Yaddaşı oyadan kitablar müəllifi
Təbabətdə "Alzheymer" adlanan bir xəstəlik
var. Bu, beyin hüceyrələrinin vaxtından əvvəl
ölməsidir ki, onun ucbatından yaddaş günbəgün
zəifləyərək itirilir. Sonda isə xəstələr
hətta öz doğmalarını belə unudurlar, nə
danışa, nə də gəzə bilirlər. Dünya tibb
alimlərinin fikrincə, mütaliəsizlik bu xəstəliyin
inkişafına yol açan amillərdən biridir. Deyəsən,
sözümə uzaqdan başladım, odur ki, mətləb
üstünə gəlim. İndiki kitab bolluğunda təbərrik
kimi çətin ələ düşən hansı mətnləri
tapıb mütaliə etməli? Yaddaşımızı
hansı kitablarla qoruyub saxlamalı? Bax, şəxsən bir
oxucu kimi son illər mütaliə etdiyim, yaddaşımı təzələyən
belə kitablardan ikisi tanınmış jurnalist, publisist Məzahir
Əhmədovun "Uembli arayışı" və
"Metamorfoz" kitabları oldu. Müəllifin imzası, əlbəttə,
mənə tanış idi. Kitabları vərəqlədikcə
nə qədər yaxın, doğma, tanış adlarla
qarşılaşdım: çoxu da, heç demə,
ümumi dostlarımız!
"Metamorfoz"dakı "Ön söz əvəzi"nin
müəllifi yazıçı-publisist Loğman Rəsizadə
oxucudan intellektual səviyyəli tələb edən bu ciddi
kitabı oxuyub dərk etmək üçün açar yeri,
ip ucu kimi "kod" verir.
"Yazıçının, jurnalistin böyüklüyü
həyatda çoxlarının görüb sezə bilmədiklərini
gözaltı etmək, ən sadə həyat hadisələrində
qeyri-adilikləri, dünyanın mürəkkəb proseslərinin
cizgilərini tapıb üzə çıxarmaqdır. Məzahirin
əsərlərində biz bunun geniş spektiri ilə
qarşılaşırıq. O, adilikdə qeyri-adilikləri
görə bilir. Həm də çox məharətlə onu
bədii publisistikanın predmetinə çevirə bilir".
Kitabdakı "May günü" essesini oxuyanda qəribə
hisslər keçirdim. Bir vaxt təqvimlərdə 1 May
qırmızı rəngdə idi: Dünya Zəhmətkeşlərinin
Beynəlxalq Həmrəylik Günü... O tədbirdə
tribunaların önündən şüarlar deyə-deyə
keçən orta məktəbin biz yuxarı sinif şagirdləri
də var idik. Sıralarla paraddan keçib bilirdik ki, əvvəlcədən
"atışıb" topladığımız pullarla
haraya, niyə yollanacağıq... "Xatirələrin
doğurduğu sevinci, özləmi indi arxanca gələn nəslin
yaşamında, ruhunda görməmək, duymamaq nə qədər
acı, darıxdıcı bir şey! Çətindir
bunları düşünmək və kimsələrə
danışmaq" - Əlbəttə, nə qədər
"acı" olsa da, Məzahir Əhmədoğlu nisgillə
bunları qələmə alıb "May günü"
essesində yadımıza salır.
Müəllifin hər iki kitabında toplanan, bir-birindən
maraqlı, bəzən az qala sənədli hekayəyə
çevrilən esselərində xatırladıqları kimsələrin
bir çoxu indi haqq dünyasındadır. M.Əhmədoğlunun
xatırlatmasında biz onları yenidən yada salıb rəğbətlə
anırıq. Əli Kərimin
doğulub-böyüdüyü şəhərdə dəfninin
iştirakçısı olan o vaxt Göyçayda yaşayan
yeniyetmə Məzahir Əhmədoğlu sonralar bunu "Tale
oyunumu, yoxsa intihar?" adlı essesində elə yanğı
ilə qələmə alıb ki, mərhum şairin portreti
gözlərimiz önündə daha da nisgilli cizgilərlə
canlanır.
2011-ci ildə nəşr olunan "Uembli
arayışı" kitabındakı esselərin hər biri
yaddaşımı təzələdi, neçə-neçə
əziz insanı təkrar xatırlatdı.
Məzahir Əhmədoğlu "...Və digər rəsmi
şəxslər" adlı essesində maraqlı fikirlər
irəli sürür: "Mən dünyanın böyük
yazıçıları, şairləri, rəssamları bəstəkarları...
haqqında bir şeylər fikirləşəndə mütləq
Azərbaycanın keçmişində və indisində
onların bənzəri və ya davamçılarını
da axtarıram".
"Kamaz"ın kabinəsində ... redaksiya"
essesi yadıma nələri salmadı? Ali məktəbdə
seminar müəllimim, "Ulduz" jurnalında baş
redaktor olarkən hekayələrimi gen-bol çap edən,
aramızda tələbə-müəllim, baş
redaktor-müəllif münasibətlərindən çox
dost münasibəti olan Abbas Abdullanı, onun bacısı
oğlu olan əziz dostum Arif Acalovu, Zaqatalada mühüm vəzifədə
çalışan, məşhur Acalovlar nəslinin nümayəndələrindən
biri, səmimi və dürüst insan kimi tanınan İsfəndiyar
Acalovu bir daha ehtiramla, məhəbbətlə
xatırladım.
Peşəkar bir rəssam öz fırçası ilə
birisinin portretini kətan üzərində necə dəqiq
yaradırsa, "Sözün şəkli" essesində Məzahir
Əhmədoğlu da istər daxili, istər zahiri cəhətlərlə
birgə çox dolğun, ifadəli insan portreti təqdim
edir.
"Alın a, yana-yana qalın a..." - deyə-deyə
düşmənlərinə acıq verib yandıran Vladimir
Mayakovskinin tərənnüm etdiyi qırmızı sovet
pasportu ilə bir vaxt ölkəmizin paytaxtı bildiyimiz
Moskvada dəfələrlə olmuşam, hələ
Ukraynanın, Gürcüstanın, Moldovanın, Türkmənistanın
paytaxtları, neçə-neçə böyük şəhərlər... Yaşıl rəngli öz milli
xarici pasportumuzu almışdım. Arzum bu idi ki, ilk əvvəl
Ərdəbili, Təbrizi, İstanbulu görüm. O
yaşıl pasportumun müddəti keçdi, xərcini
ödəyib yenisini aldım. Onun da müddətinin başa
çatmasına az qalıb. Möhürsüz səhifələr...
Nə yaxşı ki, Məzahir Əhmədoğlu ilk
növbədə İstanbulu görmək nisgilimi öz təsirli,
yerbəyer detallı yazısı ilə xeyli ovundurdu.
"Lora" essesinin hər sətrini oxuya-oxuya
kövrəlməmək, mütəəssir olmamaq
mümkün deyil mənim nəzərimdə. Kimdir Lora?
Müəllif yazır: "Rus məktəbində oxuyan bu
sarışın, göygöz və dərs əlaçısı
yaşıdının rus olması və rayonda yaşayan
başqa ruslar kimi əsasən bizim dildə
danışması təəccüb doğurmuşdu".
Novella qədər maraqlı bir süjetə malik bu essenin məzmununu
nəql etmək istəmirəm. Müəllifin dili ilə təkcə
bunları deyim ki, "Lora hələ məktəbliykən
rayonda gerçəkdən məşhurlaşmışdı,
birinci olmuşdu. Əlaçı şagird,
yaraşıqlı oğlan, qəşəng maşın! O
dövlər üçün 16-17 yaşın əlçatmaz
şöhrəti idi bunlar!" Və sonra da müəllifin nəql
etdiklərindən belə məlum olur, ən qəribəsi və
təsirlisi bu idi ki, Lora heç kimə
yuxarıdan-aşağı baxmazdı, birinciliyini gözə
soxmazdı. Özü də 17 yaşında...
"Bəs sonra? "Ancaq həmin Lora, o Lora ki, hər
şeydə birinci idi, sanki yoxa çıxdı... Nə
baş verdi? Hər kəsin yalnız özünə verə
biləcəyi sualdır". Bu suala cavab vermək
üçün də yaddaşımızı
oyatmalıyıq!
"Uembli arayışı", "Metamorfoz"
kimi, jurnalistikamızda, publisistikamızda, eləcə də nəsrimizdə
orijinal, fərqli, maraqlı cəhətləri ilə
seçilən kitabların müəllifi dostum Məzahirin, təəssüf
ki, mən qarışıq, oxucuların səbirsizliklə,
intizara gözlədiyi növbəti kitabı hələ
işıq görməyib. Bir vaxtlar gündəlik çap
edilən, az qala hər sayında yazıları dərc olunan
"Ədalət" qəzetində də, yəqin ki, onun
imzasını axtaran oxucuların gözləri səhifələrdə
qalır. Müdriklərdən biri deyib ki, bəzən susanda
da danışır insan... Amma sözsüz ki, oxucular Məzahir
Əhmədoğlunun gur səsini eşitmək, əks-sədalı
yazılarını oxumaq istəyirlər.
Həqiqətmi, rəvayətmi deyə bilmərəm.
Ancaq tarix səhifəsində qalan bir məqamdır bu:
afinalılarla döyüşdə məğlub olan Dara saray
xidmətçilərinə əmr edir ki, hər gün ona bu
cümləni desinlər: "Hökmdar, afinalıları
unutmayın!" Yaddaşımızı nizama salan təkcə
deyiləsi sözlər yox, həm də yazılanlar, kitaba
çevrilən mətləblərdir. Məzahir Əhmədoğlunun
kitablarında olduğu kimi!
Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri
525-ci qəzet .- 2025.- 24 iyun(№108).-S.14.