İran eskizləri
Mən Türkmənçayda olmuşam
Bəli, illər öncəsi mən Türkmənçaya
səfər etmişdim...
Bizi orada bu şəhərin, əslində ona qəsəbə
demək daha doğru olardı, bələdiyyə sədri
Sasani soyadlı mehriban bir adam qarşıladı. Onu da deyim
ki, İrandakı soydaşlarımızın əksəriyyəti
bizə çox isti münasibət göstərir,
ehtiramımızı saxlayırlar...
Türkmənçay elə ilk baxışdan dərd
içində boğulan adama bənzəyir. Ərazinin
yaşıllığı azdır. Şəhər bombozdur.
Abbas Mirzə ilə Paşkeviç arasında
bağlanan "uğurlu" müqavilənin ünvanı
buradır...
Azərbaycanı ikiyə bölən məlum və məşhur
Türkmənçay müqaviləsi gecə yarı, yəni
saat 24.00-da burada imzalanıb.
Rusiya-İran müharibələrinin başa
çatmasını rəsmi təsdiq edən Türkmənçay
müqaviləsini tərəflər 1828-ci il fevralın 9-dan
10-na keçən gecə saat 24.00-da imzalayıblar.
Bəs niyə gecə yarı?
Məlum olduğu kimi, sənədi İran tərəfindən
dövlət başçısı Fətəli şahın
oğlu Abbas Mirzə imzalayıb. Abbas Mirzənin münəccimləri
müəyyən edib ki, səmadakı ulduzlardan gələn
sədaya görə, şahzadənin uğur saatı gecə
yarıya təsadüf edir...
Məğlubiyyət müqaviləsini imzalayan
şahzadə üçün münəccimlərin hansı
"uğuru" nəzərdə tutduğunu yəqin ki,
yalnız o münəccimlərin özləri bilirmiş, bunu
"adi adamların" bilməsi bu gün də çətindir.
Amma məlum və məşhur Türkmənçay
müqaviləsinin məhz gecə yarı
imzalandığı təsdiq edilmiş faktdır.
Sənədə birinci Rusiyanın Qafqazdakı
qoşunlarının ali baş komandanı, general İvan
Paskeviç, ondan sonra isə Abbas Mirzə qol çəkib.
Bu münasibətlə rus toplarından 101 yaylım atəş
açılıb...
Bu da məlum və məşum gecənin gətirdiyi
200 illik bir "uğurun" nəticəsi.
Rusların bütün qonşu dövlətlərin
torpağına göz dikməsi, yad əraziləri ələ
keçirmək üçün qan tökməsi təzə
məsələ deyil ki. Bu, tarixi uzun olan bir "rus xəstəliyidir".
P.S. Türkmənçayda olarkən Müqavilənin
bağlandığı binanı tapdım. Bu boz, miskin, dərdli
şəhərin üzü gülməyən yaşlı
bir sakinindən soruşdum ki, əcaba, bəs görəsən,
vaxtilə bu divara vurulmuş müqavilənin
bağlandığı sənədi əks etdirən lövhə
hanı? Adam başını yerə dikib dedi ki, bir müddət
əvvəl həmin lövhə gecə ikən
oğurlanıb. Sanki o məşhur Müqavilənin
bağlanmasının günahkarı və o lövhənin
oğurlanmasının səbəbkarı bu qəmli
görünüşlü adam özü idi... Bu anlarda mənə
elə gəldi ki, həmin adamın məhzun sir-sifəti elə
Türkmənçayın özünə bənzəyir...
Bəs görəsən, xatirə lövhəsini nə
məqsədlə oğurlamışdılar? Belə
çıxmırmı ki, Paskeviçin əli hələ də
o tərəflərə çatır?.. Hətta, 200 ildən
sonra belə...
Xəyyamın vətənində. Gənclər nə
barədə söhbət edirdi?
Tehrandan Məşhədə gedən qatar Nişapur
şəhərindəki dəmiryol vağzalına yan alıb
dayandı. Axşam çoxdan düşmüşdü.
Kupenin pəncərələrini açdıq. Öyrəndim
ki, hələ təxminən yarım saat burada
olacağıq. Əlbəttə, otuz-qırx dəqiqəlik
qısa bir vaxt səfərə çıxan adamın
vağzalda var-gəl etməsi, ötəri tələbatlarını
ödəməsi üçün kifayət edə bilərdi.
Amma mən kupeni tərk etmədim. Getməyə bir yer də
yox idi. Daha doğrusu, baş çəkmək istədiyim bir
yer vardı, amma oraya getmək üçün nəinki
yarım saat, hətta bir saat belə, kifayət etməzdi. Məsələ
burasındadır ki, Şərqin böyük alimi və
şairi Ömər Xəyyamən məzarı məhz bu
şəhərdə, İranın Nişapur şəhərində
idi və mənim də ürəyimdən keçirdi ki, dahi
sənətkarın məqbərəsinə baş çəkim.
Amma dediyim kimi, vaxt məhdud idi.
Kondinsioner işləsə də, vaqonun pəncərəsini
endirdik. Avqustun qorabişirən istisi sərin kupeyə təpilirdi.
Amma pəncərəni qapamaq fikrimiz yox idi; hər necə olsa
da, süni soyuq havadansa təbii isti daha xoş idi. Bir də
ki, bu yerlərdən sanki Xəyyam şeirinin xoş ətri gəlirdi...
Nə isə...
Cavan bir oğlan bizim kupenin pəncərəsinə
dirsəklənib mobil telefonla farsca nə barədəsə
danışmağa başladı. Sonra oğlan aralandı.
Çox keçməmiş kupemizin pəncərəsinə
gənc bir qız yaxınlaşdı, o da oğlansayaq çərçivəyə
dirsəkləndi və kiminləsə nə barədəsə
danışmağa başladı. Təbii ki, söhbət yenə
fars dilində gedirdi. Bu "yerdəyişmə" bir
neçə dəfə təkrar olundu. Hiss olunurdu ki, bu gənc
oğlanla qız bizim kupenin pəncərəsinin
açıq olduğunu ya bilmir, ya da buna çox əhəmiyyət
vermirdilər.
Oğlanla qız bir müddət boz qaranlıqda "əridilər".
Hərəsi bir səmtə üz tutdu. Və bu vaxt səfər
dostlarım Həmid ilə Rza astadan, bığaltı
gülməyə başladılar. Sonra bu xəfif
gülüşü pıqqıltı əvəz etdi.
Həmid məndən soruşdu:
- Ağa, bilirsiniz, bu qızla oğlan nə barədə
danışırlar?
-Yox, - deyə, cavab verdim.
Rza gülüb dedi:
- Bayaqdan fikir verirsinizsə, bu qızla oğlan bir-biri
ilə söhbət edir...
Mən dedim ki, qızın və oğlanın
ayrı-ayrılıqda telefonla danışdıqlarını
gördüm; amma söhbətin nədən getdiyini anlaya bilmədim.
Həmid söhbətə aydınlıq gətirdi:
- Danışıqlarından belə anlamaq olur ki, bu
qızla oğlan bir-birini sevir. Amma onlar üzbəüz
dayanıb söhbət etməyə cürət etmirlər.
Bizdə rəsmi ər-arvad olmayan şəxslərin bir-biri
ilə əl-ələ tutması, hətta üzbəüz
söhbət etməsi yasaqdır. Ona görə də sevgiyə
dair "gizli" söhbət telefonla gedir. Onlar hələlik
yalnız telefonla bir-birinə sevgi ismarışları
göndərə bilirlər...
Rza bunu da əlavə etməyi unutmadı:
- Əgər polislər bilsələr ki, bunlar gecənin
bu vaxtı bu vağzalda bir-birinə sevgilərini izhar edir,
özləri də Xəyyamdan sevgi şeiri deyirlər, bu
işin sonu yaxşı olmaz.
Biz gülüşdük.
Qatar dərindən nəfəs aldı.
Mən həmin anlarda Xəyyamın bir rübaisini
xatırladım:
Ey şəhər müftisi, səndən pərgarıq,
Bunca sərxoşluqla səndən huşyarıq.
Biz şərab içirik sən xalq qanını,
İnsaf et,
hansımız daha qəddarıq?
...Bir azdan qatar yerindən tərpəndi. Nişapurun
işıqları uzaqdan sayrışırdı.
Zəncan şəhərində və ya
çılğın bir eşqin etirafı
Zəncan şəhərində məni vətənpərvər,
doğma türkcəmizdə yazıb-yaradan şairə
xanım qarşıladı.Zəncan çox qədim şəhərdir.
Bu qədimlik hər addımda hiss olunur. Təəssüf ki,
bu qədim şəhərdə cəmi bir gün qaldım.
Çünki dostların dəvəti ilə Tehrana getməli
idim.
Köhnə Zəncanda ən yaddaqalan iki yer var desəm,
yəqin ki, yanılmaram. Bunlardan biri on beş haktarlıq yeri
zəbt etmiş nəhəng bazar, digəri isə muzey kimi fəaliyyət
göstərən "Rahtşuyan" adlı yerdir ki, bunun
da mənası "paltar yuyulan ərazi" deməkdir. Vaxtilə
qadınlar burada - su ilə təchiz edilmiş yerdə paltar
yuyurmuşlar. Muzeyin içərisində bir neçə səhəng,
cürdək və qadın fiqurları-heykəlləri də
var.
Amma mənim söhbətim bu sadaladıqlarımın
heç biri haqda deyil.
Təbrizdən fərqli olaraq Zəncanda ucuz hotel tapmaq
çətin idi. Burada bir gecə qalmaq haradasa ən
yaxşı halda iyirmi beş-otuz manata başa gəlirdi. Təbrizdə
isə bu qiymətlər beş manatdan başlayır.
Şairə xanım yoluna rəvan oldu. Mən
axtarıb-arayıb nisbətən ucuz hotel tapdım. Bu, nisbətən
yüksəklikdə yerləşən, altı-yeddi mərtəbəli,
müasir, zövqlə tikilmiş bir bina idi. Yeri gəlmişkən,
aradan illər keçəndən sonra indi birdən
xatırladım ki, hotellə üzbəüz köhnə
binanın az qala quzulayıb tökülən divarına bir
barelyef vurulmuşdu. Səhv etmirəmsə (yox, indi onu da
xatırladım ki, səhv etmirəm) bu barelyef Şihabəddin
Yəhya Suhrəvərdiyə məxsus idi və həmin
küçə də böyük filosofun, işraqilik təliminin
banısınin adını daşıyırdı. Bu, o zəka
sahibidir ki, müasirləri onu "Şihab əl-millə və-l-haqq
və-d-din", yəni millətin, haqqın və dinin axan
ulduzu adlandırıblar.
Hotelə daxil oldum. Foyedə görümlü yerdən
asılmış zərli çərçivədəki bir
kişi portret diqqəti çəkirdi. Az sonra məlum
olacaqdı ki, həmin şəkildən boylanan
yaraşıqlı, qəhvəyi bığlı, zövqlə
avropasayağı kostyum geymiş və qalstuk
bağlamış həmin kişi vaxtilə bu hoteli tikdirib,
bir neçə il öncə rəhmətə gedib və
indi buranın sahibi onun ailə üzvləridir.
Məni haradasa otuz yaşlarında cavan bir oğlan
qarşıladı. Azərbaycan dilində
ala-yarımçıq cümlələrlə danışa
bilirdi. Bir az gözləməyimi tövsiyə etdi, bildirdi ki,
indi bu işlərə baxan adam gələcək. Mənim
haradan gəldiyimi biləndən sonra nəsə
qaş-qabağını tökdü, hətta, təəssüf
ifadə edəcək bir tərzdə başını yellətdi.
Söhbət əsnasında onun incikliyinin səbəbi ilə
maraqlandım. O, əvvəlcə bir söz deməsə də
sonra aramızda belə bir dialoq oldu:
- Ağa, Bakı mənim baba vətənimdir...
- Bakı, yoxsa Azərbaycan?
- Burada da Azərbaycan var, ona görə biz oraya
Bakı deyirik. Hə, onu deyirəm, bir dəfə bir dostumla
Bakıya getmək qərarına gəldik. Televizorda
baxırıq, çox gözəl şəhərdir. Amma
sizin gömrükdə bizi o qədər "yoxlamaya"
tutdular ki, axırda bezib elə sərhəddən geri
qayıtdıq... İndi hər il Yerevana gedirik. Orada bizə dəyib-dolaşan
yoxdur.
Təbii ki, mən bunun bir təsadüf olduğunu
bildirdim. Qonaqpərvərliyimizi vurğuladım.
Bu əsnada gözlədiyimiz adam, yəni
oğlanın anası gəldi. Bu işvə-nazlı,
yar-yaraşıqlı, şıq geyimli, başına
açıq-yüngül çarşab atmış bir
xanımdı. Onun iri-qara gözlərindən həyat
eşqi çağlayırdı. Şirəli üzüm giləsini
xatırladan qalın dodaqlarına yüngül boya çəkilmişdi.
Təxminən əlli yaşı ola biləcək bu xanım
sən demə, elə şəkli divardan asılmış mərhumun
dul arvadı, mənimlə söhbət edən gəncin
anası imiş.
Oğlan bizimlə xudahafizləşib getdi. Qadın
kiməsə göstəriş verdi ki, mənimçün
boş və münasib qiymətə bir oda tapsınlar.
Bu naz-qəmzəli xanım əslən elə
Bakıdan imiş. Onun ulu babası inqilabdan əvvəl
İrana təşrif gətirmiş və daimi məskunlaşmışdır.
Qadın çay sifariş verdi. O, arada üzünü, bəyaz
boyun-boğazını əlindəki
zətif yelpiklə havalandıraraq mənə oradan-buradan
suallar verirdi.
- Sən də Bakıda yaşayırsan? Hə?
Bakı gözəl şəhərdir.
- Bəli, gözəldir. Yəqin ki, televizorda
görmüsüz?
O, şaqqanaq çəkib güldü:
- Nə televizor, canım? Biz üç-dörd il əvvəl
Bakıda olmuşuq.
- Həyat yoldaşınızla?
O, bir qədər tutulub dedi:
- Yox, ərim çoxdan ölüb... - Səsini bir az
da yavaşıdıb əlavə etdi: - Mən oraya öz
sevgilimlə getmişdim. Siz də sevgilimi deyirsiniz?
- Yəni məşuqunuzla?
Xanımın rəngi açıldı:
- Ay sağ ol.
Foyedə təkcə ikimiz idik. Eşikdə avqust
istisi tüğyan etsə də, içəridə xoş
bir sərinlik hökm sürürdü. Arada tutqun
çadralı bir qadın bizə çay gətirirdi. Belə
anlarda Bakıya səfəri barədə danışan hotel
sahibəsi söhbəti ya başqa istiqamətə yönəldir,
ya da susurdu.
- Hə, mən Bakıya öz məşuğumla
getmişdim. O, məndən çox cavandır. Əsl pəhləvandır.
Boy-buxunlu, enli çiyinli, uzun qollu...
Söz vermişdi ki, daim bir yerdə olacağıq.
Bütün Avropanı gəzmişdik onunla... Bütün xərcləri
də mən çəkirdim. Burnundan gəlsin... Onun bircə
vəzifəsi vardı - məni sevmək. Ondan ayrı bir
şey ummurdum... Qızım Almaniyada Universitetdə oxuyur, indi
tətilə gəlib, indi gəlib məni evə aparacaq.
Ürəyimdən keçir ki, o da bir türklə ailə
qursun... Hə, onu deyirəm, ağa, o alçaqla getmişdim
Bakıya. Bilirsən harada qalırdıq? Ortasında
böyük hovuz olan bağa yaxın yerdə. Şəhərin
ən yaxşı? ən bahalı bir ərazisində.
Yaxınlıqda bir kilsə də vardı...
- Yəqin ki, Fəvvarələr bağının
yaxınlığı olub...
- Doğrudur. Dəniz də yaxınlıqda idi. Bir az
aralıda bir Nizaminin və irəlidə bir şairə
xanımın heykəli, kitab dükanı...
- Doğrudur. O şairə də Natəvan
xanımdır...
- Orada cəmi bir xanımın adı yadımda
qalıb... İndi də tez-tez onun mahnılarına qulaq
asıram. Özü də oxuyur ey: "Yandım, elə
yandım"... Zeynəb...
- Zeynəb Xanlarova...
- Ay sağ ol. Bax o xanım sanki mənim dilimdən
deyir: "Yandım, elə yandım"... Bəli, mənim sinəmə
dağ çəkdi o pədər süxtə...
- Yəni it oğlu...
Gülüşdük.
- Ağa, deyəsən, bir az farsi bilirsən.
- Yox... Deməzdim.
- Hə, bax o it oğlu ilə belə günlər
yaşadıq. Sonrası nə olsa yaxşıdır? Deyim
sonrasını?
- Özünüz bilən məsləhətdir.
- Sonrası o oldu ki, o it oğlu gedib özündən
çox-çox cavan, həm də zəngin bir qızla evləndi.
Mənə dağ çəkdi. İndi mən də fürsət
gəzirəm onun bağrina dağ çəkməyə...
Bayaqdan deyib-gülən bu şad, nikbin xanımın
səsi birdən-birə titrədi. İri-qara gözlərində
sanki qəzəbli pələnglər oynadı. O,
doluxsunmuş halda soruşdu:
- Ağa, sən nə işin sahibisən?
- Yazı-pozu adamıyam...
- Kitab yazansan?
- Bəli, təxminən elə bir iş...
Xanım gözlərinin yaşını sildi. O, indi
yağışdan sonra cilvələnən, canlanan
qızılgülə bənzəyirdi.
Xanım asta, həlim səslə dedi:
- Ağa, artıq sənin otağın
hazırdır. Get dincəl. Sabah sənə mübtəla
olduğum bu acı eşqin mənim başıma
açdığı oyunlardan yenə danışaram, istəyin
olsa onları bir kitaba yazarsan...
Mən sübh tezdən Tehrana yola düşdüm...
Firuz MUSTAFA
525-ci qəzet .- 2025.- 24 iyun(¹108).-S.12;13.