Tanrı dərgahından
havalanan Səs
UNUDULMAZ ŞƏHİD XANƏNDƏ ŞAHMALI
KÜRDOĞLUNUN 95 İLLİYİ TAMAM OLDU
Göy üzünün altında, torpağın
üstündə, gəlimli-gedimli dünyanın döngələrində,
hənirində, bürküsündə həmin Səs
başqalarından çox fərqlənirdi: sanki qeybdən
süzülüb gəlirdi, min illərin arxasından bulaq
suyu kimi sızır, dupduru ahəngi, saflığı,
duruluğu ilə qəlblərə hakim kəsilirdi. O səs
ipək kimi yumşaq, cövhər kimi qiymətliydi; zənguləsi
haraya bənzəyirdi, ömürlərdən, talelərdən
silinib getmiş anları axtarırdı, ilahi səsin bəmi
ruhu oxşayır, zili cəngi idi, zamanla, tale ilə, həyatla
savaşa bənzəyirdi, müsafiri yoldan saxlayır,
insanın əllərindən tutub deyirdi ki, dayan, məni dinləməlisən.
Sağlığında canlı dinlədiyimiz o Xanəndənin
- unudulmaz Şahmalı Kürdoğlunun indi lent
yazılarına dönə-dönə qulaq asıram. Və hər
dinləyəndə də səsin cazibəsinə
düşür, səsin rəngini görür, o bal kimi səsin
tamını hiss edirəm, duyğularım, düşüncələrim
o səsə bələnir.
Oxuduğu muğamların, səsi ilə can verdiyi qəzəllərin
fəlsəfəsini çox yaxşı bilirdi, illah da ki,
dahi Füzulinin qəzəllərinin təşnəsiydi, hər
kəlməsinin, hər ifadəsinin alt qatında yatan fikirləri
böyük ustalıqla təhlil edərdi, o dünyəvi fəlsəfəni
son ilməsinə qədər açardı. Səsində
sanbal var idi, məlahətliydi, əzəmətliydi,
qarşısındakını dinləməyə sövq
edirdi. Hələ cavan vaxtlarında oxuduğu muğamların
hər guşəsində, Füzuli qəzəllərinin hər
sözündə elə bil öz taleyini nəql edirmiş, ahəstəcə
qandırırmış, taleyini danışırmış.
Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm kəfənim.
Dahi Məhəmməd Füzulini nahaq yerə
seçməmişdi, təsadüfdən ona
tapınmamışdı, axı Füzuli də ədəbiyyatın,
şeirin tanrısı idi. Dünyanın gərdişi belədir
ki, qeybdən gələn səs təbii ki, şeirin
tanrısı ilə qovuşmalıydı.
Şahmalı Kürdoğlu canıyla, qanıyla,
ruhuyla bu torpaqlara bağlanmışdı. Təbiətə,
sənətə, sözə aşiq idi, insanları da sevirdi.
Adamlarla tez ünsiyyət qururdu, danışanda istər-istəməz
ona qulaq asmalıydın, çünki harada olursa olsun, ətrafında
beş dəqiqəyə sənət məclisi qurulurdu. O məclislərin
çox şahidi olmuşam, unutmaq mümkün deyil.
Şahmalı Kürdoğlu səsi ilə həm də
şikayət edirdi. Ağdamın ağır günləri
başlanmışdı, haylar bu gözəl yurda mərmi
atırdılar, şəhər ev-ev dağılırdı,
dünən salamat gördüyün adamı bu gün daha
görə bilmirdin. Pulu, şöhrəti, hər bölgəmizdə
hörməti olsa da, Ağdamı, Qiyaslı kəndini, əllərinin
qabarı ilə saldığı cənnət
bağını tərk etmədi, uzaqlara üz tutmadı, həyatının
son gününə kimi evində, qalasında mərd-mərdanə
dayandı. Yenə də başqalarından fərqləndi, fəxri
adlar ala bilməsə də, tanrı onun mükafatını
özü verdi: şəhid xanəndə.
Şahmalı Kürdoğlu (Hacıyev) 95 il bundan əvvəl
- 1930-cu il baharın çiçək dövründə
Ağdamda anadan olub. Əslən Qərbi Azərbaycanın Dərələyəz
mahalından olan Şahmalının atası Mirzəqulu Fətəliyev
ötən əsrin əvvəllərində erməni
daşnaklarına qarşı mübariz bir insan olub, haylara
qarşı döyüşüb və bu igidliyinə görə
məcburən qaçaq həyatı yaşayıb. Qisas
aldığı daşnakların torundan xilas olmaq, gizlənmək
üçün Qarabağa üz tutub. Hətta düşmənlərin
onu tapa bilməməsi, izini itirmək üçün
adını dəyişib Kürdoğlu qoyub. Şahmalı
da atasının adını uzun illər öz adıyla
qoşa yaşatdı.
Ağdamdakı ikiillik Pedaqoji Texnikumu, Aşqabad
Universitetinin hüquq fakültəsini, Bakı Dövlət
Universitetinin filologiya fakültəsini bitirmişdi. Asəf
Zeynallı adına Musiqi Kollecində görkəmli xanəndə
Seyid Şuşinskidən muğam təhsili
almışdı. 1965-ci ildə 35 yaşında bənzərsiz
ifası ilə "Rast" muğamını lentə
yazdırmışdı. Həmin dövrdə Azərbaycan
radiosu ilə Şahmalı Kürdoğlunun
"Rast"ını bütün ölkə eşitmişdi
və muğam xiridarları onun səsini, ifasını bəyənmişdilər,
demişdilər ki, bənzərsiz ifadır.
Bakıda yaşayan vaxtları bir erməni
qadının hiyləsi ilə vaxtilə atasının qurtula
bildiyi "hay toru"na düşür, keçmiş sovet məhkəməsi
bu bənzərsiz səsin sahibinə 7 il zindan həyatı
yaşadır, Şuşa qalasındakı həbsxanada məhbus
olur. İddiaçı da, şahidlər də, məhkəmə
prosesini aparanlar da, hökmü oxuyanlar da ermənilər olub.
Bir daşnak qadının hiyləsi ucbatından bu həbsin əsas
mahiyyəti dəqiq açılmasa da, nəticəsi
ağır olub. Şahmalının ecazkar səsi olduğunu
bilən həbsxana rəhbərliyi ona dustaqlar
qarşısında konsert verməyi təklif ediblər.
Şahmalının cavabı qısa və lakonik olub:
"Türmə paltarında muğam oxusam, ona xəyanət
etmiş olaram, muğam həbsxana divarlarına
yaraşmır".
Həbsdən çıxandan sonra Bakıda çox
qala bilməyən sənətkar doğma rayona qayıdıb.
Bax elə həmin illərdə Şahmalı Kürdoğlu
ilə rastlaşdım, aramızda ilıq, səmimi bir
münasibət yarandı, sözümüz, söhbətimiz
tuturdu. Çox səmimi insan idi, əzəmətli boy-buxunu,
ağayana yerişi, şax qaməti var idi. Buxara papaq ona
çox yaraşırdı, kənardan zəhmli
görünürdü, ancaq ürəyi çox yumşaq
idi. Zindan həyatı onu əyə bilməmişdi,
aralıdan baxanda ləngərli yerişi ilə uca bir dağa
bənzəyirdi, elə bilirdin, dağ yeriyir.
Ağdam müəllimlər evində işə
düzəlmişdi Şahmalı Kürdoğlu və burada
uşaqlar üçün muğam dərnəyi
yaratmışdı. Onun iş yeri rayon qəzetinin binasına
yaxın olduğu üçün tez-tez görüşərdik,
maraqlı söhbətləri olurdu, muğamlar haqqında
danışanda onun ruhu sanki bədəndən ayrılıb
göylərə yüksəlirdi. Bir gün çəkinə-çəkinə
dedim ki, Şahmalı əmi, sizin haqqınızda yazmaq istəyirəm.
Dərhal cavab vermədi, bir qədər fikirləşdi və
sonra dedi ki, qardaşoğlu, məndən yazmaq
üçün gərək Qiyaslı kəndinə gedək,
evimi görəsən, yaxşı bir bağ salmışam,
bax orada layiqincə söhbət edərik. Getdik. Uca hasarlarla əhatə
olunan həyətə girəndə sanki cənnətə
düşdüm, bağdakı ağaclar, güllər sanki
mahir bir rəssam fırçasıyla çəkilmiş
tabloya bənzəyirdi. Təəccübümü hiss etdi və
iri əllərini göstərərək dedi ki, bu
bağı bax bu əllərimlə salmışam, hər
ağacın, hər kolun nazı ilə oynamışam,
körpə kimi onlara qulluq etmişəm. Həyətdə
iki istixana da var idi. Həmin dövrdə hələ istixanalar
dəb düşməmişdi və bu da onun
yaratdığı bir ecazkar guşə idi. Mahir muğam
ustası həm də təcrübəli bağban imiş: bu
istixanalarda cənub bölgəsinə xas olan limon, mandarin,
feyxoa və çay yetişdirirdi. Nəvazişlə onlara
toxunaraq deyirdi ki, bax bu tingi Özbəkistandan gətirmişəm,
bizim limonlara bənzəmir, dadı, tamı başqadır, ətri,
rayihəsi adamı bihuş edir; bu çay kollarını Lənkərandan
gətirib əkmişəm, çox ətirli çayı
olur.
Çay süfrəsi ətrafında maraqlı
söhbətimiz oldu. Sonra rayon qəzetində bir yazı
yazmışdım, adı "Cənnət yaradan insanla
söhbət" idi. Yazı çap olunandan sonra məni
axtarıb tapdı, gülə-gülə, xoş təbəssümlə
dedi ki, ay Kolanı balası, sarı simlərə yaman
toxunmusan. Çox təəssüf ki, həmin qəzetlər
Ağdamda qaldı, sonralar kitabxanalarda axtarsam da, tapa bilmədim,
itkin düşdü o yazı.
Şahmalı Kürdoğlu mənən də, cismən
də çox güclü insan idi. Füzulinin qəzəllərindən
bir neçəsinə təsnif bəstələmişdi,
ancaq üzə çıxarmamışdı. İki dəfə
ailə həyatı qurub. Birinci ailəsindən iki oğlu,
bir qızı olub. İkinci ailəsindən öz adına bənzər
Şahiməli adını qoyduğu bir oğlu dünyaya gəlib.
Danışırdı ki, ən böyük arzusu
hüquqşünaslıq olub, ancaq atasının repressiya
olunmasına görə arzusuna çata bilməyib, o
dövrün qadağaları buna imkan verməyib. Onu Azərbaycan
Opera və Balet Teatrına dəvət ediblər: "Leyli və
Məcnun" operasında Məcnun roluna. Burada da haqsızlıqla
üzləşib, ona İbn Salamı oynamağı təklif
ediblər, oynayıb və bənzərsiz bir ifa
alınıb. Lakin orada çox qalmayıb, bu mühit onu
sıxır, incidirmiş deyə qayıdıb Ağdama. O
vaxt xəbər yayılmışdı ki, Şahmalı
Kürdoğlu yasda "Rast" muğamı oxuyub. Bu barədə
özündən soruşdum, təsdiqlədi ki, belə bir
iş olub. Ağdamın Qalayçılar kəndində
Muxtar Məmmədov adlı nüfuzlu bir şəxs
ölüm yatağında doğmalarına vəsiyyət
edib ki, bilirəm, mən öləndə molla gətirəcəksiniz.
Quran oxudacaqsınız. Son arzumu yerinə yetirin. Şahmalını
tapıb gətirin. Bu dünyaya onun səsiylə "əlvida"
demək istəyirəm". Kişinin arzusunu xanəndəyə
çatdırıblar. Şahmalı Kürdoğlu da gedir kəndə
və yasda "Rast" muğamını oxuyur:
Məqsədim açmaq deyildi dərdimi əsla sənə,
İstədim pünhan edim, səndən nə
pünhan, ey təbib!
1992-ci ilin 6 noyabrı... Ağdam, ətraf kəndlər
mənfur düşmənin top və raket atəşi
altında qalmışdı. Şahmalı Kürdoğlu 8
yaşlı oğlu ilə öz həyətində qrad mərmisindən
həlak olmuşdu. Ata-balanı bir qəbirdə dəfn etdilər,
Ağdam torpağı, ağdamlılar bu faciəni
ağır yaşadılar, sanki hər kəs öz
doğmalarını itirmişdi.
Şahmalı Kürdoğlu "Şur"u,
"Rast"ı, "Çahargah"ı,
"Heyratı"nı, "Segah"ı çox
yanıqlı avazla oxuyub, qeybdən gələn o qüdrətli
səsin sahibi bəlkə elə öz taleyini oxuyurmuş...
Özü yaxşı bilirdi ki, yazıya pozu yoxdur.
Üzünə durdular, taleyi hər addımda bir tələyə
düşdü, sınmadı, əyilmədi, ayaqda qaldı,
vəfasız dünyanın yükünü kişi kimi
çəkdi. Yəqin ki, Ağdamın işğalına
dözə bilməzdi, bu faciə onu qəlbən sarsıdardı.
Ağdam işğaldan azad ediləndən sonra
mediaturla "Qafqazın Xirosiması"na - Ağdama
getmişdik. Qiyaslı kənd məscidinin
yaxınlığındakı həyətinin uca
hasarlarının qalıqları görsənirdi. Bir vaxtlar həyat
qaynayan bu yurd yeri səssiz-səmirsiz qalmışdı. Yəqin
ki, Ağdamın azad edilməsi Şahmalı Kürdoğluna
əyan olub, çünki onun ölməz ruhu heç zaman o
yerləri tərk etməmişdi, göy üzündə
dolaşırdı.
Ruhu şad olsun!
Salman ALIOĞLU
525-ci qəzet .- 2025.-22 iyun(№107).- S.13.