"Güllənmiş heykəllərin
fəryadı" yerdə qalmadı
Bu günlərdə yazıçı Hüseynbala
Mirələmovun 80 illik yubileyi qeyd edilir. Əlbəttə, hər
bir insanın özünəməxsus bir həyat hekayəsi
vardır. Onun haqqında danışmaq, yazmaq istəyənlər,
onu ilk növbədə ictimai-siyasi xadim, məmur, istehsal sahəsində
rəhbər işçi, yazıçı, elmlər
doktoru, professor, eləcə də qayğıkeş mesenat
kimi təqdim edəcəklər. Xüsusən
torpaqlarımızın işğal altında olduğu
dövrlərdə məcburi köçkünlərin maddi-məişət
problemlərinin həllində onlara göstərdiyi hər
cür dəstək çoxlarının
yaddaşındadır. Bunu həmin illərdə
çadır düşərgələrində çətin
şəraitdə yaşayan məcburi köçkünlər
dəfələrlə qeyd etmişlər.
Yazıçını xarakterizə edən ən
diqqətəlayiq xüsusiyyətlərindən biri onun
davamlı olaraq məhsuldar əmək fəaliyyəti ilə
məşğul olmasıdır. Onun müxtəlif sahələrdə
iş icraçısı, baş mühəndis, zavod
direktoru, millət vəkili, komitə sədrinin birinci
müavini kimi fəaliyyətləri haqqında kifayət qədər
geniş danışmaq, kitablar yazmaq olar. O, işlədiyi
bütün sahələrdə ona göstərilən
etimadı istisnasız olaraq həmişə layiqincə
doğrultmuş, bir çox nailiyyətlərə imza
atmışdır.
Əmək fəaliyyəti ilə yanaşı,
yaradıcılıq sahəsindəki uğurlu fəaliyyəti
də ona cəmiyyətdə böyük hörmət və
nüfuz qazandırmışdır. Əlbəttə, onun bu
xüsusiyyətləri diqqətdən
kənarda qala bilməzdi və o, fəaliyyət sahələrindəki
uğurlarına görə müstəqil dövlətimizin
orden, medal və mükafatları ilə təltif olunmuş, fəxri
adlara layiq görülmüşdür. "Şöhrət"
ordeni, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
(1918-2018)" yubiley medalı, "Azərbaycan
Respublikasının Əməkdar mühəndisi" fəxri
adı, "Akademik Yusif Məmmədəliyev" və
"Akademik Həsən Əliyev" adına beynəlxalq
mükafatlar, Türk Dünyası Araşdırmaları Beynəlxalq
Elmlər Akademiyasının "Beynəlxalq Qızıl
Ulduz və Türk dünyasına xidmət" medalı,
"İlin yazıçısı" mükafatı,
"Qızıl qələm" mükafatı və bir
çox digər fəxri adlar və mükafatlar onun layiq
görüldüyü təltiflərin yalnız bir qismidir.
Bütün bunlar H.Mirələmovun həyat və fəaliyyətinin
nə qədər geniş, çoxşaxəli, səmərəli
və məhsuldar olduğunun göstəriciləridir. Lakin bu
məqalədə onun haqqında daha çox Azərbaycan ədəbiyyatında
öz dəst-xətti ilə seçilən və cəmiyyətdə
özünəməxsus yeri olan bir yazıçı kimi
danışmaq istərdik. Ümumiyyətlə, qeyd etmək
lazımdır ki, XXI əsrdə yeni texnologiyaların sürətli
inkişafı, qloballaşma, sosial şəbəkələrin
həyatımıza təsiri və yeni estetik meyarların
formalaşması həyatımızın bir çox sahələrinə
dərindən nüfuz etmiş, müasir
yaradıcılığın həm formasına, həm də
məzmununa ciddi təsir göstərmişdir.
Yaradıcılıq sahəsində aydın sezilən
bu dəyişikliklər haqqında fikirləri təsadüfən
yazmırıq. Qeyd etdiyimiz bu xüsusiyyətlər həmişə
Hüseynbala müəllimin yaradıcılığında
ön planda olmaqda davam edir. Bu gün cəsarətlə deyə
bilirik ki, H.Mirələmov nəsr, dramaturgiya, publisistika sahələrində
zəngin və çoxşaxəli yaradıcılıq
nümunələri ilə çağdaş Azərbaycan ədəbiyyatının
tanınmış simalarından biridir. Onun
yaradıcılıq irsi hər şeydən öncə vətən
sevgisi, milli kimliyin və milli-mənəvi-tarixi dəyərlərin
qorunması, tarixi hadisələrin və şəxsiyyətlərin
təbliği, humanist ənənələrə sadiqliyi,
insanın psixoloji-mənəvi aləminin dərinliklərinə
nüfuz etməsi kimi vacib xüsusiyyətləri
baxımından mühüm əhəmiyyətə malikdir.
Yazıçının bütün əsərlərində
ictimai-siyasi münasibətlər sistemini, tarixi və tarixi
şəxsiyyətləri xarakterizə edən təsvir vasitələri
təkcə estetik ifadə vasitələri kimi yox, həm də
insanların arzu və istəklərini tərənnüm etmək
və cəmiyyətin nəbzini duymaq üçün
güclü bir alət kimi istifadə olunur.
Onun "Durnalar qayıtdı", "Son arzu",
"Tənha durna uçuşu", "Güllənmiş
heykəllərin fəryadı" əsərləri,
"Simuzər", "Babadil əfsanəsi", "Gəlinlik
paltarı", "Qırxıncı otaq" romanları,
"Xəcalət", "Cəza" povestləri və
bir sıra digər əsərlərində insan və zaman
anlayışları ictimai hadisələr fonunda mərkəzi
yer tutur. Xüsusilə "Xəcalət" əsəri həm
psixoloji dərinliyi, həm də sosial məzmunu ilə oxucuda
güclü emosional təəssürat yaradır.
İnsanların daxili aləmi, mənəvi seçimləri
və sosial münasibətlər sisteminin reallıqları bədii,
bəzən də simvolik təsvirlərlə verilir.
Tarixi mövzulara müraciət edən
yazıçının əsərlərində
yaradıcılıq və sənət anlayışları
yeni məzmun və daha geniş məna kəsb edir, onun ortaya
qoyduğu çoxşaxəli yanaşmalar və buna uyğun
istiqamətlər həm sənətkarların özü, həm
də oxucular üçün düşüncə və
qavrama sərhədlərini genişləndirir.
2020-ci ildə nəşr olunmuş "Süqut",
"Bənövşəyi əncir" və
"Çaldıran yolu" romanlarının daxil olduğu
"İki şah, iki sultan" trilogiyası türk
dünyasının tarixinin və mənəvi dəyərlərinin
tərənnümü və təbliğinə xidmət edir
və müəllifin yaradıcılıq məziyyətlərini
anlamaq və dəyərləndirmək baxımından
çox qiymətli əsərlərdir. Trilogiyaya daxil olan əsərlərdə
Azərbaycanın Orta əsrlər tarixinin ən keşməkeşli,
ziddiyyətli dövrlərindən bəhs edilir, real tarixi qəhrəmanların,
görkəmli türk sərkərdələrinin möhtəşəm
obrazları bədii boyalarla oxuculara təqdim olunur. Bu əsərlərdə
insanın daxili dünyası ilə xarici aləm arasında
bir körpü qurulur, insanlar milli mənəvi və ümumbəşəri
dəyərlərə fərqli prizmalardan baxa və nəticələr
çıxara bilir.
Yazıçı bu əsərlərdə tarixi
şəxsiyyətləri təkcə dövrünün qəhrəmanı
kimi deyil, həm də psixoloji cəhətdən mürəkkəb
insan obrazları kimi təqdim edir. O dövrün böyük
hökmdarlarının faciəvi səhvlərini göstərməklə
türk dövlətlərinin birliyini və
varlığını istəməyən xarici qüvvələrin
də əsl məqsədlərini göstərir və gələcək
nəsillərin düşünməsi və nəticə
çıxarması üçün əsaslar verir.
Ümumiyyətlə, onun adlarını çəkdiyimiz
və bir sıra digər tarixi romanlarında əksini
tapmış tarix yalnız keçmişin təqdimatı
deyil, həm də müasirliklə paralel qurulan mənəvi
və ideoloji bir platformadır.
Qarabağ mövzusu, vaxtilə erməni
işğalı altında olan torpaqlarımızda erməni
vandalların törətdikləri barbarlıq əməllərinin
ifşa edilməsi də yazıçının
yaradıcılığında bütün dövrlərdə
ön planda olmuşdur. Onun Qarabağ hadisələrinə həsr
etdiyi çoxsaylı əsərlərində bəşəri
duyğuların və vətən sevgisinin yüksək bədii
tərənnümü ilə yanaşı, normal həyat tərzimizin
sakitliyini əlimizdən almış erməni vandalların Azərbaycan
xalqının başına gətirdiyi fəlakətlərin
dərin təsviri həmişə əsas xətt kimi nəzərə
çarpan xüsusiyyətlərdəndir. Onun bu mövzuda
yazdığı əsərlərin hər sətrindən
Qarabağ yanğısı, erməni faşizminin törətdiyi
cinayətlərin gətirdiyi itkilərimizin acıları
boylanır, itirilmiş torpaqlarımızı azad edəcəyimiz
günün yaxınlığına dərin inam hissi duyulur.
Bu sətirlərin müəllifləri hələ
2004-cü ildə Şuşa Dövlət Musiqili Dram
Teatrı tərəfindən tamaşaya qoyulmuş
"Güllələnmiş heykəllərin fəryadı"
əsərinin prezentasiyasında dəvətli şəxslər
qismində iştirak etmiş və həmin tamaşa
haqqında düşüncələrini "Qarabağ" qəzetinin
25 iyun-10 iyul 2004-cü il tarixli nömrəsində dərc
etdirmişdilər. Həmin məqalədə qeyd edilmişdi
ki, bu əsər "müəllifin tez-tez müraciət
etdiyi Qarabağ mövzusunun davamıdır.
Yazıçı burada da öz ənənəsinə sadiq
qalaraq, geniş ictimaiyyətin, hamının, hər kəsin
diqqətini bu problemə yönəltmək istəmiş,
hamını torpaqlarımızın azad edilməsi naminə
səfərbər etmək istəyini ön plana çəkmişdir.
Tamaşanın ümumi ideya xətti güllələnmiş
heykəllərin fəryadından daha çox bu heykəllərin
torpaqlarımızın azad edilməsinə
çağırışı üstündə
qurulmuşdur".
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin itirilmiş torpaqlarımıza, o cümlədən
Qarabağa münasibətdə aydın, sərt və
inamlı mövqeyini əks etdirən
çıxışlarından bir epizodun tamaşanın
süjet xəttinə daxil edilməsi onun ən uğurlu məqamlarından
biri kimi həmin məsələyə münasibətdə
xalq-rəhbər birliyinin, xalqın ümumi rəyinin, fikrinin
tərənnümü idi. Tamaşanın sonunda bütün
iştirakçılara, onların simasında xalqa
ünvanlanan "Qaytarın Qarabağı!"
çağırışı da zalda oturanlarda böyük
emosional hisslər yaratmışdı və gələcək
qələbələrinizə inamın nümayişi idi.
Bu gün fəxarətlə və qürur hissi ilə
deyirik ki, yazıçının bu arzuları Müzəffər
Ali Baş Komandanımız İlham Əliyevin
başçılığı ilə qalib Azərbaycan
Ordusunun zəfəri sayəsində həyata keçmiş və
bütün torpaqlarımız üzərində üçrəngli
Azərbaycan bayrağı dalğalanır.
Yazıçının publisistik fəaliyyəti də
diqqətəlayiq cəhətlərdəndir. "Molodaya
qvardiya" nəşriyyatında "Görkəmli
adamların həyatı" seriyasından çap olunan Ulu
öndər Heydər Əliyev, görkəmli oftalmoloq alim Zərifə
Əliyeva və Prezident İlham Əliyev haqqında
Hüseynbala Mirələmovun rus yazıçısı Viktor
Andriyanovun birgə yazdıqları kitabları müasir Azərbaycanın
siyasi tarixini bədii dildə təqdim edən nümunələrdir.
Həmin kitablar 40-dan artıq xarici dilə tərcümə
olunaraq nəşr edilib və Azərbaycan həqiqətlərinin
beynəlxalq auditoriyaya çatdırılmasında xüsusi
rol oynamaqdadır. Həmin əsərlərdə bu dahi şəxslərin
təkcə müdrikliyi, dahiliyi deyil, həm də
dövrün ruhu, ictimai dəyişikliklərin dinamikası əks
olunur.
Hüseynbala Mirələmov haqqında danışarkən
onun daha bir neçə xüsusiyyətini qeyd etmək
vacibdir. O, təkcə bədii yaradıcılıq və
ictimai-siyasi fəaliyyətlə deyil, həm də davamlı
olaraq elmi yaradıcılıq fəaliyyəti ilə məşğul
olmuşdur. Hüseynbala müəllim elmi-texniki tərəqqi
və mühəndislik fəaliyyətinin inkişafını
dəstəkləyən, ekspertizaların aparılması sahəsində
tədqiqat işlərinin, layihələrin və
proqramların həyata keçirilməsinə yardım
göstərən Azərbaycan Mühəndislik
Akademiyasının müxbir
üzvü, Rusiya Mədən Akademiyasının
üzvüdür. Azərbaycan, Qırğızıstan və
bir neçə digər ölkənin Yazıçılar
Birliklərinin üzvüdür. Texnika elimləri doktoru,
professorudur. Onun müəllifi və həmmüəllifi
olduğu "Nanotexnaologiya və nanokimyanin əsasları",
"Neftin və qazın boru kəmərləri ilə nəqli",
"İnşaat istilik fizikası", "Qaz emalı
zavodlarında təhlükəsizlik qaydaları", "Boru
kəmərləri və konsturuksiyaların
qaynağı" və digər elimi nəşrləri
hazırda ali məktəblərdə dərs vəsaiti kimi
istifadə olunan kitablardandır. Bütün bunlar onun həyat
və fəaliyyətinin necə çoxşaxəli və səmərəli
olmasının göstəricilərindəndir.
Düşünürük ki, Azərbaycan ədəbiyyatında
artıq öz dəst-xətti ilə tanınan, yaradıcılıq
irsi həm bu gün, həm də gələcək nəsillər
üçün əhəmiyyətli elmi-ədəbi xəzinəyə
çevrilən Hüseynbala Mirələmovun növbəti əsərləri
şanlı Azərbaycan əsgərinə və əmək
meydanlarında xarüqələr yaradan insanlarımıza həsr
olunacaqdır.
Natiq İSAYEV,
Rövşən AĞAYEV
525-ci qəzet .- 2025.-22 iyun(№107).- S.12.