Son
Esse
Deyirlər qəlbin hər
çırpıntısı əcəlin ayaq səsidir. Amma
insan oğlu yaşamaq, "son ucu ölümlü"
dünyanın ləzzətini duymaq, sirlərindən az da olsa
baş çıxarmaq istəyir.
Ən ümidsiz anlarda da həyat ona heç vaxt
olmadığı qədər şirin görünür.
Sabaha həmin o şirinliyin içindən yol tapır,
qaranlığın nüvəsindəki iynə ucu qədər
işığa doğru uçur. Bəs ölüm nədir,
və ölüm həqiqətən sondurmu?..
Hər şeyi bitirən, bir ömrün
axırına iri, qara daş kimi düşən,
ayağın boşluğu çəkdiyi, əllərin
havanı yardığı an... Dodaqlarda acı təəssüf,
ürəkdə intizar, baxışlarda nigarançılıq...
İki dünya arasındakı çırpıntılar,
doğmaların boğazını yandıran qəhər,
gözlərini pərdələyən isti
yağışlar... Son!
Nəyə görə bu qədər acı dadır?
Ömrün qısa, ya uzun olmasından, necə və nə
cür yaşanmasından asılı olmayaraq kədər,
hüzn, qəm boyalı olur son. Elə mən də bu
dünyanı anlayalı, duyalı, ilk növbədə
Əzraildən incimişdim...
Sosial şəbəkədən tanıyıb sonra da
dostlaşdığım yazıçı Təranə Məmmədin
ömür yoldaşı dünyasını dəyişmişdi.
Əslində Etibar müəllimin ciddi xəstəlikdən
sonra ağır bərpa dövrü keçirdiyini bilirdim. Təranə
xanım bu çətin dönəmdə onun başına pərvanə
kimi dolanır, onu baxışlarından anlayıb
arzularını qarşılayırdı. Hətta səhhətində
xeyli irəliləyiş olduğunu deyir, buna özü də
uşaq kimi sevinirdi. Bu zərif qadın həyatla ölüm
arasındakı savaşda əsl qəhrəman kimi
döyüşür, necə olur olsun Etibarını bir az da
yaşatmaq, həyatda saxlamaq üçün mücadilə
edirdi.
İslam ölkələrində rəsmi nigahla bərabər
vacib sayılan, amma bəzən fərqinə
varmadığımız, mənasını bilmədiyimiz və
hətta bəzi adamların ciddi sənəd hesab etmədiyi
"kəbin kəsmə", yəni dini nigah bağı da
var. Bu işi ailə quran insanlar üçün səlahiyyəti
çatan din xadimləri həyat keçirir. Çox vaxt
heç bu mərasimdə qadın iştirak etmir, nəslin
ağsaqqalı tək başına həll edir. Əslində
həmin din xadimi xüsusi sözləri izdivaca girən
insanlara oxuyub mənasını izah etməlidir və indiki
zamanda bəlkə də edir. Əvvəllər əlinə
aldığı sənəddə ərəbcə yazılan
sözlərin mənasını isə çox adam
anlamırdı. Mən də çox sonralar öyrənib
bildim ki, dini nigahın da şərtlərindən biri elə
rəsmi nigahda nəzərdə tutulan iki şəxsin "yaxşı və
pis gündə" birlikdə olmasına aiddir...
Sənə hamıdan əziz olan, acılı
şirinli ömrü birlikdə yaşadığın, həyatının
ayrılmaz hissəsinə çevrilən adamı bir gün
ümidsiz vəziyyətdə görmək, amma xəstəliyin
önündə aciz qalmaq, dua və qulluqdan savayı əlindən
heç nə gəlməməsi insanı mənən
yıxır, yıpratır.
Təranə xanıma bu çətin günlərdə
mənəvi dəstək, təsəlli olmaq, dərdləşmək
üçün getdim. Axı, dərdi də hər adamla
çəkmək olmur, Zəlimxan demiş, dərdləşmək
gözəl işdi, dərdini duyan ola... Köhnə dörd mərtəbəli
"stalinka" binanın dördüncü mərtəbəsinə
qalxınca deyəcəklərimi ürəyimdə yüz dəfə
götür-qoy elədim, axı ilk dəfə ayaq
basacağım evə dünyanın fani tərəfindən
daxil olacaqdım. Fikrimi tutmuş kimi qapının
ağzında məni gözləyən Təranə
xanım:
- Çox təəssüf, Şahnaz xanım, belə
bir hüznlü gündə görüşdük... - deyə
məni içəri dəvət edir. "...hər
kişinin öləndən sonra qəbri üstə
ağlamağa bir qara paltarlı gözəl qadına
ehtiyacı var..." Təranə xanımın əynindəki
siyah paltar üz-gözündəki kədərlə həmahəngdir.
Az qala Ramiz Rövşənə acığım tutur, niyə
axı, niyə!?
İkilikdə bu kiçik mənzili saraya çevirən,
yaxşılı-pisli günləri çörək kimi
dostcasına bölüb yeyən, ürək, ömür, həyat,
nəhayət qulaq və göz yoldaşını itirib indi
özünə də burada yer tapmayan qadın. Sən,
çox güclüsən! Bu zərif halınla əzmkar və
fədakarsan!
Ömür yolu son dayanacağı bəlli olmayan, bir
tərəfli bilet aldığın qatar kimidi. Hər
dayanacaqda minənlər şən,
enənlər isə kədərli görünür. Beləcə
həyat varlıqla yoxluq arasındakı qısa məsafədə
dövr edir, biz də buna ömür deyirik. Balzak da həyatı
beşiklə məzar arasındakı sınaq müddəti,
Vaqif Səmədoğlu isə insanla ölüm
arasındakı ayrılıq adlandırır...
Onlar orta məktəbin son siniflərində
tanış olmuşdular, bir sinifdə oxumuş,
dostlaşmış, yaxından bir-birinə bələd
olmuş və sonra da vaxtı çatanda birlikdəliyə
imza atmışdılar. Təməli dostluq, birgə
anlaşma əsasında qoyulan evliliklər daha möhkəm və
davamlı olur. Bu zaman hər iki insan bir-birinin həyatında
hansı yeri tutduğunu, xasiyyət və xarakter
baxımından uyğun olub-olmadığını daha yaxşı
öyrənə bilir. Onlar da eynən belə idi, bir-birini bir
şəklin surəti kimi tamamlayırdılar...
Bu dünyada hər şeyin başlanğıcı
olduğu kimi, sonu da var, hətta suyun da. Nə qədər ki,
çay axır, su yaşayır, dənizə tökülməklə
onun da həyatı sona varır. Son.., bu sözün xüsusi
çəkisi çox ağırdır, hansı
sözün əvvəlinə, ya axırına əlavə
etsək, mütləq kədər ifadə edəcək. Son
söz, son zəng, son görüş, son istək, son dəqiqə,
son nəfəs və .., ömrün, həyatın sonu...
Ölüm acıdır və bütün
yaranmışlar onu dadacaq, ya tez, ya da gec. Bəlkə də
qalanlar daha çox acı hiss edir, bilmirəm. Bildiyim budur ki,
hər şey tez bir zamanda xatirəyə çevrilir,
keçmişə qarışır, özün uzaqdasan, səndən
qalan nə varsa yaxında. Geydiyin paltarın, ayaqqabın,
şəxsi əşyaların.., hər şey səni xatırladır
"Dağılıb hər tərəfə, otaqla
birdi xatirən,
Səni durub düşünməyə ən
yaxşı yerdi xatirən"
- deyə bir ömür xatirələrinə baş
vurur Təranə xanım. Xatirələrin zəif
işığında gözlərindən gah soyuq bir kədər,
gah ilıq bir xoşbəxtlik dalğası keçir. Sonra qəmli
baxışlarını naməlum nöqtəyə dikib
dodaqaltı pıçıldayır, "çox əziyyət
çəkdi, indi rahatlıq tapar..." Etibar müəllimin
böyüdülüb çərçivəyə
salınaraq evin baş tərəfində asılmış
şəklinə baxır və Nəcib Fazil Qısakürəyin
həsrət, kədər və təsəlli dolu sətirlərini
xatırlayıram...
Gəlib keçdi mövsümlər..,
süpürüldü təqvimlər,
gedənlərdən qalan şey,
divarlarda rəsmlər,
məzarlarda isimlər...
Şahnaz ŞAHİN
525-ci qəzet .- 2025.- 24 iyun(№108).-S.13.