Vətən
sevdalı ananın qürur nəğmələri
Səmimi duyğularını həzinliklə,
humanizmlə, bəşəriyyətin durumundan nigaran ana
kövrəkliyi ilə yoğurub ədəbi nümunələrə
çevirən Nəzakət Məmmədovanın şeirlərində
ana xətt milli ruhdur. Onun sözsevərlərlə növbəti
görüşü olan "Köhnəlməyən xiffət"də
insan ovqatının müxtəlif halları əksini
tapıb. Bu şeirlərdəki sevinc, kədər, qürur
hissləri oxucu üçün də doğmadır. Nəzakət
xanımın özününküləşdirdiyi sevinci, kədəri
o qədər munisdir ki, "təkcə bulaqların
gözündə, dərənin, düzün
gülüşündə, alov-alov gülümsəyən
ocaqların" atəşində, "zəmilərdə
dalğalanan sünbülün ağır-ağır tərpənişində",
Cıdır düzündə mehmanlarına təbəssümlə
baxan Xarıbülbülün nazında, ədasında,
Şuşanın dağlarında doğmalarını
görüb ürəkdən qıy vuran qartalların
şahanə uçuşunda yox, müəllifin misra-misra
duyğularında da oxucunu duyğulandırır və
qürurlandırır. Necə qürurlanmayaq ki,
"Qarabağa bahar gəlir", qarı düşmən bir
daha bizim baharımızı zimistana döndərə bilməyəcək:
Ötən çağlar indi üzübəridi,
Gələn günlər ömrün təzə-təridi,
Otuz illik yurd həsrəti əridi,
Qarabağa bahar gəlir, İlahi!
Dalğalanır arzuların bayrağı,
Hər təbəssüm bir ümidin yarpağı,
Zəfər ətri bürüyübdü
torpağı,
Qarabağa bahar gəlir, İlahi!
Şair xanımın (düşüncəmə
görə, söz adamının cinsi olmur) "Zəfər
nəğməsi" çağdaş
dövrümüzün təntənəli
marşıdır. Zənnimcə, tarixi Zəfərimizdən
sonra bu mövzuda qələmə alınan şeirlərdən
ibarət bir almanax nəşr olunsa, Nəzakət
xanımın oğluna - müzəffər ordumuzun zabiti Ramilə
yazdığı "Zəfər nəğməsi" bu
topluda ön yerlərdən birində qərar tutar. Bu şeir
"Dəmir yumruq"la düşmənin başını əzən
igidlərimizin qələbə, qürur manifestidir. Bu nəğmə
həm də oğullara güvəndən doğulan ana
sevinci, ana qürurudur. Vətənin dar günündə
anaların üzünü ağ, başını uca edən
oğullar böyüdüb Nəzakət xanım. O həm də
bütün şücaətli oğulların mənəvi
anasıdır. Bu gün ona qəhrəman ana desək, lap
yerinə düşər. Nəzakət xanım əmindir ki,
"Qarabağın ağuşuna aldığı,
yollarına zəfər köynəyi geyindirən"
oğullar "qələbə ətrinə bələdi
torpağı". Belə oğulların - şəhidlərin,
qazilərin, əsgər və zabitlərin Azərbaycan
xalqına bəxş etdiyi Zəfəri sözə
könül verən analar poetik axtarışları ilə
şanlı tarixin qızıl səhifələrinə
yazmalıdırlar. Çünki onların Vətən
laylaları, oxşamaları belə vətənsevərlərin
qanında, canında hünər toxumları kimi cücərib,
bu gün bəhrəsini verib. Yuxusuz gecələr
keçirib, oğulların sabahına güvənən analar
qarşısında məğrur dağlar da baş əyər.
Belə analar və oğullar, ustad Şəhriyarın təbiriylə
desək, Vətən eşqi məktəbində can verməyi
öyrənənlərdir.
Vətən sevgisidir sönməz ocağın,
Qeyrət köynəklidir sənin hər
çağın.
Bu Vətən boydadır indi qucağın,
Zəfərin mübarək, komandir oğlum!
"Zabit anasıyam mən!" nidası
torpağımıza, milli-mənəvi dəyərlərimizə
quduz tamah dişlərini qıcayaraq ağzı seliklənə-seliklənə
göz dikən xain düşmənə xəbərdarlıqdı.
"Əli silahsız da gözünüzü tökərik,
dilinizi kəsərik" ismarıcıdı. İgid
oğulların şücaəti, Vətən, torpaq, xalq, ana
sevgisi otuz ildən çox düşmən tapdağı
altında yolumuzu gözləyən torpaqları yenidən Vətən
etdi. Vətən, ana Vətən, şəhid, qazi anaları
Vətən ana oldu. Tam əminəm ki, Nəzakət
xanımın xəyalı hər an ön cəbhədə,
nəmli səngərdə, döyüş meydanında
oğullarla çiyin-çiyinə dayanıb. Hər gecə
"şirin-şəkər balalara layla çalıb, rahat
yuxu yatmayıb, düşmənin arzusunu gözlərində
öldürən, bayrağına, himninə, şərəfinə
and içən" oğulların Zəfərində belə
Vətən anaların payı çoxdur:
Düşmənə "göz dağısan,
gücümsən, qüvvətimsən,
Ürəyimin təpəri, gərəyim, köməyimsən.
Vətənin dar günündə səsimə hay verənsən,
Bu torpağa, bu elə, bu Vətənə
bağlısan.
Səni Vətənə verdim,
Sən Vətənin oğlusan!
Vətənin oğlu olmaq! Anaların bundan ilahi bəxşişi
olmaz. Vətən oğlunun anası olmaq ən ali tituldur.
Vətən, vətənpərvərlik, hünər,
rəşadət, azadlıq, suverenlik, dövlətimizin ərazi
bütövlüyü, şəhid, qazi mövzuları Nəzakət
Məmmədovanın yaradıcılığının
leytmotivi, lirik dünyasının aynasıdır.
Nəzakət xanımın "Cənab general",
"Haqqa qovuşduran şəhid zirvəsi", "Şəhidim",
"Şəhid anası", "Şəhid
qızı", "Qarabağ qoxusu", "Adsız qəhrəman"
şeirləri çağdaş dövrümüzün
azadlıq, zəfər, suverenlik salnamələridir.
Qazi şair, çağdaş
dövrümüzün "Qarabağnamə"lərini
yazan Rəfail Tağızadənin Nəzakət Məmmədlinin
poetik dünyasına baxış prizmasında qoşa xətt
var - ağrı və təbəssüm: "Nəzakət
xanımın şeirləri onun baxışlarıdır.
Görənlər üçün görünən, görməyənlər
üçün gizli, müəmmalı... Onun şeirlərində
başqalarının acısından doğan bir ağrı
da var. Bəlkə, Yaradan onu bunları yaşamaq və yazmaq
üçün dünyaya gətirib. O, ağrıları
maqnit kimi özünə çəkir. Təbəssümü
üzünü örtdüyi ağrıları"...
"Oğlu yurd yaddaşında heykəlləşən"
anaların qəlbində "ümidin sönmüş
ocağını" yandırır qazi zabit anası Nəzakət
xanım, "dağıdır qəlbindəki qəm
sarayını ki, qoy baxıb hüsnünə sevinsin Vətən".
Oğlunun qəbrinin üstünə gedən,
Ananın harayı, dərdin səsidir.
Tanrı dərgahında uca sayılan,
Oğlunun yetdiyi şəhid zirvəsi,
Ananın yeganə təsəllisidir.
Nəzakət Məmmədova hamımıza bir nigaran
sual ünvanlayır: "Xan Arazdan Təbrizəcən nə
yol var?"
Nəzakət xanımın fəxrlə ifadə
etdiyi özünütəqdimi var: "Vətənin
qızıyam - zabit anası!"
Onun qəlbində iki müqəddəs arzu boy
atıb: "Hər kəsin qəlbində dinsin
vicdanı" və "İrəvanda gur səsimiz
döyünə!"
Arzularınız çin olsun, Nəzakət xanım!
Vaqif OSMANLI
525-ci qəzet .- 2025.-22 iyun(№107).- S.11.