Hüseynbala Mirələmov:
"Ömrümü şərəflə,
alnıaçıq yaşamağa səy göstərmişəm"
Yazıçı-dramaturq Hüseynbala Mirələmovun
çoxşaxəli yaradıcılığı və
ictimai fəaliyyəti Azərbaycan ədəbi-mədəni həyatında
mühüm yer tutur. Onun nəsr, dramaturgiya, publisistika, elmi
axtarışlar və maarifçilik sahəsindəki xidmətləri
milli-mənəvi dəyərlərin qorunması, tarixi
yaddaşın yaşadılması və insan
psixologiyasının dərin bədii təhlili ilə səciyyələnir.
Hüseynbala Mirələmovun roman, povest və pyesləri
yalnız bədii-estetik dəyəri ilə deyil, həm də
mövzuların aktuallığı və ədəbi-tarixi əhəmiyyəti
baxımından ədəbiyyatımızda xüsusi yerə
malikdir. Onun əsərlərində milli kimliyin,
xalqımızın yaddaşında iz salmış hadisələrin
və insan talelərinin bədii ifadəsi ustalıqla təqdim
olunur.
Hüseynbala Mirələmovun həyat və
yaradıcılığı yalnız bədii mətnlərlə
məhdudlaşmır. O, eyni zamanda elmi-pedaqoji mühitin
tanınmış simalarındandır. Yüksək
ixtisaslı mütəxəssis - texnika elmləri doktoru,
professor, əməkdar mühəndis və pedaqoq kimi fəaliyyət
göstərərək yüzlərlə tələbənin
və gənc alimlərin formalaşmasında iştirak edib.
Onun elmi fəaliyyəti də eyni intellektual məsuliyyət və
vətəndaşlıq mövqeyi ilə səciyyələnir.
Bu il iyunun 25-də tanınmış
yazıçının 80 illik yubileyi tamam olur. Bu münasibətlə
yubilyarla görüşüb onun yaradıcılıq yolu, ədəbi
və ictimai fəaliyyəti, eləcə də müxtəlif
mövzular ətrafında səmimi bir söhbət etdik.
- Uşaqlıq və gənclik illəriniz necə
keçib?
- Mən dağlar qoynunda, Lerikin Nuravud kəndində
sadə fəhlə ailəsində dünyaya göz
açmışam. Valideynlərim əlinin zəhməti,
alnının təri ilə yaşayan, halal əməyi həyatının
mənasına çevirən insanlar idi. Bizim evdə zəngin
mənəvi mühit hökm sürürdü. Mənim
oxumağa olan marağım erkən yaşlarımdan
özünü göstərib. Dərsə və kitaba
bağlılığım sanki daxilimdən gəlirdi - bu, kənardan
təlqin olunmuş bir alışqanlıq deyildi. Bəzən
gecə saat 2-də, 3-də anam məni çətinliklə
stol arxasından qaldırıb yatağa salardı ki, daha bəsdir,
yat, dincəl. Amma mən yorulmurdum, çünki oxumaq istəyirdim.
Həmişə dərslərimə məsuliyyətlə
yanaşan, müəllimlərin diqqətini çəkən,
sinifdə seçilən şagird olmuşam. Həmyaşıdlarım
arasında da hər zaman oxumağa olan ciddi münasibətimlə
fərqlənirdim. Lənkəranda 2 saylı orta məktəbi
gümüş medalla başa vurmuşam. O illər mənim
formalaşma dövrüm oldu - zəhmətə hörmət,
elmə maraq, sadə həyat tərzi, ailə dəyərləri
və əyalət mühitinin təvazökar, lakin möhkəm
təməlləri mənim şəxsiyyətimin
mayasını təşkil etdi. Hər şeyin sadə, amma səmimi
olduğu bu dövr sonrakı illərdə qələmimə
də, dünyagörüşümə də sirayət edən
ilkin mənəvi dayaqlardan biri oldu.
- Yazıçılığa və dramaturgiyaya gəlişinizdən
danışmağınızı istərdik...
- İlk hekayəm - "Bir tikə çörək"
1961-ci il noyabrın 7-də "Leninçi" qəzetində
nəşr olunub. Həmin vaxt mən Lənkəran şəhərində
yerləşən 2 nömrəli orta məktəbin 7-ci sinif
şagirdi idim. O dövrdə "Leninçi" qəzetinə
görkəmli jurnalist Tofiq Həsənov rəhbərlik
edirdi. Lakin ondan da öncə, hələ 4-cü sinifdə
oxuyarkən "Azərbaycan pioneri" qəzetində
oçerk və məqalələrim çap olunmuşdu.
1965-ci ildə mən Azərbaycan Politexnik İnstitutuna qəbul
olundum. Həmin dövrdə institutun orqanı olan
"Politexnik" qəzetində mənimlə eyni ildə
instituta daxil olmuş Xalq şairi Vahid Əziz və nasir
Dilsuzun yazıları da mənimlə birlikdə dərc
edilirdi. Demək olar ki, həmin qəzetin
buraxılışında biz əsas rol oynayırdıq. Ali məktəbə
qəbul olunandan sonra uşaqlıqdan əməkdaşlıq
etdiyim "Azərbaycan pioneri" qəzetinin
redaksiyasını ziyarət etdim və kollektivlə
tanış oldum. O redaksiya mənim üçün çox
doğma idi. Həmin vaxt qəzetin baş redaktoru
tanınmış jurnalist və yazıçı Əmrah
Əmrahov idi. Onunla görüşüm zamanı
bütün kollektivi bir yerə topladı və mənə qəzetdə
çalışmağı təklif etdi. Bildirdim ki, dərslərim
gündüzdür. Əmrah müəllim isə cavabında
dedi ki, dərslərdən sonra, günün ikinci
yarısında işləyə bilərəm. Beləcə,
mənə qəzetin ədəbiyyat şöbəsində
baş ədəbi işçi vəzifəsi həvalə
olundu. Bir müddət keçdikdən sonra isə,
tanınmış nasir və şair Vaqif Nəsibin başqa
yerə işə keçməsi ilə həmin şöbənin
rəhbərliyi tam şəkildə mənə tapşırıldı.
Bundan sonra düz beş il - 1965-1970-ci illər ərzində
"Azərbaycan pioneri" qəzetinin ədəbiyyat
şöbəsinə rəhbərlik etdim. Bu illər ərzində
mən orada Cəmil Əlibəyli, Davud Abdulkərimov,
Şahin Quliyev, Zeynal Babayev, Əmrah Əmrahov, Əmir
Mustafayev, Svetlana Nəcəfova, Məmməd Əkbərov,
Hafiz Hüseynov, Valeh Səfərov, Nəriman Süleymanov kimi
Azərbaycan jurnalistikasında öz imzaları ilə
tanınmış şəxslərlə çiyin-çiyinə
çalışdım. Redaksiyaya gedəndə eyni binada yerləşən
otaqda tez-tez korifey jurnalist Nəsir İmanquliyevlə
qarşılaşırdıq. Jurnalistika ilə bağlı
bilmədiyim sualları bəzən ona verər, ondan öyrənərdim.
O dövrün nəsli bu görkəmli jurnalistləri
yaxşı xatırlayır - onların hər biri milli mətbuat
tariximizin seçkin simalarındandır. Həyatdan
köçənlərin xatirəsini ehtiramla anır,
yaşayanlara isə möhkəm cansağlığı
arzulayıram. Əgər bu yazını oxuyarlarsa, söylədiklərimi
təsdiqləyə bilərlər. Maraqlananlar M.F.Axundov
adına Milli Kitabxanada bu yazıların dərc tarixlərini
araşdıra bilərlər. 1961-ci ildən başlayaraq, qəzetin
24 yanvar, 26 mart, 7 aprel, 7 iyul, 27 oktyabr və digər tarixlərdəki
buraxılışlarında mənim yazılarıma rast gəlmək
mümkündür. "Azərbaycan pioneri"nin ədəbiyyat
şöbəsində çalışdığım illərdə
çox sayda tanınmış şair və
yazıçıların hekayə və poemalarını
redaktə edir, çapa təqdim edirdim. O illərdə qəzet
səhifələrində çıxış edən bir
çox müəlliflər zamanla məşhur qələm
sahiblərinə çevrildilər. Onların əksəriyyəti
mənim redaktə işimdən razılıq edirdi. Həmçinin,
o dövrdə Azərbaycan Dövlət Universitetinin (indiki
Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin tələbələri
qəzetə təcrübə keçmək
üçün gəlirdilər. Rəhbərlik bu tələbələrdən
bir neçəsini bizim şöbəyə yönləndirirdi.
Mən onlara xəbər yazmaq bacarığını öyrədirdim
və onların əksəriyyəti sonralar müxtəlif
nüfuzlu mətbuat orqanlarında peşəkar jurnalist kimi fəaliyyət
göstərdilər. Bütün bunlar ədəbiyyata,
yazıçılığa yolumu açan amillər olub.
- Əsərlərinizdə daha çox hansı
mövzuları işləmisiniz?
- Əsərlərimin bədii mahiyyətini təşkil
edən əsas mövzular sırasında vicdan,
dürüstlük, mərdlik və kişilik
anlayışları xüsusi yer tutur. Bu dəyərlər mənim
yaradıcılığımın ideyasını təşkil
edir və qəhrəmanlarımın xarakterlərində, həyat
seçimlərində özünü aydın şəkildə
büruzə verir. Vicdan və dürüstlük mənəviyyatın
təməl sütunları kimi obrazların daxili aləmini
formalaşdırır, onların taleyində həlledici rol
oynayır. Mərdlik və kişilik isə yalnız cəsarət
və fiziki güc deyil, eyni zamanda mənəvi möhkəmlik,
əqidəyə sadiqlik, ədalət uğrunda mübarizə
əzmi kimi dəyərlərlə tamamlanır. Bununla
yanaşı, yaradıcılığımda mütəmadi
şəkildə əsas xətlə keçən və əsərlərin
ruhuna poetik zənginlik bəxş edən mövzu sevgidir.
Sevgini mən yalnız romantik duyğu kimi deyil, həm də
insanın insana, vətənə, ailəyə, həyata və
bəşəri dəyərlərə
bağlılığı kimi təqdim edirəm. Bu mövzu əsərlərimdə
yalnız süjet xəttinin bir elementi deyil, həm də insan
varlığının ən təbii, ən dərin
ehtiyaclarından biri kimi bədii-estetik təhlil obyektinə
çevrilir. Sevgini mənəvi ucalıq, daxili saflaşma və
insanlaşma yolunda bir məktəb kimi təqdim etməyə
çalışıram. Qısası, mənim bədii
dünyamın əsas sütunlarını vicdanlı həyat
tərzi, əxlaqi saflıq, prinsipial mövqe və səmimi,
ülvi sevgi duyğuları təşkil edir.
- Azərbaycan ədəbiyyatında hansı dövr
sizin üçün ən qiymətlidir və niyə?
- Ədəbiyyatımızda
altmışıncılar nəsli mənim üçün
xüsusilə dəyərli və əhəmiyyətlidir. Bu
nəsil, ədəbiyyatımıza yeni nəfəs, fərqli
estetik yanaşma və dərin fəlsəfi ovqat gətirən
bir mərhələnin başlanğıcı oldu. Anar,
Elçin, İsmayıl Şıxlı, İsa Muğanna,
Sabir Əhmədli, Əkrəm Əylisli kimi qələm
sahibləri təkcə sözün gözəlliyini yox, onun
ictimai və mənəvi gücünü də üzə
çıxarmağı bacardılar. Bu ədəbi nəsil
nümayəndələrinin yaradıcılığı məni
hər zaman öz iç dünyasının səmimiliyi,
milli dəyərlərə bağlılığı və
bədii ifadə imkanlarının zənginliyi ilə təsirləndirib.
Onlar təkcə ədəbi formaları yeniləmədilər,
həm də cəmiyyətin, fərdin və zamanın daxili
ziddiyyətlərini incə müşahidə və dərin
psixoloji təhlillə təqdim etdilər. Hekayə və
romanlarda adi insan taleyi fonunda bütöv bir dövrün mənzərəsini
canlandırmaq, poeziyada fəlsəfi dərinlik və lirizmi vəhdətdə
vermək baxımından bu nəslin nümayəndələri
ədəbi məktəb yaradıblar. Onlar Azərbaycan ədəbiyyatında
həm forma, həm məzmun baxımından ciddi bir
dönüş yaratmaqla gələcək nəsillərə
möhkəm bünövrə qoydular. Məhz buna görə
də onların irsi bu gün də aktuallığını
qoruyur və müasir ədəbi prosesdə bir mayak
funksiyası daşıyır.
- Ən sevdiyiniz kitab və ya müəllif kimdir?
- Həm dünya, həm də Azərbaycan ədəbiyyatının
klassik və çağdaş nümunələrini daim
mütaliə edirəm. Ədəbiyyat mənim
üçün sadəcə oxu deyil, həm də həyatın,
insan qəlbinin dərinliklərini anlama vasitəsidir.
Oxuduğum hər bir əsər düşüncə
dünyamda yeni qapılar açır, mənəvi zənginlik
bəxş edir. Lakin bu geniş ədəbi külliyyat
içərisində elə bir əsər var ki, onun mənəvi
təsiri, həyatımı və insanlara
baxışımı formalaşdırmaq baxımından
xüsusi yer tutur - bu, fransız ədəbiyyatının
dahilərindən biri olan Viktor Hüqonun ölməz "Səfillər"
romanıdır. "Səfillər" mənim
üçün sadəcə bir bədii əsər deyil, bir
növ mənəvi bələdçidir - həyat dərsidir.
Romanın ana xəttini təşkil edən əxlaqi və fəlsəfi
ideyalar oxucunu yalnız dövrün ictimai reallığı
ilə deyil, həm də insanın daxilindəki ziddiyyətlər,
vicdan və əqidə arasında gedən mübarizələrlə
üz-üzə qoyur. Əsərdəki yepiskop obrazı mənə
xüsusilə təsir edib. O, Jan Valjanın həyatına sadəcə
bir jestlə müdaxilə etmir - onun taleyinə,
düşüncəsinə, mənəviyyatına istiqamət
verir. Yepiskopun insani mərhəməti, yüksək
humanistliyi və bağışlamaq gücü Jan Valjanın
içindəki saf insanı oyadır. Bu obraz mənim
üçün vicdan və mərhəmətin ən uca təcəssümüdür.
Digər tərəfdən, romanın mühüm
fiqurlarından biri olan polis inspektoru Javer də bədii-fəlsəfi
baxımdan olduqca maraqlı və təsirli bir obrazdır. O,
qanunun və nizamın mütləqliyinə inanan, prinsiplərindən
dönməyən bir xarakterdir. Javerin xarakterində dramatik
güc onun həyat və əxlaq dilemması
qarşısında yaşadığı daxili münaqişədə
özünü göstərir. Ədalətə olan ifrat sədaqəti
onu sonda mənəvi uçuruma aparır və bu uçurum
onu öz həyatına son qoymağa qədər gətirib
çıxarır. Lakin bütün faciəviliklə
yanaşı, bu obrazın dramatizmi də onun mənəvi
gücünü, daxili dürüstlüyünü təsdiqləyir
- o, öz prinsiplərinə zidd yaşamağı qüruruna
sığışdırmır. Bu əsər mənim
üçün tükənməz bir ibrət mənbəyidir,
əsl mənəvi dəyərlərin əzəmətini
ortaya qoyan bir həyat məktəbidir.
- 80 il ərzində dünyada və Azərbaycanda ən
çox hansı dəyişikliklər sizi heyrətləndirib?
- Müzəffər Ali Baş Komandan İlham
Əliyevin uzaqgörən siyasi iradəsi, dəmir məntiqi
və sarsılmaz qətiyyəti, eyni zamanda rəşadətli
Azərbaycan Ordusunun qəhrəmanlığı və
peşəkar hərbi hazırlığı sayəsində
xalqımız 30 ilə yaxın bir müddət işğal
altında qalmış doğma torpaqlarını 44 gün ərzində
azad etdi. Bu tarixi qələbə təkcə hərbi zəfər
deyil, həm də milli birlik, mənəvi dirçəliş
və dövlət iradəsinin təntənəsi idi. Bu
döyüş yolu şəhidlərimizin müqəddəs
qanı, qazilərimizin sağlamlığı və
xalqımızın sarsılmaz əzmi ilə yazıldı.
Mən bu möhtəşəm salnaməyə, onun
arxasında dayanan iradəyə, fədakarlığa və əzmə
dərin heyranlıq hissi ilə yanaşıram. 2020-ci ilin Vətən
müharibəsi Ali Baş Komandanın müstəsna sərkərdəlik
məharətini, strateji uzaqgörənliyini və xalqa sonsuz sədaqətini
bütün dünyaya nümayiş etdirdi. İlham Əliyev
müasir dövrün parlaq lider obrazını yarada bildi - həm
döyüş meydanında, həm diplomatik masada, həm də
informasiya savaşında xalqının haqq səsini
qürurla və ləyaqətlə təmsil etdi.
Qarabağın azadlığı təkcə bir coğrafi məkanın
qaytarılması deyil, həm də milli qürurun, tarixi ədalətin,
vətənə sevginin təntənəsidir. Mən bu
şanlı tarixin canlı şahidi olmaqdan qürur duyuram və
bu hadisəni Azərbaycanın müstəqillik tarixinə
qızıl hərflərlə yazılmış ən şərəfli
səhifələrdən biri kimi qiymətləndirirəm.
- Hobbiniz varmı və sizi nələr
ruhlandırır?
- Mərhum Xalq şairi Qabili yaxından tanıyanlar
bilirlər ki, o, həm son dərəcə səmimi, həm də
obyektiv düşüncəli bir insan idi. O, qəlbindən gəlməyən
bir sözü dilə gətirməzdi. Bir dəfə telefon
danışığımız zamanı mənə belə
demişdi: "Bilirsən ki, bu gün mən demək olar
heç kimi oxumuram. Səni tərifləmək
üçün demirəm, amma sənin "Gəlinlik
paltarı" romanını həm mən, həm də ailəm
maraqla oxuyuruq. Ancaq bir iradım var. Sən Azərbaycan
televiziyasında çıxışında demişdin ki,
mühəndisəm, istehsalat adamıyam, ədəbiyyat isə
mənim hobbimdir. Mən isə tam əminliklə bildirirəm:
sən əsl yazıçısan, sənin əsas işin ədəbiyyatdır,
mühəndislik və istehsalat isə sadəcə
hobbindir". Allah ona rəhmət eləsin. "Dağlarda
atılan güllə" romanım haqqında da o, müəllifi
olduğu "Qeyrət a vətəndaşlar"
yazısında yüksək dəyərləndirmələrini
qeyd etmişdi. Allah Xalq şairimizin ruhunu şad eləsin, o
möhkəmcə tapşırsa da, mən yenə də
yazıçılığı əsas hobbim hesab edirəm.
- Gənc nəsilə hansı əsərinizi
oxumalarını xüsusilə tövsiyə edərdiniz və
nə üçün?
- Əlbəttə, yazıçı istəyər
ki, bütün əsərləri oxunsun. Lakin
yaradıcılığım içərisində xüsusilə tövsiyə etmək istədiyim əsər
"İki şah, iki sultan" trilogiyasına daxil olan "Süqut",
"Bənövşəyi əncir" və
"Çaldıran yolu" romanlarıdır. Bu trilogiyada mən
Sara Xatun, Uzun Həsən, Qazi Bürhanəddin, Şah
İsmayıl Xətai kimi Azərbaycan tarixinin unudulmaz
simalarının həyat və fəaliyyətini bədii
sözün gücü, dramaturji təhkiyənin dərinliyi
ilə oxuculara çatdırmağa cəhd etmişəm. Bu əsərlərdə
milli özünüdərk, kimlik, dövlətçilik təfəkkürü,
mənəvi miras kimi bu gün üçün son dərəcə
vacib olan dəyərlər oxucu qarşısında bədii
obrazlarla canlanır. Ona görə də gənclərimizin
öz tarixini bilməsi, ona bədii-estetik yanaşma ilə dərindən
nüfuz etməsi çox vacibdir. Tarixi yalnız dərsliklərdən
yox, bədii təxəyyülün, sənətkarlığın
və milli yaddaşın işığında öyrənsinlər.
- Sizcə, həyatda uğurun sirri nədir?
- Həyatda uğurun sirri məhz zəhmət,
çalışqanlıq və məsuliyyətdir. Uğur təsadüfi
deyil, əzmkarlıqla, davamlı səylə, hər bir
işə ciddi və vicdanla yanaşmaqla əldə olunur. Hər
bir insanın məqsədinə çatmasında bu
üç əsas keyfiyyət - ardıcıl zəhmət, məqsəd
yönümlü çalışqanlıq və öz
üzərinə düşən vəzifələri məsuliyyətlə
yerinə yetirmək - uğurun təməl
daşlarıdır.
- Ömrünüzün hansı dövrü sizin
üçün daha yaddaqalandır?
- Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının
sədri olduğum və eyni zamanda millət vəkili kimi fəaliyyət
göstərdiyim illər mənim ictimai-siyasi həyatımda ən
məsuliyyətli, eyni zamanda ən yaddaqalan dövrlərdən
biri olub. Bu illər ərzində mən yalnız siyasi fəaliyyətlə
deyil, həm də seçicilərlə canlı təmasda
olmağın, onların qayğı və problemlərinə
həssaslıqla yanaşmağın nə qədər
böyük məsuliyyət və mənəvi yük
daşıdığını daha dərindən dərk
etdim. Həmin dövr mənim üçün sadəcə vəzifə
borcunun yerinə yetirilməsi deyildi - bu, dövlətə,
xalqa və Ümummilli lider Heydər Əliyev ideyalarına sədaqətimdən
irəli gələn bir xidmət mərhələsi idi. Bu
xidmət illəri mənim üçün həm təcrübə,
həm də mənəvi zənginlik məktəbi oldu. Ulu
öndərimizin haqqında danışarkən JZL
seriyasında işıq üzü görən "Heydər
Əliyev" kitabım haqqında da qeyd etmək istərdim.
Bu yaxınlarda kitab qırğız dilinə tərcümə
edilib. 2 il əvvəl isə ispan dilində nəşr olunub,
bununla da bu kitab dünyanı 50 dilinə tərcümə
edilərək dünyaya Heydər Əliyev fenomenini bədii
dillə təqdim edir. Bu, ömrümün ən fərəhli
hadisələrindən biridir.
- Yaradıcılığınıza və həyatınıza
təsir edən insanlar olubmu?
- Həyat yolumda mənə yön verən,
düşüncə dünyamın formalaşmasında
mühüm rol oynayan insanlar arasında dəyərli müəllimlərim
və sadiq, vəfalı dostlarım xüsusi yer tutur.
Onların bir çoxu bu gün artıq aramızda olmasa da,
xatirələri daim qəlbimdə yaşayır. Haqq dünyasına
qovuşmuş əziz müəllimlərim və dostlarım
- mərhum İsa Məmmədov, Telman Vəkilov, Siyavuş
Qarayev, Rafiq Məmmədov, Natiq Əliyev və Hadı Rəcəblini
tez-tez ehtiramla yad edir, ruhlarına rəhmət diləyirəm.
Onlarla keçirdiyim anlar, apardığımız dərin
söhbətlər mənim üçün unudulmazdır.
Xoşbəxtəm ki, bu gün də ömür yolumda mənə
dəyər verən, fikrini, qayğısını əsirgəməyən
əsl dostlardan biri - Eldar İbrahimov kimi səmimi insanla
görüşüb həmsöhbət olma imkanım var. Bu
dostluqlar mənim üçün yalnız keçmişin
deyil, həm də bu günün mənəvi
dayağıdır. Dünya ədəbiyyatının nəhəng
simalarından biri, dostum
Çingiz Aytmatovun da həyatıma böyük təsiri
olub. Mənim "Xəcalət" adlı əsərimə
yüksək qiymət verməsi və bu barədə bir
neçə dəfə fikirlərini bölüşməsi
mənim üçün həm mənəvi dayaq, həm də
yaradıcılıq yolumda böyük stimul mənbəyi
olub. Səmimi dostluq münasibətləri ilə
bağlandığım bu dahi yazıçının mənimlə
bağlı söylədiyi fikirlər hər zaman ilham
qaynağım kimi yaddaşıma həkk olunub. Çingiz
Aytmatov özünün məşhur "Dağlar
yıxılanda" romanının əlyazmasını şəxsən
mənə hədiyyə etmişdi və həmin nüsxənin
üzərində onun öz əli ilə yazdığı səmimi
avtoqraf yer alır. Böyük bir sənətkarın öz
imzası ilə təqdim etdiyi bu qiymətli əlyazma mənim
üçün yalnız bir hədiyyə deyil, həm də
sənətə, sözə və dostluğa verilən əvəzsiz
dəyərin rəmzidir.
- Həyatınızda keçmişə dair ən
xoş xatirənizi bizimlə bölüşə bilərsinizmi?
- 1953-cü ilin avqust ayı idi. Rəhmətlik atam
Fazil kişi məni yanına salıb şəhərin
böyük bazarlarını, dükanlarını
dolaşdırırdı. Məqsəd birinci sinfə
başlamağa hazırlaşan oğlu üçün məktəb
ləvazimatları almaq idi. Biz bazarın izdihamlı səmtində
gəzərkən atamın bir tanışı gülümsəyərək
soruşdu: "Fazil kişi, hara belə, bu uşağı bu
istidə niyə yanına salıb gəzdirirsən?" Atam
aramla cavab verdi: "Sentyabr yaxınlaşır. Hüseynbala
bu il məktəbə başlayır. Pal-paltar, çanta
alıram". O kişi istehza ilə başını yelləyib
dedi: "Əşi, gözlə görək, sənin
oğlan oxuyub nazir olacaq! Uşağı incitmə, nə məktəb
həvəsidi belə..." Bu dialoq illər keçsə də,
yadımdan çıxmadı. Uzun illər sonra, 1988-1992-ci illərdə
Azərbaycan Dövlət Yanacaq Komitəsinin sədrinin birinci
müavini, bir müddət isə Komitənin sədri - nazir vəzifəsini
icra edən şəxs kimi o ironik təbəssümü unuda
bilmədim. Atamın o günkü qərarlılığı,
uzaqgörənliyi mənə ömürlük dayaq oldu.
Atamın yadımdan çıxmayan aforizm kimi çox gözəl
kəlamları var. Həmişə bizə -
övladlarına təlqin edirdi ki, kişiyə
yatağında günəş şüası dəyməməlidir,
o erkəndən- günəşdən əvvəl oyanıb
işinə-gücünə getməlidir. Başqa bir unudulmaz
xatirə isə mərhum əziz anamla bağlıdır.
1984-cü ildə ağır xəstələnib
xəstəxanaya düşmüşdüm, ciddi əməliyyat
keçirdim. Anam əhd eləmişdi, balam sağ-salamat evə
qayıtsın, ona qurban gedərəm. Mən sağalıb evə
qayıdanda anam qurbanlıq kimi ağlaya-ağlaya başıma
fırlanmağa başladı. Əlbəttə, ətrafdakılar
onu dayandırdılar. Amma anam sanki Allahla bir əhd
imzalayıbmış kimi 3 aydan sonra dünyasını dəyişdi,
elə bil həqiqətən mənim sağ qalmağım
üçün qurban getdi. Bax, bütün analar belə
müqəddəsdir, dünyamız anasız olmasın.
- Həyat yolunuzda
qarşılaşdığınız ən böyük
daxili mübarizə nə olub və onu necə
aşmısınız?
- Dost bildiyim, etibar etdiyim bir universitet rektorunun bir
neçə il əvvəl mənə bilərəkdən
vurduğu zərbə mənim üçün gözlənilməz bir xəyanət olmuşdu. İnsan
xəyanətlə üzləşəndə sarsılır,
amma eyni zamanda əsl dostluğun, etibarın və mənəvi
gücün nə qədər vacib olduğu daha aydın
üzə çıxır. Həqiqi dostların dəstəyi
ilə o mərhələni keçdim və mənən daha
da gücləndim. İlahi ədalətin zamanla hər
şeyi yerbəyer etdiyini də görürəm...
- Yazdığınız əsərlərdə
hansı obraz sizi ən çox təmsil edir?
- 1986-cı ildə nəşr olunan və Xalq
yazıçısı Elçinin dəyərli ön
sözü ilə işıq üzü görən "Tənha
durna uçuşu" adlı ilk kitabımdakı eyniadlı
hekayənin baş qəhrəmanı Nəsib obrazı, əslində,
mənim özümün həyat və düşüncə
tərzimi simvolizə edir. Onun daxili dünyası, cəmiyyətlə
münasibətləri və yaşamla bağlı sualları
mənim gənclik illərindəki hiss və təəssüratlarımla
sıx bağlıdır.
Sözügedən hekayə yalnız ədəbi
müstəvidə deyil, eyni zamanda səhnə sənəti
baxımından da dəyər qazanıb. 2003-cü ildə bu
əsər tanınmış rejissor Ələkbər
Kazımovskinin quruluşunda film-tamaşa kimi
ekranlaşdırılıb və televiziya auditoriyasına təqdim
edilib.
- Dramaturq kimi əsərlərinizin səhnə
ömrü yaşadığını görmək sizdə
hansı hissləri oyadır?
- İnsanların tamaşanın sonunda ayağa
qalxaraq uzun sürən alqışlarla sənətə,
sözə, əməyə ehtiram göstərməsi mənim
üçün ən böyük mənəvi
mükafatdır. Həmin anlarda hiss edirəm ki,
yaşayıram,
yazdıqlarım unudulmur. O alqışların hər sədası
mənə deyir ki, o yuxusuz gecələr, əllə
yazılmış cümlələr, daxili savaşlar hədər getməyib
- bütün əziyyətlər öz bəhrəsini verib.
- Hazırda hansı əsəri mütaliə
edirsiniz?
- Nobel mükafatı laureatı Mario Varqas Lyosanın
"Dəcəl qızın sərgüzəştləri"
əsərini böyük həvəslə oxuyuram. Müəllif
bu qeyri-adi sevgi hekayəsi ilə həm insan
duyğularının mürəkkəbliyini, həm də
müxtəlif dövrlərdə cəmiyyətin necə dəyişdiyini
göstərir.
- Son dövrlərdə hansı yaradıcılıq
planları üzərində işləyirsiniz?
- Hazırda "Eşqin rəngləri" psixoloji
romanımı bitirmək üzrəyəm. Oxucuların
israrlı istəyi və marağı nəticəsində bu
əsər ardıcıl olaraq "Ədəbiyyat qəzeti"nin
səhifələrində dərc olunur. Fürsətdən
istifadə edərək qəzetin baş redaktoru, hörmətli
Azər Turana təşəkkürümü bildirirəm.
Onun bu əsərin işıq üzü görməsində
göstərdiyi diqqət və dəstək mənim üçün
olduqca dəyərlidir. Romanın süjet xətti sevginin insan
taleyində, daxili dünyasında və yaradıcı təfəkküründə
oynadığı mühüm rol üzərində qurulub. Bu
əsərdəki obrazlar sadəcə xarakterlər deyil, onlar
həm də insan ruhunun dərinliklərində gizlənmiş
hisslərin və düşüncələrin rəmzidir.
Əsər qəzetdə çap olunmağa
başladığı ilk gündən etibarən müxtəlif
oxucu təbəqələrindən - ziyalılardan, yazarlardan,
sənət adamlarından - rəğbət dolu fikirlər və
səmimi rəylər alıram. Xüsusilə yaxın
günlərdə dəyərli ziyalılarımızdan Ziyafət
Əsgərov və İslam Qəriblinin zəng edərək
romanla bağlı xoş təəssüratlarını
bölüşmələri mənim üçün
böyük mənəvi dəstək oldu. Ümid edirəm
ki, "Eşqin rəngləri" romanı ilin sonuna qədər
kitab formatında da çap olunacaq və daha geniş oxucu
kütləsinə çatacaq.
- 80 illik yubileyinizdə siz özünüzə
hansı sualı vermək istəyərdiniz? Və o suala
cavabınız necə olardı?
- "Bu yaşa gəlib çatana qədər nə
etdin, necə yaşadın?" - bu sualı tez tez öz
özümə vermişəm. Xalq şairi Bəxtiyar Vahabzadənin
bir misrası var ki, onu heç zaman unutmuram: "Bircə ondan
razıyam ki, özümdən narazıyam". Bu misra, sanki mənim
də ömür yolumun və daxili aləmimin sərrast ifadəsinə
çevrilib, həyat kredomu müəyyən edib. Bəli,
özümdən narazı olmağıma baxmayaraq, mən bu həyat
yolunu mərdlik və ləyaqətlə addımlamağa
çalışmışam. Cəsarətim və
xeyirxahlığım, doğrularım və səhvlərim,
bəzən qazandığım böyük uğurlar, bəzənsə
hisslərə qapılıb büdrədiyim,
sarsıldığım anlar, taleyin amansız zərbələri
və ya bəxtin səxavətlə üzümə gülümsədiyi dönəmlər
- bütün bunlar birlikdə mənim şəxsiyyətimi və
yaşam fəlsəfəmi formalaşdırıb. Mən
ömrümü şərəflə və
alnıaçıq yaşamağa səy göstərmişəm.
Kəmalə MİRZƏYEVA
525-ci qəzet .- 2025.- 25 iyun(№109).-S.12-13.