Tərsinə
uçuram
Əynimdə köhnələn ömürə
baxıb
Xatirə-xatirə göynəyim bir az.
Bilmirəm hayandan açım yaxamı,
Əynimə dar gəlir köynəyim bir az.
Sevgi süni peykim, ürək Yer kürəm,
Yaşanmış günlərdir bu ömür kirəm.
Yazıb-oxuyanda yaxşı görmürəm,
Gözümə pis düşür eynəyim bir az.
Tərsinə uçuram, dönməyim
üçün,
Göz yaşı bəsimdir sönməyim
üçün.
Hikmətli danışıb-dinməyim
üçün,
Qoy sözü ağzımda çeynəyim bir az.
Saxlayır
Götürüb qaçmağa zalım dünyadan
Hərə öz çiynində bir baş
saxlayır.
Daha yaş saxlamır gözlər də elə,
Gözləri gözdəki qan-yaş saxlayır.
Hayana baxırsan uçan xalçadı,
Bulud baş qoymağa nimdaş nalçadı.
Göy üzü min yerdən paramparçadı,
Göyü dimdiyində bayquş saxlayır.
Günəş gözün süzür, Göy ləkəlidir,
Hamı bir-birinin daş heykəlidir.
Eh, indi enmək də təhlükəlidir,
Bizi qalxdığımız yoxuş saxlayır.
Güllərin hamısı sarıdı burda
Getdiyim cığır da yarıdı burda,
Bu hansı sevdanın barıdı burda?
Güllərin hamısı sarıdı burda,
De, sənə nə qədər çiçək
götürüm?
Burda dayanacaq yoxdur durmağa,
Ahınla nişan al, məni vurmağa.
Bu eşqə hər izdən heykəl qurmağa,
Yerdən ayağımı tək-tək
götürüm.
Sənsən yol ayrıcı bu eşqin pəri,
Gəl, qoşa düşüncə ataq bu zəri.
Saralıb tökülən xatirələri,
Bir badə göz yaşı içək,
götürüm.
Yatmış şahzadə
Aləm sənin tamaşana yığışıb,
Nə yatıbsan, ay şahzadə, belə, de?!
Gözlərində gecələyən yuxunu,
Dur qadası, suya danış, selə de.
Kimdə var ki belə şöhrət, belə
şan?
Bu sevdaya mən nökərəm, sənsə xan.
Xumarlanıb Günəş öpür
saçından,
Pəncərəni aç, bu xəbəri yelə de.
Dodağımdan dər bir kəlmə söz,
baxım,
Dözə bilsən bu həsrətə döz,
baxım.
Yandır məni, necə düşür köz,
baxım,
Əlirzanı döndərmişəm külə,
de!
Əlirza HƏSRƏT
525-ci qəzet .- 2025.- 24 iyun(№108).-S.15.