Ömür muncuq düzümüdü...

 

 

 

Məhəbbətim qibləm, andım,

Onun alovunda yandım.

Misra-misra sıralandım

Sözə vurula-vurula.

 

Bir nəğməli dodaq oldum,

Tumurcuqlu budaq oldum,

Qaynar gözlü bulaq oldum

Axıb durula-durula.

 

Duyğu qəlbin közüdümü,

Kövrəkliyin özüdümü?

Ömür muncuq düzümüdü,

Harda qırıla, qırıla

 

 

Vədəsində

 

 

 

Halıma acıyan dərd ortağım yox,

Hələ güvəndiyim qarlı dağım yox.

Bu bivec dünyadan umacağım yox,

Axı, nə gördüm ki düz vədəsində?!

 

Haqsızlıq haqlının varlığın danır,

Məzlum olan kəsə ürəyim yanır.

Ürəkdə boğulur, dildə paslanır,

Əgər deyilməsə söz vədəsində.

 

Cəngdə savaşdadır şər ilə xeyir,

Zalımın önündə xar olmaz şeir.

Kimsə hərdən məni səsləyib deyir,

Səbr etmək gərəksə, döz vədəsində.

 

Gec-tez gücdən düşür dam da, dirək də

Tamını itirər boyat çörək də.

İsmayıl, qalmasın sözün ürəkdə,

Hər şey dəyərlidir öz vədəsində.

  

 

Aldatma özünü, bu, sevgi deyil

 

 

Ötəri istəyin üstə azca əs,

Əgər bu sevgiysə, közü hanı bəs?

İsitməz ürəyi hər yersiz həvəs,

Aldatma özünü, bu, sevgi deyil.

 

Bulanıq su kimi durulmaz axsa,

Bir çiçək bitirməz min il də yağsa.

Ruhunda bir leysan havası yoxsa,

Aldatma özünü, bu, sevgi deyil.

 

Küləksə, hər səmtə əsən de, ona,

Ömürdən günləri kəsən de, ona.

Sevgidən başqa nə desən de ona,

Aldatma özünü, bu, sevgi deyil.

 

Gözləmə, gümanın axırı olmur,

Həsrətin yüngülü, ağırı olmur.

Belə sevdaların axırı olmur,

Aldatma özünü, bu, sevgi deyil.

 

 

Halallıq qazancım imiş

 

 

 

Qismətimdir yan keçdiyim,

Sözmüş sehrinə düşdüyüm.

Hər yetənlə bölüşdüyüm

Halallıq qazancım imiş.

 

Ələkdən keçibsə yönüm,

Öz yolumdan niyə dönüm?

Ömrüm ovuc-ovuc dənim,

İllər dəyirmançım imiş.

 

 

Şölə saçan közəm-odam,

Kimlərəsə hələ yadam.

Haqdan gəlir səsim-sədam,

Söz mənim azançım imiş.

 

 

Heç vaxt qatlanmayıb dizi şeirimin

 

 

Ruhuna-qanına hopmayıb yalan,

Yamanlıq görəndə yarpaqtək solan.

Gənclik çağlarımdan nişanə qalan,

Ülvi məhəbbətdir izi şerimin.

 

Su kimi durulub elə get-gedə,

Əzəldən sığınıb haqqa zirvədə.

Bilənlər-bilir ki heç vaxt, heç vədə,

Dostlardan dönməyib üzü şerimin.

 

Uğursuz bir eşqim gələndə dilə,

Axıb göz yaşları hey gilə-gilə.

Ata ocağımda dönsə də külə,

Qalıbdı bir qalam közü şerimin.

 

Nazını çəkibdir qarlı qışın da,

Cavandır hələ də - ahıl yaşında.

İsmayıl deyir ki söz savaşında

Hələ qatlanmayıb dizi şerimin.

              

 

Söz

 

Dəyərdən düşən deyil,

Saf incidi, ləldi söz.

Dillərdə əzbər oldu,

Göylərə ucaldı söz.

Vaxt-vədə yetişəndə

Ölüm kamına çəkir,

Torpaq udur canları.

Təkcə ulu dünyada

Zaman ölümsüz edir,

Sözlə ucalanları.

 

  İsmayıl MƏRCANLI-İMANZADƏ

525-ci qəzet .- 2025.- 24 iyun(¹108).-S.15.