Dayan, insan!

 

Bir dəlisov külək əsir,

Axşam əsir, səhər əsir,

Kəsmək bilmir,

əsir, əsir...

Uğultusu, vıyıltısı

Cəhənnəmdən gələn səsdi.

Külək əsir,

adamların,

Düz qamətli ağacların,

Əyilməyən qəddin əyir.

Viran qoyur təbiəti,

Dörd bir yana ziyan dəyir.

Bir səs gəlir,

Ulu səsdi:

- Dəli külək, tərslik etdin,

Daha yetər, daha bəsdi!

...Külək kəsdi.

 

lll

 

Göy üzündə qara bulud,

Yağış oldu, yağdı, yağdı...

Gur damcılar at oynatdı,

Göy kişnədi, şimşək çaxdı.

Dağ, dərədən axan sular

Bircə anda döndü selə.

Çaylar çıxdı məcrasından

Ağrı, kədər dəydi elə.

Çox canlının viran qaldı

Daldanacaq yuvaları.

Qəm qarışıq ərşə çatdı

Dərdlilərin duaları.

Səs qarışdı damcılara

Qeybdən gələn ülvi bir səs:

- Bəsdi yağdın, bəsdi axdın,

Dayan yağış, dər bir nəfəs.

Daha bəsdi!

...Yağış kəsdi.

 

lll

 

Yağış yağmır,

külək əsmir.

Göy üzündən yer üzünə.

İndi daha yerdən göyə,

Göydən yerə alov yağır.

Acgözlərin bəd niyyəti

Dönüb olub qara bulud,

Zəhərini səpələyir

Hardan gəldi hara bulud.

Göy diksinir, yer titrəyir,

Ölüm saçan mənzərəyə.

Ölür uşaq, qadın, qoca...

Alan yoxdur heç nəzərə.

Od püskürür tanklar, toplar,

Raketlərdi hədəf vuran.

Göy üzündə "at oynadan"

Dronlardır indi hər an.

Acgözlüyü, dəliliyi

Qoymur yerə, qoymur insan!

Qan tökməkdən, can almaqdan,

Doymur insan, doymur insan!

Qatilləri kimsə belə

Əbədi məhv edə bilmir.

Quduzlaşıb insan elə

Tanrı dada yetə bilmir.

Bir səda gəlir Tanrıdan:

Yağış, külək kəsdi bir an.

Ancaq yenə ölüm yağır,

Dayan, insan dayan, insan!

 

20.02.2025

  İbrahim YUSİFOĞLU

525-ci qəzet .- 2025.- 24 iyun(№108).-S.15.