"Müstəqillik günəşi, Azadlıq simvoludu..."

DAYANDUR SEVGİNİN "AZƏRBAYCAN BAYRAĞI" ŞEİRİNƏ BİR BAXIŞ

 

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yalnız ölkəmizin ictimai həyatında deyil, mədəni, ədəbi həyatında da böyük bir coşqu yaratdı. Azərbaycan vətəndaşının ideya-mənəvi dəyəri, Əli bəy Hüseynzadənin "Türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq" ideyaları Cümhuriyyətin Dövlət bayrağında əks olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli (mavi rəng türklüyümüzü, qırmızı rəng müasir və demokratik cəmiyyəti, yaşıl rəng isə islam mədəniyyətini əks etdirir), ay-ulduzlu bayrağı 9 noyabr 1918-ci ildə Dövlət Bayrağı kimi təsdiq edildi.

 

Məşhur meksikalı şair Oktavia Pas yazır: "Poeziya bu dünyanı mənalandırır, onu ucaldır; amma başqa bir dünya da yaradır. O - ilhamdır, nəfəsdir, vətənə qayıdışdır, mənəviyyatdır, milli və sinfi şüurun tarixi ifadəsidir".

 

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı binanın üzərində dalğalanmağa başladığı (7 dekabr 1918-ci il) gündən üçrəngli bayrağımız da "dünyanı mənalandıran poeziya"da aparıcı mövzuya çevrildi. Bayrağımızdan ilham alan şairlərimiz müqəddəs bayrağımıza şeirlər həsr edərək milli dövlətçiliyin, vətənin, torpağın gözəlliyini tərənnüm etdilər. Üçrəngli bayrağımıza Əhməd Cavad, Cəfər Cabbarlı, Əbdülxaliq Cənnəti və başqa ədiblərimiz böyük məhəbbətlə şeirlər həsr edərək onun tarixi mənasını, rənglərinin, nişanlarının mahiyyətini poetik şəkildə vəsf etdilər. Xalq Cümhuriyyətinin süqutu ilə bayrağımız Parlamentin üzərindən endirilsə də (1920), M.Ə.Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz" şüarı hər zaman könüllərdə yaşadı.

Bu gün də şairlərimizin "Azərbaycan bayrağına" yazılan şeirləri, bu şeirlərdə əksini tapan ülvi duyğular, bayrağımıza məhəbbət və ehtiram hissləri insana qürur hissi yaşadır. Bu il mayın 24-31-dək Elmlər Akademiyası parkında keçirilən 4-cü  Türk Dünyası Ədəbiyyat və Kitab festivalında Xalq artisti Nurəddin Mehdixanlının ifasında təntənəylə səslənən "Azərbaycan bayrağı" şeiri kimi:

 

 

Millətimin fəxridi, haqqa gedən yoludu,

Koroğlumun qılıncı, Babəkimin qoludu,

Müstəqillik günəşi, Azadlıq simvoludu,

Seyr elə, igid əsgər, dalğalanan bayrağı.

Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!

 

Səkkiz gün davam edən festivalda bir neçə dəfə dinlədiyim bu şeirin müəllifi çağdaş poeziyamızın tanınmış nümayəndələrindən olan Dayandur Sevgindir.

Müqəddəs duyğularla yazılmış "Azərbaycan bayrağı" şeirinin hər misrasında şairin bayrağımıza sevgisi, ehtiramı, eyni zamanda vüqarı, qüruru hiss olunur. Görkəmli sələfləri kimi, Dayandur Sevgin də bayrağımızın rənglərində yaşayan tariximizə baş vurur. Müasir və demokratik cəmiyyətin rəmzi olan qırmızı rəngi "şəhidlərin qanı" kimi mənalandırır. Və vətəndaşlıq qeyrəti ilə, tarixə sədaqətlə 1918-ci ildə dalğalanan, Cümhuriyyətimizin süqutundan sonra yasaqlanmış (1920) bayrağımızın yenidən dalğalanmasının xalqımıza Ümummilli lider Heydər Əliyevin böyük ərməğanı olduğunu vurğulayır:

 

Yaşılı İslamçılıq, göyü Turan şanıdı,

Qırmızı, Vətən oğlu, şəhidlərin qanıdı,

Ümummilli Liderin bizə ərmağanıdı,

Oğullardı ucaldan, ata sancan bayrağı.

Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!

 

Məhz Ümummilli lider Heydər Əliyev uzun illər yasaqlanmış üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsində misilsiz bir xidmət göstərdi. 1990-cı il noyabrın 17-də onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, özünün sədrliyi ilə keçirilən sessiyada üçrəngli bayrağımız dövlət bayrağı kimi təsdiq edildi və Azərbaycan Respublikasının Milli Məclisinə həmin bayrağın dövlət bayrağı kimi qəbul edilməsi tövsiyə olundu. Xalqımız ikinci dəfə üçrəngli bayrağına qovuşdu. O tarixi günlərə şahidlik etdiyim üçün çox xoşbəxtəm.

 

"Azadlığın yanğısı alışar, sönməz", - dedi,

"Millətim haqq yolundan heç zaman dönməz", - dedi,

"Bir dəfə qalxan bayraq, bir daha enməz" - dedi,

Endirmərik bir daha işıq saçan bayrağı,

Göylərin göy qurşağı, Azərbaycan bayrağı!

 

Bütövlükdə, yaradıcılığının əsas qayəsini Vətən, Millət sevgisi təşkil edən Dayandur Sevginin "Azərbaycan bayrağına" şeirində bir çox mətləblərə toxunulur. Yeri gəldikdə yaxın tariximizə ekskursiya olunur, yeri gəldikdə şairin bayraqla bağlı arzuları ifadə edilir. Arzularından biri, şeirin yazılma tarixinə baxılırsa, bəlkə də birincisi Azərbaycan bayrağının "könlündə göyərəni Qarabağda bitirməsi, düşmənlərin köksünü oda yaxması, ucaldıqca ucalması", zəfər təntənəsi ilə dalğalanmasıdır:

 

Könlümdə göyərəni Qarabağda bitirsin,

Dalğalansın, arzumu Savalana yetirsin,

Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,

Düşmənlərin köksünü oda yaxan bayrağı.

Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!

 

Şükürlər olsun ki, şairin müqəddəs arzusu bu gün həqiqətə çevrilib. 44 günlük Vətən müharibəmizdə torpaq qəhrəman oğullarının sayəsində öz sahibinə qovuşub. Ali Baş Komandanımız, cənab İlham Əliyevin "Qarabağ Azərbaycandır!" - sözləri xalqımızı qürurlandırır. Bu gün Qarabağda üçrəngli bayrağımız dalğalanır.

"Ya şəhid ol, ya qazi", - sözləri və vətən eşqi ilə silahlanan igidlərimiz işğalda olan torpaqlarımızı azad etmək üçün torpaq uğrunda can verərək, bayrağımızı yüksəklərə qaldırdı. Canlarından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımız "qeyrət qalası"na çevrilərək, "Yolunda verək qurban, qorusun can bayrağı" - sözünü gerçəkləşdirərək və uğrunda qurban getdikləri bayrağa bükülərək vətən torpağında əbədiyyətə qovuşdular.

Bu gün qalib ölkənin vətəndaşı olaraq qürurluyuq. Qürur və iftixarla bayrağımızla "Qaranlıq gecələrdən, işıqlı sabahlara" yol gedirik.

44 günlük Vətən müharibəmizin ən böyük şərəfi də (Şəhid anası, Şəhid bacısı, Şəhid xanımı, Şəhid övladı), ən çox ağrı-acısı da qadınlara yükləndi. Çünki torpağı qucaqlayaraq uğrunda can verən igidlərimiz qadınların ataları, oğulları, qardaşları, qız-gəlinlərin yarı idilər. Bayrağımıza yazdığı şeirdə bu incə məqama diqqət çəkən Dayandur Sevgin "Şəhid analarına müraciət edərək torpaq uğrunda qurban gedən şəhidləri "Millətin balası" adlandırır:

 

"Balam" deyib ağlama, o, millətin balası,

Vətən yolunda getdi, qurdu qeyrət qalası,

Düzəlt, qəddini düzəlt, şax dur, şəhid anası,

Ucalarda saxlayar, tökülən qan bayrağı,

Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!

 

Şeirdə bayrağı yaradanlara və yaşadanlara, bayraq uğrunda can verənlərə minnətdarlıq duyğuları ilə yanaşı, şairin bayraqla bağlı müqəddəs arzu və istəyi də sərgilənir:

 

Tanrıdan səda gələ, yazdığın haqqa yaza,

Mələklər səcdə edə, bu Aya, bu ulduza,

İgid oğlanlarımız sevdiyi gözəl qıza,

Atsın zərif çiyninə, versin nişan bayrağı.

Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!

 

Ulu öndər Heydər Əliyev deyirdi: "Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən, gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir".

Dövlət rəmzlərimizə, bayrağımıza, gerbimizə və himnimizə ehtiram, hörmət və sevgi hissinin formalaşmasında ədəbiyyatın, ədəbiyyat adamlarının özünəməxsus xidmətləri var. Dayandur Sevginin "Azərbaycan bayrağına" şeiri də bu müqəddəs missiyaya, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına, milli ruhu oyandırmağa və yaşatmağa xidmət edir:

 

 

Gözəldi qarlı qışı, həm də yazı Vətənin,

Qəriblikdə bilinər dadı-duzu Vətənin,

Uğrunda şəhid olaq, ya da qazi Vətənin,

Yolunda verək qurban, qorusun can bayrağı,

Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!

 

Cəmiyyətdə baş verən hadisələrə biganə qalmayan Dayandur Sevginin yaradıcılığı mövzu etibarı ilə zəngindir. O, vətənpərvərlik ruhunda da şeirlər yazıb, dünya-aləm-Allahla bağlı şeirlər də. Sevgi şeirləri də yazıb, ətrafında baş verən hadisələrə də münasibət bildirib. Dayandur Sevgin vətənə, yurda bağlı, bayrağını sitayiş edəcək qədər sevən bir şairdir. Onun poeziyasının aparıcı mövzusu vətənpərvərlik, vətənə və müstəqilliyimizin rəmzi olan bayrağa sevgidir. "Bayrağını sevən millətini, millətini sevən vətənini sevər", - deyirlər. Dayandur Sevgin Vətənini, bayrağını, millətini sevən "vətən daşı"dır.

Dini inancımızda Vətəni sevmək imandan sayılır. Milli düşüncəmizə görə, vətəni sevmək, milləti və dövləti qorumaqdır. "Poeziya isə bu, dünyəvi həyatın döyünən nəbzi, onun qanı, hərarəti, onun işığı və günəşidir".

Dayandur Sevginin "həyatın nəbzi doyünən" poeziyasının "qanı, hərarəti" vətəndir, millətdir və bayraqdır. Üçrəngli bayrağımıza olan sonsuz sevgidir, ehtiramdır.

 

 

 

Hayqırır azad ölkəm tiranlara, şahlara,

Son qoyulsun, deyirik, zülmlərə, ahlara,

Qaranlıq gecələrdən, işıqlı sabahlara

Oyatsın səhər mehi, oxşasın dan bayrağı,

Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

 

Ürəyinizdən Vətən, Dövlət, Millət, Bayraq sevgisi əskik olmasın, Dayandur Sevgin!

 

Lütviyyə ƏSGƏRZADƏ

Filologiya elmləri doktoru,

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi

525-ci qəzet .- 2025.- 25 iyun(№109).-S.14.