"Məktəbəhazırlıq
qruplarının əhəmiyyəti get-gedə daha da
aydınlaşır"
İyunun 21-dən etibarən 2025-2026-cı tədris
ili üzrə məktəbəhazırlıq qruplarına
qeydiyyata start verilib. Qeydiyyat "mektebeqebul.edu.az" elektron
sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan
bölməsi üzrə məktəb seçimi Bakı
şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə
8 iyuldan, Bakı şəhərində isə 9 iyuldan etibarən
mümkün olacaq. Tədrisin digər dillərdə
aparıldığı bölmələrdə isə məktəb
və müəllim seçiminə 10 iyuldan start veriləcək.
Qeydiyyat prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək.
1-30 sentyabr tarixləri arasında sənədlərin ümumi
təhsil müəssisələrinə təqdim olunması həyata
keçiriləcək.
Xatırladaq ki, məktəbəhazırlıq
qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni
bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.
Uşağın şəxsiyyət kimi
formalaşmasında ciddi əhəmiyyətə malik olan məktəbəqədər
təhsil məktəbə qədəm qoyacaq balacaların əvvəlcədən
hazırlanması üçün vacibdir. Bütün
valideynlər uşaqlarını məktəbə
hazırlamağa çalışır ki, balacalar məktəbdə
müvəffəqiyyətlə oxusunlar. 2016-cı ildən
başlayaraq ölkədə dövlət ümumtəhsil məktəblərində
ödənişsiz əsaslarla məktəbəhazırlıq
qrupları fəaliyyətə başlayıb. Təcrübə
göstərir ki, məktəbə hazırlıq mərhələsindən
keçmiş uşaq şagird olduğu zaman məktəbə,
kollektivə daha tez alışır, ətraf mühiti dərk
etməkdə, diqqət və yaddaşın
formalaşması ilə əldə etdiyi bacarıq və vərdişlərini
dərs prosesində istifadə edir, bu da ona dərsi mənimsəməsində
böyük köməklik göstərir.
Dövlət ümumtəhsil məktəblərində
yaradılmış məktəbəhazırlıq
qruplarına 5 yaşı həmin il tamamlanmış
uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq
qruplarında təhsil dövlət hesabına həyata
keçirilir. Bu qruplarda gün ərzində 3, həftədə
4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin
müddəti 30 dəqiqə, məşğələlərarası
fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq
qruplarında "Ətraf aləmlə
tanışlıq", "Savad təliminə
hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün
inkişafı", "Məntiqi və riyazi təfəkkürün
inkişafı", "Təsviri fəaliyyət",
"Musiqi", "Fiziki mədəniyyət" məşğələləri
keçirilir.
Məktəbəhazırlıq mərhələsində
inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil
etməkdir. Məktəbə hazırlığın vəzifələri
uşaqlarda oxumaq həvəsinin, onların məktəbə
müsbət emosional münasibətinin inkişaf etdirilməsi
və möhkəmləndirilməsi, uşaqların məktəbə
müvəffəqiyyətlə adaptasiya olunması
üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin
formalaşdırılmasıdır. Uşaqların məktəb
təliminə hazırlığının effektivliyini
artırmaq məqsədi ilə təlim məşğələlərində
didaktik (öyrədici) oyunların tətbiq edilməsi
faydalıdır. Müəllim uşağın oyuna olan
marağından istifadə edərək didaktik oyunu təlim məqsədinə
yönəltməlidir. Məktəbəhazırlıq
qruplarında işin təşkili metodikasının əsasını
təşkil edən oyunlar təlimi uşaqlar
üçün əlverişli və cəlbedici formada həyata
keçirməyə imkan verir, bu zaman təlim vəzifəsi
həm də uşağın oyun vəzifəsi olur. Məktəb
təliminə hazırlıq uşağın fiziki,
intellektual, emosional-iradi, şəxsi və sosial
inkişafından asılıdır. Qeyd olunanlar məktəbə
hazırlığın müxtəlif növləri deyil, onun
fəaliyyət formalarının fərqli təzahürləridir.
Məktəbə getməyə hazırlaşan
uşağın anatomik-fizioloji inkişafına diqqət
yetirilməlidir. Fiziki inkişafın ləngiməsi
uşağın əqli fəaliyyətinə mənfi təsir
göstərir. Fiziki cəhətdən zəif olan uşaq təlim
prosesində tez yorulur, onun təlimə həvəsi
azalır. Adətən, belə uşaqların əhali-ruhiyyəsi
aşağı olur, onlar hərəkətli oyunlara laqeydlik
göstərirlər. Beşyaşlılarda skeletin
sümükləşməsi, böyüməsi, daxili
üzvlərin və sistemlərin, bütövlükdə
orqanizmin inkişafı hələ davam edir. Odur ki, məktəbəhazırlıq
qruplarında fiziki hərəkətlərə, fəal
oyunlara xüsusi diqqət yetirilməlidir.
Məktəbəhazırlıq yaşı
dövründə uşaqlarda barmaqlarda buğumlar hələ
sümükləşməmiş olduğundan onlar
üçün xırda və dəqiqlik tələb edən
fəaliyyətlərin icrası çətin olur. Həmçinin
yazı yazmaq onlar üçün olduqca çətin, hətta
qələmi əldə tutaraq nəsə yazmaq
ağrıverici ola bilər. Halbuki diqqət və dəqiqlik
tələb etməyən, hətta müəyyən güc tələb
edən işləri uşaqlar daha asan yerinə yetirirlər.
Bu səbəbdən məktəbəhazırlıq
dövründə, eyni zamanda I sinifdə şagirdlər hətta
partanın sinifdə yerini dəyişə bilərlər,
lakin hərf və rəqəm yazılışı onlar
üçün olduqca çətindir. Uşaqlar bu çətin
prosesə hazırlıqsız məcbur edilərsə, onlarda
yazı ilə bağlı stress və narahatlıq
assosiasiyası yaranar, yazmağa və ümumilikdə təlim
prosesinə mənfi münasibət formalaşar. Qeyd olunan
problemin qarşısını almaq üçün məktəbəhazırlıq
dövründə uşaqların xırda motorikasının
inkişafı məqsədilə müəyyən məşqlər
edilməli və hazırlıq prosesi keçməmiş
uşaqlara hərf, rəqəm və sair yazdırmağa yol
verilməməlidir. Məktəbəqədər yaşlı
uşaqların hafizəsinin inkişafının ən
mühüm yollarından biri yardımçı, xüsusilə
simvolik vasitələrin köməyi ilə yadda saxlamadır.
Bu zaman uşaq öz hafizəsini idarə edərək, bir əşyadan,
məsələn, şəkildən, digər əşyanın
əvəzedicisi kimi istifadə etməyi bacarır. Bu
xüsusiyyət hafizəni təfəkkür ilə əlaqələndirir
və təfəkkürün simvolik funksiyasını
inkişaf etdirir. Məktəbəqədər dövr ərzində
təfəkkür iki istiqamətdə inkişaf edir: əyani-əməli
və əyani-obrazlı. Əyani-əməli təfəkkür
məktəbəhazırlıq dönəmində
üstünlük təşkil edir. Uşaqlar əyani formada
fikirlərini ifadə edirlər, kiçik məktəbli
yaş dövründə əyani-əməli növdən əyani-obrazlı
təfəkkürə keçid baş verir. Yəni uşaq
artıq fikirlərini sözlərlə ifadə etməyi
öyrənir. Məktəbəhazırlıq dövründə
bu prosesə keçidin daha rahat olması üçün
müəyyən işlər görülməlidir.
Təhsil eksperti Nadir İsrafilov bildirib ki, məktəbəhazırlıq
qruplarının yaradılmasında məqsəd
uşaqların məktəbə uyğunlaşmasında
problemlərin aradan qaldırılmasıdır: "Hər
bir övlad valideyn üçün əzizdir. Valideynlərin əksəriyyəti
övladlarını bağçaya getməyə
qoymadıqları, ev şəraitində, dayə və nənə-baba
himayəsində saxladıqları üçün belə
uşaqların məktəbdə kollektivə
uyğunlaşmasında müəyyən problemlərə səbəb
olur. Bağça mühitində olmayan uşaqlarda bu problemlər
daha çox özünü büruzə verir. Belə
uşaqlar çox zaman valideyndən ayrıla bilmədiyi
üçün məktəbdə daha çox ağlayır
və sıxıntılar yaşayır. Məhz belə
uşaqların məktəbə uyğunlaşması
üçün belə bir təlimat verildi ki, ölkədə
məktəbəhazırlıq qrupları yaradılsın və
həmin uşaqlar şagird adını almamışdan
öncə məktəb mühitinə öyrəşsinlər".
Ekspertin dediyinə görə, məktəbə
hazırlıq qruplarının müsbət tərəfləri
uşaqların məktəbə tam hazırlıq vəziyyətə
gətirilməsi, kollektiv mühitdə davranışa,
ünsiyyətə malik olmasıdır: "Həm
bağça təhsili görən, həm də evdə dayə,
nənə-baba və ya valideyn himayəsində olan uşaqlar
məktəbəqədər hazırlıq qruplarına cəlb
olunduqda bu, onların həm təhsilinə, həm məktəbdə
davranışına, həm də ünsiyyətin
formalaşmasına gətirib çıxarır".
N.İsrafilov vurğulayıb ki, məktəbəhazırlıq
qruplarının əhəmiyyəti get-gedə daha da
aydınlaşır, ona görə də bu istiqamətdə
qrupların artırılmasına ehtiyac var: "Bir çox
hallarda valideynlər uşaqlarını evlərinə
yaxın ərazidə yerləşən orta məktəbdə
yaradılan məktəbəhazırlıq qrupuna yönəldir
ki, övladı birinci sinfə gedəndə təhsilini də
həmin məktəbdə və müəllimədə davam
etdirsin. Lakin birinci sinfə qəbul üçün həyata
keçirilən elektron qeydiyyat zamanı valideynlərin bu istəyi
bəzi hallarda yerinə yetirilmir. Yaxın ərazidə yerləşən
məktəblərdə I sinfə qəbul tələbatdan
artıq olduğundan bir çox hallarda valideynlər
çıxılmaz vəziyyətdə qalırlar. Belə
olan halda, valideynlər evindən daha uzaq məsafədə
yerləşən məktəblərə üz tutmalı
olurlar".
Ekspert əlavə edib ki, əlavə qruplar
açıldığı zaman bir qrupda təhsil alacaq uşaqların
sayına diqqət etmək önəmlidir: "Bəzən
bizdə bir qrupda 30-dan çox şagird təhsil alır. Bu,
gərəkli deyil. Uşaqların sayı 30-35-dən
çox olan qrupları iki yerə bölmək
mümkündür. Burada saya deyil, keyfiyyətə diqqət
etmək lazımdır. Bu gün məktəblərimizdə
bunun üçün hər bir şərait var. Bu məsələnin
həlli həm məktəblərdə yerin olmamasından
narazı qalan valideynlərə, həm də təhsilin
keyfiyyətinin daha da artırılmasına kömək edə
bilər".
Təhsil eksperti Elçin Əfəndi deyib ki, məktəbəqədər
təhsil olduqca vacibdir: "Bu, təkcə Azərbaycanda
deyil, dünyanın əksər ölkələrində də
qəbul edilmiş proqramdır. Şagirdlərin erkən
yaşda, yəni 5 yaşda qəbulu həyata keçirilir. 1
il onların məktəbəqədər hazırlıq pilləsində
müəyyən fənlər üzrə bilik və
bacarıqlarını formalaşdırırlar. Bu mərhələdən
sonra həmin şagirdlər 1-ci sinfə qəbul olurlar.
Şagirdlərin 5 yaşda məktəbəqədər
hazırlıq prosesinə cəlb olunması onların həm
ibtidai təhsil pilləsində göstəricilərinə
müsbət təsir etmiş olur yuxarı təhsil pilləsinə
keçiddə də erkən yaşda əldə etdikləri
biliklər, tərbiyə, təlim və digər amillər
onların yuxarı təhsil pilləsində daha uğurlu
olmalarına rəvac verir. Bizdə məktəbəqədər
təhsil istiqamətində qəbul prosesi çoxda uzun tarixə
dayanmır. Qısa müddət ərzində şagirdlərin
hazırlığı həyata keçirilir. 7-8 il olar ki,
şagirdlərin qəbulunu həyata keçiririk. Ancaq ondan əvvəlki
dövrə baxsaq, şagirdlər yalnız 6 və yaxud 7
yaşı olanda 1-ci sinfə gedirdilər. İbtidai təhsil
pilləsində 1 il məktəb mühitinə, sinif
yoldaşları və müəllimlərə uyğunlaşa
bilmirdilər. İndi isə 5 yaşdan bu prosesə
qoşulduqları üçün ümumi təhsil prosesinə
adaptasiya ola bilirlər. Bu yaşda övladı olan valideynlərə
səslənirəm ki, maksimum dərəcədə
çalışsınlar ki, övladlarını
hazırlıq prosesinə qoşsunlar. Onlar artıq 5 yaşdan
həm təlim-tərbiyə və tədris prosesində
iştirak etsinlər, həm də sinif yoldaşları ilə
uyğunlaşsınlar. Bu, onların sosial olmasına gətirib
çıxaracaq. Yəni bir növ asosiallıqdan
övladlarını xilas etmək üçün mütləq
məktəbəqədər təhsil vacibdir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 24 iyun(№108).-S.11.