Zümrüd Qasımova:
“Özümü Vaqif İbrahimoğlunun əsəri kimi
görürəm”
Müsahibimiz
Azərbaycan teatr və kino sənətində özünəməxsus
yeri olan tanınmış aktrisa, aparıcı Zümrüd
Qasımovadır. Onunla sənətə baxışından,
yaşadığı ziddiyyətlərdən,
yaradıcılıq və həyat arasında qurduğu
körpülərdən danışdıq. Fikrimizcə, səmimi,
açıq və bir o qədər də
düşündürücü bir söhbət
alındı:
-
Zümrüd xanım, söhbətimizə
yaradıcılığınızdakı son yeniliklərdən
başlayaq. İşləriniz necə gedir?
-
Hazırda YUĞ Teatrında repertuardakı bir çox
tamaşada rollarım var. Mövsümün sonuna isə hələ
var. Ona görə də bu ay 7-8 tamaşaya oynayacam. Son işlədiyim
tamaşa Mikayıl Mikayılovun “21:15 qatarı”
tamaşası idi. Yeni mövsümdə isə yeni
tamaşalar gözlənilir, inşallah. Ondan başqa, Səidə
Haqverdiyevanın “Oyun” İnkluziv Teatrında da tamaşalarda
oynayıram.
- Bəs
kino sahəsində vəziyyət necədir? Bilirik ki, son
zamanlarda bir neçə filmdə rol aldınız.
-
Çox sağ olsunlar, filmə, seriallara dəvət edirlər.
-
Amma seriallarda sizi görmürük.
-
Özüm getmirəm. Çünki əziyyəti çox,
məvacibi azdır. Özümü orada xərcləmək
istəmirəm. Həm də seçici yanaşıram.
Çəkildiyim bir neçə serial var. Hətta Azərbaycanda
çəkilən ilk seriallardan birində - “Qızlar”
serialında rol almışdım. Sonralar da bir çox təkliflər
oldu, amma ya zamanını gözlədim ki, daha
yaxşıları olar, çəkilərəm, ya da
özümü orada görmədim. Biz elə bir dövrə
düşdük ki, 2000-ci illərin əvvəllərində
bu sektor yaranmağa yeni-yeni başlayırdı. Mən də
düşünürdüm ki, daha da inkişaf edəcək,
kinolar, seriallar çəkiləcək.
Amma
olmadı. Görürük ki, son illər filmlər daha
çox çəkilir. Mən də bəzilərinə
çəkilmişəm, əlbəttə. Çox istərdim
ki, bu sahə daha da inkişaf etsin və biz də keyfiyyətli
işlərdə çəkilək.
- Biz
sizi ciddi kriteriyaları olan aktrisa kimi tanıyırıq. Sizin
üçün nə olar, nə olmaz, nə olmasa olmaz?
-
Dünən bir yerdə oxudum ki, bir Hollivud aktrisası var,
onunla işləmək istəmirlər. Səbəb isə
odur ki, özü çəkiliş meydançasına gəlməmiş
10 vərəq istəkləri gəlir (gülür).
Öz-özümə dedim ki, gör bunlar aktrisaya nə qədər
qonorar verirlər ki, onun bu kaprizlərinə də
dözürlər. Adətən, “Yuğ” Teatrının
aktyorları haqda deyirlər ki, onlar kaprizlidirlər, hər
şeyi bəyənmirlər və sair. Yox, elə deyil. Sadəcə
ən sadə şeylər var ki, onlar gözlənilməlidir.
Aktyor kinonun, serialın simasıdır. Təbii ki, ona
qayğı, sevgi olmalıdır. Çəkiliş
meydançasında yeməkdən tutmuş, oturduğun yerə
qədər hər şey sənə olan münasibətdir. Mən
özümə qarşı hörmətsizlik görəndə
üzümü çevirib gedirəm. Bu, kapriz deyil. Sadəcə
hər kəs öz yerini bilməlidir. Mənim şansım
onda da gətirib ki, teatrdan əlavə televiziya sahəsində
də çalışdığıma görə, mənə
ehtiyac olmadı filmlərdə, seriallarda özümü təsdiq
edim. Çünki publika artıq məni tanıyırdı.
-
Rejissorlarla münasibətiniz necədir?
- Mənim
heç kimlə problemim yoxdur, amma xarakterimi göstərən
insanam. Bir dəfə bir serialdan təklif almışdım və
ilk oxunuşuna getmişdim. Orada başqa teatrların da
aktyorları var idi. Orada bir məsələ oldu və
gördüm ki, rejissor mənlə digər teatrların aktyorları
arasında qarşıdurma yaratmaq istəyir. Onda başa
düşdüm ki, mən bu rejissorla işləyə bilmərəm.
Əgər o, oxunuş prosesində bu şəraiti
yaradırsa, serial çəkiləndə nələr
olardı. Ona görə də vaxtım
olmadığını bəhanə edib serialdan
çıxdım, səbəbini heç izah da eləmədim
və bir daha həmin rejissorun işinə getmədim. Ümumən
isə heç kimlə konfliktim olmayıb. Lazımi məsafəni
saxlamışam və işimə də ciddi
yanaşmışam. Çünki işimi sevirəm və
hörmətlə yanaşıram.
-
Vaqif İbrahimoğlu məktəbi bu gün sizin həyatınızda,
yaradıcılığınızda özünü necə
göstərir?
-
Müəllimin yoxluğundan 13 ilə yaxın vaxt keçib.
Onun üçün o qədər darıxıram ki... Həyatımızda
böyük bir mənəvi boşluq var, çünki biz
onun yanında hər gün qidalanırdıq, yeni nəsə
öyrənirdik. Məşqlərimiz o qədər maraqlı
keçirdi ki. Zaman-zaman onun üçün darıxanda
köhnə lentlərə baxıram. Mənim çox
böyük arxivim var. Nə zamansa, məndən sonra yəqin
ki, lazım olacaq. Vaqif müəllimin boşluğunu hər
gün hiss edirəm. Sənət dostum, mənəvi atam, tərəf
müqabilim, sevimli rejissorum yoxdur. Bütün bunların
hamısı bir insanda idi. Onsuz çox çətindir. O,
çox dərin insan, böyük sənətkar idi. Müəllim
bizə hər zaman deyirdi ki, teatrda öyrənin, filmdə,
serialda, efirdə xərcləyin. Vaqif müəllim bu gün
də mənəvi cəhətdən bizim
yanımızdadır. Çünki onun yaratdığı
Yuğ Teatrı yaşayır, fəaliyyət göstərir.
Biz hər məşqdən, tamaşadan sonra müzakirələrimiz
zamanı onu xatırlayırıq, onun tövsiyələrini,
sözlərini yada salırıq. Onun yerini heç kim verməyəcək.
Onunla bağlı xatirələrim, yazılarım
çoxdur. İlk dəfə onun yanına gəldiyim gündən
gündəlik tutmuşam, bu günə qədər də
onunla bağlı gündəlik yazıram. Bir ara istədim
kitab edim, nəsə alınmadı. Hətta onun kursuna gəldiyimiz
ilk il Vaqif müəllim məni xoşlamırdı.
Çünki nə deyirdisə, deyirdim “olar mən sonra edim?”
Deyirdi ki, səni kursdan çıxaracağam. İlin sonunda
isə bir tamaşa təhvil verdik və mən orada
özümü təsdiq elədim. Onda Vaqif müəllim dedi
ki, sən artıq mənimləsən. Maraqlıdır ki,
qrupdakı 13 nəfərdən bircə mən qaldım
Yuğ Teatrında. Bu gün kimsə mənim oyunumu müzakirə
edəndə, ya da bəyənməyəndə deyirəm ki,
mənim ifamı Vaqif İbrahimoğlu bəyənib. Mənimçün
ən böyük qiymət ustadımın verdiyi qiymətdir.
O, istedadsız insanları sevmirdi, istedadlı insanları isə
hiss edirdi və dəyər verirdi. Ondan başqasının məni
bəyənib-bəyənməməyi mənə maraqlı
deyil. Mən özümü Vaqif İbrahimoğlunun əsəri
kimi görürəm. O, Azərbaycan teatrında və bizim həyatımızda
silinməz iz qoymuş insandır.
-
YUĞ Teatrının hər zaman öz auditoriyası olub. Bu
gün vəziyyət necədir? Tamaşaçı problemi
yaşayırsınızmı?
-
Vaqif müəllimin vaxtında da bizim öz
tamaşaçı auditoriyamız vardı. Bu gün isə
teatr “i-ticket”lə işləyir. Sevinirəm ki, biletlərimiz
satılır və bu gün biz
tanımadığımız tamaşaçılar
üçün oynayırıq. Onsuz da bizi bilən
tamaşaçı stilimizə bələddir. Amma bilməyən
tamaşaçı gəlib 2-ci, 3-cü dəfə
tamaşalarımıza bilet alırsa, artıq deməli, bu,
onun teatrı olub. Son zamanlar bu belədir. Artıq biz
“tamaşamıza kimi dəvət edək?” sualını
vermirik. Səhnəyə çıxırıq və
görürük ki, artıq tamaşaçı gəlib, zal
dolub. Bunun özü artıq qələbədir. Əlbəttə
ki, maddi bazamız, ən birincisi isə binamız olsa, biz daha
böyük işlər görəcək, hətta
dünyanı fəth edəcək teatrıq. Bizim buna
gücü çatacaq yaradıcı truppamız da,
rejissorlarımız da var. Çox sağ olsun, Kukla Teatrı
və Rəşad Əhmədzadə ki, 10 ildir bizə öz
binalarında yer veriblər. Lakin bizim səhnələşdirmək
istədiyimiz tamaşalar var ki, dar məkanda mümkün
olmur. Əşyalarımızı hara qoyaq? Bu sıxlıqda,
darlıqda biz nəsə ediriksə, bu, böyük
uğurdur. Teatrın binası olmalıdır. İllərdir
bizə bunu söz verirlər, ancaq hələ ki, bu problem
öz həllini tapmayıb. Yenə də mən inanıram
ki, ən qısa zamanda bizim də binamız olacaq.
- Bu
həyatda ən çox inandığınız qüvvə
nədir?
-
Allah... Hər şey Allahın əlindədir və
içimizdəki gücümüzdür. O gücü də
mənə Allah verir. Allah istəməsə, mən heç
nə edə bilmərəm. Aldığım hər nəfəs,
əldə etdiyim hər şey də Allahın mənə
bir lütfüdür. Hətta ikinci dəfə həyata
qayıdanda düşündüm ki, deməli, mənim bir
missiyam var və o missiya tamamlanmayıb ki, Allah mənə bu
ömrü ikinci dəfə verdi. Nədir mənim missiyam? Onu
həyat göstərəcək. Mən gözəl bir
işlə məşğulam, yaradıram. Yaradıb pul da
qazana bilirəmsə, nə xoş. Amma heç kimə sirr
deyil ki, çox təəssüf, Azərbaycanda
aktyorların, aktrisaların həyatı,
yaşayışı xeyli çətindir.
-
Rejissor Səidə Haqverdiyevanın “40-dan sonra” filmində
canlandırdığınız baş rol - o aktrisa siz
özünüzsünüz, ya həmkarlarınız?
-
“40-dan sonra” filmi bütün azərbaycanlı aktrisaların
gerçəyidir. Hamının maddi problemi, krediti,
sıxıntıları var. Mənə elə gəlir ki, o
filmə baxan bütün həmkarlarımız orada
özündən nəsə görəcəklər. Bəlkə
digər ölkələrdə də var bu problemlər, amma
bizdə daha çoxdur.
-
Ağır bir dönəmdən sonra yenidən həyata
qayıdarkən aldığınız ən böyük dərs
nə oldu?
-
Düşündüm ki, həyatda sənin özündən
dəyərli heç kim və heç nə yoxdur. Bu həyata
bir də gəlməyəcəksən. Ona görə də
həyatını heç kim və heç nə
üçün qurban verməməlisən. Qalan
ömrünü səni xoşbəxt edən işdə, səni
xoşbəxt edən insanların ətrafında olmalısan.
Məqsədlərinə çatmaq üçün yaşamalısan,
amma anlamalısan ki, həyatda hər şey müvəqqətidir.
Bacardıqca yaxşılıq etmək lazımdır. Bundan
sonra nə qədər ömür yaşayacam, bilmirəm,
amma istəyirəm ki, məni yaxşı insan kimi
xatırlasınlar. Həyatda buna çalışmaq
lazımdır. Heç nəyi faciələşdirmək
lazım deyil. Sən yaşayırsansa, ayaq üstdəsənsə,
deməli, ən zəngin və ən xoşbəxt insansan.
-
Tanınmış xanımlar, xüsusən də aktrisalar
üçün ailə qurmaq müşkül məsələlərdən
biridir. Sizcə, qadın üçün ailə qurmaq
çox vacibdir?
- Mən
düşünürəm ki, insan bu həyata tək gəlib,
tək də gedəcək. Nədənsə, bu yaşam ərzində
bəziləri düşünür ki, mütləq ailə
qurmalısan, ana, ata, nənə, baba olmalısan. Məncə
isə, bu, insanın öz seçimidir. Aktrisalar
üçün ailə qurmaq çox çətindir. Həmişə
belə olub. Bu gün hətta müğənni xanımlar
daha rahat ailə qururlar, nəinki aktrisalar. Bu da cəmiyyətimizin
düşüncə tərzindən qaynaqlanır. Fikirləşirlər
ki, aktrisadır, çəkilişləri var, məşqləri
var. Nə olsun? Bütün işə gedən xanımlar
kimi, aktrisa da işinə - çəkilişinə, məşqinə
gedib sonra evinə qayıdır da... Ümumiyyətlə, cəmiyyətimizdə
bu və bu kimi zehniyyətin dəyişməsi
üçün birinci növbədə
xanımlarımızın düşüncə tərzi dəyişməlidir.
Çünki o cür düşünən kişiləri də
tərbiyə edən qadınlardır, analardır. Cəmiyyətimizin
inkişafı üçün qadınlarımız öncə
özlərindən başlamalıdır, savadlı
olmalıdır. Ana övladına nə aşılayırsa,
sabah həmin uşaq böyüyüb o zehniyyətdə
şəxsiyyət olur.
- Son
olaraq: ən böyük arzunuz nədir?
-
Ən böyük arzularımdan biri daha 30 il də
yaşamaqdır (gülürük). Teatrımızın binası
olsun, gözəl tamaşalar, keyfiyyətli işlər ortaya
qoyaq. Gözəl filmlər çəkilsin, dünya səviyyəli
festivallarda ölkəmizi təmsil edək.
Şahanə
MÜŞFİQ
525-ci qəzet .- 2025.- 26 iyun(¹110).-S.18.