Qarabağ:
xronikanın poetikasında tarix və tale
Qarabağ mövzusu Azərbaycan ədəbiyyatının
ən möhkəm bünövrələrindən biridir.
Əsrlər boyu şeirimizin, poeziyamızın da mənbələrindən
biri olan Qarabağ XX əsrin sonlarından etibarən həm də
bir işğal reallığının və ədalət
axtarışının simvoluna çevrildi. Bu mövzu
müasir Azərbaycan ədəbiyyatında həm emosional, həm
də ictimai-siyasi dərinliyi ilə seçilir. Müharibə
illərinin ağır təəssüratları, məcburi
köçkünlük, itirilmiş torpaqların həsrəti
çağdaş ədəbi mətnlərin əsas motivləridir.
Bu kontekstdə şair Elçin İsgəndərzadənin
"Qarabağ xronikası" poemasını milli
yaddaşın sənədli-fəlsəfi nümunəsi kimi
dəyərləndirmək mümkündür. Onun
poeziyası zəngin obrazlar dünyası, dərin fəlsəfi
qatlar və emosional rəng çalarları ilə
seçilir. Gəncə çinarlarının dilini anlayır,
Şuşanın dumanında səsini eşidir,
Qarabağın yanğısını misralarında
daşıyır. Onun şeirlərində hər bir
daşın, torpağın, dumanın, sükutun öz
sözü var.
"Qarabağ xronikası" müəllifin vətənə,
xüsusilə də Qarabağ bölgəsinə olan dərin
sevgisinin, milli kimlik və torpaq
bağlılığının bədii ifadəsidir. Bu poema
çağdaş Azərbaycan tarixinin, xalq
yaddaşının və milli dirçəliş ruhunun
yüksək mənəvi və estetik dəyərə malik
bir xatirə salnaməsidir.
Əsər Qarabağ münaqişəsinin
yaratdığı ağrıların fonunda xalqın iradəsi,
təbiətin cazibəsi, torpağın müqəddəsliyi
və milli varlığın sarsılmazlığı kimi
motivləri özündə ehtiva edir. Şair bu poemada vətənin
hər dağını, daşını, çayını
insanın yaddaşına həkk edən canlı varlıq
kimi gözlərimiz önündə canlandırır. Qartal,
durna, dağ, dəniz, Ay və yağış kimi simvollar
milli ruhun, əzmkarlığın və əbədiyyətin
poetik rəmzinə çevrilir. Poemanın dil və üslub
baxımından təbii, axıcı və obrazlı ifadələrlə
zəngin olması, həm də xalq poetik yaddaşına
söykənməsi oxucunu bir tərəfdən
düşündürür, digər tərəfdən
duyğulandırır. "Qarabağ xronikası"nın hər
bir bəndi həm poetik tablo, həm də tarixi, mədəni
və emosional yüklə dolu mənəvi sənəddir.
Bir qartal havalandı bir qayanın başından.
Qan sızır məmləkətin torpağından,
daşından.
Bu məmləkət bizimdi, qışı, baharı
bizim.
Yağan yağışı bizim, əsən
rüzgarı bizim.
Dənizi mavi nəğmə, dağları şahanədi.
Hər gecə göy üzündə doğan Ay əfsanədi.
İlk misrası güclü vizual və simvolik obrazla
başlayır. Qartal Türk dünyasında, xüsusilə də
Azərbaycan poeziyasında mənəvi iradənin,
azadlığın, qüdrətin və xalqın mübarizə
ruhunun simvoludur. Qartalın "bir qayanın
başından" havalanması həm də xalqın yenidən
dirçəlişinə, azadlıq yolundakı
ucalışına işarədir. Dağ zirvəsi bu yüksəlişi
daha da əzəmətli edir. İkinci misrada vətənin
fiziki məkanı şeirdə metaforik bir canlı varlıq
kimi təqdim olunur. Bu torpaq şəhid qanı ilə
suvarılmış müqəddəs məkandır. "Qan
sızır" ifadəsi həm döyüşlərdə
itkilərə, həm də bu torpağın keçdiyi faciəvi
tarixə işarə edir. Səmimi və acı dolu bu misra
poemaya həm kədərli, həm də qürurlu bir ahəng
qatır. Bu misrada ifadə edilən duyğu dərin bir sevgi və
bağlılıq, həm də kimsəyə güzəşt
edilməyəcək bir haqqın bəyanıdır. Ay
ümumtürk və şərq poeziyasında daim ilahi bir
simvol olub. "Əfsanədi" deməklə müəllif
onu həm romantikləşdirir, həm də zamanlar boyu davam
edən mifik güc kimi təqdim edir. Ay həm də
davamlılığı, hər gecə yenidən
doğmağı ilə ümidin, sabitliyin rəmzidir.
Keçib gəldiyi ömür yoluna baxanda
qarışır adamın huşu -
budur Cıdır düzündən bir at ilxısı
keçir,
atların nalları gümüşdən.
Adam dönüb on yaşında bir cocuq olur,
gözləri günəşlə, umudla dolur.
Şair poetik təxəyyül və dərin nostalji
ilə zaman anlayışını və Qarabağın ruhunu
vəhdətdə təqdim edir. Cıdır düzü milli
yaddaşın, keçmişin və sarsılmaz kimliyin rəmzidir.
"Keçib gəldiyi ömür yoluna baxanda
qarışır adamın huşu" misrası ilə
insanın yaddaşında baş verən zaman keçidi,
daxili qarışıqlıq və keçmişlə
bugün arasında qurulan emosional körpü ifadə olunur.
Bu retrospektiv baxış bir insanın deyil, bütöv bir
xalqın tarixlə olan münasibətidir.
"At ilxısı keçir, atların nalları
gümüşdən" təsviri həm qəhrəmanlıq
simvoludur, həm də Cıdır düzündəki tarixi və
mifik anlamı canlandırır. "Adam qartalın
uçuşunu izləyir və bir türlü baş
açmır bu gərdişdən" yazarkən şair həyatın
axarı, zamanın dönməzliyi və insanın ona
qarşı acizliyini qarşılaşdırır.
Onun da bir atı var bu atların içində.
At arzudu, muraddı arzusunun, muradının,
ümidinin peşində yüyürür,
yüyürür uşaq,
ümid çox yaxındı bu anda,
bu anda ölüm ondan çox uzaq...
Qartal uçur, uçur, uçur, adam dayanıb
yolayrıcında
qartalın uçuşuna baxır...
Poetik təsvirlərlə zəngin olan bu parça dərin
simvolik mənalarla yüklənmişdir. Şair burada
uşağın əslində, xalqın arzularını,
ümidi və gələcək inamını bir ata və
qartala bağlayaraq həm realist, həm də metaforik bir tablo
yaradır. "Onun da bir atı var bu atların içində"
misrası Qarabağda atların çoxluğu və
onların hər birinin bir insanın, xüsusilə də
uşağın ruhuna bağlandığını göstərir.
At idealın, çatmaq istənilən yüksək mənəvi
məqsədin rəmzinə çevrilir. Arzu, murad və
ümid üçlüyü bir uşaq obrazında cəmləşərək
saf niyyətin, təmiz düşüncənin simvoluna
çevrilir. Bu bənd bütövlükdə
uşağın timsalında dirçələn vətəni,
təzələnən umudu, unudulmayan arzunu və qorxmayan gələcəyi
poetik şəkildə təqdim edir.
Lenin ordenli Məcid müəllimin oğlunu
öldürdülər,
əsir düşdü qızı, gəlini, erməniyə
qaldı evi,
eşiyi həyəti-bacası, iti-pişiyi...
Kişinin yanan ocağı söndü,
Məcid müəllim dəliyə döndü.
İndi dünyadan əlini üzmüş zavallı
bir insandı,
gözləri qan çanağıdı, beyni
dumandı,
Bu hissə "Qarabağ xronikası"
poemasının simvolik ifadələrlə zəngin səhnələrindən
biridir. Müəllif burada yalnız bir fərdin faciəsini
deyil, bütöv bir xalqın yaşadığı dəhşəti,
travmanı, itkiləri və iztirabları ümumiləşdirir.
Məcid müəllimin timsalında biz millətin bir
parçasının, sadə, əməksevər insanın
başına gətirilənləri görürük.
"Lenin ordenli Məcid müəllimin oğlunu
öldürdülər, əsir düşdü qızı,
gəlini, erməniyə qaldı evi, eşiyi, həyəti-bacası,
iti-pişiyi..." misraları sadəcə bir ailənin
başına gələn faciəni təsvir etmir, eyni zamanda
1988-ci ildən sonra baş verən erməni
işğalının və Qarabağ müharibəsinin
törətdiyi dağıntıların dramatik tablosudur.
Müəllif simvolik olaraq "Lenin ordenli" ifadəsini
işlədərək bir paradoks yaradır: sovet hökumətinə
sadiq olan, mükafatlandırılmış bir vətəndaşın
bu dövlətin dağılmasından sonra taleyin mərhəmətsizliyinə
buraxılması, yəni keçmişin bütün dəyərlərinin
birdən-birə mənasızlaşması da diqqət
çəkir. Burada tarixi ironiyaya da işarə var. Bir vaxtlar
fəxr edilən sovet vətəndaşının sonda
"erməniyə qalan" evi, torpağı və ailəsi...
"İndi dünyadan əlini üzmüş
zavallı bir insandı, gözləri qan
çanağıdı, beyni dumandı" deyərkən isə
müəllif artıq insanın fiziki varlıqdan
çıxaraq mənəvi ölüyə çevrildiyini təsvir
edir. Bu parçanın poetik gücü həm də onun sadəliyində
və xalq dilinə yaxınlığındadır. Şair
süni bəzəklərdən uzaq, xalqın dili ilə zəngin
bir şəkildə təsvirini verir. Bu təsvirdə hər
bir azərbaycanlı öz doğmalarını, kəndini,
torpağını, itirdiklərini görə bilər. Bu
parça həm fərdi, həm də milli bir faciənin bədii-publisistik
təsviridir.
Bakı küçələri Lenin ordenli
Məcid müəllimin ruhuna dardı,
Bakı küçələri açıq
bazardı...
Möcüzədi, bu günəcən bu dərdlə
necə yaşayıb kişi,
necə olub mərmi kimi partlamayıb ürəyi.
Qarabağ torpağı dadır hər səhər
bir tikə yavan çörəyi
boğazında əridilmiş qurğuşuna
dönür
bissimillah deyib içdiyi su.
Və hər gecə bir işgəncə, - hər gecə
qarışır yuxusu...
Əsərdə "Qarabağ torpağı" ifadəsi
çoxqatlı mənaya malikdir. Bir tərəfdən, bu
torpaq Məcid müəllimin ağrısının mənbəyidir.
Digər tərəfdən, onun gündəlik həyatına
daxil olan, hətta boğazından keçən çörəyə
və suya hopan bir iztirabdır. Artıq gündüzlərin
ağırlığı gecələrə də keçir.
Yuxu, insanın rahatlıq tapmalı olduğu yer, bir işgəncəyə
çevrilir.
Qarabağlı Məcid müəllim öz kölgəsinə
sığınıb
yaşayır Bakı küçələrində.
...
Ay doğur sevdalanır Bakı gecələrində...
Hər gecə yuxusunda Şuşaya gedib gəlir bizim
Nabat qarı.
Hər gecə yuxusuna girir qürbətə
köçən durna qatarı.
"Şuşanın dağları başı
dumanlı"...
Məhşur xalq mahnısından sitat gətirilən
"Şuşanın dağları başı
dumanlı" misrası həm xatirənin, həm də
kollektiv hisslərin təcəssümüdür. Bu sətir
oxucunun yaddaşında ani olaraq mahnını
canlandırır, musiqili təəssürat yaradır və
Şuşa həsrətini zirvəyə çıxarır.
Dağların başının dumanlı olması isə həm
təbii bir təsvir, həm də metaforik olaraq taleyin
qeyri-müəyyənliyinin, həsrətin bitmədiyinin,
yolların hələ də bağlı olduğunun göstəricisidir.
İndi bizim Qarabağda nə sülhdü, nə də
savaş.
ATƏT-matət bilmirəm, məni Şuşaya apar
qardaş ...
Kişinin qəbri çatlayır orda,
mənim də bir ayağım burdadı, bir
ayağım gorda...
Sən Şuşaya gedə bilərsənmi, məni
Şuşada dəfn edə bilərsənmi?
Burada insanın vətən həsrəti, ölümə
yaxınlaşarkən duyduğu son arzu, ümidsizliyin fəryadı,
eyni zamanda içdən gələn bir yalvarışla birləşir.
Sözlər daha sərtləşir, sadələşir və
bu sadəlikdə böyük bir qırılma, daxili fəryad
yaranır, xalq dili ilə poetik dil iç-içə
keçir. İnsan sadəcə istəyini deyir: "Məni
Şuşaya apar". Bu arzu insanın öz torpağına,
ruhunun mənbəyinə qayıdış diləyidir.
..."Qarabağ xronikası" poemasının mənəvi
dirçəliş ruhunu, milli özünüdərk
gücünü və sarsılmaz inamını ifadə edən
bölmələrdən biridir. Əvvəlki hissələrdə
ağrı, iztirab, həsrət aparıcı idisə, burada
artıq həmin ağrının içində
sıxılmış inam, ruh və müqavimət ruhu ön
plana keçir. Misralarda həm dini, həm vətənpərvər
konnotasiyalar, həm də poetik simvollarla dərin məna
qatları yaradılır.
Elçin İsgəndərzadənin "Qarabağ
xronikası" poemasında zamanın, yaddaşın və
haqqın poetik qovşağı yaradılır. Bu əsər
Qarabağ mövzusuna sentimental və ya romantik yanaşmadan fərqli
olaraq onu həm tarixi, həm ictimai, həm də fəlsəfi
planda dəyərləndirir. "Qarabağ xronikası" həm
də xalqın yaşadığı dövrün poetik
protokolunun təqdimidir. Poema oxucunu hadisələrin içində
yaşamağa, o ağrını hiss etməyə və qələbənin
nə qədər müqəddəs olduğuna inanmağa vadar
edir. Ədəbiyyat tariximizin Qarabağ salnaməsinə
yazılmış bu əsər, gələcək nəsillər
üçün həm xatirə, həm də vətən dərsi
kimi qiymətli töhfədir.
İlahə SƏFƏRZADƏ
525-ci qəzet .- 2025.- 26 iyun(№110).- S.20.