Xalq şairi Bəxtiyar Vahabzadənin
100 illiyi münasibətilə tədbir keçirilib
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi
Kitabxanası və Mahmud Kaşqari adına Fondun birgə tərəfdaşlığı
ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq
şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik
yubileyinə həsr olunmuş ədəbi-bədii gecə
keçirildi.
MKS-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə
Türkiyə Cümhuriyyətindən və Norveçdən
gələn elm və qələm adamları iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan tarix
üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-nin direktoru
Lətifə Məmmədova diqqətə
çatdırıb ki, Xalq şairi Bəxtiyar Vahabzadənin
100 illik yubileyi ilə bağlı 21 fevral 2025-ci il tarixində
Sərəncam imzalanıb. O qeyd edib ki, şairin yubileyi ilə
əlaqədar MKS-də silsilə tədbirlər həyata
keçirilir. Mərkəzi Kitabxanada inşa, esse və
şeir müsabiqələri təşkil olunur.
Milli Məclisin deputatı, Mahmud Kaşqari Beynəlxalq
Fondunun Prezidenti Cavanşir Feyziyev bildirib ki, istiqlal şairi Bəxtiyar
Vahabzadə, onun arzuları, diləkləri, bütün
ideyaları təkcə Şəkiyə, öz
doğulduğu şəhərə yox, bütün Azərbaycana,
Türk dünyasına məxsusdur. “Bu gün ona görə
biz xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu
arzuladığı bütün ideyalar artıq həyata
keçib”, - deyə C.Feyziyev əlavə edib.
Tədbirdə filologiya elmləri doktoru, AMEA-nın N.Gəncəvi
adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan
şöbəsinin mütəxəssisi Esmira Fuad, filologiya
elmləri doktoru, professor Yeganə İsmayılova,
yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə
çıxışında Bəxtiyar Vahabzadənin
böyük şair olduğunu vurğulayıblar.
Mərasimdə iştirak edən Türkiyənin
tanınmış ədəbiyyatşünas-alimi,
yazıçı, rəssam Selvigül Şahin,
tanınmış yazıçı, gənc ədəbiyyatşünas-alim
Süheyla Karaca Hanönü, Osloda Azərbaycan Məktəbinin
koordinatoru Günay Əliyeva və başqaları Bəxtiyar
Vahabzadə yaradıcılığının bənzərsizliyindən
danışıblar.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru
Naminə Ömərova çıxışında Bəxtiyar
Vahabzadənin bütün Türk dünyasının
şairi, Vətəninə bağlı bir söz adamı
olduğunu vurğulayıb.
Yubiley tədbirdə Bəxtiyar Vahabzadənin şeirləri
və şeirlərinə bəstələnmiş mahnılar
səsləndirilib. Türkiyəli yazıçılar
Selvigül Şahin və Süheyla Karacaya Azərbaycan ədəbiyyatını
təbliğ etdiyinə görə M.Ş.Vazeh adına Mərkəzi
Kitabxananın Fəxri oxucusu diplomları təqdim olunub.
Sonda Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik
yubileyinə həsr olunmuş videoçarx nümayiş
edilib.
525-ci qəzet .- 2025.-22 iyun(№107).- S.11.