdə böyüdünüz,
atanız Nəriman Qasımoğlu babanız Qasım
Qasımzadənin yolunu tutub getdi. Amma siz sənəti, musiqini
seçdiniz...
- Ailəmizdəki ədəbi mühitdən əlavə,
həm də yaşadığımız binanı qeyd etmək
istərdim. Yazıçılar evi kimi tanınan binanın
sakinləri görkəmli şair və yazıçılar
idi. Qonşuluqda bizə yaxın bina isə bəstəkarlara
məxsus idi və indi də elədir. Rus şairi Osip Mandelştamın
belə bir misrası var: "...və ey söz, musiqiyə
qayıt". Onun təbirincə desək, söz musiqiyə
çevriləndə öz ilkinliyinə qayıdır.
Görünür, bizim nəsildə bu baş verməli idi.
İki şair nəslindən sonra mən bəstəkarlığı
seçdim, bacım isə pianoçuluğu. Atam Nəriman Qasımoğlu tarda ifa
etdiyindən kiçik yaşlarından həmin sədaları
eşidərək böyümüşük. Bayaq
yaşadığımız məkanı elə-belədən
qeyd etmədim. Erkən yaşlarından qonşu binada
yaşayan sonradan ən əziz müəllimim olan Xəyyam
Mirzəzadəni, Arif Məlikovu, Tofiq Quliyevi və bir sıra
bəstəkarlarımızı müşahidə edərdim.
Təhsil aldığım 190 saylı orta məktəblə
yanaşı, Əhməd Bakıxanov adına 6 saylı musiqi
məktəbində də
fortepiano dərsləri alırdım. Əlbəttə,
o zaman yolumun birmənalı şəkildə musiqilə
bağlı olacağı barədə düşünmürdüm.
- Lakin istedad tələb edən bəstəkarlıq
yolunu seçdiniz...
- Musiqi məktəbində oxuyanda cazla da maraqlanır,
müəyyən improvizələr edirdim. Xatırlayıram,
həmin improvizələri nota almağı da
düşünürdüm, çünki uşaq sadəlövhlüyü
ilə mənə elə gəlirdi ki, improvizələr
qalıcı deyil. Bu, əlbəttə yanlış olsa da, məni
narahat edirdi. O dövrdə klassizm və romantizm dövr bəstəkarlarının
əsərlərinin notlarını təhlil edərək,
öyrənə-öyrənə improvizələrimi nota
almağa çalışırdım. Yadımdadır ki,
kiçik bir pyes yazmağa da müvəffəq olmuşdum,
müəyyən pasajlarda blüz ladından da istifadə
etmişdim. Pyesin adını da "Adsız" qoymuşdum.
Sonra bu istiqamətdə işlərimə bir qədər
fasilə verdim.
- Bu fasilə ərzində nələrsə baş
verib yəqin ki...
- Təhsilimi davam edirdim, həm orta, həm musiqi məktəbində.
Musiqi məktəbində Vəfa Quluzadənin xanımı
Liliya Quluzadə mənə dərs deyirdi və böyük
şövqlə məni bu sahəyə yönəldirdi. Nəslimizdə
bir hüquqşünaslıq xətti də var. Qasım
Qasımzadənin babası Cümhuriyyət dövründə
Zəngəzur Qəza rəisinin birinci müavini Şahsuvar bəy
Kələntərov (Hüseynov) Kiyevdə ilk hüquq təhsili
alıb. Məktəb illərində
hüquqşünaslıq, beynəlxalq münasibətlərə
marağım vardı. Lakin Liliya xanımın xüsusi və
davamlı təkidləri məni musiqini seçməyə
vadar etdi. Yadıma "Adsız" pyesi, etdiyim
cızma-qaralar düşdü, bəzi kiçik pyeslər
yazaraq, Xəyyam müəllimə göstərməyə
başladım. Bəstəkarlıq
yolunda ilk dəstəyi, ilk istiqamətləri Xəyyam müəllimdən
almışam. Xəyyam müəllimin bir xüsusiyyətini əksəriyyət
bilirdi. Kimdəsə musiqi işartısı görməsəydi,
kimin övladı olursa olsun, onunla çalışmazdı.
Bu, onun peşəsilə bağlı qırmızı xətti
idi. Mənə musiqi yazmağımda davamlı olmağı
tövsiyə etdi və bir il onunla məşğul oldum. Həmin
il ərzində intensiv olaraq digər nəzəri dərslərlə
də məşğul oldum ki, bu mənada müəllimlərim Lalə
Mehdiyeva, Şəhla Mahmudovadan öyrəndiklərimi də
qeyd etməliyəm və beləliklə, konservatoriya dediyimiz
indiki Bakı Musiqi Akademiyasına daxil oldum. Bunda digər
görkəmli bəstəkarımız Arif Məlikovun da
xüsusi rolu olub. O zaman yeddiilik musiqi təhsili ilə
konservatoriyanın bəstəkarlıq ixtisasına qəbul
imkanını sorğulayanlar çox idi. Arif müəllim bəstələdiyim pyeslərlə
tanış olduqdan sonra demişdi: "Sənin tam haqqın
var ki, konservatoriyaya daxil olasan" və bunun baş tutması
üçün tədris şöbəsində də
xüsusi səy göstərmişdi, Xəyyam Mirzəzadə
və Arif Məlikovun xeyir-duası ilə yoluma davam edə bildim.
- Bakı Musiqi Akademiyasını bitirdikdən sonra
magistr dərəcəsi almaq üçün isə Nyu-Yorkun
Manhettan Musiqi Məktəbinə üz tutdunuz...
- Qara Qarayevin məşhur bir deyimi var və
yanılmıramsa, belə səslənir: "Müasir
musiqinin gəmiləri bizim sahillərdə də lövbər
salır". Bu fikir təhsil illərimdə hər zaman məni
düşündürürdü. Həmkarlarım,
dostlarımla tez-tez: "Biz nə qədər dünya bəstəkar
musiqisilə iç-içəyik və təmaslarımızı
nə qədər dolğun şəkildə qura
bilmişik" kimi suallar ətrafında
düşünür və mülahizələr
yürüdürdük. Əlbəttə, dünyaya
açılmaq, təhsil imkanlarını dəyərləndirmək
könlümdən keçirdi. Magistraturaya daxil olmaq
üçün ilkin mərhələdə
sənədlərimi, tələb olunan əsərlərimi,
müəyyən səs yazılarını göndərdim.
Birinci mərhələni keçdim və imtahan
üçün dəvət aldım. Onu da qeyd edim bu imtahan həm
də mənim xaricə ilk səfərim idi. Nyu-Yorkun Manhettan
Musiqi Məktəbində müxtəlif nəzəri fənlərə
aid imtahanları uğurla verdim. Bu imtahanın maraqlı bir
xatirəsi qalıb yaddaşımda. Bəstəkarlıq
ixtisası üzrə imtahan üçün iki müxtəlif
üslub təqdim edilir və 24 saat, yəni bir günün
içində həmin iki üslubu özündə ehtiva edən
bir pyes yazmalısan. Belə bir testlə bəstəkarlıq
texnikasını, verilən üsluba qısa zamanda necə
uyğunlaşacağını yoxlayırlar. Mənə XX əsr
klassiklərindən Olivier Messiaen və Elliott Karterin əsərlərindən
nümunələr və üslubları
düşmüşdü. Pyesi bir gecəyə yazıb səhəri
günü təqdim etdim. Sonra imtahanın müsahibə mərhələsi
gəldi. Amerikanın məşhur bəstəkarı Nils
Vigeland, onun tələbəsi alman əsilli Reiko Futing və
başqaları məni sorğu-sual etdilər. Bu imtahanı da
uğurla keçərək, magistratura təhsilimə vəsiqə
qazandım.
- Amma bu, son olmadı...
- Magistratura təhsilini aldığım müddətdə
anladım ki, əvvəlki təhsilimdə nəzəri
boşluqlar var. Məhz bu boşluqları doldurmaq
üçün xaricdə təhsil çox önəmli idi.
Təhsil alarkən mümkün olan bütün imkanlardan
istifadə etməklə, həmin nəzəri
boşluqları doldurmağa çalışırdım.
Magistratura dərəcəsi təhsilinin
sonuncu ilində böyük tərkibli orkestr üçün
əsər yazılmalı idim. Bu əsərin ifası ilə
təhsilim bitirdi. Adını "Xəzri" qoyduğum əsəri
yazdım, yüksək ifaçılıq məharətli tələbə
orkestrinin ifasında uğurla səsləndi.
Sonradan mənə dirijor, maestro David Gilbert dedi ki, məzunların
əsərləri arasında ifaçıların ən
çox bəyəndiyi məhz "Xəzri" olub...
Qayıdaq sizin sualınıza. Bəli, bu, son olmadı,
çünki təhsilimi davam etdirməyi
düşünürdüm. Həm püxtələşmək,
həm də pedaqoji fəaliyyətlə məşğul
olmaq kimi bir niyyətim vardı. Bu istəklə doktorantura təhsili
üçün Ohayo
ştatının Sinsinati Universitetinə qəbul oldum və
sonda Musiqi Sənətləri Doktoru dərəcəsini
aldım. Təhsilin üçüncü ilində professor assistenti
olaraq, amerikalı tələbələrimə elektron musiqi dərsləri
keçdim. Həmin Universitetdə Orta Şərqin musiqisilə
bağlı fənnini də tədris edirdim. Müxtəlif
festivallarda əsərlərim ifa olundu. Bir məqamı
xüsusi vurğulamaq istərdim. Azərbaycan dövlətinin
təhsilimdə birbaşa dəstəyi olmasa idi, təhsil istəklərimi
gerçəkləşdirə bilməzdim. Bu dəstəyi mənə
əvvəl Heydər Əliyev Fondu verdi, ardınca isə Azərbaycan
Prezidentinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xaricdə təhsil üzrə Dövlət
Proqramı"ndan faydalanmaq imkanım yarandı.
- Okeanın o tayında tanınan Azərbaycan, onun mədəniyyəti
və təbliği...
- Hazırda mədəniyyətimiz xaricdə izlənilir,
tanınır və öyrənilir. Şübhəsiz ki, bu,
ölkə rəhbərinin illərlə apardığı
uğurlu siyasətin nəticəsidir. Çox arzu edırdim
ki, incəsənətimizin təbliğatı vüsətlə
davam etsin. Azərbaycan bəstəkarlıq məktəbinin
sütunları olan sənətkarlarımız - dahi Üzeyir
bəyin, Qara Qarayevin, Fikrət Əmirovun irihəcmli əsərləri,
operaları, baletləri, sonrakı nəsillərdən Xəyyam
Mirzəzadənin, Arif Məlikovun, Aqşin Əlizadənin,
İsmayıl Hacıbəyovun və digərlərinin
yaratdıqları müxtəlif
məkanlarda mütəmadi olaraq səhnələşdirilsin,
ifa edilsin, səslənsin. ABŞ-da bu işlərlə məşğul
olan bir təşkilat var - Azərbaycan-Amerika Musiqi Fondu. Rəhbəri
gözəl musiqiçimiz, orqan ifaçısı Cəmilə
Cavadova-Spitzberqdir. Kiçik təşkilat olsa da, böyük
işlər görürlər. Vaxtilə İndiana
Universitetində çalışan professor Aida
Hüseynovanın da adını vurğulamaq istərdim. Onun
ingilis dilində "Muğamdan operaya" adlı kitabı Azərbaycan
musiqisi haqqında çox mükəmməl bir vəsait və
elmi mənbədir. Belə musiqişünaslarımız,
alimlərimiz nə qədər çox olarsa, onların
peşəkar təbliğat işləri sayəsində Azərbaycan mədəniyyəti
dünyada daha geniş tanına bilər, bizim buna
ehtiyacımız var.
- Söhbətimizdə belə bir fikir səsləndirdiniz
ki, xaricdə təhsil alarkən özümdə nəzəri
boşluqların olduğunu hiss etdim, yəni təhsilimizdə
problemlər var...
- Bu gün Azərbaycan təhsili dünyaya sürətlə
inteqrasiya etməkdədir. Forma, məzmun və metodik dəyişikliklər
qaçılmazdır. Xaricdə təhsil alan
ifaçılarımız var ki, ölkəmizdə də fəaliyyət
göstərir, Vətəndən kənarda da
yaşadıqları yerdə tanınırlar. Yaxşı
olardı musiqi cameəmiz musiqişünaslıq,
etnomusiqişünaslıq kimi ixtisaslara diqqəti artırsın. Bu sahədə
peşəkarların yetişməsi çox vacibdir Bunun
üçün ilk növbədə mükəmməl və
yenilənmiş bakalavr sistemi olmalıdır və bu gün
biz Qarabağ Universitetinin İncəsənət fakültəsində
müxtəlif ixtisaslar üzrə müasir metodikaları və
məzmunu ehtiva edən tədris planları ilə fəaliyyət
göstəririk. Bizə elmi, nəzəri istiqamətdə
inkişaf etmək, bu sahədə uğurlar qazanmaq, beynəlxalq
jurnallarda çap olunmaq çox vacibdir. Bu, musiqi elmimizə
yeni nəfəs gətirəcək.
- Azərbaycanın çox zəngin musiqisi, folkloru,
muğamı var. Amma günümüzün
reallığında bayağı musiqilər də kifayət
qədər geniş yayılıb, insanlar onu sevir, həvəslə
dinləyir və qarşısını almaq hələ ki
olmur...
- İnzibati qaydada deyə bilmərəm, lakin
yaradıcı yollarla bunun qarşısını almaq olar.
Nümunə olaraq Bakı
Müasir Musiqi Cəmiyyətinin gördüyü müxtəlif
işlər barəsində danışmaq istərdim.Bu cəmiyyətdə
yeni nəsil bəstəkarları, musiqişünasları və
ifaçıları toplaşıb. Təşkilatın nəzdində
fəaliyyət göstərən
"Cadenza" orkestri artıq dörd ildir ki, hər ay
mütəmadi olaraq yeni konsert proqramları ilə
çıxış edir. Bu orkestrin ənənəvi konsert fəaliyyətindən
savayı, maraqlı bir layihəsi
də var. Orkestr hər həftə
üç orta ümumtəhsil məktəblərinə gedərək,
şagirdlərlə interaktiv konsert-görüşlər təşkil
edir. Müxtəlif yaş qrupundan olan şagirdlər
üçün orkestrin solistləri fərqli musiqi əsərləri
ifa edir, bu zaman uşaqlar musiqi alətlərilə
tanış olur, səmimi bir ortamda maariflənirlər.
Orkestrin üzvləri səslənən əsərlər, bəstəkarları
haqqında məlumatları uşaqlara çatdırır.
Beləliklə də, uşaqlara artıq kiçik
yaşlarından "musiqi peyvəndi" vurulur. Elə bu
peyvənd də onların bayağı musiqiyə yoluxmasının
qarşısını alır. Onlar Üzeyir bəy, Asəf
Zeynallı və digər klassiklər haqqında bilgiyə
sahib olur. Şagirdlər Azərbaycan bəstəkarlarının
əsərlərinindən savayı, dünya klassiklərini,
Baxı, Motsartı dinləyiblər. Onların
yaddaşında da bu, şübhəsiz ki, iz buraxır.
Aralarında özünə inamlı olanlar, hətta orkestrə
dirijorluq etməyə çalışanlar da var. Elə bir nəsil
yetişdirməyə çalışırıq ki, onlarda Azərbaycan
musiqisinə yad melodiyalara, intonasiyalara,
bayağılığa qarşı immunitet yaransın. Biz bu işi bir orkestrlə və
kiçik miqyasda görürük və çox istərdik
bu nümunə ölkədə geniş yayılsın ki,
bayağılığın da qarşısını birlikdə
alaq.
- Yaradıcı insanlar arasında tez-tez səslənən
bir fikir var ki, nəsə ərsəyə gətirmək istəyirsənsə,
əhvali-ruhiyyən olmalıdır...
- Söhbət ilkin impulsdan gedir əlbəttə.
Musiqi bəstələməyin vacib hissəsi ustalıqla,
peşəkarlıqla, texniki bacarıqlarla birbaşa bağlıdır. Bunlarsız ilhamlanmağın, əhval-ruhiyyənin təsirindən
danışmaq yersizdir. Düşünürəm ki, bu,
yaradıcı fəaliyyətin bütün sahələrinə
aid edilə bilər. Çexovun sözüdür:
"Yazı yazmaq üçün masa arxasına keçmək
lazımdır". Bəstəkar masanın və pianonun
arxasına keçəndə, insanın ruh halı da mütləq
dəyişir və nələrsə yaratmağa
başlayır. Qara müəllimin bioqrafiyası ilə
bağlı bir məqamı bölüşmək istərdim.
Xəstəxanada yatanda deyibmiş ki, özüm indi musiqi yaza
bilməsəm də, başqalarının partituralarından
verin, köçürüm, təki əlim işləsin.
Əl həmişə işləməli, texnika daima
cilalanmalıdır.
- Altı il Amerikada təhsil almısınız,
dörd il Küveytdə Orta Şərqin Amerika Universitetində
pedaqoji fəaiyyət göstərmisiniz. Yəqin ki, Azərbaycan
musiqisilə bağlı layihələriniz olub...
- Əsərlərim müxtəlif beynəlxalq festivallarda səslənib. Bunlardan
sonuncusu Berlin şəhərində keçirilən
"Voices" Beynəlxalq Müasir Musiqi festivalıdır.
Orada böyük ansambl tərkibi üçün
yazdığım "Qurama" əsərim səslənib.
Dünyaca məşhur "Klangforum Wien" ansablı mənim
əsərimə öz seçimi ilə müraciət
etmişdi. Təbii ki, bu, mənim ötrü böyük
hadisə idi. Mən bayaq "Cadenza" orkestrindən
danışdım. Bu arada bir qədər Bakı Müasir
Musiqi Cəmiyyəti haqqında da fikrimi bildirmək istərdim.
Cəmiyyətin festival təşkil etmək kimi fəaliyyəti
də var. Artıq üçüncü ildir ki, beynəlxalq
ansambllar, xaricdən solistlər, məşhur bəstəkarlar
ölkəmizə dəvət olunur və hər ilin may
ayında bizdə Bakı Müasir Musiqi günləri
keçirilir. Dünyanın müasir musiqi xəritəsində
Bakı da artıq özünəməxsus yerini tutmaqdadır.
Bu da təbliğat üçün bir imkandır ki, bizim
musiqimiz dünyada tanınsın, dinlənilsin.
- Uzun illərdən sonra Vətənə
qayıtmağı hər şeydən üstün bildiniz...
- Müharibə başlayanda Küveytdə Orta Şərqin
Amerika Universitetində dərs deyirdim və mənim üçün
əsas məsələlərdən biri tədrisini
apardığım ümummusiqi fənlərinin
proqramlarında Azərbaycan
musiqisini təbliğ etmək idi. 44 günlük müharibə
həyəcanını və Şuşanın azad edilməsi
xəbərini yaxşı xatırlayıram. Sonuncu xəbəri
universitetdə aldım. Universitet müəllimlərinin ofislərini
bir-birindən şüşə arakəsmələrlə
ayrılır. Hamkarlarım görürdülər ki,
çox həyəcanlıyam və xəbər gözləyirəm.
Ali Baş Komandan, Prezident "Şuşa, sən azadsan"
deyəndə məndən sevincli bir haray qopdu, hamı ətrafıma
yığışdı. Fərqli millətlərin müəllimləri
sevincimə şərik oldular. Həmin an hiss etdim ki, dünya
Azərbaycanın haqlı qələbəsini qəbul edir.
Əlbəttə, uzun müddət Vətəndən uzaqda
qala bilməzdim, xüsusən belə bir qələbədən
sonra. Ölkəmiz bu qələbə ilə yeni tarixi mərhələyə
qədəm qoydu. Bu, bütün sahələrə sirayət
etməkdədir. Qarabağ Universiteti də bu yeni tarixin ən
şərəfli və qürurverici yazılarından biridir.
- Özü də əzəli ünvanında...
- Elədir, Xankəndində fəaliyyət göstərən
Qarabağ Universitetinin İncəsənət fakültəsində
çalışmaq dəvəti
mənim üçün arzu edə biləcəyim ən
gözəl xəbərlərdən biri oldu. Fakültəmiz
dünya standatrlarına uyğunlaşdırılmış
yeni tədris planları ilə fəaliyyətə başladı.
Çalışırıq ki, ifaçılıq istiqamətlərindən
əlavə, nəzəri fənlərlə zəngin
kurrikulum quraq və tələbələrimizi bilgiləndirək.
Yeni metodik vasitələrdən istifadə edən
çağdaş məzmun yaradan, müasir dərsliklərlə
işləyə bilən və ən əsas yüksək
şövqlə çalışan müəllim heyətilə
işə başladıq. ABŞ-da bakalavr təhsili alan tələbə
nəzəriyyə və musiqi tarixi istiqamətləri üzrə
hansı dərslik və mənbələrlə təhsil
alırsa, Qarabağ Universitetinin İncəsənət
fakültəsinin tələbələri də eyni qaynaqlardan
istifadə edirlər. Bütün bunların incəsənət
təhsilimizdə gözəl və uğurlu nəticələr
verəcəyinə inanırıq. Bir illik fəaliyyətimiz
dövründə fakültəmizin müəllim və tələbələri
həm ölkə daxilində, həm xaricdə nüfuzlu
festivallar və tədbirlərdə ölkəmizi,
inversitetimizi uğurla təmsil ediblər. Biri elə
"Xarı Bülbül" festivalıdır. Fakültəmiz
bütöv bir konsert proqramı ilə festivalda çıxəş
etdi. Xor kollektivi, xalq çalğı alətləri
ansamblları klassik bəstəkarlarımızın əsərlərilə
yanaşı, dünya klassiklərinin də əsərlərinin
ifa etdilər. Qarabağ Universitetinin yaradılması, fəaliyyəti
ölkəmizin tarixində və inkişafında
mühüm rol oynayacaq hadisələrdən
biridir.
- Uzaqdan görünən Vətən...
- Vətən hər yerdən gözəl
görünür. Xudayar təsnifində deyildiyi kimi:
"Şair, sorma, Vətən nədən
yaxşıdır". Mənim üçün Vətənə
qayıtmaq labüd olmuşdu, ABŞ-dan Bakıya geri
döndüyüm səfərlərin birində həyətimizdə
görkəmli bəstəkarımız Arif Məlikovla
rastlaşdım. İşlərimlə maraqlanandan sonra qəflətən
ayağını yerə döyəcləyərək dedi:
"Hara getsən də, bax, bu asfaltı belə, unutma".
Bu sözlər məni çox təsirləndirmişdi. Babam
Qasım Qasımzadənin bu misraları dilimdə əzbərdir:
Millətim ümmandır, mən qətrəsiyəm,
Bir gün buxar olub qalxsam göylərə,
Yenə damla olub düşəndə yerə,
Bir əməl çiçəyi bitirəsiyəm,
Xalqıma töhfə tək yetirəsiyəm.
İnsanın əməli sevgisinə ən tutarlı
sübutdur. Çox istərdim ki, illərlə
qazandığımız bilik və təcrübəni hər
zaman Vətənimizin gələcəyi naminə sərf edək,
onu əməlimizlə sevək. Qasım Qasımzadə sayaq
içdən, məhrəmcə sevək və iş görək.
Elə Vaqif Səmədoğlunun misraları da buna bir
çağırışdır: Sev, sevil, ancaq
çalış yavaşca çıxsın səsin... Bir də
Vətən sevgisini Azərbaycan bilməsin".
SÖZARDI: İdeya hər zaman öz
ağlımıza gəlmir, ona bizi yönəldənlər də
olur. Bugünkü müsahibənin ideya müəllifi də
daimi oxucum Fikrət müəllimdir.
Həmsöhbətim eyni məktəbin məzunu olduğumuzu
biləndə dedi ki, 190-çılar bir qədər fərqlidir.
Əslində bir qədər deyil, onlar hər zaman, hər
yerdə fərqli olmağı bacaran bir ordudur.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 21 iyun (¹106).- S.10;11.