Zeus məbədi, yoxsa Yuşa təpəsi?
Sivilizasiyaların ortaq məbədi
Şərqlə Qərbin eyni qazanda
qaynadığı nöqtə olan İstanbul həm də
mistik mirası ilə cazibə mərkəzinə çevrilən
xüsusi şəhərlərdən biridir. Kilsələri,
məscidləri, sinaqoqları, türbələri,
tapınaqları, ayazmaları, hətta dilək
ağacları bu cazibənin mərkəzidir. Bu yerlərdə
istəklərin həyata keçməyi şərt deyil, gələcək
qayğısını, yükünü, şübhələrini
xəfiflədəcək ümid yeri olmağı da yetərlidir.
İnsanlar həmişə iynə ucu boyda da olsa ümidə
möhtacdılar. Yaşar Kamal demiş, "umutsuz olanın
atı koşmaz". Yeri gələndə, bizlər
ümidsizlikdən ümid yaradan varlıqlarıq. Yoxsa, həyatın
natarazlığında tarazlanmağımız
mümkünsüzləşər. Fərqli mədəniyyət
və dindən hər gün yüzlərlə ziyarətçi
axınına məruz qalan həmin mistik məkanlarda dilənən
diləklər demək olar ki, eyni sıra ilə gəlir:
sevgi, iş, şəfa, uşaq, ev. Hətta keçmiş
saylarımızdan birində "Ayın Biri" adlı kilsədən
bəhs etmişdik. Orada üzərində ev, uşaq, bəy-gəlin,
şəfa simvolu daşıyan dəmir parçalarından
yazmışdıq. İnsanların həmin parçaları
almaq üçün bir-birini necə itələdiyini
görsəniz, heyrət içində qalarsınız. Hər
dəfə "artıq məni nəsə
çaşdıra bilməz" deyib, yola çıxıram
və öncəkindən daha böyük bir təəccüblə
qarşılaşıram.
Əfsanələr, rəvayətlər
Bu səfərki ünvanım Beykozun Çamlıca təpəsində
yerləşən Yuşa məzarıdır. El dilində
bura Yuşa təpəsi deyilir. Öncəliklə qeyd edim ki,
təpə İstanbulun balta girməmiş, beton tökülməmiş,
traktor şumlamamış, kran yeriməmiş ərazisində,
nəhəng ağaclarla əhatələnmiş,
yaşıllığın içində yerləşir. Hələ
budaqlardan sallanan meyvələrdən danışmıram.
Ətrafda gül gülü, bülbül bülbülü
çağırır. Bir az irəli gedirsən, dənizin
qarşısında xalı kimi sərildiyini görüb
ovsunlanırsan. Öz-özünə düşünürsən
ki, bəlkə tilsimli hesab edilən bu yerin bütün sirri
elə bu zəngin təbiətdə gizlidir. Amma sən belə
fikirləşirsən, başqaları "müqəddəsdir,
vəssalam" deyir. Niyə, nə üçün, nə səbəbə
olduğunu sorğulayana rast gəlməmişəm. Təpə
ilə bağlı müxtəlif əfsanələr var. Həmin
əfsanələrdən biri Antik Çağda küləklərin
və göylərin tanrısı sayılan Zeus ilə
bağlıdır. Deyilənə görə, gəmiçilər
bu tapınağa onlara uyğun sürətdə külək
diləmək üçün gəlirmişlər. Başqa
bir Paqan əfsanəsinə görə, dənizlərin
tanrısı Poseydun və su pərisi Melinin nəhəng
oğulları Amikos, Boğazın iki yaxasının birləşdiyi
ərazidə yaşayan Bebriklərin kralı imiş. Ancaq bir
gün Boğaz, bebriklər və gəmilərlə səfərdən
dönən arqonatların savaşına səhnə olur, kral
ölür. Yuşa təpəsindəki məzarın həmin
nəhəng boya sahib Amikosa aid olduğu deyilir. Bambaşqa bir əfsanəyə
görə isə, bundan üç min il əvvəl nəhənglərin
yaşadığı və Div dağı olaraq tanınan bu
təpədə Həzrəti Yuşa düşmənlərlə
başladığı savaşda şəhid olur və burada
basdırılır.
Musa Peyğəmbərin əmanəti
Bəlkə də, Yuşa həm müsəlmanların,
həm yəhudilərin, həm də xristianların tək-tük
ortaq dəyərlərindən biridir. Hər üç din
onu peyğəmbər kimi qəbul edir. Müsəlmanlar,
Quran-i Kərimdəki Kəhf surəsinin 60-65-ci ayələrini
əsas tutaraq, iki təpənin birləşdiyi nöqtədə
Musa peyğəmbərin görüşdüyü adamın
Xızır Peyğəmbər olduğunu, yanlarındakı
gəncin isə Yuşa Peyğəmbər olduğuna
inanırlar. Müsəvilərə isə Musa peyğəmbərin
bacısı oğlu olduğunu deyirlər və
Yuşanın Musanın ardından
İsrailoğullarının peyğəmbəri kimi vəzifələndirildiyini
iddia edirlər. Yəhudilərin dili ilə desək, onlara
görə əsl adı Yeşudur.
Yəhya Əfəndinin yuxusu
Ötən saylarımızda Sultan Süleymanın
süd qardaşı olan Yahya əfəndinin Yuşanın məzarını
tapdığını və növbəti saylarımızda
bundan bəhs edəcəyimizi yazmışdıq. Belə ki,
Yəhya Əfəndi üç gün hər gecə
yuxusunda Həzrəti Yuşanı görür:
"Beykozdayam, gəl, mən Yuşa peyğəmbərəm
və bu təpədə yatıram. Gəl, yerimi tap və məni
ziyarət et" deyirdi.
Ertəsi gecə eyni yuxunu yenə görür.
Maraqlanır və məlum olur ki, İsrailoğullarından
olan Yuşa Musa Peyğəmbərin bacısı oğlu və
sağ əlidir, özü də Fələstində
ölüb. Eyni yuxunu üçüncü dəfə
görəndə dərvişlərlə birlikdə yuxuda
gördüyü təpəyə yollanır. Ərazidə
çobanın qoyunları otardığını
görürlər. Ona buralarda qəribəlik
görüb-görmədiyini soruşurlar. Çoban ərazidə
on il qoyun otardığını deyir və bir parça yer
var ki, oraya qoyunların ayaq basmadıqlarını əlavə
edir. Beləliklə, o gün Həzrəti Yuşanın qəbri
Yəhya Əfəndi tərəfindən kəşf edilir. Bu
vəziyyəti Sultan Süleymana nəql edir. O da həmin təpədə
Həzrəti Yuşa Türbəsi və məscidi inşa
etdirir. Məzarın uzunluğunun 17 metr olmağının səbəbi
isə qoyunların ayaq basmadığı yer olduğuna
görədir. Bəziləri isə korkoranə şəkildə
gəlib dua edirlər, elə bilirlər ki, Yuşanın boyu
17 metr olub.
Yuşa Təpəsi Osmanlı dönəmindən izdihamlı
yerdir. Hətta kütləvi şəkildə ziyarətləri
müqəddəs hesab etdikləri cümə gününə
salırmışlar. Beykoz sahilləri həmin günlər
bazar qayıqları ilə dolurmuş. Gələn camaat
qayıqdan enib öküz arabalarına minərək təpəyə
doğru axın edirmişlər. Çünki həmin vaxtlar
əraziyə çıxan düz yol yox imiş. Getdikcə
insanların ardı-arası kəsilməyəcək vəziyyətə
çatır, belə ki, az qalırlar bir-birini tapdayıb
üstlərindən keçsinlər. Axırda, Padşah III
Səlim izdihamdan qaynaqlanan naxoş hadisələri aradan
qaldırmaq üçün burada mövlud oxudulmasını
qəti qadağan edir.
Nə umurdum, nə buldum
Mən təpəyə bazar günlərindən
birində getdim. Gördüyüm mənzərə
qarşısında donub qaldım. Əvvəlcə minlərlə
insanın türbə ziyarəti üçün gəldiyinə
inanmaq istəmədim. Daha doğrusu, bu qədər
olacağını gözləmirdim. Təpədən ana yola
hardasa 600-700 metr məsafə var. İlk anda özümü
maşın bazarında hiss ettim. Çünki ərazidə
yüzlərlə maşın vardı. O dərəcədə
ki, maşından düşüb həmin məsafəni
piyada getmək məcburiyyətində qaldım. Bir az da irəliləyəndə
baxdım ki, səyyar satıcılar ərazidə bazar
açıblar. Sözün həqiqi mənasında bazardan bəhs
edirəm. İlahi, bir çiyələklər satırlar,
qoxusu uzaqdan vurur adamı. Açığı, uzun müddətdir
həqiqi çiyələk qoxusu hiss etməmişdim. Geni
modifikasiya olunmuş məhsullar hər yanı elə
bürüyüb, həqiqi dadlara, ləzzətlərə
möhtac qalmışıq. Yeni dünyanın ən
böyük zəhəri elə budur də. Nəysə, gələk
bazara; burada uzunluğu yarım metr olan çörəklər
bişirib satırlar. Açığı, belə
çörək ilk dəfə görürdüm. Amma bunu
müştərinin istəyinə uyğun ölçüdə
kəsib satırlar. Istəyən bütöv də ala bilər.
Turşular, növbənöv alçalar, əriklər,
gavalılar, pendir çeşidləri, qatıqlar var, bir
sözlə, özünü Gədəbəyin Saratovka
bazarında hiss edirsən. Aksesuar yerləri olduğunu deməyimə
də yəqin ki, gərək yoxdur. Bilirsiniz, belə yerlərin
vazkeçilməzi aksesuar piştaxtalarıdır. Hər
aksesuarın üstünə bir dini simvol taxır, birin də
üstünə beşini qoyub satırlar. Ən çox tələb
görən halva, lokum və konfetlərdir. Diləyi gerçəkləşənlər
bu məhsullardan alıb türbənin bağında gələnə-gedənə
paylayırlar. İnsanlar burada mümkünsüzün
mümkün olduğunu deyirlər. Divarlardakı yazılardan
da belə başa düşürük ki, Yuşa İordan
çayını ayaqları islanmadan keçib,
baxışları ilə Eriha divarlarını yıxıb.
İndi gələk əsas məsələyə:
doğrudur, Həzrəti Yuşanın bu təpədə
yatdığına inanılır, açığı, buna
dair dəqiq məlumat yoxdur. Ancaq gəl, bu faktı ziyarətçilərdən
birinə söylə, gör, ordan salamat çıxırsan,
ya yox. Əlbəttə, hər insanın öz həqiqəti
var. Biri gedib bir quş lələyi tapıb gətirib ona
sitayiş edə bilər, bizə onun inancına sayğı
duymaq düşər. Amma məsələ budur ki, türbəni
ziyarət edənlər diləklərinin gerçək
olduğuna və olacağına birmənalı şəkildə
güvənir, inanır, hətta yaşayırlar.
Min illər əvvəlin sirri
Ancaq başqa bir həqiqət də var; təpə,
bundan min illər əvvəl də şəhərdə
yaşayanlar tərəfindən müqəddəs qəbul
edilirmiş. Tarixin bir çox səhifəsində, buranın
Zeus məbədi olduğu yazılır. Çünki
Yuşadan əvvəl fərqli sivilizasiyalardan olan insanlar əraziyə
öz inanclarına uyğun məbəd və tapınaqlar inşa
ediblər. Antik Yunanlar təpəni Zeus tapınağı
olaraq istifadə ediblər. Bizans dönəmində isə bu
məbəd Haqios Mikayıl adlı kilsəyə
çevrilir. Günümüzdə isə eyni yerdə Həzrəti
Yuşa Məscidi var. Bundan əvvəlki məbədlərin
1509-cu ildə böyük İstanbul zəlzələsində
dağılıb. Bəhsi keçən məscid bu təpəyə 1755-ci ildə Sadrazam Çələbizadə
Mehmet Paşa tərəfindən inşa etdirilib. Sonra yanan
ibadətgah, Sultan Abduləziz zamanında yenidən yenilənir.
Təbii ki, orijinal görüntüsü qorunmaq şərti
ilə...
Plasebo effekti, yoxsa?..
Açığı, araşdıranda da təpənin xüsusi gücü, tilsimi,
mistikası olduğunu görürsən. Ancaq bu Antik
Yunanlardan, Bizanslılardan, yoxsa Osmanlılardandırmı, onu
deyə bilmirəm. Amma məntiq Zeusdan yanadır.
Çünki Osmanlıların İstanbulu aldıqdan sonra
xeyli kilsəni məscidə çevirdikləri bariz həqiqətdir.
Məsələn, ziyarətə gələnlər
arasında yaşlı bir qadın vardı, illər əvvəl
övladı olmadığı
üçün bura gəlib, dilək dilədiyini və
diləyinin gerçəkləşdiyini deyir. İndi də əlində
çəliyi nəticəsinin uşağı
olmadığı üçün onu bura gətirib. Məndən
olsa, plasebo effekti yaşadıqlarını deyərəm. Amma
reallığı da gözardı edib, minlərlə insana
cahil damğası vurmağı da etik hesab etmirəm. Kim nəyə
inanır, nəylə ümidlənir, nəyə sitayiş
edir, nə ilə hüzur tapırsa, bizim borcumuz ona
sayğı duymaq, ehtiram göstərməkdir.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 26 iyun(№110).-S.19.